- Daxili siyasət
- 09:37 20.09.2024
Yeni ilin ilk günlərində rusdilli erməni mediasını da dəfələrlə izlədik. Haqlı-haqsız çox məsələdən yazırdılar. Ancaq, deyəsən, məğlub olmuş işğalçı ölkədəki həmkarlarımız Fransa rəhbərliyinin hay-küyündən beziblər və ya “doyublar”.
Çünki geridə qalan altı-yeddi gündə İrəvanın elektron resurslarında Emmanuel Makron ad-soyadına rast gəlmədik. Halbuki, Makronun prezident seçilməsindən sonra elə bir həftə olmurdu ki, erməni mediasında gen-bol yer almış rəsmi Parisin İrəvanı dəstəkləyən, ermənilərə “göydən bir səbət ulduz yığıb düşürmək” kimi cəfəng vədlər verən, Azərbaycana isə şər-böhtan atan, iftiralar səsləndirən bəyanatlarını görməyək.
Ermənistandakı prosesləri daha yaxından izləyən bir ekspertdən soruşduq ki, nə baş verir, Makronun adı daha erməni mediasında niyə görünmür? Axı biz “Fransa Ermənistanın yanındadır”, “Emmanuel Makron ermənilərin hüquqlarını sonadək qoruyacaq”, “Paris İrəvanı tək qoymayacaq!” kimi şirnikləndirici bəyanatlara “öyrəncəli” olmuşduq. Müsahibimiz dedi ki, Makronun başı Afrikaya qarışıb (orada Fransa əsgərlərini qovan yerli ordunun hərbi texnikasının üstündə Rusiya bayraqlarının görünməsi Parisi çox sarsıdıb), erməni mediasının diqqəti isə Azərbaycanla bağlanacaq sazişin və imzalanacaq digər sənədlərin yanındadır.
Üstəlik, həm Parisdə, həm də İrəvanda artıq yaxşı bilirlər ki, heç bir əsası və konkret nəticəsi olmayan bəyanatlar dövrü geridə qalıb. Bu zaman başqa bir faktı da xatırlatmağa ehtiyac var. Belə ki, son 5 ildə Parisdən gələn bəlalı bəyanatlar erməni xalqına da, Ermənistan dövlətinə də dağıdıcı qasırğaların okean sahilindəki ölkələrə gətirdiyi fəlakətlər qədər ziyan vurub.
Yeri gəlmişkən, okeanətrafı ərazilərdə baş verən dağıdıcı qasırğa, fırtına və tayfunlara verilmiş adlar arasında “Emmanuel”də var. Son illərdə baş vermiş “Katerina”, “İren”, “Sanda”, “İzabella”, “İrma”, “Ofeliya”, “Melisa” “Roza”, “Fiona”, “Yuliana” qasırğalarının adından göründüyü kimi, əksər təbii fəlakətlərə qadın adları verilir. Həmin adların hamısı qədim yunan əsatirlərindən götürülüb. Elə “Emmanuel” sözü indi həmin adı daşıyan Makronun kimlərinsə üstünə fransızsayağı “kişilənməsinə” baxmayaraq, həmin əsatirlərdə qadın adı idi.
Yeri gəlmişkən, internet resurslarında oxuyuruq ki, ABŞ rəsmilərinin fikrincə, “qasırğalar qadınlar kimidir, onları təxmin etmək, kəşf etmək çətindir. Qasırğaların da qadınlar kimi nə zaman, nə qədər zərər verəcəyi bilinmir”. Elə Fransanın indiki prezidenti də elədir.
Amma, deyəsən, ermənilər “Emmanuel” siyasi qasırğasının bu Qafqaz ölkəsinə nə zaman gəldiyinin də, nə qədər ziyan vurduğunun da artıq fərqindədirlər. Yəni Paris siyasətinin, Yelisey Sarayından əsən soyuq yellərin yellətdiyi İrəvanda daha bu təsirlər heç nəyə yaramır. Uzun illər gözü Parisin ağzında olan ermənilər bunu anlayıblarsa, deməli, Emmanuel Makronun yaratmaq istədiyi görüntülərin “3 quruşluq” dəyəri yoxdur.
İttifaq MİRZƏBƏYLİ