- Daxili siyasət
- 09:37 20.09.2024
İngilis siyasi və dövlət xadimi Vinston Çörçillin bütün zamanlar üçün keçərli kəlamı var: “Əbədi düşmən və ya əbədi dost yoxdur, yalnız əbədi maraqlar var!” Bəli, nə qədər xoş olmasa da, bəşər övladı tarixi inkişafının bütün mərhələlərində bu acı gerçəkliyin soyuq üzünü zaman-zaman hiss edib. Əlbəttə, hər bir dövlətin milli maraqlarını qorumaq haqqı var, amma bu prosesdə, necə deyərlər, ehtiyatlı olmağın da faydası böyükdür. Xüsusilə də xalqlararası münasibətlərə zərər vura bilən addımların atılmasından çəkinmək lazımdır. Çünki münasibəti qurmaq uzun illər aparır, əlaqələrə zərbə vurmaq isə günlər belə kifayət edir. Amma, belə görünür, türk düşməni Volterin həmyerliləri olan fransızları bu həqiqət az maraqlandırır.
Bəlkə də təəccüblənəcəksiniz, Avropanın müasir tarixində abidələrin sökülməsi kampaniyasının banisi Fransa sayılır. 1789-cu ildən başlayan uzun müddət ərzində Fransada daim abidələr və heykəllər sökülüb, kralların, zadəganların, kilsə rəhbərlərinin, əməkdaşların və s. heykəlləri dağıdılıb. Fransalı tarixçi Loris Şavanet əmindir ki, “Pandora qutusunu” açan, abidələrin sökülməsi yolu ilə mədəni və tarixi irsin inkar edilməsi, müasir “dekulturasiya” (İnsanların yeni və ya yad mədəni xüsusiyyətləri mənimsəməsi səbəbindən ənənəvi mədəniyyətin itirilməsi– red.) siyasətinin əsasını qoyan məhz Böyük Fransa inqilabı olub. 1793–1794-cü illərdə Sen-Deni abbatlığında kral məzarlarının təhqir edilməsi Fransa inqilabının ən biabırçı epizodlarından biri kimi tarixə düşüb. Həmin hadisələr zamanı inqilabçıların fransız monarxlarının məzar daşlarını dağıtdıqları məlumdur. İnqilabdan sonrakı dövrdə də Fransada Jilber Lafayet, Viktor Hüqo və baş nazir Leon Mişel Qambetta da daxil olmaqla, məşhur insanların heykəlləri tez-tez götürülüb. 1871-ci ildə Paris Kommunası zamanı Fransa krallarının heykəllərinin dağıdılmasını, məzarlarının talan edilməsini və Vendome sütununun yıxılmasını da xatırlatmaq yerinə düşər.
Əlbəttə, dəyərlərin yenidən qiymətləndirilməsi – harada baş verməsindən asılı olmayaraq, həmişə məhz bu dəyərləri simvolizə edən abidələrin sökülməsi və ya təhqir edilməsi ilə müşayiət olunur. Bu mənfi tendensiya özünü Fransada daha qabarıq göstərib. Amma nə yazıq ki, həm dövlətlər arasında, həm də bir ölkə daxilində abidələr arasında mübarizə dövrümüzün əlamətidir. Azərbaycanın İkinci Qarabağ müharibəsində qalib gəlməsini həzm etməyən və regionda möhkəmlənmək cəhdlərinin boşa çıxmasından məyus olan Fransa indi də qəzəbini abidələrə yönəldib. 30 il Azərbaycan ərazilərini işğal altında saxlayan və bu müddətdə tarixi abidələri yer üzündən silən ermənilərə silah verən Paris Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvana ucaldılmış abidəsini qarşı “Səlib yürüşü”nə çıxıb. Belə ki, hələ 2015-ci ildə Azərbaycanın İsmayıllı şəhəri ilə dostluq və əməkdaşlıq xartiyası imzalayan Fransanın Evian-le Ba şəhərinin meriyası bu yaxınlarda mədəniyyətə düşmən mövqeli qərar qəbul edib. Qərara əsasən, “Azərbaycan parkı”nın qeyd olunduğu bütün yazılar yığışdırılıb. İndi fransız mədəni şovinizminin növbəti qurbanı Xurşidbanu Natəvanın abidəsidir. Xatırladaq ki, müəllifləri Salhab Məmmədov və Əli İbadullayev olan abidənin və “Azərbaycan parkı”nın rəsmi açılışı 2017-ci il iyulun 3-də olub.
Azərbaycan müsəlman ölkəsi olsa da, digər dinlərə də hər zaman sayğı və diqqət göstərib. Xüsusilə də Heydər Əliyev Fondunun Avropanın bir sıra ölkələrində, həmçinin Fransada bəşəriyyətin irsi hesab edilən obyektlərin təmirində və bərpasında böyük işlər görüb. Məsələn, Fransanın müxtəlif regionlarında 20-dən çox kilsənin bərpasına yardım edilib. 1320–1340-cı illərdə salınmış, üzərində Müqəddəs Məryəmin və İsa peyğəmbərin həyatı əks olunmuş Strasburq Kafedral kilsəsinin vitraj şüşələrinin, Versal Sarayının parkındakı qədim, ümumbəşər abidələrin – “Amazonka” (1685–1693, müəllif Jak Buirret) və “Qulpları favn başları ilə bəzədilmiş vaza”nın (1687–1705, müəllif Klod Berten), Fransanın Orn Departamentində X–XII əsrlərə aid 7 kilsənin bərpası işlərini həyata keçirib. Notr-Dam kilsəsinin təmiri ilə əlaqədar Heydər Əliyev Fondunun ayırdığı maliyyə vəsaitini də xatırladırıq. 1500 kvadratmetrlik sahəni əhatə edən və Xl əsrə məxsus qədim tarixi abidənin təmiri məqsədilə Heydər Əliyev Fondunun göstərdiyi qayğını o zaman fransızlar da yüksək qiymətləndirmişdilər. İndisə fransızlar tərs istiqamətdə addımlamağa başlayıblar. Ölkələri və xalqları birləşdirən etibarlı körpünü – mədəniyyət obyektlərini hədəfə alıblar.
Dövlətlər arasında münasibətlər bu və ya digər səbəblərdən soyuyur. Heç bir ölkə bundan sığortalanmayıb. Amma istənilən halda dövlətlərarası münasibətlərdəki problemlər mədəniyyət və incəsənət sahələrinə təsir göstərməməlidir. Ermənistandan fərqli olaraq Azərbaycan ərazilərinin işğal altında olduğu müddət ərzində erməni dini və tarixi abidələrinə qarşı hər hansı bir mənfi qərar qəbul etməyib. Bakının mərkəzindəki erməni kilsəsi buna bariz nümunədir. Amma ermənilər işğal etdikləri ərazilərimizdə tarixi-dini abidələrimizə qarşı soyqırımı siyasəti yürüdüblər. İndi Fransa kiçik bacısının yolu ilə getmək istəyir. Onsuz da fransızlar tarixdən heç zaman ibrət götürməyiblər.
S.ELAY