- Daxili siyasət
- 09:37 20.09.2024
Ermənistan tərəfi Azərbaycanla danışıqların rəvan məcrada getməsində maraqlı görünmür. Rəsmi İrəvanın iki ölkənin şərti sərhədindən qoşunları qarşılıqlı olaraq geri çəkməkdə israr etməsi bunun göstəricisi hesab oluna bilər.
Qeyd edək ki, bu barədə fikirlərini ictimaiyyətə ilk dəfə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan açıqlamışdı. O, ötən il dekabrın 13-də estoniyalı həmkarı Marqus Tsaxkna ilə birgə İrəvanda keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistan qoşunlarının sərhəddən qarşılıqlı əsasda geri çəkməyin mümkünlüyünü müzakirə etdiyini bildirmişdi. Mirzoyan qeyd etmişdi ki, bu məsələ etimadın quruculuğu tədbiri kimi gündəliyə gətirilib: “Biz qoşunların Ermənistan–Azərbaycan sərhədindən geri çəkilməsi təşəbbüsü ilə çıxış etmişik. İnanırıq ki, bu, müsbət təsirini göstərəcək və yeni mümkün eskalasiyaların qarşısını almağa kömək edəcək. Mən demirəm ki, razılaşma var, bu, ideyadır, müzakirə olunur. Başqa ideyalar da var”.
Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan da yeni ilin ilk günlərində qoşunların qarşılıqlı olaraq geri çəkilməsinə dair mövqeyini bölüşüb. Qriqoryan məsələnin “danışıqların predmeti” olduğunda israr edib: “Ermənistan 1974–1978-ci illərin sovet xəritələrinə əsaslanaraq, qoşunların sərhəd xəttindən güzgü effekti üzrə geri çəkilməsini təklif edir. Biz danışıqları davam etdiririk. Ümid edirik ki, bununla bağlı razılıq əldə edə biləcək və bu istiqamətdə işi davam etdirəcəyik”.
Eyni zamanda, Qriqoryan Ermənistanın təqdim etdiyi və Azərbaycanın müsbət cavab verdiyi sülh müqaviləsinin son versiyasının mətnindəki dəyişiklikləri şərh etməkdən boyun qaçırıb.
Yanvarın 6-da rəsmi İrəvan qoşunların Ermənistan–Azərbaycan şərti sərhədindən qarşılıqlı olaraq, yəni güzgü effekti üzrə geri çəkilməsi təklifinin əvvəlkitək qüvvədə qaldığını bəyan edib. Bu barədə Ermənistan xarici işlər nazirliyindən “Sputnik Ermənistan” agentliyinin sorğusuna verilən cavabda bildirilib. Qeyd olunub ki, Ermənistan və Azərbaycan arasında aparılan danışıqlar zamanı erməni tərəfi həmişə qoşunların dövlətlərarası sərhəddən qarşılıqlı şəkildə uzaqlaşdırılması təklifi ilə çıxış edib və o, qüvvədə qalır. Nazirlik Ermənistanın bu məsələ ilə bağlı müzakirələrə mümkün qədər tez başlamağa hazır olduğunu vurğulayıb.
İrəvanda hesab edirlər ki, qoşunların sərhəddən uzaqlaşdırılması SSRİ Silahlı Qüvvələri Baş Qərargahının son xəritələri əsasında həyata keçirilməlidir. XİN-dən Ermənistan və Azərbaycanın sülh müqaviləsinin hansı bəndləri üzrə hələlik yekun razılığa gəlmədiyi sualına da cavab verilməyib. Bununla yanaşı, bildirilib ki, iki ölkənin ərazi bütövlüyünün tanınması, SSRİ Silahlı Qüvvələri Baş Qərargahının son xəritələri əsasında sərhədlərin delimitasiyası üzrə işlərə mümkün qədər tez başlamaq, suverenlik, yurisdiksiya, bərabərlik əsasında və qarşılıqlı olaraq, regionda kommunikasiyaların açılması Ermənistan üçün əsas məsələdir.
Ancaq Ermənistan tərəfinin təklifi, şübhəsiz, Azərbaycan üçün məqbul deyil. Hələlik iki ölkə arasında sərhədlərin delimitasiyası həyata keçirilməyib. Delimitasiya həyata keçirilmədiyi üçün, təbii ki, demarkasiya da baş tutmayıb. Sərhəd şərti xarakter daşıyır. Məlumdur ki, sülh müqaviləsi üzərində danışıqlar aparılsa da, son nəticə əldə olunmayıb. Belə olan şəraitdə qoşunların sərhəddən qarşılıqlı olaraq geri çəkilməsi məntiqsiz görünür.
Xarici İşlər naziri Ceyhun Bayramov da İrəvanın təklifinin Bakı üçün qəbuledilməz olduğunu bildirmişdir. C.Bayramov dekabrın 14-də demişdir: “Sərhədlə bağlı saziş olmadığı halda qoşunlar çıxarılsa, orada heç nə baş verməyəcəyinə kim təminat verə bilər?”.
Azərbaycanın xarici siyasət idarəsinin başçısı dekabrın 28-də 2023-cü ilin yekunlarına dair keçirdiyi mətbuat konfransı zamanı da bu məsələyə münasibət bildirmişdi. Qeyd etmişdi ki, əvvəla, erməni tərəfi bu məsələni yarımçıq formada, ikincisi isə kontekstdən çıxararaq ictimaiyyətin müzakirəsinə təqdim edir. Onun sözlərinə görə, hətta, danışıqlar zamanı hansısa məsələlər qaldırılsa belə, bu, heç də onlar üzrə danışıqların davam etdirildiyi demək deyil.
C.Bayramov bildirmişdi ki, qoşunların sərhəddəki mövqelərindən çıxarılması qeyri-realdır. Nazir qeyd etmişdi ki, Azərbaycan qoşunları kiminsə dəvəti və ya sanksiyası ilə sərhədə çıxarılmayıb – ordumuz keçirdiyi hərbi əməliyyatlar nəticəsində həmin mövqelərdə möhkəmlənib. Buna görə də Azərbaycan onlardan geri çəkilmək niyyətində deyil. Xüsusilə ona görə ki, sabah həmin mövqelərin qarşı tərəfin qüvvələri tərəfindən tutulmayacağına heç kim təminat verə bilməz.
Beləliklə, Ermənistan tərəfinin 2021-ci ildən başlayaraq, müxtəlif formalarda irəli sürdüyü sərhədlərdən güzgü effekti üzrə geri çəkilmə ideyasının həyata keçirilməsinin mümkünsüzlüyü üzə çıxır. Güman etmək olar ki, Ermənistan qoşunların mövqelərindən çıxarılması təklifinin reallaşmasından sonra Avropa İttifaqının müşahidə missiyasının sərhədboyu vəziyyətə nəzarət etməsini istəyə bilər. Bu zaman İrəvanda unudurlar ki, Azərbaycan Ermənistandan fərqli olaraq, sərhədlərini nəinki Avropadan, hətta üçüncü ölkələrdən gələn müşahidəçilərin, sərhədçilərin və ya sülhməramlıların nəzarətinə vermək fikrini qətiyyətlə yaxına buraxmır.
Digər tərəfdən, sərhəddə dincliyin hökm sürdüyü indiki dövrdə Ermənistanın belə bir təkliflə çıxış etməsinin özü anlaşılmazdır. Dekabrın 7-də Ermənistanla Azərbaycan arasında etimad yaradılması istiqamətində mühüm hadisə baş verib. Həmin gün Azərbaycan Prezidenti Administrasiyası və Ermənistan baş naziri aparatının yaydığı birgə açıqlamada saxlanılan şəxslərin azad ediləcəyi açıqlandı. Eyni zamanda, Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) evsahibliyinə öz namizədliyini geri götürdü və Azərbaycanın namizədliyini dəstəklədi. Azərbaycan da, Ermənistanın Şərqi Avropa Qrupundan COP-un büro üzvlüyünə namizədliyini dəstəklədiyini bildirdi. Bundan əlavə, bəyanatda Azərbaycan və Ermənistanın regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşdüyü bildirildi. Bu, Bakı və İrəvanın kənar vasitəçilərin iştirakı olmadan əldə edilmiş ilk razılaşma idi. Razılaşma növbəti danışıqların olacağına, tədricən sülh razılaşmasının əldə ediləcəyinə və iki ölkə arasında münasibətlərin normallaşacağına ümidlər verdi.
Yeri gəlmişkən, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə verdiyi müsahibəsində iki ölkə arasındakı mövcud vəziyyəti qiymətləndirərkən qeyd etdi ki, ölkəmiz sülh sazişinin imzalanması üçün tarixi şansın yarandığına inanır və bu fürsət əldən verilməməlidir. H.Hacıyev iki ölkə arasında son 30 ilin ən sakit günlərinin müşahidə edildiyini də vurğuladı: “Sentyabrın 19-20-də keçirilən antiterror tədbirlərindən və Azərbaycanın suverenliyinin tam bərpasından sonra Azərbaycanla Ermənistan arasında gərginliyin əsas mənbəyi olan Qarabağ məsələsi gündəmdən tamamilə çıxarılıb. Beləliklə, hazırda biz sülh sazişinin bağlanmasına ciddi maneə görmürük. İndi biz iki ölkə arasında son 30 ilin ən sakit günlərini müşahidə edirik. Hər iki ordu öz kazarmalarına qayıtdığı gündən hətta atışma da baş vermir. Bu yaxınlarda Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Sankt-Peterburqda baş tutan qeyri-rəsmi görüş də müsbət məcrada keçib. Amma konkret tarix barədə danışmaq bir qədər çətindir, çünki prosesi yekunlaşdırmaq üçün Ermənistan və Azərbaycan arasında hələ də əlavə danışıqlara ehtiyac var. Düzünü desəm, mən düşünmürəm ki, hər hansı vaxt qrafiki qoyub, məhdud zaman çərçivəsində işləmək düzgün olardı”.
H.Hacıyevin də qeyd etdiyi kimi, indi hər iki ordu, ümumiyyətlə, heç sərhəddə deyil, kazarmadadır. Azərbaycanın istədiyi, hər zaman qaldırdığı məsələ də zatən bu idi. Rəsmi Bakı işğalın davam etdiyi dövrdə müxtəlif platformalarda bəyan edirdi ki, məsələ siyasi cəhətdən tənzimlənsə, orduya, heç ehtiyac qalmaz və hərbçilər kazarmaya qayıdarlar. Ancaq Ermənistan məsələnin siyasi tənzimlənməsinə maraqlı olmadı və hərbçilərimizin canı-qanı bahasına torpaqlarımız işğaldan azad edildi. Həm 44 günlük Vətən müharibəsi, həm də antiterror tədbirləri zamanı öz işini peşəkarlıqla yerinə yetirən əsgər və zabitlərimiz artıq günün nizam qaydaları əsasında xidmətlərini davam etdirirlər. Belə olan təqdirdə Ermənistan rəsmilərinin qoşunların sərhəddən güzgü effekti ilə geri çəkilməsi təklifinin özü anlaşılan deyil. Əgər onlar bununla hansısa məkrli niyyətlər güdürlərsə, güdsünlər. Yaranmış tarixi şansı itirən və fürsəti qaçıran, başqa sözlə, uduzan yenə Ermənistan olacaq.
Rizvan HÜSEYNOV,
hərbi-siyasi şərhçi
Ermənistan tərəfi güzgü effekti üzrə hərbçilərin sərhəddən geri çəkilməsi məsələsini dəfələrlə qaldırıb. Ancaq burada Azərbaycan üçün prinsipial məqamlar var. İlk növbədə, sülh müqaviləsi imzalanmalıdır. Bundan əlavə, sərhədlərin delimitasiyası və demarkasiyası həyata keçirilməlidir. Azərbaycanın işğal altında qalan 8 kəndi ilə bağlı məsələ də həllini tapmalıdır.
Burada region ölkələrinin iştirakı ilə həll olunub müzakirə edilməli məsələlər də var. Söhbət bəzi məqamlarda regional təhlükəsizlikdən gedir. Bu prizmadan baxanda qoşunların sərhədin hansı istiqamətindən və nə vaxt geri çəkilməsi məlum olacaq. Təbii ki, iki ölkə arasında münasibətlər normallaşarsa, bu təklifin həyata keçirilməsini məqsədəuyğun hesab etmək olar. Lakin Ermənistan cəmiyyətində bəzi qüvvələr Azərbaycana qarşı ərazi iddiaları irəli sürürlər. Belə olan halda Azərbaycanın təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məsələsi ön plana çıxır.
Məsələyə hərbi-texniki baxımdan yanaşsaq, görərik ki, qoşunların həmin ərazilərdən çıxarılması böyük xərc tələb edəcək. Bundan əlavə, hərbi hissələr üçün əvvəllər yaradılmış infrastruktur istifadəsiz qalacaq. Vətən müharibəsi başa çatdıqdan sonra Müdafiə Nazirliyi və digər güc strukturları tərəfindən sərhədyanı rayonlarda infrastruktur layihələri həyata keçirilib. Rayonlarda yeni hərbi hissələr, müşahidə məntəqələri yaradılıb. Bu, hərbi-texniki tərəfdir. Hərbi-strateji nöqteyi-nəzərdən Ermənistanın gələcək liderlərinin hazırkı vəziyyəti dəyişmək istəməyəcəyinə heç bir zəmanət yoxdur. Ermənistandakı hazırkı vəziyyət Paşinyandan sonrakı dövrdə sülhün davam edib-etməyəcəyi sualı üzərində düşünməyə əsas verir.
Səxavət HƏMİD