- Daxili siyasət
- 11:03 30.09.2024
Məlum olduğu kimi, ABŞ, guya, etiqad azadlığını pozduğu üçün Azərbaycanın adını “qara siyahı”ya daxil edib. Əlbəttə, ilk baxışdan, ağla gələsi şey deyil. Bunu kim düşünüb, kim belə bir nəticəyə gəlib? Adətən, belə məsələlərin altından həmişə bir erməni barmağı çıxır. İş ondadır ki, Birləşmiş Ştatların Dövlət Departamentinin dünyadakı dini durumla əlaqədar azadlıq indeksini də, onun Azərbaycanla bağlı reallıqdan uzaq hissəsini də erməni millətçisi Daniella Aşbaxyan hazırlayıb.
Amma fikrimizcə, D.Aşbaxyanın timsalında erməni amili sadəcə sığortadır. Axı, vəziyyət düz getməyəndə hər şeyi onun boynuna atmaq mümkündür. Vəziyyət isə düz getmir. İkinci sığorta da elə bununla bağlıdır. Əslində, ABŞ Dövlət Departamenti hesabatın hazırlanmasını erməniyə həvalə edirsə, deməli, Azərbaycanın əks arqumentləri üçün, belə demək mümkünsə, tutarlı əl yeri qoyur. Onsuz da hazır mətndir, onu kimin ərsəyə gətirməsinin heç bir önəmi yoxdur. Yəni, bildirilə bilərdi ki, dini azadlıq indeksini hazırlayan Aşbaxyan deyil, məsələn, hansısa Coni Styuartdır. Bir sözlə, rəsmi Vaşinqton oyun oynayır. Söhbət siyasi oyundan gedir və onun ilk kazusu təxminən belədir: siz erməniləri əzdiniz, indi ermənilər sizi əzirlər. Dərin düşünürlər. Düşünsünlər. Amma dərinliyi şərtləndirən başqa cəhətlər də var ki, bu barədə söz açacağıq.
Ondan başlayaq ki, ABŞ Dövlət Departamenti Azərbaycanda, guya, dini etiqad azadlığına etinasız münasibətin hökm sürdüyü, dindarlara qarşı təzyiqlərə dözümlü yanaşıldığı qənaətindədir. Ümumən, bununla bağlı “qara siyahı”da 12 ölkənin adı var: Rusiya, Çin, Birma, Kuba, Şimali Koreya, Eritreya, İran, Nikaraqua, Pakistan, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkmənistan. Ölkəmiz isə xüsusi müşahidə siyahısındadır. Bu siyahıda isə eyni zamanda Əlcəzairin, Mərkəzi Afrika Respublikasının, Qəmər adalarının və Vyetnamın adı var. İfadəyə diqqət yetirək: xüsusi müşahidəçi siyahısı. Oyunun incəliyi də elə bundadır. Hələ dini etiqad azadlığına zidd fəaliyyət baxımından “Əl-Şabab”, “Boko Haram”, Husilər hərəkatı, Taliban və artıq terror təşkilatları kimi tanınan bir sıra digər birləşmələrin də adları çəkilir. Onlar “xüsusi narahatlıq doğuran qurumlar” siyahısına daxildirlər. Yəqin, ABŞ “strateqləri” lütf edirlər bizə. Yəni, sonuncu siyahıda da yer ala bilərdik!
ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinken məsələ ilə bağlı bildirib ki, din və ya inanc azadlığının inkişafı ölkə Konqresinin 1998-ci ildə Beynəlxalq Dini Etiqad Azadlığı Aktını qəbul etdikdən sonra Birləşmiş Ştatların xarici siyasətinin əsas məqsədi olub. Deməli, hər şey bundan başlayır.
“Hökumətlər azlıqların dini icmalarının üzvlərinə və onların ibadət yerlərinə hücumlar, zorakılıq və dinc ifadəyə görə uzunmüddətli həbs cəzaları, transmilli repressiya və dini icmalara qarşı zorakılığa təhrik kimi sui-istifadələrə son qoymalıdırlar”, – deyən dövlət katibi əlavə edib ki, bütün dünyada dini azadlıqlara qarşı çağırışlar struktur, sistemli və köklüdür: "Ancaq nifrətin, dözümsüzlüyün və təqibin status-kvo kimi qəbulundan imtina edənlərin düşünülmüş və davamlı öhdəliyi ilə biz bir gün bütün insanların ləyaqət və bərabərliklə yaşadığı bir dünya görəcəyik".
Necə deyərlər, avazın yaxşı gəlir, oxuduğun Quran olsa. ABŞ-ın dini etiqad azadlığı indeksində adı çəkilən digər ölkələri bir kənara qoyaraq bildirək ki, bu cür fikirlərin Azərbaycanın da timsalında gündəmə gəlməsi son dərəcə cəfəng və populist mahiyyət daşımaqdadır. Çünki ölkəmizdəki dini durum, sözün əsl mənasında, dünyaya nümunədir və bununla bağlı ən müxtəlif misalları çəkmək mümkündür. Onlardan söz açıb mətləbdən uzaqlaşmaq istəməzdik. Çünki mövzumuz Birləşmiş Ştatların dini özünün xarici siyasətində alətə çevirməsidir. Yəni, Vaşinqton heç bir əndazə tanımadan bu işə girişib. Meydana elementar sual çıxır: Birləşmiş Ştatlar hansı haqla belə bir hesabat tərtib edir?
***
Əlbəttə, ABŞ hər zaman özü üçün haqq uydurmaqda pərgardır. Fikir verin, Blinken Konqresin 1998-ci ildə qəbul etdiyi akta söykənir. Sən demə, bir ölkənin ali qanunverici orqanının ortaya çıxardığı sənəd dünya üçün keçərli olmalı imiş. Absurddur və ortada çox qorxunc mənzərə var. Bu mənzərə Birləşmiş Ştatların bütün beynəlxalq hüquq prinsiplərinə zidd yanaşmasının göstəricisi olan hegemonluq iddiasının düşüncə məhsulundan başqa bir şey deyil.
Bəli, ABŞ dini azadlıqların təşviqində aparıcı rolu təmin etmək istəyir. Bu məqsədlə hələ 2013-cü ildə Dövlət Departamentinin Dini İşlər və Beynəlxalq Əlaqələr İdarəsi yaradılmışdı. O zaman İlahiyyat seminariyasının xristian etikası professoru, uelsli Şon Keysi dünya dinləri ilə iş şöbəsinin müdiri təyin edilmişdi. O, dini məsələlərdə səlahiyyətli sayılırdı və tez-tez iman və dövlət siyasətinin kəsişməsi haqqında mühazirələr oxuyurdu. Hətta Keysi bir az da lovğalanaraq deyirdi: “Mənim təyinatım onu göstərir ki, Dövlət Departamenti ABŞ-ın xarici siyasətində dinin artan əhəmiyyətini qəbul edir”.
2018-ci ildən Keysinin indiki vəzifəsini keçmiş senator Sem Braunbek tutmuşdu. Əlbəttə, o vaxt Prezident Donald Trampı insan hüquqlarının müdafiəçisi adlandırmaq olmazdı. Lakin S.Braunbek əmin idi ki, daha çox din azadlığı olarsa, terror təhlükəsi azalacaq və bu, iqtisadi artıma gətirib çıxaracaq. Maraqlıdır ki, Birləşmiş Ştatların başbilənləri bu tezisdən başqa heç nə tapa bilməyiblər və onu indi də təkrarlamaqdadırlar…
***
Qeyd edək ki, 2018-ci ildə Dövlət Departamentinin xətti ilə ABŞ dini azadlıqlarla bağlı sammitə evsahibliyini gerçəkləşdirmişdi. Bu, ölkənin tarixində ilk dini azadlıq konfransı idi və dünyanın hər yerindən rəsmilərin, dini liderlərin, hüquq müdafiəçilərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilmişdi.
Hələ 2019-cu ilin iyul ayında ABŞ Dövlət Departamentinin o zamankı katibi Mayk Pompeo ölkələrin din və ya əqidə azadlığına hörmət və dünyada azlıqların dini qruplarının üzvlərinin müdafiəsini təşviq etmək üçün Beynəlxalq Dini Azadlıq Alyansının yaradıldığını elan etmişdi. Bu məqsədlərə çatmaq üçün vasitə kimi dini azadlıqların sıxışdırıldığı ölkələrə qarşı kollektiv sanksiyaların tətbiqi əsas götürülmüşdü. Mövcud hərəkat Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə əsaslanan “Prinsiplər Bəyannaməsini” dəstəklədiyini açıqlamışdı.
***
Yuxarıda din məsələsinin ABŞ-ın dünya hegemonluğu üçün alət olduğunu vurğuladıq. Ancaq hələ o zaman, yəni 2018-2019-cu illərdə məlum idi ki, belə demək mümkünsə, ayının min oyunu bir armudun başındadır. Beləliklə, ABŞ Administrasiyası Rus Pravoslav Kilsəsini, tamamilə, təcrid etmək məqsədi ilə xristianlararası dialoqa və yerli pravoslav kilsələrinin münasibətlərinə fəal şəkildə müdaxilə edirdi. Bundan başqa, Vaşinqton Konstantinopol Patriarxlığı ilə əməkdaşlıq edərək, Ukrayna Pravoslav Kilsəsinin tanınması məsələsinin təbliğinə girişmişdi. O zaman M.Pompeo Ukrayna Pravoslav Kilsəsinin rəhbəri mitropolit Epifani Dumenko ilə görüşmüşdü. Tərəflər arasında "möhkəm və etibarlı əməkdaşlıq" məsələləri müzakirə olunmuşdu. ABŞ, eyni zamanda, müqəddəs Taxt-Tacla yaxınlaşmaq yolu tutaraq, Yaxın Şərqdə və Çində “xristianların təqibi problemlərini” qabartmışdı.
Bütün bunlara diqqət yetirərərkən, o cümlədən, hazırkı Rusiya – Ukrayna müharibəsini nəzərə alsaq, Birləşmiş Ştatların Dövlət Departamentinin indi açıqlamış olduğu dini etiqad azadlığı indeksinin hansı qlobal məqsədlərə hesablandığı bir daha üzə çıxmaqdadır. Görünən budur ki, Vaşinqton üçün ümumbəşəri dəyərləri qorumaq, azadlıq və demokratiya ideyalarının təbliği bəhanəsi müstəsna önəm daşımaqdadır.
***
Sonda bir daha, gələk, Azərbaycanın üzərinə. Bəli, ölkəmiz Cənubi Qafqazda lider mövqeyə sahibdir. Bu liderliyin həm də mükəmməl multikultural örnəkləri var. Bəs, nəyə görə Birləşmiş Ştatlar mövcud reallığa əhəmiyyət vermir? Çünki Azərbaycan ABŞ-ın regionla bağlı qlobal planlarında iştirak etmir, müstəqil siyasi xətt yürüdür. Buna görə də Vaşinqton ölkəmizdən, belə demək mümkünsə, dini antipod düzəltmək niyyətinə düşüb. Birləşmiş Ştatların dəst-xətti onun vaxtilə İraqda kimyəvi silah axtarmağına bənzər şeydir. Çoxsaylı insan tələfatına səbəb olmuş və Səddam Hüseyn rejiminin devrilməsi ilə nəticələnmiş İraq kampaniyasının yekununda müəyyən edilmişdi ki, ölkədə heç bir kimyəvi silah yoxdur. Bunun müqabilində isə Ağ evin, sadəcə, bir üzrxahlığı olmuşdu. Əsl dinsizlik, əqidəsizlik də elə məhz budur.
Ə.RÜSTƏMOV