USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Uduzmağa vərdiş edənlərin xəyalı

İrəvanı təhlükəli silahlanmaya çəkənlər onu yeni fəlakətə aparırlar


https://img.baki-baku.az/news/2023/12/photo_10292.jpg

Qarabağdan barıt qoxusu çəkilməmiş yenidən bölgəni hərbi qarşıdurma meydanına çevirmək istəyənləri nə sülh, nə əmin-amanlıq, nə də ki, qonşuların barış içində birgəyaşayışı düşündürür. Məlum güclərin məqsədi Cənubi Qafqazda özlərinin maraqlarının təminatına cavab verə biləcək hərbi-siyasi durumu formalaşdırmaqdır. Üzdə ermənilərə dəstək verdiklərini “nümayiş etdirən” həmin güclər Qərbdən və Şərqdən sanki İrəvanı silahlandırmaq yarışına girişiblər. Burada söhbət, ilk növbədə, Fransa və Hindistandan gedir. Rəsmi İrəvan məlum səbəblərdən Rusiya silahından imtina etdikdən sonra, “bazarı” boş görən bu iki dövlət son bir il ərzində Ermənistanı “hərbi donor” qismində müxtəlif təyinatlı döyüş texnikası, HHM sistemləri, raket kompleksləri ilə təchiz etməyə başlayıb.

Dehli və İrəvan arasında hərbi-texniki əməkdaşlığa dair bir neçə müqavilənin imzalandığı, Ermənistana göndərilən silah-sursatın növləri barədə oxucuları məlumatlandırmışdıq. Bu iki ölkənin indiyədək əsasən müdafiə xarakterli hərbi işbirliyinin hazırda daha geniş miqyas alaraq hücum silahları ilə bağlı sazişə keçdiyi imzaladıqları məlum olub.

* * *

“Hindistan Ermənistana ballistik və qanadlı raketlər verəcək”. Son günlər Hindistan mediası bu və buna bənzər başlıqlar altında xəbərlər yayımlayıb. Ermənistanın silahlandırılmasında Dehlinin əhəmiyyətli “sıçrayış” etdiyinin vurğulandığı materiallarda bu dəfə söhbət yalnız zenit-raket komplekslərindən, artilleriya qurğularından, tank əleyhinə raketlərdən, yaxud PUA-ları aşkar və məhv edən sistemlərdən deyil, ballistik və qanadlı raketlərdən gedir. Belə ki, Hindistan və Ermənistan müdafiə nazirliklərinin müvəkkil etdikləri strukturlar arasında “Pralay” ballistik raketlərinin satışına dair razılaşma əldə olunub.              

Məlumatlarda deyilir ki, Hindistanın müdafiə sənayesində çalışan tədqiqatçılar taktiki məqsədlər üçün öz ordularının tələbatına ödəyəcək “Pralay”ın atış radiusu 150 – 500 kilometr arasında dəyişdiyini diqqətə çatdırırlar. Yerli “Idrw.org” internet saytının yaydığı məlumata görə, Hindistan hökumətinə və Müdafiə Nazirliyinə yaxın DRDO strukturu Ermənistana ballistik raketlərin satışı məsələsini, faktiki olaraq, həll  edib. Qurumun nümayəndələri İrəvana hansı tip raketlərin satılacağını bildirməsələr də, etibarlı mənbələr söhbətin səsdən iti “BraMos” qanadlı və “Pralay” ballistik raketlərindən getdiyini təsdiqləyiblər. Xəbərlərdə Hindistanın HHM qoşunlarının arsenalına daxil edilmiş bu raketlərin hazırlanmasına və sınaqdan çıxarılmasına Silahlı Qüvvələrin Baş qərargah rəisi general Bipin Ravatın başçılıq etdiyi qeyd olunur. “BraMos” və “Pralay”ın ilk alıcısı kimi isə Filippinin adı hallandırılır. Məlumatlarda o da vurğulanır ki, Dehli raket texnologiyasının ixracına qoyulmuş mövcud məhdudiyyəti pozmamaqdan ötrü Ermənistana 300 kilometrə qədər məsafə qət edən raketləri təklif etməyə hazırlaşır.

* * *

Göründüyü kimi, Hindistanın Ermənistana satdığı və satmağa hazırlaşdığı hərbi silahların çeşidi kifayət qədər zəngindir. Mövcud kontekstdə həmin silahların hücum xarakterli növləri diqqəti cəlb etməyə bilməz. İrəvanın hindli tərəfdaşlarından almağı planladığı həmin taktiki və ballistik raketlər məhz bu qəbildəndir.

Bir müddət əvvəl Hindistanın onlayn mediasında belə bir informasiya getmişdi ki, Ermənistan uçuş məsafəsi 290 kilometr, döyüş başlığının ağırlığı 300 kiloqram olan “BraMos” qanadlı raketlərini əldə etməyə maraq göstəribmiş. Digər yandan, “Pralay” ballistik raketlərə dair davam edən danışıqlar barədə məlumatlarda göstərilirdi ki, modifikasiyadan asılı olaraq, bu raketlərin döyüş başlıqları 350-dən 700 kiloqram arasında dəyişir. Bu zaman raketdə kasetli döyüş başlığının yerləşdirilə biləcəyi də vurğulanmışdı. Mobil platformada yerləşdirilmiş “Pralay” raketinin ilk sınaqlarının 2021-ci ilin dekabr ayında keçirildiyi faktı da yerli xəbərlərdə keçmişdi.     

DRDO-nun rəsmi məlumatına əsasən, idarəetmə orqanları, yönəltmə sistemləri və missiyanın alqoritmlərinin yoxlanıldığı ilk sınaq atışları zamanı “Pralay” kvaziballistik trayektoriya ilə uçaraq, buraxılış nöqtəsindən 400 kilometr məsafədə müəyyən edilmiş hədəfi yüksək dəqiqliklə sıradan çıxarıb. İkinci sınaq zamanı isə raket maksimal məsafəni – 500 kilometri qət edib və uçuşa Hindistanın Şəqr sahillərində yerləşən radarlar və elektrooptik izləmə sistemi tərəfindən tamamilə nəzarət edilib. Hazırda “Pralay”ın uçuş radiusunun daha da genişləndirilməsi və onun iki, üz yüz kilometrədək artırılması üzərində işlərin aparıldığı məlumdur.

                                                         * * *

Yerli ekspertlərdən bəzilərinin fikrincə, Hindistanın Ermənistana yalnız müdafiə xarakterli deyil, həm də hücum silahlarını verməkdə altməqsədi Cənubi Qafqazda Türkiyə–Azərbaycan–Pakistan ittifaqına qarşı Hindistan–Ermənistan–İran alyansını yaratmaqdır. Əlbəttə ki, burada Dehlinin gəlir əldə etmək marağı da nəzərdən qaçırılmamalıdır.

Oxuculara xatırladaq ki, Hindistan və Ermənistan arasında çoxtərəfli strateji əməkdaşlığa dair anlaşma 2019-cu ildə imzalanıb. Fəqət, Dehlinin bu regionda real aktivləşmə dövrü Azərbaycanın 44 günlük Qarabağ müharibəsində qazandığı zəfərdən sonra başlayıb. Bundan başqa, Hindistan Yunanıstanla da strateji tərəfdaşlıq barədə saziş bağlayıb ki, bunun da Türkiyənin Cənubi Qafqazla yanaşı, Yaxın Şərqdə və Aralıq dənizi bölgəsində artan təsirini neytrallaşdırmağa hesablandığını birmənalı şəkildə söyləmək olar. Amma bu oyunda, ən yaxşı halda, kənar müşahidəçi statusunda iştirak edən Ermənistan hakimiyyəti son üç ildə düçar olduğu hərbi məğlubiyyətlərini qətiyyən unutmamalı və indi özü üçün zərərli və yüksək riskli xam xəyallara qapılmamalıdır.        

Beləliklə, deyilənlərdən belə bir nəticə hasil olur ki, kənar ianələrdən də bəhrələnən Ermənistanın məqsədi Azərbaycanla hərbi balansa nail olmaqdır. İntəhası, bu zaman özünün məhdud hərbi büdcəsini Hindistan və Fransadan silah almağa xərcləməsinin real əsasları yoxdur. Ələlxüsus, nəzərə alınsa ki, ölkəmiz müdafiə qabiliyyətini və ordunun qüdrətini daha da artırmaq məqsədilə dünyanın ən müasir silah sistemlərini əldə edir, onda Hayastanın bu “marafonda” həmişə arxada qalacağı labüddür. Yox, əgər onun bu gün baş vurduğu militarist siyasəti gələcəkdə Cənubi Qafqazda yeni hərbi qarşıdurmaya, Üçüncü Qarabağ müharibəsinə hesablanırsa, bu halda Ermənistanın bir dövlət olaraq mövcudluğu sual altına düşəcək. Onların üzləşə biləcəyi bu acınacaqlı perspektivi biz deyil, müstəqil erməni ekspertləri, praqmatik siyasətçiləri özləri də deyirlər. 

İmran BƏDİRXANLI

 

Ekspert rəyi

Elxan ŞAHİNOĞLU, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi

Sülh danışıqlarının intensivləşdiyi, vasitəçisiz birbaşa dialoqun müəyyən nəticələr verməyə başladığı indiki dönəmdə İrəvanın silahlanmaya canatması, Hindistandan raketlər alması, əlbəttə ki, bölgədə gərginliyi yenidən artıra bilər. Prezident İlham Əliyev demişdi ki, Azərbaycan Ermənistanın silahlanmasına, uzaqmənzilli raketlər almasına seyrçi qalmayacaq. Bu, İrəvan üçün ciddi xəbərdarlıq olmalıdır. Dehli və Parislə də izahat işləri aparmağa ehtiyac var. Doğrudur, Fransa ilə münasibətlərimiz, demək olar ki, tam korlanıb, amma Hindistanla hər halda normal ticarət əlaqələrimiz var. Onlara da başa salmalıyıq ki, Ermənistanla bu xarakterli silah satışı sövdələşməsinin bölgədə gərginliyi artırma ehtimalı var. Əslində, bu vəziyyət Hindistanın da maraqlarına cavab vermir. Yəni, diplomatik müstəvidə təmasların artırılmasına ehtiyac duyulur.

İrəvanla aparılan ikitərəfli sülh danışıqlarında da bu məsələ qaldırılmalıdır. Əgər Ermənistan həqiqətən də Azərbacanla sülhə gəlmək, Türkiyə ilə münasibətlərini normallaşdırmaq istəyirsə, özünün milli təhlükəsizlik siyasətinə yenidən baxmalıdır. Bakı dəfələrlə bəyan edib ki, Qarabağ problemi öz həllini tapıb və Ermənistan isteblişmentindəki, eləcə də siyasi dairələrdə revanş əhval-ruhiyyəsinin artması hiss olunarsa, İrəvan məhz bu cür təxribatçı siyasətə uyğun addımlar atarsa, biz bölgədə vəziyyətin gərginləşməsinin şahidi olacağıq. Amma əmin olsunlar ki, son nəticədə onları Fransadan, Hindistandan aldığı silahlar da xilas edə bilməyəcək. 

        

Şair RAMALDANOV, ehtiyatda olan polkovnik

Ermənistanın silahlandırılması təəccüblü deyil. Onun 44 günlük müharibədə darmadağın edilmiş və ağır itkilərə məruz qalmış bir ordusu var. Əvvəllər Ermənistanın silahlanması Rusiya tərəfindən aparılırdı. Amma Ukraynadakı hərbi əməliyyatlar Moskvaya silah ticarətində müəyyən problemlər yaratdığına görə, İrəvan, təbii ki, başqa silah tədarükçülərinə üz tutur. Ermənistanın Fransa və Hindistanla hərbi-texniki əməkdaşlıq sahəsində atdığı addımlarını görürük.

İrəvanın hazırkı sülh ab-havasının fonunda silahlanması bir tərəfdən onun nə qədər silah almaq imkanına malik olduğunun, digər tərəfdən Ermənistanı silahlandıran ölkələrin iştahalarının göstəricisidir. Bəli, bu zaman region üçün təhlükə yarana bilər. Aydın məsələdir ki, İrəvan yenə bu və ya digər qüvvələrin əlində alətdir. Ən yeni tarix onu deyir ki, Ermənistanın silahlandırılması bütün hallrda bölgənin təhlükəsizliyinə və sabitliyinə mənfi təsir göstərir.   

Ermənistan havadarlarının ona ayırdığı ianələr və ya subsidiyalar hesabına artıq böyük təsir gücünə malik ağır silahlar əldə etməyə başlayıb. Yəqin müharibə ritorikasının artmasının səbəbi budur. Məğlubiyyəti həzm edə bilməyən erməni cəmiyyətinin reavnşist ovqatı sülh danışıqlarında da maneəyə çevrilir. Burada xaricdəki havadarlarının da sülhün əldə olunmasına maraq göstərməməsi öz rolunu oynayır. Cəmiyyətin sülh sazişinə hazır olmadığını Paşinyanın özü də bir neçə dəfə dilinə gətirib.

Azərbaycan lazımi tədbirlərini görür, ordumuz gündən-günə güclənir. Bakı sülhə köklənib. Yox, əgər Ermənistan avanturist revanşizmdən əl çəkməsə, bu halda nəticə özü üçün acınacaqlı olacaq. Ukraynanın aqibəti onlara görk olmalıdır.      




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

İmran BƏDİRXANLI