- Daxili siyasət
- 09:37 20.09.2024
Dünyanın siyasi coğrafiyasında özünəməxsus müstəqil dövlət nümunəsini ortaya qoymuş Azərbaycan təkcə liderinə çevrildiyi Cənubi Qafqazda deyil, eyni zamanda, beynəlxalq arenada söz sahibidir. İsitisnasız surətdə milli maraqlarından çıxış edən, heç kəsdən asılı olmayan ölkə statusunu sübuta yetirmiş Azərbaycan, eyni zamanda, daxili sabitliyə malik, bloklara qoşulmayan güclü ölkə modelidir. Bəli, məhz dövlətin və xalqın maraqları naminə balanslaşdırılımış uğurlu xarici siyasət yeridən Azərbaycan hakimiyyəti Rusiya ilə Qərbin qarşıdurmasında iştirakdan da kənardadır. Bu həqiqəti dünyanın nüfuzlu beyin mərkəzləri ilə yanaşı, tanınmış siyasətçilər, politoloqlar da etiraf edirlər.
Reallığı olduğu kimi qəbul edən, son üç ildə bölgədə cərəyan edən hadisələri haqq və ədalət prizmasından dəyərləndirən siyasi ekspertlərdən biri də Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti, “Kommersant” nəşrlər evinin icmalçısı, politoloq Aleksey Naumovdur. Tanınmış siyasi ekspert “Caliber.az” saytına müsahibəsində Cənubi Qafqazda vəziyyətin normallaşmasının alternavinin olmadığı, İrəvanın Bakı ilə sülh sazişini imzalamaqdan başqa yolunun qalmadığı, Rusiya və Ermənistan arasında gərginləşmənin səbəbləri, eləcə də Rusiya – Azərbaycan əməkdaşlığının yeni inkişaf mərhələsinə qədəm qoyması kimi mövzulara toxunub. A.Naumovun müsahibəsinin qısa icmalını oxuculara təqdim edirik.
İrəvan “iki stulda oturmaq”da hələ də davam edir
Arxada qoyduğumuz 2023-cü ildə Ermənistan və Rusiya arasında diplomatik münasibətlərin son otuz ildə görünməmiş səviyyədə gərginləşdiyini söyləyən ekspert İrəvanın bununla heç nəyə nail ola bilmədiyinə diqqəti yönəldib:
– Ermənistan rəhbərliyi bu vaxta qədər heç vaxt Rusiya ilə münasibətləri tamamilə kəsmək kimi məqsədyönlü siyasət yeritməyib. Çox güman ki, İrəvan lokal demarşları ilə iki məqsədə nail olmağa çalışır: Rusiyaya özünün narazılığını nümayiş etdirmək və Qərblə əməkdaşlıqdan fayda götürmək. Məhz buna görə aydın məsələdir ki, Ermənistan Rusiya ilə əlaqələrinə heç də tam və qəti şəkildə son qoymağa can atmır. Bunu da başa düşmək olar. Çünki İrəvan bunu özünə rəva görə bilməz və fəaliyyətini müvafiq olaraq, Moskvanın ünvanına lokal diplomatik demarşlarla məhdudlaşdırmağa, eyni vaxtda “iki stulda oturmağa” çalışır. Prinsip etibarı ilə Nikol Paşinyanın MDB liderlərinin Sankt-Peterburqda Yeni ilqabağı toplantısında iştirak erməsi dediklərimizi əyani formada təsdiqləmiş oldu.
Rusiya və Ermənistan arasında hərbi-texniki sahədə əməkdaşlığa dair yeni razılaşmaların müzakirəsinin getdiyi barədə sualı cavablandıran rusiyalı siyasi şərhçi 2024-cü ildə Moskvanın İrəvana yeni silahları göndərə biləcəyini istisna etməyib:
– Mənə belə gəlir ki, belə bir ssenarinin reallaşması mümkündür. Yəni, Rusiya hərbi texnikasını kommersiya əsasında Ermənistana göndərə bilər. İntəhası, istənilən halda, bu, bölgədə qüvvələr balansını dəyişməyəcək. Üstəlik, ermənilərin revanşizm xəyalları da tam iflasa uğrayıb və bundan sonra onun “dirilməsi” üçün heç bir şansı qalmayıb. İrəvanın buna nə gücü, nə də imkanları var.
Regionun tək və şəriksiz lideri Azərbaycandır
Bütövlükdə, Rusiyanın öz qapılarını Ermənistanın üzünə bağlamadığını, həm İrəvan, həm də Bakı ilə bu və ya digər formada münasibətləri qoruyub saxlamaqda maraqlı olduğunu qeyd edən A.Naumov, həmçinin son üç ildə bu müstəvidə bəzi korrektələrin baş verdiyini də nəzərə çatdırır:
– Amma mən bu barədə dəfələrlə demişəm: əgər 2020-ci il İkinci Qarabağ müharibəsinə qədər Ermənistan Rusiyanın daha vacib və geniş imtiyazlara malik müttəfiqi hesab onunurdusa, indi hər şey dəyişib. Hazırda məhz Azərbaycan Rusiyanın olduqca vacib, daha proqnozlaşdırılan və faydalı tərəfdaşıdır. Bu tərəfdaşlığa iqtisadi-ticari sahədə ikitərəfli qarşılıqlı əməkdaşlıq da dəlalət edir. Fəqət Ermənistan barədə bunu deyə bilmərik. Elə götürək İrəvanın Hindistan və Fransadan silah tədarük etməsini. Bu addımlar Ermənistandan ötrü, bir növ, ağrıkəsici dərman kimidir. İrəvan iqtidarı bununla hamıya göstərməyə çalışır ki, baxın, biz ordumuzu gücləndiririk, kənardan silah-sursat alırıq. Amma bu zaman biz yaxşı anlayırıq ki, nə fransız, nə hind, nə də hər hansı ölkənin silahları Cənubi Qafqazda qüvvələr nisbətini dəyişə bilər. Bunu artıq bir dəfə demişəm: bu regionun lideri Ermənistan deyil, məhz Azərbaycandır. Həm də təkcə hərbi planda yox, o cümlədən texniki, diplomatik, digər sahələrdə də Azərbaycan şəriksiz liderdir. Yəni, kənardan silah almaq Paşinyan hakimiyyətinin status simvoludur ki, bununla, o, beynəlxalq siyasətdə hansısa oyunçu qismində qaldığını göstərməyə çalışır.
Müsahibəsində daha sonra Bakı və İrəvan arasında sülh sazişinin imzalanması perspektivinə toxunan A.Naumov istənilən halda bu perspektivin qaçılmaz olduğuna inandığını dilə gətirib:
– Nikol Paşinyan indi vaxtı uzadır. Ona görə ki, bu sənədin olmaması, guya, ona hətta hərbi-siyasi platformalarda bütün şəraiti tam uduzmasına baxmayaraq, ermənilərin hansısa mövqelərini, maraqlarını qoruyub saxladığını nümayiş etdirməyə imkan verir. Düşünürəm ki, yaxın vaxtlarda iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının şahidi olacağıq. Ermənistan tarixin gedişatına qarşı oynaya bilməz.
2023-cü il Ermənistanın əsl simasının ifşası ilə yadda qaldı
Tanınmış siyasi ekspert 2024-cü ildə Cənubi Qafqazda baş verəcək proseslərlə bağlı qənaətlərini bölüşərkən, bölgə üçün alternativsiz variantın vəziyyətin normallaşması olduğunu deyir:
– Bu bölgə kifayət qədər uzun müddət ziddiyyətlər burulğanında, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı on illərlə havadan asılı vəziyyətdə qalmışdı. Amma 2020-ci ildən sonra sular durulmağa başladı. Fəqət indiki Cənubi Qafqaza Rusiya və Qərbin qarşıdurması prizmasından baxanda aydın olur ki, Azərbaycanın öz ərazilərini qaytarması ilə bölgə sabitik adasına dönüb.
Bir vacib məqamı da qeyd edim ki, bölgəyə birbaşa aidiyyatı olan oyunçuların hamısı sülhün və sabitliyin bərpasında maraqlıdır. Azərbaycan, Gürcüstan, Türkiyə, İran və Rusiya öz aralarında iqtisadi əməkdaşlığı və transmilli nəqliyyat qovşağında qarşılıqlı əlaqələrdə maraqlı olduqlarını nümayiş etdirirlər. Bəli, Cənubi Qafqazın gələcəyini sabit və tərəqqiyə yönəlik təsəvvür edirəm.
Ötən ilə nəzər yetirəndə onu Rusiya–Azərbaycan və Rusiya–Ermənistan münasibətləri üçün bütün suallara cavab nöqtələrinin qoyulduğu il kimi xarakterizə etmək olar. Kimin hansı dəyərə malik olduğu məhz 2023-cü ildə tam aydınlaşdı. İl göstərdi ki, ermənilərin çoxəsrlik dostluq barədə dedikləri ədalətsiz Qarabağ münaqişəsində Rusiyanı özünün yerinə döyüşməyə məcbur etmək cəhdindən qeyri bir şey deyilmiş. Həmçinin o da aydın oldu ki, Rusiya və Azərbaycan arasındakı münasibətlər sadəcə hansısa ümumtarixi yaddaşa əsaslanmır. Bu münasibətlər həm iqtisadi, həm də siyasi məzmunla yüklənmiş ikitərəfli əməkdaşlığa söykənir.
A.Naumov ötən il iki ölkə arasında ekspert əməkdaşlığının genişlənməsini və möhkəmlənməsini xüsusi olaraq vurğulayır:
– Rusiya–Azərbaycan Ekspert Şurasının iclaslarının şahidi olduq. Hökumətlərin perspektivə hesablanmış layihələri kifayət qədərdir. Misal üçün, Şimal–Cənub dəhlizinin beynəlxalq ticarətdə çox vacib şəbəkəyə çevrilməklə yanaşı, həmçinin Rusiya və Azərbaycanı bir-birinə daha sıx birləşdirəcəyinə qətiyyən şübhə etmirəm. Ümumiyyətlə, arxada buraxdığımız ilin, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyünün tam bərpası, eyni zamanda, Nikol Paşinyanın başçılıq etdiyi Ermənistanın əsl simasının bütün çılpaqlığı ilə üzə çıxması və ifşası ilə yaddaşlarda qalacağı birmənalıdır. İnanıram ki, xalqlarımız və dövlətlərimiz arasındakı dostluq münasibətləri 2024-cü ildə və sonrakı illərdə məqsədyönlü şəkildə daha da möhkəmlənəcək və inkişaf edəcək.
İ.HƏSƏNQALA