- Daxili siyasət
- 09:37 20.09.2024
Azərbaycanın tarixin arxivinə göndərdiyi qondarma “dqr” rejiminin sonuncu separatçıbaşı “prezidenti” Samvel Şahramanyan İrəvan küçələrində rəsmi kortej və cangüdənlərin müşayiəti ilə hərəkət edirmiş. Yəni, Qarabağdan köçmüş ermənilərin hökumətdən minimum “payok” umduğu bir vaxtda fərari Şahramanyan dövlət başçılarına xas əda ilə olmayan “səlahiyyət və imtiyazlarını” nümayiş etdirirmiş.
Amma Xankəndinin “sonuncu pad-şah”ı çox uzağa gedə bilməyib. Ermənistan Daxili İşlər Nazirliyinin yol polisi keçmiş separatçı-xunta rejimin səlahiyyətlərindən könüllü imtina etmiş eks-başçısı Samvel Şahramanyanı avtomobilini mühafizəçilər və kortejin müşayiəti ilə idarə etdiyinə görə saxlayıb. Hadisə barədə ictimaiyyəti məlumatlandıran yerli “Hraparak” qəzetinin yazdığına görə, polis Şahramanyana bildirib ki, o, qanunla kortejin müşayiəti ilə avtomobil idarə etmək hüququna malik deyil. Ermənistan DİN xəbəri təsdiqləyərək belə bir əlavə açıqlama verib ki, separatçılar yol hərəkəti qaydalarını pozduqlarına görə saxlanılıb, amma, protokol tərtib edilməyib, sadəcə, xəbərdarlıq edilib.
Ermənistan qanunvericiliyinə əsasən, yalnız bu rəsmi şəxslərin kortejlə gəzmək hüquqa var: baş nazir Nikol Paşinyan, parlamentin spikeri Alen Simonyan, ölkə prezidenti Vaaqn Xaçaturyan və xarici işlər naziri Ararat Mirzoyan.
Ləğv edilmiş xunta rejiminin sonuncu başçısının imzaladığı fərmanla 2024-cü il yanvar ayının 1-də Qarabağdakı separatçıların indi İrəvana sığınmış tör-töküntüləri tamamilə fəaliyyətini dayandırmalıdır. Bu barədə qərar Bakının sentyabr ayında həyata keçirdiyi antiterror tədbirlərindən sonra qəbul edilib.
Yeri gəlmişkən, onu da xatırladaq ki, bir neçə gün əvvəl erməni mətbuatı Xankəndidəki keçmiş separatçı-xunta rejiminin sonuncu “rəhbəri” Samvel Şahramanyanın, guya, qondarma qurumu buraxması barədə qərarını ləğv etdiyini yayıb. “Joğovurd” qəzeti isə Şahramanyanın “artsax”ın buraxılması barədə qərarı ləğv edən yeni sənəd imzaladığını, amma hələlik həmin sənədin ictimaiyyətə açıqlanmadığı barədə yazıb.
Şahramanyanın razılaşdırılmamış “özbaşınalığına” rəsmi İrəvanın reaksiyası özünü çox gözlətməyib. Parlamentdə Paşinyanın başçılıq etdiyi “Mülki Müqavilə” partiyasının deputatı Artur Hovhannisyan “möhürlü, amma portfelsiz dövlət başçısının” cəfəng “qərarına” sərt reaksiya verib. O, ölkələrində yalnız Ermənistan hakimiyyət nümayəndələrinin fərman və sərəncamlar imzalama səlahiyyətində olduğunu bildirib. Onun ardınca milli assambleyadakı “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan məlum hadisə ilə bağlı ikibaşlı bəyanat verib: “Hökumət xırda oğru rolunu oynayaraq “artsax”la bağlı simvola, institusional quruma bənzəyən hər şeyi məhv etmək istəyir. Bunun üçün əlindən gələni edir. Mesaj açıqdır, “artsax prezident institutu” və ya “artsax hakimiyyəti” artıq yoxdur”.
* * *
Abramyan haqlıdır. Ermənistan hakimiyyəti Samvel Şahramanyanın maşınını saxlamaqla “artsax artıq yoxdur” mesajını verir. Amma bu mesajı verməyə İrəvanı hansı qüvvənin təhrik etdiyini bilmirik. Sadəcə olaraq, Şahramanyanın “özbaşınalığına” rəsmi İrəvanın bu cür reaksiyasından saxtakarlığın və “erməni hiyləgərliyinin” qoxusu gəlir. Nə olursa-olsun, bu məsələ artıq onların daxildə həll etməli olduqları işdir. Kənardan görünən odur ki, “Qarabağ klanı”nın fəallaşmasının arxasında həm daxildəki revanşist-separatçılar, həm də xaricdəki “erməni təəssübkeşləri” dayanır. Onların əsas məqsədinin isə sülh prosesini pozmaq olduğu məlumdur.
Maraqlıdır ki, Şahramanyan özü “ictimai dövriyyəyə” buraxdığı sərsəm iddiası barədə açıqlama verməyə ürək eləmir. Yuxarıda qeyd etdiyimiz kimi, Ermənistan parlamentinin bir çox deputatları “möhürsüz” Samvel Şahramanyanın hər hansı “fərman” vermək səlahiyyətinə malik olmadığını sərt şəkildə ifadə edirlər. Onlar yaxşı anlayırlar ki, bu cür avantürist iddialar Ermənistan üçün siyasi başağrısına çevrilə bilər.
Burada maraq doğuran digər məsələ hökumətin Qarabağdan köçən ermənilərə ayırdığı büdcə vəsaitinin necə xərclənməsidir. Axı rəsmi İrəvan 100 minlik köçkün ordusu üçün xaricdən də əlavə maliyyə mənbələri axtarırdı. Bu məqsədlə Fransadan, ABŞ-dan on milyonlarla dollar vəsaitin köçürüldüyü barədə xəbərləri rəsmi media qurumları yaymışdı. Bəs həmin pulların aqibəti necə oldu? Deyəsən, əsl məqsəd bu vəsaitin arxasına keçməkdir.
İlya İlf və Yevgeni Petrovun “12 stul” əsərindəki xarizmatik fırıldaqçı, məşhur “cinayətkar qəhrəman” Ostap Bender brilyantların gizlədildiyi 12 stuldan birinin axtarışına çıxır və bu axtarış çeşidli macəralarla müşayiət olunur. Baş qəhrəman həmin stulu ələ keçirməkdən ötrü yüz oyundan çıxır, insanlara min cür kələk gəlir. Bu zaman o, stul komplektinə malik hansısa evin yiyəsi, yaxud mülkün sahibi ilə yanaşı, bütöv kütləni belə aldatmaqdan çəkinmir, hətta istəyinə nail olur. Deyəsən, Şahramanyan da Ostap Benderin “zəngin təcrübə”sindən bəhrələnərək, hoqqabazlığın işinə yarıyacağını düşünürmüş. Fəqət “brilyantaxtaran” adamyeyən Elloçkanın başını tovlayıb, adi çaydanı xəzinənin gizlədildiyi ehtimal olunan stulla dəyişdirməyi bacarmışdısa, bu, heç də o demək deyil ki, cibində “ölü möhür” gəzdirən Şahramanyan eyni dəlləkliyi Qarabağ ermənilərinin başında edə bilər. O, artıq “möhürünü və mürəkkəbqabını” rahatlıqla İrəvanın mərkəzi küçələrindəki zibil qutularından birinə tullaya bilər. Amma həmin ünvana maşınsız getməyi məsləhətdir. Yoxsa, Ermənistan DİN bu dəfə onu “ictimai asayişi pozduğuna görə” həbs edə bilər.
İ.HƏSƏNQALA