- Daxili siyasət
- 09:37 20.09.2024
Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun 2023-cü ilin yekunları üzrə TASS-a eksklüziv müsahibəsində səsləndirdiyi fikirlərin təhlili onu göstərir ki, Kremlin ali diplomatı başa çatmaqda olan ildə ölkəsi üçün əhəmiyyət kəsb edən üç məqama diqqəti yönəldir. Bunlardan birincisi Ukrayna, ikincisi Yaxın Şərqdə baş verən proseslər, üçüncüsü isə Azərbaycanla Ermənistan arasındakı durumdur.
Əslində, Lavrov müsahibəsində daha çox problemli istiqamətlərdən söz açıb. Ukrayna və Yaxın Şərq öz yerində, yazımızda daha çox Rusiya XİN rəhbərinin fikirləri kontekstində Moskvanın İrəvana münasibətindən bəhs edəcəyik. İstər-istəməz, Bakı-İrəvan ziddiyyətlərinə də toxunacaq və Kremlin duruma baxış bucağının ayrı-ayrı istiqamətlərinə diqqət yetirəcəyik.
Səni sevəcəyəm, sən sevməsən də. Haşiyə çıxaraq bildirək ki, bu deyim hazırda Rusiyanın Ermənistana yanaşmasındakı başlıca prioritet kimi özünü göstərməkdədir. Bu deyim, eyni zamanda, İrəvanın Moskvaya münasibətdəki özbaşınalığa dözümün obrazlı ifadəsi kimi də çıxış etməkdədir. Hərçənd, dözümün də bir həddi-hüdudu var.
***
Ancaq Lavrov Ermənistanla bağlı bir çox problematik məqamlardan söz açaraq, hələlik vurğulayır ki, ölkə Rusiyanın Cənubi Qafqazdakı strateji tərəfdaşı kimi qalmaqdadır. Başqa sözlə desək, İrəvanın Moskvadan qurtuluşu yoxdur. Əslində, buna bənzər fikri Belarus Prezidenti Aleksandr Lukaşenko Ali Avrasiya İqtisadi Şurasının dekabrın 25-də Sankt-Peterburqda keçirilmiş iclası öncəsi jurnalistlərin suallarını cavablandırarkən də dilə gətirmişdi: “Ermənistan bizdən heç yerə qaçan deyil”.
***
İndi isə TASS-ın müxbiri S.Lavrovdan cavab alması üçün ona təxminən belə bir sual verir: Sizcə, son bir neçə ayda dialoqda yaranmış çətinlikləri nəzərə alsaq, Moskva ilə İrəvan arasında münasibətlər gələcəkdə necə inkişaf edə bilər? Rusiya hərbi bazalarının Ermənistanda davamlı olmasının mümkünlüyünü və onunla NATO arasında əməkdaşlıq perspektivlərini necə qiymətləndirirsiniz?
S.Lavrov cavabında bildirib ki, rəsmi İrəvan Qərbin təbliğatına uyaraq, özünün xarici siyasət xəttini yenidən formatlamağa çalışır. Kremlin baş diplomatı bundan təəssüfləndiyini dilə gətirir. Onun sözlərinə görə, Ermənistan Rusiya ilə zamanın sınağından çıxmış ittifaqını Qərbin konkret köməyi ilə deyil, yalnız qeyri-müəyyən vədlərinə müqabil olaraq dəyişir. Yəni, deyir ki, Qərb dünyasının İrəvan naminə hazırkı canfəşanlığı yalnız sözdədir, bunun əməldə heç bir real ifadəsi yoxdur: “Strateji dönüş kursuna haqq qazandırmaq üçün respublikanın bütün bəlalarını, o cümlədən Qarabağın itirilməsini Rusiyanın üzərinə yıxmağa çalışırlar. Biz dəfələrlə narahatlığımızı açıq şəkildə demişik. İndi Ermənistan hakimiyyətinin qeyri-dost addımlarını bir daha sadalamağın mənası yoxdur. Ermənistan Cənubi Qafqazda bizim üçün strateji tərəfdaş olub və belə də qalır. Əminik ki, bütün çətinliklər müvəqqətidir və siyasi iradə olarsa, onlar aradan qaldırılacaq. Məhz Rusiya-Ermənistan əlaqələrinin davamlı və sistemli inkişafı iki dövlətimizin ortaq dəyərləri və vahid mədəni kodu olan xalqların əsas maraqlarına cavab verir”.
***
İlk cümləsindəcə Ermənistanın üzərinə yüklənən və baş nazir Nikol Paşinyan iqtidarını tənqid edən S.Lavrov ardınca Moskva-İrəvan iqtisadi münasibətlərinə köklənir. Bildirir ki, Rusiya və Ermənistan arasında sənaye dialoqu və ticarət-iqtisadi əlaqələr təsirli templə inkişaf edir. Bu, qarşılıqlı əməkdaşlığın bünövrəsidir, həm də Ermənistan iqtisadiyyatının davamlılığı və ölkə əhalisinin rifahı üçün ən mühüm yardımdır. Yəni, Lavrov xatırladır ki, Ermənistan hakimiyyəti nə qədər Qərbə meyillənsə də, ölkənin nəfəsliyi Rusiyadan asılıdır və deməli, İrəvan Moskvadan canını yalnız iqtisadi müstəvidə ona bağlılığı aradan qaldırdıqdan sonra qurtara bilər.
Bəli, Kremlin baş diplomatının, kifayət qədər, həssas məqama toxunduğu ortadadır. Onun belə yanaşması baş nazir Nikol Paşinyanın Ali Avrasiya Şurasının iclasında söylədiklərinə də cavab təsiri bağışlamaqdadır. Paşinyan bildirmişdi ki, Avrasiya İqtisadi İttifaqı siyasi manipulyasiya üçün vasitə olmamalı, yalnız iqtisadi təşkilat kimi qalmalıdır. Yəni, Nikol istəyir ki, Qərb xətti götürməsinə rəğmən, Ermənistan Aİİ-nin imkanlarından faydalansın. Lavrov isə birbaşa buna toxunmasa da, əslində erməni baş nazirin düşüncəsinin yolverilməzliyindən danışır.
Diqqət yetirək, S.Lavrov vurğulayır ki, son illər Ermənistanın ümumdaxili məhsulunun sürətli artımı daha çox Rusiya ilə əməkdaşlıq və İrəvanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü ilə bağlıdır. “Dekabrın 14-15-də İrəvanda baş nazir müavinlərinin həmsədrliyi ilə İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 22-ci iclası keçirilib. Gələn il Ermənistan Aİİ-yə sədrlik edəcək. Həmkarlarımıza uğurlar arzulayırıq”, – deyən XİN rəhbərinin Ermənistanın hazırkı inkişaf xəttinin mənbəyinin Rusiya olduğunu diqqətə çatdırdığı tam aydındır.
***
Rusiyanın baş diplomatı başqa bir məqama da toxunur. O deyir ki, Ermənistan hazırda bir sıra problemlərlə üz-üzədir. Həmin problemlərin inkişaf trayektoriyasına Qərb oyunçularının köməyi ilə təsir mümkün olmayacaq. “ABŞ və Avropa İttifaqı Rusiyadan fərqli olaraq, respublikaya və bütövlükdə, Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır. Onların vəzifəsi tamam başqadır – Moskvanı və digər regional gücləri sıxışdırıb çıxarmaq, Balkanlar, Yaxın Şərq və Ukraynadan sonra yeni gərginlik mənbəyi yaratmaq. Çətin vəziyyətdən çıxış yolu göz qabağındadır – İrəvan, Bakı və Moskvanın üçtərəfli razılaşmalarını ən yüksək səviyyədə həyata keçirmək”, – deyən Lavrovun Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatların məntiqindən kənara çıxılmamasının vacibliyini önə çəkdiyi aşkardır.
Ancaq hazırda Ermənistan hakimiyyəti belə bir yanaşmadan tam uzaqdır. İrəvan üçtərəfli bəyanatları, faktiki olaraq, əhəmiyyətsiz sənədlər kimi qiymətləndirir. Digər tərəfdən, ölkə iqtidarının anti-Rusiya ritorikası o dərəcədə güclüdür ki, hazırda İrəvan–Moskva münasibətləri baxımından yeni gərginlik məntiqi görünməkdədir. Söhbət Lavrovun da müsahibəsində haqqında söz açdığı Ermənistandakı 102-ci Rusiya hərbi bazasından gedir. Məlum olduğu kimi, hazırda rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı çıxmaqla, sözügedən bazanı da bu qurumun hərbi birləşməsi olaraq təqdim edir.
Doğrudur, Paşinyan iqtidarının təmsilçiləri açıqdan-açığa rus hərbçilərinin Ermənistan ərazisindən çıxmasını tələb etmirlər. Ancaq, ümumən, KTMT-nin ölkə üçün lazımsızlığı məntiqini qabartmaqla, eyni zamanda 102-ci bazanın da qeyri-funksionallığı mənzərəsini formalaşdırırlar. Lavrov isə müsahibəsində belə müzakirələri zərərli saydığını vurğulayır: “Onun (102-ci hərbi bazanın -red.) orada yerləşdirilməsi haqqında saziş 1995-ci il martın 16-da ilk növbədə milli maraqlara və dövlətlərimizin Cənubi Qafqazda sabitliyi möhkəmləndirmək məqsədinə əsaslanaraq bağlanıb. Bu gün ordumuz bu regionda sülhün təmin edilməsində əsas elementdir”.
***
Lavrovun müsahibəsində toxunduğu növbəti məqam isə son vaxtlar İrəvanın NATO və onun ayrı-ayrı üzv ölkələri ilə əməkdaşlığını inkişaf etdirməsidir. Rusiya XİN rəhbəri bildirib ki, Ermənistan 2023-cü ildə alyansla bir neçə tədbirdə iştirak edib. Ölkə silahlı qüvvələrini NATO standartlarına uyğun modernləşdirməkdədir, respublikanın hərbçiləri Şimali Atlantika blokunun bir sıra dövlətlərində təlim keçirlər. “Bu, bizi narahat etməyə bilməz. Biz dəfələrlə erməni həmkarlarımızın diqqətinə çatdırmışıq ki, NATO-nun əsl məqsədi regionda öz mövqelərini möhkəmləndirmək və “Parçala, hökm sür!” sxemi ilə manipulyasiyaya şərait yaratmaqdır. Ümid edirəm ki, İrəvan alyansla qarşılıqlı əlaqələrin dərinləşməsinin milli müdafiə və təhlükəsizlik sahəsində suverenliyin itirilməsinə səbəb olduğunu bilir”.
Bəli, Ermənistanın Qərblə yaxınlıq xəttinin, eləcə də bu xəttin vacib seqmentini təşkil edən NATO ilə işbirliyinin Rusiyada qıcıq doğurduğu tam aydındır. Nəzərə alaq ki, hazırda da davam edən Rusiya–Ukrayna müharibəsinin motivini eyni amil təşkil etmişdi. Bu isə o deməkdir ki, NATO-nun Şərqə doğru genişlənməsi, indiki halda İrəvan vasitəsilə Cənubi Qafqaza yol tapması Moskva üçün “qırmızı xətt”dir. Belə bir xəttin mövcudluğu xüsusundakı vacib məqam isə Lavrovun Ermənistanın suverenliyinin itirilməsi məsələsindən söz açmasıdır.
***
Məlum olduğu kimi, ordusunu NATO standartları ilə yenidən qurmaq istiqamətində addımlar atan Ermənistan anti-Azərbaycan ritorikasını əsas götürməklə davam etdirir. İstər-istəməz belə nəticə hasil olur ki, NATO ilə əməkdaşlıq və ordunu gücləndirmək cəhdləri revanşizm naminədir. Nəzərə alaq ki, rəsmi İrəvan bütün platformalarda Azərbaycanın suveren Ermənistan ərazisini işğal etdiyini bildirir. Məntiqlə belə qənaətə gəlmək mümkündür ki, erməni ordusunun qarşısında dayanan bir nömrəli vəzifə məhz işğala son qoymaq olmalıdır.
Hələ Qarabağ amili də nəzərə alınmalıdır. Azərbaycanla sülhdən dəm vuran Ermənistan iqtidarı Qarabağ ermənilərinin geri dönüşü xüsusunda tamam başqa fikirlərdədir və hesab edir ki, bu qayıdış fövqəladə beynəlxalq təminatlar şərtilə gerçəkləşməlidir. Təminatın əldə olunmasının yeganə yolu isə gücdür. Çünki Azərbaycan öz mövqeyində qətidir: Ya Qarabağ erməniləri Azərbaycan vətəndaşları qismində bölgəyə qayıtmalıdırlar, ya da ümumiyyətlə, geri dönməməlidirlər.
Bütün bunların fonunda Ermənistanın ordu quruculuğunu gücləndirməsi, NATO ilə əməkdaşlığı yeni mərhələyə daşıması, üstəlik, xaricdən silah-sursat alması reallığına söykənsək, Azərbaycanla yeni – üçüncü müharibə məsələsi də aktuallaşa bilər. Cənubi Qafqazda belə bir ssenarinin yaşanmasında maraqlı olmayan Rusiya məhz bu səbəbdən narahatdır. Regionun öz əlindən çıxmasının mümkünlüyündən də həmçinin.
Deməli, bir halda ki, Moskvanın Cənubi Qafqazdan uzaqlaşdırılmasının Ermənistan kartı hesabına reallaşdırılması təhlükəsi var, o zaman Kremlin bölgəni qorumaq, öz orbitində saxlamaq naminə həmin kartı sadəcə qurban verməsi perspektivi də qaçılmazdır. Lavrovun Ermənistanın suverenliyinin itirilməsindən söz açması da məhz bununla əlaqədardır.
Ə.CAHANGİROĞLU