- Daxili siyasət
- 09:37 20.09.2024
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın şimal paytaxtı sayılan, həm də dövlət başçısı Vladimir Putinin doğma şəhəri hesab olunan Sankt-Peterburqda təntənəli şəkildə qarşılanıb. Vladimir Putinlə İlham Əliyevin bir-birini dostcasına, səmimi salamlamaları diqqət çəkib. Ölkələrarası əlaqələrdə dövlət başçılarının qarşılıqlı etimada və şəxsi hörmətə söykənən münasibətlərinin böyük əhəmiyyət daşıdığı danılmaz amildir.
Bu düsturu siyasi cəhətdən möhkəmləndirən ən vacib məqam isə Azərbaycanın Cənubi Qafqazda Rusiyanın əsas tərəfdaşı olmasıdır. Həmin tərəfdaşlığın ən yüksək səviyyədə inkişafına zəmin yaradan 2022-ci ilin fevralında imzalanmış Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədir. Dövlət başçıları ikitərəfli görüşləri zamanı ölkələrimiz arasında əlaqələrin bütün sahələr üzrə yüksələn xətlə inkişaf etdiyini dəfələrlə dilə gətiriblər.
Xatırladaq ki, dekabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Sankt-Peterbur şəhərində işgüzar səfərdə olub. Artıq ənənə halını almış MDB üzvü olan ölkələrin liderlərinin Sankt-Peterburq Sammiti bu dəfə şəhərin saray və park kompleksləri ilə tanışlıqdan başlanıb. MDB dövlət başçılarının qeyri-rəsmi sammiti danışıqlar masası arxasında deyil, “Böyük Peterhof Sarayı”nda keçirilib. Sammit şimal paytaxtının Strelnadakı Konstantinovski sarayında müzakirələrlə başa çatıb.
Qeyri-formal görüşün gedişində diqqəti çəkən məqamlardan biri də Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla qeyri-formal şəkildə ayaqüstü görüşü və söhbəti olub. Aydın məsələdir ki, bu blits-görüşün mövzusu Azərbaycan və Ermənistan arasında sülh gündəliyi olub. Yeri gəlmişkən, Sankt-Peterburq görüşü barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov kifayət qədər nikbin tonda şərh verib. “Bakı və İrəvan sülh müqaviləsini yekunlaşdırmağa hazırdır”, – deyən Kremlin mətbuat katibi hesab edir ki, Ermənistan və Azərbaycan artıq müharibə edən tərəflər deyil: “Onlar vahid sənəd əldə etməyə, sülh danışıqlarını yekunlaşdırmağa, sülh müqaviləsinə nail olmağa tam hazır olduqlarını bildirirlər. Burada heç bir risk yoxdur”.
Sankt-Peterburq Sammiti ilə bağlı rusiyalı siyasi şərhçi Aleksandr Razuvayev maraqlı açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, Putin öz milli maraqlarını qoruyan güclü suveren dövlətlərlə işləməyin çox rahat olduğunu, onlarla razılığa gəlməyin mümkünlüyünü dəfələrlə qeyd edib: “Postsovet məkanında bu ölkə Azərbaycandır. MDB məkanında qeyri-suveren oyunçuya misal olaraq isə Ermənistanı göstərmək olar. Onun Qərblə yaxınlaşma istiqamətində indi atdığı addımlar təkcə özünə deyil, eyni zamanda, MDB “orqanizmində” mövcud sabitliyə mənfi təsir göstərəcək. Bu mənada Ermənistan birlikdə sabitliyin pozulmasının aparıcı qüvvəsidir. Bölgədə kənar oyunçuların maraqlarını təşviq edən belə bir tərəfdaşla işləmək olduqca çətindir. Azərbaycanı MDB dövlətləri arasında vasitəçi də adlandırmaq olar. Axı Bakı MDB-nin daxili strukturunda regional çoxluğu təşkil edən Mərkəzi Asiya ölkələri ilə əlaqələri gücləndirir. Rusiya–Azərbaycan münasibətləri isə həmin strukturu daha da gücləndirən alətdir”.
Rusiya liderinin “dəyirmi masa” görüşündə Ermənistan baş nazirinə yumurta ilə bağlı ironiyasına toxunan A.Razuvayev, əslində, iqtisadi baxımdan yumurta hekayəsinin də bir göstərici olduğunu vurğulayıb. O, Rusiyada müəyyən sahələrdə boşluq ortaya çıxan kimi, həmin kəsiri Azərbaycan və Türkiyənin uğurla bağlamağa başladığını bildirib.
***
Beləliklə, MDB dövlət və hökumət başçılarının Sankt–Peterburqdakı qeyri-formal Sammitindən müəyyən nəticələr çıxarmaq, ehtimallar irəli sürmək mümkündür. Ermənistanın bu geosiyasi məkanda yerinə və mövqeyinə diqqət yetirsək görərik ki, ondan ötrü Cənubda anti-Qərb İran, şimalda NATO və Aİ ilə münaqişədə olan Rusiya, şərqdə isə Aİ-yə daxil olmağa heç də can atmayan Azərbaycan var. Nikol Paşinyan diplomatiyada nə qədər axsasa da, coğrafiyanı və iqtisadiyyatı yaxşı bildiyini bir neçə dəfə göstərib. O, anlayır ki, Ermənistan regiondan kənarda mövcud ola bilməz. Bu ölkənin enerji təminatı, ümumiyyətlə, bütün iqtisadiyyatı Moskvanın himayəsi və nəzarəti altındadır. Onun təhlükəsizliyinə də Rusiyanın Gümrüdəki hərbi bazası zəmanət verir. Bu şərtlər daxilində Rusiyadan tamamilə ayrılma Ermənistanı hərbi-siyasi, eləcə də maliyyə fəlakətinə sürükləyə bilər. Hətta, “dərs olaraq” müəyyən ərazilərini itirər. Güman edirik ki, Paşinyan məhz buna görə Aİİ-nin toplantısına və MDB liderlərinin qeyri-formal sammitinə qatıldı. Onun Sankt-Peterburqa səfərinin köhnə səhvlərini qismən düzəltməyə hesablandığını tezliklə görəcəyik. İndilikdə bir faktı söyləmək olar ki, Paşinyan Rusiyaya səfər etməklə hazırkı geosiyasi reallığı qəbul etdiyini ortaya qoymuş oldu. İntəhası, onun fürsət düşən kimi qərbli tərəfdaşlarının yanına “qaçacağı”, yenə eyni vaxtda “iki stulda əyləşməyə” çalışacağı şübhəsizdir. Amma o zaman Qərbin özünün buna hazır olub-olmayacağı böyük sual altındadır.
Tofiq ABBASOV,
siyasi şərhçi
Qeyri-formal xarakter daşısa da, Sankt-Peterburq sammiti vacib görüşdür. Bu xarakterli görüşlərdə dövlət başçılarının hətta ayaqüstü görüşlərində müəyyən nəticələr də ortaya çıxa bilər. Burada görüşün mənəvi-siyasi yükü həm də ondadır ki, belə təmaslar münasibətlərin nizamlanmasına da təsirsiz ötüşmür. Düzdür, hər iki tərəfdən rəsmi dairələr və ekspertlər 2023-cü ilin sonuna kimi sülh sazişinin mütləq imzalanacağı barədə nikbin açıqlamalar və proqnozlar verilirdi. Amma hələ ki, bunun real işartıları görünmür.
Əsas problem İrəvanın konkret qərara gələ bilməməsindədir. Ermənistan rəhbərliyinin sülh müqaviləsinin mətni ilə bağlı müxtəlif bəhanələr gətirməsi bu prosesin gedişində, guya, manevr etdiyini göstərir. Baxaq görək, rəsmi İrəvanın manevr imkanları nə boydadır və hansı səviyyədə ümidvericidir? Ermənistan olduqca məhdud və yöndəmsiz bir məkandlr. Yəni, o balaca perimetrdə hansı addımı atsan da, heç vaxt strateji üstünlük qazana bilməyəcəksən. Taktiki hərəkətlərinin yalnız ani faydası ola bilər. Amma onun Azərbaycan qarşısında etdiyi mansevrlərdən böyük qazanc əldə etmək ehtimalı səfəra bərabərdir.
İrəvan, nəhayət, anlamalıdır ki, Fransa, Avropa İtifaqı, ABŞ, sadəcə olaraq, onu aldadırlar. Bəli, Paşinyan bunu yaxşı başa düşdüyü üçün Rusiyanın əhatəsindən çıxa bilməyəcəyini də anlayır. İqtisadiyyatının doxsan beş faizi Rusiyadan asılı olan ölkə hansı yolla bu təsirdən qurtula bilər? Ermənistan hakimiyyəti həm də Fransanın Cənubi Qafqazda, konkret olaraq, Azərbaycanda üzləşdiyi uğursuzludan nəticə çıxarmalıdır. Çox güman ki, Sankt-Peterburqdakı görüşdə Prezident İlham Əliyev bu motivləri Nikol Paşinyanın diqqətinə bir daha çatdırıb.
İlin sonudur və İrəvanın “sülh komediyası” da başa çatır. O, artıq yeni bir dönəmə hazırlaşmalı və Azərbaycanla sülhə gəlməyin, ilk növbədə, özünə xeyir gətirəcəyini tam anlamalıdır. Bunun alternativi yoxdur.
İ.HƏSƏNQALA