- Daxili siyasət
- 11:03 30.09.2024
Məlum olduğu kimi, dekabrın 17-də Serbiyada növbədənkənar parlament və bələdiyyə seçkiləri keçirilib. Ölkə Prezidenti Aleksandar Vuçiçin lideri olduğu Serb Tərəqqi Partiyası seçkilərdə növbəti dəfə parlaq qələbə qazanıb.
Bir çox nüfuzlu seçki texnoloqları etiraf edirlər ki, Serbiyadakı son seçkilərdə iqtidarın uğuru, ilk növbədə, A.Vuçiçin bir siyasətçi kimi qətiyyəti və xarizması sayəsində mümkün olub. Belə ki, o, 44 günlük seçkiqabağı kampaniya ərzində ölkənin təkcə milli televiziya kanallarında 45 dəfə çıxış edib və seçiciləri rəhbəri olduğu partiyanın ali məramının xalqın və dövlətin maraqlarına xidtmət etmək olduğuna inandıra bilib.
Qeyd edək ki, A.Vuçiçin partiyası ilə kəskin rəqabət aparan siyasi blok “Serbiya zorakılığa qarşı” adlanır. Bu, liberal, sosial-demokrat və ekoloji partiyaların koalisiyasıdır. Təəssüf ki, Serbiya müxalifəti son seçkilərin nəticələrini qəbul etməyərək, əhalini kütləvi etirazlara çağırıb. Etiraz aksiyaları zamanı iğtişaşlar törədənlər saxlanılıblar. Bu hadisələr ölkənin ictimai-siyasi həyatında xeyli gərginlik yaradıb.
Dünən “Serbiya zorakılığa qarşı” müxalifət koalisiyasının tərəfdarları Belqradda Respublika Seçki Komissiyasının qarşısında növbəti etiraz aksiyası keçiriblər. Sonra nümayişçilər şəhər boyu yürüş təşkil ediblər.
TASS xəbər verir ki, 400-ə yaxın etirazçı Serbiya Radio və Televiziyasının binasına tərəf gedib. Nümayişçilər şəhərin küçələri ilə yürüş edərək iğtişaşlara görə saxlanılanların hamısının azad edilməsi üçün çağırışlar ediblər. Bundan başqa, “Mübarizə” tələbə təşkilatının tərəfdarları dekabrın 29-da axşam saatlarında Bel-qradın mərkəzində 24 saat etiraz aksiyasına start veriblər. Tələbələr şəhərin əsas magistrallarını bağlamağa cəhd ediblər. Lakin polis ictimai asayişin pozulmasına imkan verməyib.
Serbiya Radikal Partiyasının lideri Voislav Şeşel deyib ki, ölkədəki etirazların arxasında, ilk növbədə, Almaniya, eləcə də ABŞ və Fransanın xüsusi xidmət orqanları dayanır. O qeyd edib ki, Serbiya hakimiyyəti güc tətbiq etməli olub, lakin bunu vaxtında etmək lazım idi: “Siz şəhərin mərkəzində istədiyiniz qədər etiraz edə bilərsiniz, lakin həyati əhəmiyyətli nəqliyyat qovşaqlarını təhlükə altına almaq olmaz. Bu halda güc tətbiqinə haqq qazandırmaq olar”.
V.Şeşel ölkədə daxili siyasi vəziyyəti şərh edərkən deyib ki, Serbiyada sabitliyi pozmağa cəhd etməkdə Qərbin əsas məqsədi Prezident Aleksandar Vuçiçə təzyiq göstərməkdir.
Qeyd edək ki, Serbiyanın hazırkı iqtidarı Qərb dövlətlərinin Rusiyaya qarşı sanksiyalarına qarşı çıxır. Avropa İttifaqı (Aİ) və ABŞ daim təkrar edir ki, Belqrad öz xarici siyasətini Aİ rəhbərliyi ilə razılaşdırmalı və Rusiyaya qarşı sanksiyalara qoşulmalıdır. Bundan əlavə, Çinin Serbiyada artan investisiyaları da Aİ-ni narazı salır.
Mübariz MƏMMƏDLİ,
siyasi şərhçi
– Serbiyadakı iğtişaşlar Qərbin indiyədək bir çox ölkələrdə sınaqdan çıxardığı “rəngli inqilab” ssenarisidir. Təsadüfi deyil ki, Prezident Vuçiç deyib ki, bir çoxları Belqradın anti-Rusiya sanksiyalarına qoşulmasında israr edərək Serbiyaya öz iradələrini yeritməyə çalışır, lakin Belqrad bundan sonra da müstəqil siyasət yürütməyə davam edəcək.
Qərb istəyir ki, Serbiyanın əvvəllər olduğu kimi, siyasi iradəsi olmayan adi bir oyuncaq kimi idarə etsin, hökuməti və nazirləri seçə bilsin, Rusiyaya qarşı sanksiyalar tətbiq etsin. A.Vuçiç iqtidarı isə bu təzyiqlərə baş əymir.
Qərb, həmçinin Serbiyanı Kosovonun müstəqilliyini tanımağa məcbur etmək istəyir. Ötən il ok-tyabrda Fransa, Almaniya liderləri açıq şəkildə Belqradı Kosovonu tanımağa çağırmışdılar.
Eyni siyasəti vaxtilə Ukraynada həyata keçiriblər və hazırda bu ölkəni faktiki olaraq məhv olmaq təhlükəsi ilə üz üzə qoyublar
Yeri gəlmişkən, Qərb “rəngli inqilab” texnologiyasını ilk dəfə elə Serbiyada sınaqdan çıxarıb. 2000-ci ildə Slobodan Miloşeviçi hakimiyyətdən uzaqlaşdırıblar. İndi yenidən eyni ssenari işə düşür. Görünən budur ki, Belqrad qətiyyətlə Qərbin planlarını pozur.
M.HACIXANLI