- Daxili siyasət
- 09:37 20.09.2024
“Azərbaycan bəyan edir ki, Ermənistanla sülh sazişinin imzalanmasında maraqlıdır, amma təəssüf ki, bunu sözdə deyil, əməldə göstərmir. Fakt ondan ibarətdir ki, Bakının sülh danışıqlarını beynəlxalq ictimaiyyətin təklif etdiyi prinsiplər əsasında məntiqi sonluğa çatdırmaq həvəsi yoxdur”.
Bu sözləri BBC telekanalına müsahibəsində Ermənistan XİN başçısının müavini Vahan Kostanyan bildirib. Əslində, nazir müavini reallıqdan uzaq, avantürist açıqlaması ilə baş nazir Nikol Paşinyan daxil olmaqla, Ermənistan hakimiyyətini naqolay vəziyyətə salıb. İkitərəfli danışıqlarda “beynəlxalq ictimaiyyətin təklif etdiyi prinsiplər” dedikdə, onun Qarabağdan köçmüş erməniləri nəzərdə tutduğu sual doğurmur. Sual doğuran əsas məsələ nazir müavininin Bakının Qarabağ ermənilərini geri qəbul etməyə hazır olduğunu rəsmi şəkildə bildirməsini və bu faktı Ermənistanın baş nazirinin də təsdiqlədiyini qulaqardına vurmasıdır. İndi hayların nazir müavinindən soruşan yoxdur ki, otuz ilə yaxın Azərbaycanın işğal olunmuş ərazilərində, özü də Ermənistan pasportu ilə qanunsuz yaşamış həmin ermənilər Qarabağa hansı statusda qayıtmalıdırlar? Onların Azərbaycan vətəndaşlığını qəbul etməkdən başqa seçimlərinin olmadığı ən yüksək səviyyədə diqqətə çatdırılıb.
Xankəndidə, Ağdərədə yaşayan ermənilərin evləri və digər əmlakları toxunulmaz vəziyyətdə qorunmaqdadır. Ancaq Azərbaycanın otuz ilə yaxın işğalda qalmış rayon və kəndlərində, bircə dənə də olsun, salamat bina, dağıdılmamış qəbiristanlıq göstərmək mümkünsüzdür. Kostanyan bunu etiraf etmək əvəzinə, BBC-nin çoxmilyonluq auditoriyasına növbəti yalanını sırımağa çalışır: “Erməni əcdadlarının vətənini (?) tərk edənlərdən bir nəfər də ora qayıtmayıb. Deməli, bu, onu göstərir ki, onlar özlərinin təhlükəsizliyinə təminat veriləcəyinə əmin deyillər. Bundan nəticəni özünüz çıxarın”.
* * *
Bəs 1988-1991-ci illərdə Ermənistandan qovulmuş 300 minə yaxın azərbaycanlının bugünədək doğma yurdlarına qayıtmaq imkanından məhrum edilməsinin səbəbini kimdən soruşaq? Əlbəttə, erməni rəsmiləri bu barədə susurlar. O cümlədən Kostanyan da.
Azərbaycan dövləti ermənilərin Qarabağda qalıb yaşamaları üçün lazım olan bütün addımları atdı. Qalmamaq qərarını isə ermənilərin özləri verdilər. Əlbəttə ki, Xankəndidəki separatçı, revanşist, xunta rejiminin “yaxından köməyi” sayəsində. Bakı hələ də geri qayıtmaq arzusuna düşənləri qəbul etməyə hazır olduğunu bildirir. Kim qayıdır, qayıtsın...
V.Kostanyana onu da xatırlatmağa ehtiyac var ki, 2019-cu ilin martında ABŞ-da səfərdə olan Ermənistanın o zamankı müdafiə naziri David Tonoyan Nyu–Yorkda erməni icmasının nümayəndələri ilə görüşündə bəyan etmişdi: “Sizə müdafiə naziri kimi deyirəm ki, “sülhün əzəzinə əraziləri qaytarmaq” formulunu bu tezislə dəyişərdim – “yeni müharibə, yeni ərazilər”. Belə olan halda, indi min bir oyunla qonşularından ərazi qoparmağı, işğalı dövlət siyasəti ilə yanaşı, həyat tərzinə çevirmiş hayların beyni beşikdə ikən türkə nifrətlə yuyulmuş gənc diplomatından başqa nə gözləmək mümkündür? Bəlkə, erməni baş nazirin həmin 2019-cu ilin yayında hələ işğaldakı Qarabağa səfərində “Qarabağ – Ermənistandır və nöqtə!” şüarını bağırmasını necə, sülh təşəbbüsü saymaq olardımı?
Biz 44 günlük müharibənin gedişində Ermənistan hakimiyyətinin Azərbaycanın cəbhə xəttindən uzaq dinc şəhərlərinin (Gəncə, Bərdə, Mingəçevir) bombalanmasına əmr verməsini, 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə üçtərəfli bəyanata imza atmasını, ardınca Azərbaycanın ərazi bütövlüyünü bəyan etməsini də nazir müavininin yadına sala bilərik. Daha hansı birini deyək? Amma Kostanyanın dediklərindən bu qənaətə gəlmək mümkündür ki, Hayastan rəhbərliyi sülhə doğru addım atmağa hazlır olduğunu bildirərkən heç də səmimi deyil. Ya da onun baş diplomatının müavini rəsmi İrəvanın nümayiş etdirdiyi mövqeyi ilə razılaşmır, ortaya fərdi düşüncələr qoymağa cürət edir.
* * *
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev həmin BBC-yə bir neçə gün əvvəlki müsahibəsində ölkəmizin sülh gündəliyinə sadiqliyini bir daha nümayiş etdirdi. O, Azərbaycanın sülh müqaviləsini imzalamağa hazır olduğunu, danışıqların təməl prinsiplərinin və sazişin mətninin qarşı tərəfə təklif edildiyini bildirdi.
Əgər Vahan Kostanyan hazırda Ermənistan və Azərbaycan arasında diplomatik danışıqların getdiyini və Bakının bu prosesin ikitərəfli formatda davam etdirilməsi təklifinə İrəvanın da loyal yanaşmağa başladığını bilmirsə, bu halda Paşinyan komandasının hansı prinsip və qaydalarla işləməsi barədə şübhəli təsəvvür yaranır. Nəticə hasil olur ki, bu komanda daxilində ikitirəlik, hətta üçtirəlik var. İrəvanın siyasi isteblişmentindəki sülh tərəfdarı olan praqmatik məmurlar Kostanyana qatığın heç də qara olmadığını sübut etməlidirlər. Əlbəttə, əgər belələri qalıbsa, yaxud onların danışmalarına meydan tanınırsa.
İ.HƏSƏNQALA