- Daxili siyasət
- 09:37 20.09.2024
Dünyanın Azərbaycan–Ermənistan münasibətlərinin sülh sazişi ilə qaydasına qoyulacağını gözlədiyi hazırkı məqamda Ermənistan rəsmilərinin, eləcə də siyasi dairələrinin gündəmə gətirdikləri fikirlər bu gözləntinin özünü doğrultmayacağını söyləməyə əsas verməkdədir. Yenə də İrəvanın manipulyativ yol tutduğunu görürük. Bəs, belə mövqe, ümumən, Azərbaycanla barış mühitinin olmaması hansı fəsadlar doğura bilər?
Əslində, məsələ barədə Ermənistan cəmiyyətində indiyədək də müxtəlif fikir və mülahizələr səslənib. Məsələyə münasibət bildirənlər daha çox ölkənin, tərkibi seyrək də olsa, mütərəqqi kəsiminin təmsilçiləridirlər. Hesab edirik ki, onların içərisində daha çox üç şəxs fərqlənməkdədir - Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan, onun müşaviri işləmiş, hazırda isə ABŞ-da pedaqoji fəaliyyətlə məşğul olan Jerayr Liparidyan və bir nəfər də var ki, kimliyini yazımızın sonuncu bölümündə biləcəksiniz.
Qeyd edək ki, hər üç şəxs xüsusən də 2020-ci ildən sonra Azərbaycanla loru dildə desək, dil tapmağın yollarını düşünmək barədə erməni cəmiyyətinə, mesajlar vermələri ilə yadda qalıb. Bu yazıda onların reallıqlara soyuq baxışını ifadə edən fikirlərini diqqətə çatdıracağıq. Hesab edirik ki, bu adamların bildirdikləri günümüz üçün də aktualdır.
***
Beləliklə başlayaq, Ermənistanın birinci dövlət başçısının dediklərindən. O, hələ 2021-ci ilin iyununda vurğulamışdı ki, Qarabağ probleminin həlli Ermənistandan asılı deyil. “Barışdan başqa yol yoxdur. Gözləməyin ki, hansısa erməni problemi həllini desin. Mümkün deyil”, - deyən L.Ter-Petrosyanın fikrincə, qonşularla daimi nifrət mühiti Ermənistanın özünün mövcudluğunun şübhə altına ala bilər.
Yeri gəlmişkən, L.Ter-Petrosyan 2021-ci ildə erməni cəmiyyətindəki revanşist meyillərə münasibət bildirərkən, eyni zamanda, vurğulamışdı ki, Azərbaycan tərəfindən azad edilmiş torpaqların geri qaytarılması absurddur: “Bu məsələdə müttəfiqimiz yoxdur və heç vaxt da olmayıb. İndi hər bir şey mürəkkəbdir, amma o zaman işləmək mümkün idi. Hazırda belə bir imkan yoxdur. Biz bu imkanı itirmişik. Bizim heç nəyimiz yoxdur. Ermənistanın həlledici səsi yoxdur”.
L.Ter-Petrosyan Ermənistanın ikinci prezidenti Robert Koçaryanın Şuşa və Hadrutu geri qaytarmaqla bağlı vaxtilə səsləndirdiyi fikirləri təhlükəli adlandırmışdı. Nəzərə alaq ki, erməni cəmiyyətində bu gün də Koçaryan kimi düşünənlər var. “Bu problemlərə gətirə bilər. Hazırda orada Azərbaycan hərbçiləri var. Bunu yalnız müharibə ilə etmək olar. Deməli, Koçaryan yeni mühribə vəd edir. Azərbaycanı kim məcbur edəcək ki, getsin? Bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi sayır. Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, heç kəs onu qınamadı. Dünyanın qanunu belədir. Bizi məcbur edirlər ki, Dağlıq Qarabağın Azərbaycanın olması ilə razılaşaq. Bizdən artıq heç nə asılı deyil, hər şey bitib”, - deyən L.Ter-Petrosyan tarixə ekskurs edərək onu da bildirmişdi ki, Qarabağ probleminin həlli üçün yaxşı vaxt 1994-cü il idi. Çünki o zaman Azərbaycan çox pis vəziyyətdə qalmışdı.
***
Ermənistanın birinci prezidentinin 2022-ci ilin mayında səsləndirdiyi fikirlər daha soyuq mahiyyətlidir. O, ölkəsindəki “ilur.am” saytında daxili siyasi hadisələrə toxunan məqalə yayımlamışdı. Məqalə üç hissədən ibarət idi.
L.Ter-Petrosyan məqaləsinin birinci hissəsində bildirmişdi ki, güzəştə getməmək və status-kvonu saxlamaq siyasətinin milli fəlakətə səbəb olduğunu sübuta yetirməyə ehtiyac yoxdur. “Bir çoxları özlərinə haqq qazandırmaq üçün deyirlər ki, güzəşt yolu seçilsə də, fəlakət yaşanacaq. Bu, tamamilə əsassız, pafoslu, özünü doğrultmaq cəhdindən başqa bir şey deyil. Tarix artıq görülənləri qeyd edir. Ona görə də Qarabağ münaqişəsinin kompromis həllinin əleyhdarları (dövlət xadimləri, partiya rəhbərləri, ziyalıların nümayəndələri) nə qədər öz antimilli əməllərinə haqq qazandırmağa çalışsalar da, gec-tez tarixin məhkəməsi ilə üz-üzə qalacaqlar ki, bunu heç kim ağlına da gətirmir. Məhz belə bir taleyin reallaşmaması onları hələ də öz fəlakətli davranışlarına hər cür bəraət qazandırmağa vadar edir. Bu da təəssüf ki, Ermənistanda və Qarabağda mövcud böhranı daha da dərinləşdirir”, - deyən Ermənistanın birinci prezidentinin tarixin məhkəməsi ritorikası Qarabağdakı separatçı rejimin rəhbərlərinin hazırkı acınacaqlı durumu ilə tam şəkildə səsləşməkdədir. Separatçılar Bakı təcridxanasındadırlar...
O zaman L.Ter-Petrosyanın üzərində dayandığı bir vacib məqam da var idi. Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın yerində kim olsaydı, ölkənin üzərinə qoyulacaq yük dəyişməyəcəkdi: “Müvafiq olaraq, problem Ermənistan liderinin şəxsiyyətindən asılı deyil. Bu sadə həqiqət dərk olunmasa və ölkəmizin daxili siyasi təlatümləri davam etsə, o zaman Paşinyan və ya başqasının yekun sənədə imza atmasından asılı olmayaraq, bizim üzərimizə qoyulan şərtlər qat-qat ağrılı olacaq. Sual yaranır: indiki müxalifət liderlərinin bundan xəbəri varmı? Bunu dərk etmirlərsə, deməli, siyasətdən heç nə başa düşmürlər. Və əgər fərqindədirlərsə, amma daxili siyasi təlatümləri davam etdirirlərsə, deməli, milli maraqlarla heç bir əlaqəsi olmayan tamam başqa məqsədlər güdürlər”.
***
İndi isə L.Ter-Petrosyanın müşaviri kimi çalışmış Jirayr Liparidyanın 2021-ci ilə aid “Nə baş verdi və nə üçün? Altı tezis” məqaləsinə diqqət yetirək. O Liparidyan ki, Qarabağ münaqişəsinin tarixi, danışıqlar prosesi ilə bağlı müfəssəl məlumatlıdır. Birləşmiş Ştatların Miçiqan Universitetinin müəllimi olan keçmiş müşavir vurğunu erməni mental dəyərləri üzərinə gətirmiş və bildirmişdi ki, qisasçılıq ruhu, real vəziyyəti görə və qiymətləndirə bilməmək, qonşularla münasibətləri düzgün qurmamaq, erməni mifi Qarabağ müharibəsindəki məğlubiyyətin başlıca səbəbi idi.
Əlbəttə, erməni cəmiyyətinin ötən üç ildə Miçiqan Universitetinin professorunun söylədiklərindən düzgün nəticə çıxardığını söyləməyə dəyməz. Çünki, mahiyyətcə, nəticə yoxdur. Liparidyan isə erməni diasporunu təmsil edən yazıçı Vaan Zanoyanın “The Armenian Mirror-Spectator” nəşrində yayımladığı və Ter-Petrosyan dövrünü tənqid edən məqaləsinə cavabında bunları vurğulayırdı: "Müəllif və həmfikirləri Ter-Petrosyanı, onun administrasiyasını Ermənistanın 1994-cü ildə müharibədə qalib gəldiyi halda, Qarabağ məsələsini həll edə bilməməkdə günahlandırırlar. İş ondadır ki, Ter-Petrosyan məhz bunu etmək istəyirdi. İstəyirdi ki, əldə edilmiş nəticəni möhkəmləndirsin. Ancaq arqumentlərin təsiri ilə geri çəkilməyə məcbur oldu. O mövzuların qarşısından geri çəkildi ki, Zanoyan ittihamını onların mövcudluğunu əsas götürərək qurur. Əgər Ter-Petrosyanın qərarı düzgün deyildisə və buna görə istefaya getdisə, o zaman nəyə görə onun xələfləri 1998-ci ildə Ermənistan Azərbaycanla eyni gücdə olanda düz addım ata bilmədilər? Onların 22 il vaxtları oldu ki, səhvi (Ter-Petrosyanın Zanoyanın iddia etdiyi səhvini nəzərdə tutulur – red.) düzəltsinlər”, - deyə Liparidyan vurğulayır.
J.Liparidyan sözügedən məqaləsində bir sıra məqamlardan bəhs edərək bildirmişdi ki, bir çoxları fantastik hesablamalara, psevdostrategiyalara, faktları inkar etmək əzmlərinə əsaslanırlar. “Belələri siyasətə baxışlarını dəyişməklə, fikirlərində korrektələr etməlidirlər ki, heç olmasa, əlimizdə qalanı saxlayaq”, - deyən keçmiş müşavir vurğulamışdı ki, Zanoyan və onun kimiləri özlərinin keçmişləri və çatışmazlıqları üzərində əsirlər. Ən pisi isə onlar fantaziyalarının, “baxışlarının” girovudurlar: “Ermənistanı və Dağlıq Qarabağı gözləyən mümkün bəlaların siyahısı tükənməyib. Əgər belə uzaqgörənlərin məntiqi bu məğlubiyyət üçün əzab çəkirsə və bu düşüncə bizim siyasətimizdə dominant mövqe tutursa, yəqin ki, biz daha böyük bəlaların şahidi olacağıq. Və belə olduqda onlar, böyük ehtimalla, özlərindən və öz mentalitetlərindən başqa kimi istəsən, ittiham edəcəklər”, - deyə J.Liparidyan vurğulamışdı.
***
“30 il ərzində biz qırıq güzgülər krallığı qurmuşuq”, - deyən “Ameriya” kampaniyasının konsaltinq direktoru, ekspert Tiqran Crbaşyan 2021-ci ildə bildirmişdi ki, əgər ermənilər strateteji düşünməsələr, ölkəni itirə bilərlər. Bəs, onları strateji düşünməyə qoymayan nədir? Ümumiyyətlə erməni baxış bucağında strateji düşünmək nə deməkdir? Crbaşyan sadə misal çəkərək deyirdi ki, dünyada iqlim dəyişiklikləri baş verir, ermənilər isə Ararat vadisində üzüm əkirlər. Onlar iqlim dəyişikliyinin vadiyə təsirini düşünmək istəmirlər, yenə də üzümlərini əkirlər, hesablamırlar ki, beş il sonra buradakı hava şəraiti necə olacaq?
Crbaşyan erməni xalqının dünyanın hər yerində, kifayət qədər, güclü diaspora malik olduğunu, bu diasporun özəyinin siyasətdə, biznesdə, ümumən ən müxtəlif sahələrdə yerləşdiyini bildirir, ancaq deyirdi ki, ermənilər yalnız strateji düşüncəyə ehtiyac duyulduğu zamana qədər fərasətlidirlər. Ancaq nə zaman ki, strateji düşüncəyə ehtiyac yaranır, o zaman onlar bunu başqalarının öhdəsinə buraxırlar. Crbaşyan ermənilərin tarixdən üzü bu yana Romanın, Bizansın, Osmanlının, Rusiyanın tərkibində oynadığı rolu qeyd edirdi: “Bizdə istənilən sahədə müvəffəqiyyət qazana bilən adamlar var. Ancaq o sahədəki ki, orada uzunmüddətli perspektivə hesablanmış qərarlar qəbul etməyə ehtiyac yoxdur. Müstəqil dövlət yarananda isə özümüz özümüzlə baş-başa qaldıq. O zaman hara və necə gedəcəyimizi düşünmək lazım idi. Burada isə bizim zəifliyimiz – bütün sahələrdə strateji düşünə bilməməyimiz özünü göstərdi. Bu, 1918-ci ildə də oldu. Nəticədə dövlətçiliyi itirdik. Eyni halı hazırkı üçüncü respublika dönəmində də yaşamaqdayıq”.
Crbaşyan onu da bildirmişdi ki, ermənilərin indiyədək obrazlı desək, baxdıqları güzgü qırıq olub: “O güzgü bizi sağlam, ağıllı və güclü göstərib. Mən istəyirəm ki, bu qırıq güzgünü sındırım. İstəyirəm deyəm ki, gəlin, baxaq biz kimik və özümüzdən nə düzəldirik. Ən əsası, biz kim olduğumuzu başa düşsək, o düşüncəyə gəlməliyik ki, hazırkı vəziyyətimiz bizim iyirmi il sonra necə olacağımızı müəyyənləşdirir”.
Ə.CAHANGİROĞLU