- Daxili siyasət
- 09:37 20.09.2024
Birinci Dünya müharibəsindən sonra Amerikada yaşayan Çarli Baxçinyan adlı erməni həmin vaxt hələ dövlət kimi mövcud olmayan Ermənistana gəlir. Burada onu saxta ittihamla həbsə atırlar. Adam həbsxana kamerasından yaxınlıqdakı binanın pəncərəsini görür. Oradan hər gün köklü kimi qələmə verilən erməni ailəsinin, daha doğrusu, cütlüyünün həyatını müşahidə edir və anlayır ki, “Ermənistan”a gəlməsi və hətta həbsxanaya düşməsi hədər deyilmiş. Deməli, bildiyimiz mənəvi amillər ön plandadır. O amillər ki, erməni cəmiyyəti üçün o qədər də aktual deyil, heç olmayıb da. Ermənilərin bir çox sahələrdəki kimi, mövcud xüsusda da öyündükləri nə varsa, böyük hesabla oğurluqdur.
Bəli, ortada belə bir, ilk baxışdan, sadə sujet xətti var. Ancaq görünür, filmoqrafiya baxımından hər şey yerindədir. Yerindədir ki, "Amerikalı" adlı erməni filmi tarixdə ilk dəfə "Oskar"ın “short-list”inə düşməyi bacarır. O film ki, ən başlıcası, “ermənilərin tarix boyu uğradıqları haqsızlıqları” anladır. Məzlum erməni obrazını vurğulayır. Bu qövmün məzlumluq altında gizlənməklə, hansı vandallıqlar törətdiyini isə hər birimiz yaxşı bilirik. Deməli, “Amerikalı” erməni avantürizminin gələcək davamı baxımından mənəvi sipər rolunu oynamaqdadır. Məsələyə həssas yanaşmağımın səbəbi də elə budur.
Bəlkə, çoxunuz xatırlamaz, amma yaxşı yadımdadır ki, İkinci Qarabağ müharibəsində Hüseyn Məmmədov adlı bir “amerikalı” gəncimiz döyüşmüşdü. O, beş il idi ki, Nyu-Yorkda valideynləri ilə birgə yaşayırdı. Vətən müharibəsi başlayanda Azərbaycana gəlmiş, vuruşaraq, düz Şuşaya qədər gedib çıxmışdı. Çox güman, indi yenə ABŞ-da həyatına davam edir. O zaman düşünmüşdüm ki, Hüseyn Vətən müharibəsi ilə bağlı çəkilməli olan bədii filmlərdən biri üçün hazır mövzudur. Nyu-Yorkdakı həyatından tutmuş Şuşayadək getməsi və yenidən Amerikaya qayıtması...
Bir də onu deyim ki, Vətən müharibəsində qəhrəmanlıq göstərmiş bir çox oğullarımızın həyatı, əslində, kino sənətimiz üçün gözəl mövzular verib. Hüseyni isə bu baxımdan fərqləndirən Amerikada yaşamasıdır. Yəni, onun haqqında çəkiləcək ciddi bir film həm də Qarabağ həqiqətləri ilə bağlı ABŞ ictimaiyyətinə müstəsna mesaj olardı. Ermənilərin ərsəyə gətirdikləri “Amerikalı” kimi. Deməli, “Amerikalı” bizi qabaqladı. Amma bizi qabaqlayan təkcə bu filmdirmi?
Bədii film böyük silahdır. Həqiqətləri anlatmaq, bəzən həqiqətlərlə manipulyasiya baxımından çox böyük silah. Yüz, min yazının və ya digər təbliğatın deyə bilmədiyini kino olduqca məharətli tərzdə çatdırmaq qabiliyyətindədir. Amma söhbət yaxşısından gedir. “Amerikalı”nın Ermənistandakı səs-küylü təqdim olunma tərzini görəndə ağlımdan, istər-istəməz, bunu keçirdim ki, biz dünya miqyasına çıxarılacaq, sırf bizə məxsusları anlatmaq baxımından ciddi ekran əsəri yarada bilməmişik. Əlbəttə, təəssüf etdim. Ancaq təəssüflə iş aşmaz.
Hazırkı, belə demək mümkünsə, axsaqlığımıza görə kimisə, yaxud kimlərisə, habelə hansısa aidiyyəti qurumları günahlandırmaq, ittiham etmək məntiqindən uzağam. İttihamla işin başa gəlməyəcəyini anlayıram. Sadəcə düşünək. İlk növbədə, onu düşünək ki, Qarabağ Azərbaycan xalqı üçün milli identikliyin rəmzidir. İki Qarabağ müharibəmiz olub. Birinci ilə bağlı filmlər çəkmişik. Amma geniş yanaşaraq etiraf edək ki, həmin filmlər hər nə qədər bizə xoş gəlsə də, dünyaya Qarabağ həqiqətlərini çatdıracaq səviyyədən uzaqdır. Baxmayaraq ki, onlar hansısa festivallarda mükafatlara layiq görülüblər.
Gələk, bilavasitə İkinci Qarabağ müharibəsinə. Bu gün də dünyada elə qütblər var ki, beynəlxalq hüququ asanlıqla çeynəyib Azərbaycanın haqq davasına işğalçılıq donu geydirməyə çalışırlar. 44 günlük savaşın başlandığı ilk günləri xatırlamaq kifayətdir ki, bu meyilin nə qədər ciddi olduğunu hiss edəsən. Əlbəttə, bütün bunların xeyri olmadı və görünür, heç olmayacaq da. Zəfər çalmışıq, müzəffər olmuşuq. İndi qarşımızda duran məsələ Zəfərimizi dünyaya “yedizdirməkdir”. Bunu bacarırıqmı, təəssüf ki, optimist ola bilməyəcəm. Birinci Qarabağ müharibəsi kimi, İkinci Qarabağ müharibəsi ilə də bağlı düz əməlli filmimiz yoxdur. Deyilənə görə, hazırda “Fəryad-2”nin çəkilişləri gedir. Ümid edək ki, ortaya fövqəladə bir şey qoyulacaq. Hərçənd, buna şəxsən mənim o qədər də inamım yoxdur. Ekran əsərinin bir dünya çapındakı film olacağı ilə bağlı nikbinlikdən uzağam.
***
Bəs, nə edilməlidir? Kino, incəsənət sahəsinin adamı olmadığımdan, açığı, ümumi işə fayda baxımından mütəxəssis fikri bildirə bilməyəcəm. Amma qəti əminəm ki, yanaşmamız dəyişməlidir və qəti əminəm: Qarabağ həqiqətlərini anlatmağımız baxımından heç olmasa, bir tutarlı filmə ehtiyacımız var. Elə bir filmə ki, dünya onun hər epizodunda ruhumuzu duysun, haqqımızı versin.
Bəli, yaxşı film, kino ciddi pul deməkdir. Azərbaycan dövləti film çəkilişlərinə də maliyyə ayırmaqdadır. Bu vəsaitin hesabına ərsəyə gəlmiş ekran işlərinin keyfiyyətindən söz açmaq istəyindən uzağam. Eləcə də, həmin ekran işlərində rol alan aktyor və aktrisaların səviyyəsinə qiymət verməkdən. Ümumi şəkildə deyim ki, vəziyyət qənaətbəxş deyil. Kino industriyamız hər cəhətdən geri qalır. Ancaq hesab edirəm ki, bu geriliyə görə dünyaya bizə münasibətdəki haqq və ədalət çağırışımızın müstəsna əhəmiyyət daşıyan kino seqmentini təxirə salmamalıyıq. Bu işdə gecikməməliyik. Axı pulumuz var.
Müqayisə bəlkə də yerinə düşmür, ancaq deyim ki, futbolda da geriyik. Bu geriliyin müqabilində dünyaya təqdim edə biləcəyimiz “Qarabağ” futbol klubu var və Azərbaycanın və ümumən Qafqazın tarixində ilk dəfə olaraq Avropa liqasının növbəti raundunda yarışacaq. Bəli, “Qarabağ”ın aparıcı futbolçuları legionerlərdir. Yəni, pulun hesabına yaxşıları seçib bu gün üçün ortaya nə isə qoya bilmişik. Nəzərə alaq ki, “Qarabağ”ın dünyanın yaşıl meydanlarındakı çıxışı Qarabağ təbliğatımız baxımından xaricdə düzənlənən yüz, min konfransdan üstündür. Kinoya da eyni baxışın ortaya qoyulması mütləqdir.
Bir haşiyə də çıxım ki, məşhur rusiyalı jurnalist Kseniya Sobçakın Bakıya səfər təəssüratları ilə bağlı geniş məqaləsini oxumuşdum. Xanım Sobçak patyaxtımızda gördüklərindən, sözün əsl mənasında, sarsıldığını yazmışdı. Xüsusən də Heydər Əliyev Mərkəzinə valehliyini tərənnüm edən jurnalist Bakı ilə Moskva arasında müqayisə aparmış və bildirmişdi ki, rusların həmişə yuxarıdan aşağı baxdığı azərbaycanlılar zövq məsələsində üstünlüyə yiyələniblər və daha yaxşının nə olduğunu anlayırlar, eyni zamanda yaxşı olan hər şeyi yaradanın kim olduğunu bilirlər. Əlqərəz, Sobçak Heydər Əliyev Mərkəzinin tikintisindəki memarlıq üslubuna diqqət çəkmiş və dünya şöhrətli memar Zaha Hadidin əməyindən istifadə etməyimizi məharətimiz, zövq göstəricimiz kimi dəyərləndirmişdi.
Deməli, “Qarabağ” futbol klubu və Heydər Əliyev Mərkəzinin binasının timsalında legionerlərin bizim üçün yaratdıqları və bizi tərənnüm edən ruh örnəklərini görürük. Elə örnəklər ki, hər birində həlledici amil rolunda çıxış edən maliyyədir, daha dəqiq desəm, puldur. O zaman eyni yanaşmanı nə üçün kinoya tətbiq etməyək? Əlbəttə, qardaş Türkiyə ilə birgə çəkilən filmlərimiz var. Ancaq yəqin razılaşarsınız ki, onlar da dünya çapında hesab edilə biləcək ekran əsərləri deyillər. Məsələn, yaxşı olmazdımı ki, dünyanın aparıcı kino ulduzları, rejissorları, ssenaristləri Azərbaycan həqiqətlərini anladan, Qarabağ davamıza işıq salan filmlərin çəkilişlərinə cəlb olunsunlar?
Hər halda, mümkündür. Hesab edirəm ki, buna indiki dövrdə ehtiyac daha çoxdur. Axı, xarici peşəkarlarla birgə iş milli kino industriyamız üçün də böyük təcrübədir. Heç şübhəsiz, yerli aktyorlarımız xaricilərlə birgə işləyərək, yeni vərdişlər əldə edəcəklər. Yeri gəlmişkən, onların içərisində də istedadlılarının, yüksək potensiala malik olanların mövcudluğunu deməliyəm. Yəni, piyada deyilik. Amma atlıya çevrilməyimiz şərtdir.
Bəhs etdiyim mövzuda bir sıra digər məqamları da vurğulaya, müqayisələr apara bilərəm. Amma zənnimcə, ümumi mənzərə aydın olduğundan, digər mətləbləri vurğulamağa ehtiyac yoxdur. Guman edirəm: fikirlərim səmimi qarşılanacaq və qeyd etdiyim məsələ ətrafında ciddi düşünənlər, nəhayət ki, tapılacaq.
Əvəz RÜSTƏMOV