- Daxili siyasət
- 09:37 20.09.2024
Dekabrın 7-də Ermənistan–Azərbaycan münasibətləri tarixində bir ilk yaşandı. Həmin gün Azərbaycan Prezidenti Administrasiyası və Ermənistan baş naziri aparatı birgə açıqlama yaydı. Açıqlamada aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunduğu bildirildi. Azərbaycan humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 32 ermənini, Ermənistan isə öz növbəsində 2 azərbaycanlı hərbçini azad etdi.
Həmin hadisə Bakı ilə İrəvan arasında vasitəçilərin iştirakı olmadan birbaşa əlaqə yaratmağın, müəyyən məsələlərin həllində ortaq məxrəcə gəlməyin bariz nümunəsi oldu. Təbii ki, Ermənistanla Azərbaycan arasında danışıqlarda vasitəçilik prosesini öz inhisarına alan, uzun illər ATƏT-in Minsk qrupu adlanan səmərəsiz qurumda fəaliyyət görüntüsü yaradan bəzi ölkələr bundan narazı qaldılar. Belə ölkələrin önündə gedənlərdən biri, heç şübhəsiz ki, Fransadır.
Rəsmi Paris hər vəchlə Ermənistanla Azərbaycan arasında münasibətlərin pis olaraq qalmasına çalışır. Onlar bunu gizlətməyə çalışırlar. Ancaq çoxlarının görüb-bildiyi nəsnəni gizlətməyə çalışmaq mümkün deyil. Yaxşı deyiblər: cidanı çuvalda gizlətmək olmaz! Üç müxtəlif rejimdə xarici işlər naziri vəzifəsini tutmuş məşhur siyasi intriqa ustası, adı hiyləgərliyin və fürsətgirliyin sinoniminə çevrilmiş Taleyranın nəvə-nəticələri öz xəbis niyyətlərini nə qədər gizlətməyə çalışsalar da, gec-tez hər şey aşkara çıxır.
“Beşinci Respublika” bu gün Ermənistanın Azərbaycanla sülh sazişi imzalamasına mane olmaq yolunda müxtəlif cəhdlər edir. Ermənistanın silahlandırılması bunun ən mühüm göstəricisidir. Sual olunur: Həmin silahlar Ermənistanın nəyinə gərəkdir? Ermənistanın təhlükəsizliyinə hansı ölkədən təhdidlər var? Ermənistanın dörd qonşusundan ikisi (İran və Gürcüstan) ilə münasibətləri yaxşı vəziyyətdədir. Türkiyə və Azərbaycanla münasibətlər normallaşma yolundadır. Azərbaycan Ermənistana qarşı ərazi iddiasının olmadığını ən yüksək səviyyədə bəyan edib. Zənnimizcə, bu məqamda Prezident İlham Əliyevin mayın 3-də Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda səsləndirdiyi fikirlərdən iqtibas gətirmək yerinə düşər: “Buna görə biz onların konstruktivliyinə ümid edirik. Əgər onlar konstruktiv olmasalar, biz diplomatik tədbirlərdən başqa hər hansı digər tədbirlərə əl atmağı planlaşdırmırıq. Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Onlar yenə də təcrid olunacaqlar və onlar bu yeni geosiyasi konfiqurasiyada özlərinə yer tapmalı olacaqlar. Çünki bütün geosiyasi vəziyyət, – söhbət təkcə regiondan deyil, qlobal vəziyyətdən gedir, – dəyişib. Bizim orada öz yerimiz var. Bu yer çox sabitdir və getdikcə daha da möhkəmlənir. Lakin onlar üçün, bu, böyük çağırış olacaqdır...”
Bundan əlavə, Fransa Ermənistanda revanşist əhval-ruhiyyənin artmasına da öz “töhfə”sini verir. Fransa bu addımı ilə həm də Nikol Paşinyan hökumətinə qarşı çıxmış olur. Məsələ ondadır ki, Ermənistanda revanşist kəsimi təmsil edən daha çox “Qarabağ klanı” adlanan siyasi zümrədir. Qarabağda etnik separatizmin alovlanmasında xüsusi rola malik Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan kimi şəxslər həmin siyasi düşərgəyə mənsubdurlar. Onlar isə öz növbəsində Paşinyana müxalifətdədirlər. Beləliklə, Fransa iqtidarı Ermənistandakı revanşistləri dəstəkləməklə, əslində, Paşinyanın əleyhinə fəaliyyət göstərir.
Fransanın atdığı bu addımlar Ermənistanın və erməni xalqının da maraqlarına ziddir. Bunu təkcə biz demirik. Normal düşüncə tərzinə, prosesləri obyektiv qiymətləndirmək imkanına malik istənilən şəxs bu fikirdədir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da dünən bildirib ki, Qərb Ermənistan əhalisinin taleyinə biganədir. Xanım Zaxarova ilin yekunlarına dair brifinqdə çıxış edərkən deyib: “Ötən il bir çox ölkələr və xalqlar üçün çətin oldu. Ermənistan üçün də asan olmadı. Biz İrəvanı təhlükəli geosiyasi oyunlara cəlb etmək üçün müxtəlif cəhdlər edildiyini görürük. Biz görürük ki, Qərb erməni əhalisinin və Ermənistan xalqının taleyinə tamamilə biganədir. Onlar erməni xalqının emosiyalarından, tarixi yaddaşından, ağrılarından, iztirablarından yalnız öz mənfəətləri üçün istifadə edirlər. Münasibətlərin müttəfiqliyini nəzərə alaraq, biz Ermənistanın sülh, sabitlik və rifahına hər cür töhfə verməyə hazırıq. Bu, həqiqətən də, bizim üçün son dərəcə vacibdir”.
Sözsüz ki, Fransa da M.Zaxarovanın nəzərdə tutduğu “Qərb” anlayışına daxildir. Ancaq Fransa bu prosesdə tək deyil. Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinə mane olmaq istəyən ABŞ da diqqətdən kənarda qala bilməz. Fransa ilə ABŞ, sanki tandemə çevrilib. Onun qayəsində orta əsrlər dövrünə xas səlibçiliyin elementləri var. Ancaq bu fəaliyyətin də heç bir səmərəsi və nəticəsi olmadı. Azərbaycanın prinsipial mövqeyi nəticəsində ABŞ geri çəkilmək məcburiyyətində qaldı. Dövlət Departamentinin nümayəndəsi özü, necə deyərlər, Azərbaycanın ayağına gəlməyə məcbur oldu.
Yeri gəlmişkən, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da bugünlərdə bildirib ki, Moskva Bakı və İrəvana sülh müqaviləsi üzərində işi başa çatdırmaqda kömək göstərməyə hazırdır. “İzvestiya” telekanalına müsahibə verən Peskov deyib: “Hər iki tərəf dəfələrlə işi başa çatdırmağa, sülh müqaviləsi üzrə işi yekunlaşdırmağa hazır oldğunu bəyan edib. Rusiya onlara kömək etməyə, bunu alqışlamağa hazırdır”. Eyni zamanda, mətbuat katibi vurğulayıb ki, Rusiya öz vasitəçiliyində israrlı deyil, lakin sülh müqaviləsi üzərində işi başa çatdırmağın zəruriliyini anlayır: “Bizim üçün çox vacibdir ki, iki tərəfdaşımız, müttəfiqimiz təkcə MDB çərçivəsində deyil, həm də inkişaf etmiş ikitərəfli münasibətlərimiz çərçivəsində bu sazişi ən qısa zamanda bağlasınlar”. Peskov əlavə edib ki, bu, sağlam atmosferi təmin edəcək. Belə ki, Moskva üçün Cənubi Qafqazda sülh, sabitlik vacibdir.
D.Peskov qeyd edib k, Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalaması üçün siyasi iradə olduğunu görür: “Əsas odur ki, biz hər iki tərəfdə – həm Bakıda, həm də İrəvanda siyasi iradənin olduğunu görürük. Təbii ki, biz bunu dəstəkləyirik. İnanırıq ki, belə bir sazişin imzalanması həm iki ölkə, həm də bütün regionda sabitlik üçün faydalı olacaq”.
Maraqlıdır ki, bütün bunlar Ermənistan baş nazirinin sülh yolunda çalışmaları, “Sülhün kəsişməsi” kimi layihə ilə çıxış etməsi fonunda baş verir. Elə dünən Ermənistan parlamentinin sədri Alen Simonyan İrəvanla Bakı arasında sülhün heç vaxt bu qədər yaxın olmadığını bildirib. Bu barədə Ermənistanın media subyektləri məlumat yayıb. A.Simonyan qeyd edib ki, gələn ili sülhə nail olmaq baxımından ümidverici il hesab etmək olar.
Fransanın bu fonda Ermənistanı silahlandırması, İrəvana hərbi-siyasi dəstək göstərilməsi, müxtəlif fransız rəsmilərin qızışdırıcı açıqlamalar verməsi Cənubi Qafqazda sülhü pozan əsas amillərdir. Paris artıq, necə deyərlər, açıq kartlarla oynayır və əlində olan bütün imkanlardan Azərbaycana qarşı istifadə edir. Elə MDB dövlət başçılarının dekabrın 26-da Sankt-Peterburqda keçirilən qeyri-rəsmi görüşündə də iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün tarixi şəraitin yarandığının şahidi olduq. Lakin Fransa dövləti hazırda sülhə qarşı əsas maneə kimi görünməkdədir. Bütün bunlara baxmayaraq, Fransanın çabalamaları heç bir nəticə verməyəcək. Ermənistanın Azərbaycanla danışıqlara getməkdən başqa çıxış yolu yoxdur.
Fərid ŞƏFİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri
– Fransa Azərbaycana qarşı qərəzli siyasət aparır. Bunun bir sıra səbəbləri var. İlk növbədə, erməni diasporu faktoru mövcuddur. İkincisi, Fransa Cənubi Qafqazda özü üçün yeni geosiyasi rol axtarır. Xüsusilə, Malidə, Afrikanın digər yerlərində və başqa müstəmləkə ərazilərdə Fransanın siyasəti uğursuz olub. İndi özü üçün yeni məkan axtarır.
Digər səbəb Türkiyədir. Fransa hər zaman Türkiyə əleyhinə siyasət aparıb. Paris, belə deyək, Qərb cinahında Yunanıstanı, Şərq cinahında Ermənistanı dəstəkləyir. Fransa Azərbaycanı Türkiyənin müttəfiqi kimi görərək, ölkəmizə qarşı da eyni münasibət bəsləyir. Bir sıra digər məqamlar da var. Burada prezident Emmanuel Makronun və xarici işlər naziri Ketrin Kolonnanın müəyyən şəxsi qərəzi də öz rolunu oynayır.
Fransa BMT Təhlükəsizlik Şurasında 3 dəfə Azərbaycan əleyhinə qətnamənin qəbul olunmasına çalışıb. Bunların hamısı uğursuz olub. Ancaq bu səyləri davam etdirir. Məndə olan məlumata görə, Fransa nümayəndələri noyabr ayında TŞ-nin sədri olan Birləşmiş Ərəb Əmirlikləri təmsilçisinə müraciət edərək yenidən bu məsələni qaldırıblar. Yəni, Azərbaycan əleyhinə sənədin qəbuluna çalışıblar. Bu da uğursuz olub.
Fransa səfirliyinin iki əməkdaşının arzuolunmaz şəxs elan edilməsi səhv etmirəmsə, Azərbaycanın tarixində ilk haldır. Yəqin ki, həmin şəxslərin əməlləri barədə ictimaiyyətə daha ətraflı məlumat veriləcək. Bundan əvvəl də Fransa səfirliyinin müəyyən şəxslərə nağd pul verməsinə görə səfirliyin rəhbərliyi Xarci İşlər Nazirliyinə dəvət olunmuş və onlara etiraz bildirilmişdi.
Səxavət HƏMİD