- Daxili siyasət
- 09:37 20.09.2024
Baş nazir Nikol Paşinyanın Ali Avrasiya İqtisadi Şurasının dekabrın 25-də Sankt-Peterburqda keçirilmiş iclasında iştirakı Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ittihamları çərçivəsindəki təhlükəsizlik məsələlərini iqtisadi müstəvidən ayırmaq istəyinin nümayişi kimi yadda qaldı. Yəni, əslində Nikol ölkəsinin bu quruma rotasiya qaydasındakı sədrliyinin qarşıdakı prioritetini məhz bu cür dəyərləndirdi.
Əlbəttə, bu, həm də Qərbin gözündə Ermənistanın nüfuzunu qaldırmaq istəyidir. Paşinyan, bir növ, Türkiyəni təqlid etməklə məşğuldur. O, öz aləmində Ankaranın NATO-dakı mövcudluq parametrlərini təkrarlayır. Bunu Rusiyanın həlledici rol oynadığı təşkilatda, guya, müstəqil oyunçu olduğunu nümayiş etdirməklə reallaşdırmağa cəhd göstərir və bildirir ki, İrəvan quruma geosiyasi çalar qazandırılması istəklərini yolverilməz sayır. Paşinyan deyir: “Avrasiya İqtisadi İttifaqı iqtisadi birlikdir, onun siyasi və xüsusən də geosiyasi gündəmi olmamalıdır”.
Ancaq N.Paşinyanın belə bir fikir səsləndirməsində fövqəladə heç nə yoxdur. Çünki Aİİ-nin sözügedən iclasında çıxış edən ölkə liderlərinin, demək olar ki, hamısı qurumun iqtisadi ampluada gücləndirilməsindən söz açıblar. Yəni, hər bir halda, Aİİ iqtisadi təşkilatdır. Ancaq Nikol konkret məqama toxunur. O, Ermənistanın, ümumən, Avrasiyaya inteqrasiyasını siyasiləşdirmək naminə olacaq bütün cəhdləri sıradan çıxarmaq əzmini ortaya qoyur ki, bunun özündə də aşkar siyasi motivin gizləndiyi şübhəsizdir: “Avrasiya İqtisadi İttifaqı və onun iqtisadi prinsipləri siyasi ambisiyalarla əlaqəli olmamalıdır. Ticarət və inteqrasiyanın əsas azadlıqları siyasi mülahizələrə görə məhdudlaşdırıla bilməz və bu, mütləq birləşmənin fundamental prinsiplərinin korroziyasına gətirib çıxaracaq”.
Əslində, Nikolun sonuncu fikrini təhdid kimi də qiymətləndirmək mümkündür. Məlumdur ki, o, yenə də anti-Rusiya xəttini götürür. Əslində, İrəvanın Aİİ-yə indiki sədrliyi qurumun daxilinə qoyulmuş Qərb bombasıdır. Bunu bir sıra erməni ekspertlər də təsdiqləyirlər. Məsələn, politoloq, “APRI Armenia” mərkəzinin tədqiqatçısı Beniamin Poqosyan bildirir ki, Paşinyanın bəyanatlarının əsas hədəfi Moskvadır. O, eyni zamanda, KTMT və MDB çərçivəsindəki tədbirlərə qatılmaqdan imtina edən baş naziri Aİİ liderlərinin sammitində iştiraka vadar edən ən azı iki səbəbi müəyyənləşdirir: “Bu görüşün Ermənistan və şəxsən baş nazir Nikol Paşinyan üçün bir neçə mənası var idi. Birincisi, o, Rusiya ilə qarşıdurma məqsədinin olmadığını göstərmək istəyirdi. Bəli, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından şikayətləri var. Lakin, bu, o demək deyil ki, Ermənistan bütün formatlarda Rusiyaya qarşıdır. İkincisi, o, göstərmək istəyirdi ki, Ermənistan nə Mixeil Saakaşvilinin prezidentliyi dövründəki Gürcüstandır, nə də indiki Ukrayna”.
Bununla yanaşı, Poqosyanın fikrincə, Paşinyanın Aİİ-də nələri bildirməsindən asılı olmayaraq, hazırda Ermənistan iqtidarı üçün Avropa İttifaqı ilə sürətli yaxınlaşma xətti başlıca prioritetdir və məsələnin daxili siyasi konteksti var. Politoloq hesab edir ki, Paşinyan Qarabağın tamamilə itirilməsindən və bölgə ermənilərinin Ermənistana köçündən sonra ölkəsində siyasi xallar qazanmaq niyyətindədir. Bunun üçün imkanlardan biri isə Avropa ilə viza rejiminin ləğvidir. Nikol belə bir perspektivi yaxınlaşdırmaq, ölkəyə yardım və investisiyalar cəlb etmək fikrindədir. Deməli, İrəvan Avropa İttifaqına, ümumiyyətlə, Qərbə Rusiyadan uzaqlaşmaq cəhdlərini davam etdirdiyini göstərməlidir. Poqosyanın fikrincə, Nikolun Avrasiya regionunun geosiyasiləşdirilməsinin yolverilməzliyi ilə bağlı sözləri bundan qaynaqlanır. Yəni, Paşinyan Aİİ-yə yalnız özünə sərf edən sırf iqtisadi müstəvidə yanaşdığını nümayiş etdirir. Əlbəttə, bu ritorika həm də Rusiyanın məsələnin mahiyyətini anlaması üçündür. Anlaması və Ermənistandan özünə yaxınlıq baxımından hansısa fövqəladə gözləntidə olmaması üçün.
Qərb erməni baş nazirinin mesajını tam başa düşmüş kimidir. Təsadüfi deyil ki, Paşinyanın məlum çıxışından sonra İrəvanın Qərbdəki tərəfdaşları Ermənistanın Moskvadan uzaqlaşmaq cəhdləri müstəvisində aktiv təşviqata start veriblər. Məsələn, NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina İrəvanın xarici siyasətini dəyişmək qərarında olduğunu açıqlayıb. “Ermənistan açıq şəkildə xarici siyasətini dəyişmək və Moskvadan bir qədər uzaqlaşmaq qərarına gəlib. Biz bunu təşviq edirik”, – deyən NATO rəsmisi Gürcüstanın “Birinci kanalı”na müsahibəsində N.Paşinyanın özünün və komandasının təmsilçilərinin ölkənin xarici siyasət vektorunun Rusiyadan Qərbə dəyişdirilməsi ehtimalını hər cür inkar etdiklərindən də söz açıb. X.Kolominanın söylədiklərindən bu qənaət hasil olub. Ermənistanın iqtidar nümayəndələri belə fikirlərlə iz azdırmaq məqsədi güdürlər.
Ancaq reallıq budur: Hazırda Ermənistan, demək olar ki, bütün istiqamətlərdə Rusiyadan asılıdır. Hər halda, Paşinyan iqtidarı mövcud məqamı da hesablamamış deyil. Poqosyanın fikrincə, Nikolun Aİİ-yə ciddi iqtisadi birlik kimi baxması və Sankt-Peterburqa getməkdən imtina etməməsi mövcud amillə bağlıdır. Ancaq politoloq bu məqamı da vurğulamağı yaddan çıxarmır: “Bunların hamısı Ermənistan hakimiyyətinin Qərb tərəfdaşları üçün siqnallardır. Onlar bildirirlər ki, Ermənistan Aİİ-nin üzvü olmasına baxmayaraq, NATO-da Türkiyə və ya Avropa Birliyində Macarıstan kimi orada Qərbin gizli tərəfdaşı qismində çıxış edə bilər. Bu iki dövlət bəzən ABŞ və Avropa Birliyinə əks mövqe tutur. Beləliklə, Paşinyan eyham vurur ki, Ermənistan Avrasiya İqtisadi İttifaqında qalır. Bəlkə də Qərb üçün onun silahdaşının təşkilatdakı təmsilçiliyi daha yaxşı variantdır”, – deyən erməni politoloq vurğulayır ki, Qərb Aİİ daxilindəki proseslər barədə informasiya əldə etmək niyyəti güdür və Ermənistanın orada mövcudluğu mövcud anlamda vacibdir. Əlbəttə, İrəvanın köməyi ilə qurumun müəyyən qərarlarına veto qoyulması da həmçinin.
Əvəz RÜSTƏMOV