- Daxili siyasət
- 09:37 20.09.2024
Fransa prezidenti seçildiyi 2017-ci ildən etibarən Azərbaycana qarşı əsassız hücumları həyatının, necə deyərlər, qayəsinə çevirən Emmanuel Makron ölkəsində yenidən tənqid hədəfinə tuş gəlib. Bu dəfə o, Fransada alkoqoldan imtinanı nəzərdə tutan və şərti olaraq, “Quru Yanvar” adı verilən kampaniyaya töhfə verməməkdə, onu pozmaqda və şərab lobbisinə himayədarlıq etməkdə suçlanır.
Qeyd edək ki, “Quru Yanvar” alkoqoldan imtinanı nəzərdə tutan ictimai kampaniyadır. İlk dəfə 2014-cü ildə Böyük Britaniyada elan olunan kampaniya yanvar ayının 1-dən başlanır və 31-dək davam edir. Kampaniya sağlam həyat tərzinin təbliğini nəzərdə tutur. Onun İsveçrə, Almaniya, Norveç, İslandiya, Niderland, ABŞ və Fransada rəsmi tərəfdaşları var. Kampaniya bir ay davam etsə də, əslində, alkoqoldan tam, bu mümkün olmadıqda isə qismən imtinanı vərdiş halına gətirməyi hədəfləyir. “Quru Yanvar” kampaniyası Fransada 2020-ci ildən etibarən hər il keçirilir.
Alkoqoldan asılılıqla mübarizə sahəsində ixtisaslaşmış 50 fransız mütəxəssis bu həftə açıq məktub yazaraq, Yeni il bayramından sonra kampaniyaya dövlət dəstəyinin olmamasından şikayətləniblər. Xüsusilə, Prezident Makron “Quru Yanvar”a öz töhfəsini verməməkdə və şərab lobbisinə güzəştə getməkdə ittiham olunub. “Bu, hökumətin alkoqolizmə qarşı ardıcıl və qətiyyətli mübarizə aparacağına olan inamımızı ciddi şəkildə sarsıdır”, – deyə fransız həkimlər bildirirlər.
Sağlamlıq keşikçiləri “Le Monde” qəzetinə ünvanladıqları məktubda bildiriblər ki, “Quru Yanvar” Böyük Britaniyada ilk dəfə təqdim olunduqdan sonra populyar ictimai tədbirə çevrilib. Makron hökumətinin etinasızlığının əksinə olaraq, böyük müvəffəqiyyət qazanıb. Bəzi fransız nazirlər isə bir ay tam ayıq olmaq çağırışından uzaqlaşaraq, açıq kampaniyadan çox mötədilliyi təşviq etməyi üstün tutduqlarını bildiriblər. Kənd təsərrüfatı naziri Mark Fesneau isə bir qədər də irəli gedərək Fransada spirt istehlakının ümumi azalması (son yarım əsrdə 70 faiz və təkcə keçən il 7-10 faiz azalma) fonunda “Quru Yanvar” kampaniyasının yersiz və əhəmiyyətsiz olduğunu bildirib: “Fransızlara kimsə tərəfindən dərs verilməsinə ehtiyac olduğunu düşünmürəm. İnsanlar nə yeməli, nə içməli olduqlarını, necə səyahət edəcəklərini eşitməkdən beziblər. Hərənin bir həyat tərzi var. Həmin həyat tərzi hörmət olunmağa layiqdir”.
Sabiq səhiyyə naziri Aurelien Russo dekabrın əvvəlində istefa verməzdən öncə “Quru Yanvar”a qatılıb-qatılmayacağı ilə bağlı suala cavab olaraq demişdi: “Hökumətin insanlara bir ay ərzində həyatlarını necə yaşayacaqlarını söylədiyini eşidəcəyimə çox böyük şübhə ilə yanaşıram”.
Tənqidçilər üçün bu reaksiyaların hamısı Prezident Makrondan nümunə götürən hökumətin sağlam həyat tərzini təşviq etməkdənsə, şərab lobbisini incitməmək qərarı verdiyinin əlamətidir. Narkoloq Jan-Pyer Kuteron deyib: “Biz çox yaxşı bilirik ki, hazırkı hökumətlə və hamıdan əvvəl indiki prezidentlə alkoqol lobbisi arasında əlaqələr xüsusilə güclüdür”.
“Quru Yanvar” tərəfdarları deyirlər ki, Fransa əvvəlkitək Avropanın dördüncü ən böyük alkoqol istehlakçısıdır və spirt hər il 40 mindən çox fransızın ölümünə səbəb olur. Onlar, həmçinin qeyd edirlər ki, əgər kampaniya Fransa hökumətindən maddi və mənəvi dəstək alarsa, onun əhatə dairəsi 2023-cü ildə olduğu kimi, 16 min nəfərlə məhdudlaşmayacaq, yüz minlərlə insana çatacaq.
Fransa prezidentinin “Quru Yanvar”ı dəstəkləməyə şəxsən mane olduğu iddiası, onun keçmişdə alkoqola ictimai dəstəyi ilə əlaqələndirilir. E.Makron 2022-ci ildə gün ərzində iki dəfə – nahar və şam yeməyində şərab içdiyini demişdi. Bundan sonra “Review of French Wines” (“Fransa şərablarının icmalı”) jurnalı tərəfindən “İlin adamı” seçilmişdi. Ötən ilin iyun ayında Makron “Stad de Frans” stadionunda “Stad Tuluzen” reqbi komandasının soyunub-geyinmə otağında bir şüşə “Corona” pivəsini içərkən videoya çəkilmişdi. Həmin video Makronun içkini təşviq etdiyinə dair haqlı ittihamlara əsas vermişdi. “BBC News” qeyd edir ki, şərab sənayesinin hər il xarici satışlardan Fransaya 9 milyard avro (10 milyard ABŞ dolları) gəlir gətirdiyi bir şəraitdə, fransız şərabçılarını müdafiə etmək qərarı, əlbəttə, rasionaldır. Lakin tənqidçilər deyirlər ki, ictimai yerlərdə içki içmək dövlət başçısına yaraşmayan hərəkətdir.
Onu da qeyd edək ki, məlum hadisə Makronun yol vermiş olduğu səhvlər silsiləsinin davamıdır. Fransa dövlət başçısı vaxtaşırı bu cür səhvlərə, necə deyərlər, imza atır. Sonuncu hadisə yeni il münasibətilə xalqa müraciət zamanı yaşanıb. Ölkənin Vətənpərvərlər Partiyasının lideri, Avropa Parlamentinin sabiq deputatı Florian Filippo deyib ki, Makron xalqa müraciəti zamanı görkəmli yerdə Fransa bayrağının təsvirinin yerləşdirilməsi ənənəsindən imtina edərək qəbuledilməz hərəkət edib. “O necə cəsarət etdi?! Yeni il müraciəti zamanı Makronun arxasında Fransa bayrağı yox idi!” – deyə siyasətçi “X” hesabında yazıb.
Filipponun sözlərinə görə, Fransanın dövlət bayrağı prezidentin çıxışı zamanı onun arxasında dalğalanan çoxlu sayda digər Avropa ölkələrinin bayraqlarından sadəcə biri səviyyəsinə endirilib. Partiya lideri prezidentin bu qərarını Makronun Fransaya nifrət etdiyinin daha bir sübutu hesab edib.
Bütövlükdə, E.Makronun 2023-cü ildə Fransa prezidenti kimi fəaliyyəti ekspertlər tərəfindən tənqid edilib. Onlar Makronun bu rolda uğur qazana bilmədiyini deyirlər. Böyük Britaniyanın “Daily Express” nəşri bildirib ki, Makron pensiya islahatı və xaricdəki münaqişələrin həllində uğursuzluğa düçar olduğu üçün tənqid olunub. Fransa Prezidenti 2022-ci ildə xalqa Yeni il müraciətində 2023-cü ilin “Birlik, cəsarət, kollektiv ambisiya və xeyirxahlıq ili” olacağını vəd etmişdi. Ancaq 2023-cü ildə etimadsızlığı çətinliklə dəf edib, yayda isə ölkədə iğtişaşlar başlayıb. Bundan əlavə, Ukraynadakı müharibə, həmçinin İsrail və HƏMAS arasındakı münaqişə ilə bağlı da xaricdən Makrona təzyiq göstərilir. Paris Universitetinin müəllimi Bencamin Morel “Public Senate” nəşrinə verdiyi müsahibədə deyib: “Emmanuel Makron bankaya düşmüş milçəyə bənzəyir. Tamamilə boğulmamaq üçün fırlanmağa və qanad çalmağa məhkumdur. Amma, əslində, bu onun üçün mümkün deyil, çünki onu düşdüyü vəziyyətdən çıxarmağa heç bir qüvvə hazır deyil”.
Fransız politoloq Bruno Kautres isə deyib ki, 2023-cü ildə əsas suala aydın və başadüşülən cavablar verilmədi: “Emmanuel Makronun ikinci prezidentlik müddəti hara gedir? İstiqamət yoxdur. Onun prioritetlərinin və məqsədlərinin nə olduğunu hələ də bilmirik”.
Bu arada Fransanın istehsal sektorunun aşağıya doğru istiqamət götürdüyü məlum olub. Qiymətləndirmə sənayenin kiçilməyə davam etdiyini göstərən son məlumatlardan sonraya təsadüf edir. Fransanın istehsal sənayesinin satınalma indeksi ilin sonunda 42,1-ə düşüb. Əllidən aşağı göstərici fəaliyyətin azaldığını göstərir və bu, 2020-ci ilin may ayından bəri ən aşağı həddir. Sektorun perspektivləri tezliklə yaxşılaşmayacaq və iqtisadçılar vəziyyətin yaxın aylarda dəyişməyəcəyini proqnozlaşdırırlar.
Göründüyü kimi, Makron Fransası tənəzzül içindədir. Dövlətin birinci şəxsinin, Fransa silahlı qüvvələrinin ali baş komandanı və Andorranın da knyazı olan bir şəxsin mənəvi-əxlaqi keyfiyyətlərinin yumşaq desək, yerində olmaması tənəzzülün 2024-cü il ərzində dərinləşəcəyini deməyə əsas verir. Ancaq o, bundan nəticə çıxarmaq əvəzinə, yaxın-uzaq ölkələrinin daxili işlərinə qarışmağa uğursuz cəhdlər edir. O cümlədən Azərbaycan–Ermənistan münasibətlərində özünü cığal arbitr kimi aparmağa çalışır. Məhz onun təqsiri ucbatından Azərbaycan–Fransa əlaqələri ən soyuq dövrünü yaşayır. Makronun başqa ölkələrlə bağlı məsələlərə qarışmaqdansa, daxildəki problemlərin həlli ilə məşğul olmasında fayda vardır.
İlyas HÜSEYNOV,
politoloq
– Fransa lideri Makron ölkəsini rüsvay etməkdə davam edir. Onun hakimiyyəti illərində Fransanın maraqları köklü şəkildə zədələnib. Bu gün Fransanı arzuolunmaz dövlət kimi qəbul edirlər. Xüsusilə Afrika qitəsində 2023-cü ildə baş verən hadisələr, fransız diplomatlarının, hərbçilərinin qovulması Fransa liderinə dərs olmayıb. Makronun buraxdığı səhvlər artıq məişət səviyyəsinədək enib. “Quru Yanvar”la bağlı baş verənlər də göstərir ki, Fransa lideri mənəvi keyfiyyətlər baxımından da çox kasaddır. “BBC News”un yazısı, əlbəttə, Fransa lideri əleyhinə əsaslı tənqid olmaqla yanaşı, həm də rəsmi Parisə verilən qiymətdir. Amma həmin qiymət birbaşa Fransa liderinə yazılır.
Fransanın mənfi imicdə göstərilməsinin, reytinqinin aşağı düşməsinin baiskarı da məhz Makrondur. Biz bir sıra tədbirlərdə, rəsmi mərasimlərdə də Makronun əyyaşlıq etdiyini görmüşük. Yazıda olan məqamlar da onun hansı düşüncəyə və insani duyğulara malik olduğunu bir daha nümayiş etdirir. Ona görə də biz, əslində, ermənipərəst Fransa hakimiyyətini görəndə, həm də, Makronun şəxsi imici və siyasi personası ilə bağlı məlumatları analiz etməliyik. Bilməliyik ki, içki düşkünü olan Fransa lideri bu gün Azərbaycana, Türkiyəyə, İslam dünyasına qarşı düşmənçilik edir. Biz çox yaxşı anlayırıq ki, onun bu düşmənçilik mövqeyinin arxasında, həm də, hansısa siyasi qrupların maraqlarını təmin etmək niyyyəti və əlbəttə, qeyri-insani yanaşmalar dayanır.
Səxavət HƏMİD