- Daxili siyasət
- 09:37 20.09.2024
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan uzun müddətdir qoruduğu sükutu, nəhayət ki, pozdu. O, çoxdandı ölkənin baş naziri Nikol Paşinyana ittiham yağdıranların cərgəsində yer almırdı. Görünür, daha bekarçılıqdan bezib...
Məlum olduğu kimi, N.Paşinyan, bir qayda olaraq, Qarabağdan danışanda bölgənin itirilməsinin qaçılmazlığı üzərində dayanır. Eyni zamanda, mövcud xüsusda özündən əvvəlki hakimiyyəti günahlandırmaq yolunu tutur. Nikol bir neçə həftə əvvəl ölkənin İctimai televiziyasında sualları cavablandırarkən də həmin fikirləri təkrarlaması ilə yadda qaldı. Bildirdi ki, 2016-cı ildən sonra Qarabağın əldən çıxması qaçılmaz idi.
Paşinyan haqlıdır, amma müəyyən mənada. Məsələ burasındadır ki, Azərbaycan cəmiyyətində hər zaman Qarabağ əzmi olub. Dövlətimiz, şəxsən Prezident İlham Əliyev illərlə bu əzmi diri saxlamağı bacarıb. Ulu öndər Heydər Əliyev, az qala, bütün çıxışlarında Qarabağa qayıdacağımızı böyük əminliklə vurğulayıb. Əlbəttə, Ermənistan hakimiyyəti – Paşinyana qədərki Koçaryan-Sarkisyan rejimi buna əhəmiyyətsiz yanaşıb...
Qeyd edək ki, erməni beyin mərkəzləri Qarabağla bağlı, hətta, nəsillərin dəyişməsi üzərinə hesablamalar aparırdılar. Təxminən on, iyirmi, otuz, qırx ildən sonra bölgə, ümumən işğal olunmuş Azərbaycan əraziləri məsələsi azərbaycanlılar arasında necə qarşılanacaq? Yəni, ümid edirdilər ki, ölkəmizin gələcək nəsli Qarabağı ümumiyyətlə unudacaq.
Paşinyan ona görə haqlıdır ki, məhz yuxarıda haqqında söz açdığımız düşüncəyə ən böyük zərbə 2016-cı ilin aprelində vuruldu. Aprel müharibəsində qazandığımız ciddi uğur həmin beyin mərkəzlərinin planlarını alt-üst etdi, hesablamalarının yanlışlığını ortaya qoydu. Məlum oldu ki, Azərbaycanın gənc nəsli üçün də Qarabağ məsələsi son dərəcə aktualdır. Cənab İlham Əliyev əbəs yerə vurğulamamışdı: “Biz bu vəziyyətlə barışmadıq və mən dəfələrlə deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər”
Bəli, 2016-cı ildən sonra Ermənistanın bütün gözləntiləri, hesablamaları puç oldu. Amma, demək olmazdı ki, ölkənin o zamankı hakimiyyəti Qarabağı dinc yolla təhvil verməyi düşünürdü. Yenə də danışıqları imitasiya edirdi. Yeri gəlmişkən, bu mənada Paşinyan komandasının ekslərdən “görüb-götürdüyü” bir çox cəhətlər var. Nəzərə alaq ki, 2020-ci ildən 2023-cü ilin sentyabrınadək Ermənistanın hazırkı iqtidarı status-kvonu saxlamağa çalışırdı.
Əlqərəz,Sarkisyanın Paşinyanı Qarabağı, guya, bilərəkdən Azərbaycana verməsi ilə bağlı vurğuladıqları tam cəfəngiyyatdır. Hər halda, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verən Paşinyan idi, Sarkisyan belə danışacaq qədər əbləh ola bilməzdi. Amma o, məsələn, Ermənistanın bütün dərsliklərində, xəritələrində Qarabağı ölkəsinin ərazisi kimi göstərmişdi. Bununla bağlı poçt markaları buraxdırmışdı. Əlqərəz, mətləbə qayıdaq.
“Düzünü desəm, bu çıxışda çoxlu yalan və saxtakarlıq gördüm. Lakin bir vacib faktı açıq şəkildə vurğulamalıyam: Ermənistanın rəhbəri Dağlıq Qarabağı bilərəkdən qurban verdiyini etiraf etdi. O, bəzi qılınclardan danışdı. Guya Dağlıq Qarabağ məsələsi Ermənistanın başının üstündə asılmış qılınc idi. Mən sadəcə, başa düşmədim ki, o, hansı qılınclardan danışır və ya onları Ermənistanın başının üstündən kim asmışdı. Dağlıq Qarabağın yekun statusu ilə bağlı beş dəfə yazılı bəyanatlar verən və məsələnin azad iradə yolu ilə həll olunmalı olduğunu deyən həmsədrlərmi? Kimdən danışırdı? Bəlkə Azərbaycana təhvil verdiyi milyardlarla dəyərində olan pulsuz silahı Ermənistana bağışlayan ölkə haqqında danışır?”, – deyən S.Sarkisyan hiddətini gizlətməyib.
Paşinyanın Qarabağ məsələsinin heç bir paketdə həll edilməməsi, 2016-cı ildən sonra artıq dövlətçiliyin ləğvi məsələsinin gündəmə gətirildiyi barədə bəyanatına toxunan eks-prezident baş naziri yalan danışmaqda ittiham edib: “Yalan deyir. Biz açıq-aydın dedik ki, bütün sənədlər əlimizdədir. Heç olmasa, bildirdiklərinin ehtiva edən bir sənəd göstərsin və desin ki, bununla Dağlıq Qarabağ problemi bağlanmışdı. Elə sənədlər var ki, onlara əsasən Dağlıq Qarabağın yekun statusu oranın öz iradəsi ilə müəyyən edilməli idi”.
BMT-nin sənədində müvəqqəti statusun ləğvinin nəzərdə tutulmasının doğru olub-olmaması ilə bağlı aydınlaşdırıcı suala Serj Sarkisyan belə cavab verib: “Xeyr, sizi inandırım ki, Kazandan sonra danışıqlarda əhəmiyyətli heç nə dəyişməyib. Hansı şəkildə ifadəsini tapmasından asılı olmayaraq, Dağlıq Qarabağın yekun statusu oranın azad iradəsi ilə müəyyən edilməli idi. Dəyişikliklər gözlənilən idi. Lakin onlar əhəmiyyətli deyildi. Dağlıq Qarabağın öz seçkili orqanları ilə respublikanın həyatını idarə etmək imkanı var idi”.
Bəli, Sarkisyanın söylədikləri artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin həlli müstəvisində yaşanmış “böyük ədalətsizlik”lərin kiçik təsvir səhnəsi idi. Onun sözlərindəki konkret məqamlar, üzərində dayanılmalı mətləb deyil. Çünki dövlətimiz heç vaxt Qarabağın bu və ya digər dərəcədə Azərbaycandan ayrı tutulmasını təsdiqləyən sənədə imza atmamışdı və atmayacaqdı da. Əsas məsələ Sarkisyanın dilə gətirdiklərindən hansı qənaətin hasil olmasıdır. Qənaət isə budur ki, Sarkisyan Paşinyanı münaqişəni uzada bilməməkdə günahlandırır. Hesab edir ki, Qarabağın “seçkili hakimiyyəti” var idi və bu, artıq dünyaya göstərilməli olan fakt və gerçəklik, hesablaşılmalı məqam sayılırdı. Yeri gəlmişkən, Paşinyan da bu ilin yayında “Qarabağın seçkili hakimiyyəti var” fikrini dilinə gətirmişdi. Yəni, ekslərin yolu ilə getmək istəmişdi. Ümumən, Ermənistan düz 2020-ci ildən başlayaraq, bölgəni ayrıca subyekt kimi vurğulamaq yolu tutmuşdu.
Sonda bir vacib məqamı vurğulayaq. Bəli, bildirdik ki, heç bir Ermənistan hakimiyyəti Qarabağı bizə xoşluqla verən deyildi və bu, tam aydındır. Əsas məqam Qarabağ məsələsinin Ermənistanın siyasi düşüncə sisteminin alt qatına yeriməsidir. Əslində, istər, Paşinyanın özündən əvvəlkiləri ittiham etməsi, istərsə də, ekslərin hazırkı baş naziri günahlandırmaları sağlam düşüncə kasadlığının təzahüründən başqa bir şey deyil. Bu tendensiya isə qorxuludur. O qədər qorxuludur ki, Ermənistanı tamamilə məhvə apara bilər. Görünür, Sarkisyan da məhv prosesini yaxınlaşdırmağa çalışanlardandır və əslində, bu, heç də təəccüblü deyil. Çünki məntiqlə Qarabağ amili, qonşuların torpaqlarına qəsb üzərində qurulmuş və belə bir xətti ideologiyaya çevirmiş müasir Ermənistan Respublikası “hədəflərinə” nail olmursa, onun məhvə məhkumluğu qaçılmazdır. Bu mənada Paşinyanın Qarabağ məsələsinin Ermənistanın başının üstündə asılmış qılınc olduğunu bildirməsində böyük həqiqət var.
Ə.CAHANGİROĞLU