- Daxili siyasət
- 11:03 30.09.2024
Napoleon Bonapart hakimiyyətə gələndə dinin dövlət üzərindəki təzyiqini sıradan çıxarmaq üçün imperator tacını başına özü qoymuşdu. Halbuki, həmin vaxtadək olan ənənəyə görə, nəinki Fransada, Qərbi Avropa dövlətlərində tacqoymanı Roma papası gerçəkləşdirirdi. Əlbəttə, məqsədimiz heç də Napoleonla Ermənistanın baş naziri Nikol Paşinyanı müqayisə etmək deyil. Burada məqsəd Paşinyanın erməni kilsəsini sıxışdırmaq, onun ölkə həyatındakı rolunu azaltmaq niyyətidir.
Aydındır ki, N.Paşinyan ruspərəst erməni kilsəsini öz hakimiyyətinə qarşı təhlükə hesab edir. O da aydındır ki, Nikol ilk fürsətdəcə Ermənistandakı dini quruluşu dəyişməyə qol çırmayacaq. Ancaq hələlik bunu edə bilmir. Daha doğrusu, problemlərdən başı açılmır ki, mövcud istiqamətdə nələrisə gerçəkləşdirsin.
Nəzərə alaq ki, erməni apostol kilsəsi, o cümlədən, bütün Ermənistanın katolikosu II Qaregin bütün davranışları ilə özünü Nikol Paşinyan hakimiyyətinə alternativ qismində qoymağa çalışmaqdadır. Bu tendensiya baş nazirin tərəfdarlarını o qədər hiddətləndirir ki, onlar bəzən II Qaregenin, hətta, cinsi orientasiyası ilə bağlı məsələləri önə çəkirlər, onu sosial şəbəkələrdə təhqir obyektinə çevirirlər. Məsələn, mövcud istiqamətdəki çox geniş yayılmış fikirlərin birində bildirilir ki, II Qaregin uşaqbazdır. Deməli, erməni iqtidarının təmsilçilərinə yaxın dairələr, habelə jurnalistlər, katolikosa, necə deyərlər, qurşaqdan aşağı zərbə vurmaqdan çəkinmirlər. Onun və bu şəxsin timsalında bütövlükdə dinini gözdən salmaq yolunu tuturlar.
Əlqərəz, Paşinyanın komandası bütün Ermənistanın katolikosunu sıradan çıxarmaqda israrlıdır. Onların fikrincə, ölkədə dini sistem köhnəliyin qalığıdır və dəyişməlidir. İlk baxışdan, bu hərəkat dinə qarşı çıxmaq kimi də qiymətləndirilə bilər. Hər halda, deyimin ayrı-ayrı elementlərini görməkdəyik. Onu da nəzərə alaq ki, ABŞ Dövlət Departamenti dünyada dini etiqad azadlığı ilə bağlı hesabat hazırlayaraq, Azərbaycanı bu xüsusda dözümsüz ölkə kimi qələmə verib. Görəsən, multikultural dəyərləri ilə dünyaya nümunə olan Azərbaycanmı dözümsüzdür, yoxsa, ölkənin əsas din xadimini ələ salmaqla məşğul olan Ermənistan hakimiyyəti? Sonda məsələyə qayıdacağıq...
Əlbəttə, məsələnin dərinliyinə getmək niyyətində deyilik. Dünyanın Azərbaycana və Ermənistana yanaşmasındakı ayrı-seçkilik meyillərini bilirik. Deməli, Birləşmiş Ştatların Dövlət Departamenti yaydığı qərəzli hesabatla yenilik etmir. Ancaq N.Paşinyan, sözün əsl mənasında, yenilik etmək qərarına gəlib. Belə ki, o, 2023-cü il dekabrın 31-də Ermənistanın birinci kanalında II Qareginin yeni il təbrikinin yayımlanmasına imkan verməyib. O, Milad bayramı münasibətilə bir neçə gün əvvəlki müraciətində isə tam din xadimi kimi davranıb, Müqəddəs kitabdan seçmələr səsləndirib. Bir sözlə, göstərmək istəyib ki, ölkədə din xadimi də özüdür, rəhbər də.
Həm bununla əlaqədar, həm də II Qareginə “İctimai” televiziyada efir verilməməsi ilə bağlı Ermənistan cəmiyyətində çoxsaylı etirazlar var. Onlardan daha çox diqqət çəkəni ölkənin onadək jurnalist təşkilatının yaydıqları birgə açıqlamadır. Açıqlamada bildirilib ki, hökumətlə erməni apostol kilsəsi arasında yaranan ziddiyyətlər, həmin ziddiyyətlər fonundakı arzuolunmaz siyasi çalarlar ictimai həyatın sağlamlığına töhfə verə bilməz. Əksinə, bu, müxtəlif dairələr arasında formalaşmış qütbləşməni qidalandırmaqla, cəmiyyətin axarına mənfi təsir göstərir.
Məlum olduğu kimi, Ermənistanda hər yeni il öncəsi təbriki əvvəlcə ölkənin prezidenti, ardınca isə erməni apostol kilsəsinin rəhbəri edirdi. Bunun konstitusiyon əsaslarının olduğu bildirilsə də, “İctimai” televiziya məsələni özünün yayım siyasətinin müstəqilliyi ilə əsaslandırmaqdadır. Əlbəttə, belə bir əsaslandırma jurnalist təşkilatlarının təmsilçiləri üçün keçərli sayılmır: “Biz aşağıda imzası olan jurnalist təşkilatları hesab edirik ki, az qala, dövlət protokoluna çevrilmiş ənənələr yalnız ictimai rəyin öyrənilməsi və mümkün nəticələrin təhlili nəticəsində dəyişməlidir”.
Ermənistanın aparıcı jurnalist birliklərinin açıqlamasından gəlinən qənaət həm də budur ki, katolikosun mesajının “Şoqakat” telekanalında və İctimai Yayım Şurasının nəzdindəki “İctimai” radioda yayımlanması yaranmış problemi həll etmir, növbəti müzakirələrə səbəb olur və mövcud xüsusda ağlabatan qərarlar çıxarılmalıdır. Lakin qərar yoxdur və ortada yalnız Paşinyanın siyasi mənada gərginləşdirdiyi durum var. Elə jurnalist təşkilatlarının təmsilçiləri də bunu vurğulayır və bildirirlər ki, II Qareginə ənənəvi efir vaxtının verilməməsi hakimiyyətin reytinqinə mənfi təsir göstərməkdədir. Çünki “İctimai” televiziyanın müstəqillik illərində formalaşmış ənənəni pozmaq hüququ yoxdur.
Bəli, N.Paşinyan cəmiyyət üçün son dərəcə həssas olan ənənələrə münasibətdə ehtiyatlı olmaq niyyətindən uzaqdır və administrativ metodlarla kilsənin nüfuzunu zədələmək yolu tutmaqdadır. Bu isə istər-istəməz, ölkədəki dini durumu gərginləşdirməkdir. Ona görə sonda bir daha ABŞ Dövlət Departamentinin məlum hesabatına qayıdaq. O hesabata ki, orada Azərbaycan dini dözümsüzlük məkanı kimi göstərilirdi. Guya ki, ölkəmizdə dinə qarşı təqiblər baş alıb getməkdədir. Yaxşı olar ki, Vaşinqtonun təmsilçiləri hazırda Ermənistanda baş verən proseslərə nəzər salsınlar, düşünüb və qərara gəlsinlər ki, açıq formada ölkənin ən yüksək ranqlı din xadiminə həqarətin adı nədir? Əlbəttə, din xadimi statusundan uzaq, daim müharibə çağırışları səsləndirən, türklərə nifrət aşılayan II Qaregin hörmətə layiq deyil. Ancaq hər bir halda fakt ortadadır.
Ə.CAHANGİROĞLU