USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İran Prezidenti Paşinyana nə deyib?

Yaxud İrəvan–Tehran qəfil telefon təmasına sözardı


https://img.baki-baku.az/news/2023/12/photo_10291.jpg

Ermənistanın baş naziri Nikol Paşinyanla İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. Böyük ehtimalla, təmas birincinin istəyi ilə gerçəkləşib. Adətən, qarşı tərəf təşəbbüs göstərəndə, erməni baş nazirin aparatı bunu xüsusi vurğulayır. Ancaq indi belə bir hal yoxdur.

Bəli, indiki həssas məqamda Paşinyanın Rəisi ilə telefon danışığına ehtiyac duyması maraq doğurmaya bilməz. O da maraqlıdır ki, onların arasındakı söhbətlə bağlı İran və Ermənistan tərəfindən yayılmış məlumatlar fərqlidir. Ermənistanın məlumatı kiçik həcmlidir, ümumi xarakter daşıyır və orada yalnız ölkələrin liderlərinin İrəvan-Tehran münasibətlərini müzakirəyə çıxardığı vurğulanır. Ancaq İran Prezidentinin mətbuat xidmətinin açıqladıqları, kifayət qədər, detallı təsir bağışlayır və hiss olunur ki, tərəflər müzakirə dairəsini geniş götürüblər.

***

İran və Ermənistan liderlərinin nəzərdən keçirdikləri mövzulardan birincisi Cənubi Qafqazda kommunikasiyaların açılmasıdır. İslam respublikanın lideri bildirib ki, Tehran regiondakı dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipi əsasında mövcud istiqamətdə atılacaq istənilən addımı dəstəkləyir. Əlbəttə, İran hər zaman eyni mövqedə olub. Yəni, hazırda Rəisinin diqqətə çatdırdıqlarında təəccüblü nə isə yoxdur. Təəccüblü olan İran Prezidentinin yuxarıda diqqətə çatdırdığımız fikirlərini Ermənistan hökumətinin iki ölkə, eləcə də region ölkələri arasında avtomobil və dəmir yolu əlaqələrini inkişaf etdirmək planına cavab xüsusunda səsləndirməsidir. Sual olunur: hazırda hansı səbəbdən regional kommunikasiyaların açılmasına maneçilik var? Əlbəttə, başlıca maneə Azərbaycanla Ermənistan arasında sülh mühitinin istisna təşkil etməsidir. Bəs, sülhə imkan verməyən hansı tərəfdir? Birmənalı qaydada demək olar ki, Ermənistan!

***

Regional kommunikasiyaların açılması dedikdə, gözlər önündə Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən quru yolu canlanmaqdadır. Ölkəmizin mövcud xüsusdakı mövqeyi bundan ibarətdir ki, sözügedən yolun açılmasında Ermənistanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı hər hansı problem yoxdur. Başlıca məqam həmin marşrutun “Azərbaycandan Azərbaycana asan yol” məntiqini rəhbər tutmasıdır. Yəni, prinsip ondan ibarətdir ki, orada gömrük-keçid, sərhəd-nəzarət məntəqəsi olmasın. Bu, Bakının tələbidir. Bakı həm də ona görə mövqeyində israrlıdır ki, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən üzərinə götürdüyü öhdəlik var. Əgər İrəvan öhdəliyini yerinə yetirmək istəmirsə, Azərbaycan Naxçıvana yolun İrandan keçməsinə razıdır və Prezident İlham Əliyevin də bildirdiyi kimi, bununla əlaqədar Tehranla müvafiq razılaşma əldə olunub.

***

Onu da nəzərə alaq ki, Ermənistanın Qərbdəki dəstəkçiləri Naxçıvana yolun Ermənistan ərazisindən keçməsində təkidlidirlər. Onlar ölkəni təcriddən qurtarmağı və gücləndirməyi düşünürlər. Bu səbəbdən də Bakıya mövcud istiqamətdə təzyiq göstərmək cəhdləri var. Belə bir anlaşılmaz mövqe tutanlar Azərbaycanın müstəqil əsasda verdiyi qərarın, yəni Naxçıvana yolun Ermənistandan deyil, İran ərazisindən keçmək preambulasını qəbuledilməz sayırlar. Fikirlərini isə təxminən bu cür əsaslandırırlar: Tehrana nəfəslik vermək olmaz!

***

Bəli, İranın nəfəsini kəsmək istəyənlərin kiçik səngərində yer alan İrəvan rəsmilərinin Tehranı öz tərəflərinə çəkmək, yaxud da onu Bakıya qarşı qaldırmaq istəmələri mümkündür. Təsadüfi deyil ki, bir sıra ekspertlər Paşinyanın Rəisiyə qəfil telefon zəngini məhz mövcud prizmadan dəyərləndirirlər. Bəs, Ermənistanın istəyinə nail olması nə dərəcədə mümkündür?

Əvvəla, İran-Ermənistan münasibətləri hər nə qədər rəvan müstəvidə olsa da, birinci ikincinin hansı “sularda üzdüyünü” bilməmiş deyil. Digər tərəfdən, ümumən Tehranın Cənubi Qafqazın qlobal tranzit əhəmiyyətinin vurğulanmasını rəhbər tutan layihələri dəstəkləməsi şübhəsizdir. Həm də ona görə şübhəsizdir ki, bu layihələr onun özü üçün də iqtisadi baxımdan sərfəlidir. Ancaq İran elə ölkədir ki, onu yalnız iqtisadi fayda ilə hansısa təşəbbüsə cəlb etmək, şirnikləndirmək mümkünsüzdür. Tehranın rəsmi elitası, eləcə də siyasi dairələri iqtisadi fayda amili ilə siyasi mənfəət paradiqmasını vəhdətdə tutmağı bacaracaq, hər məqamı hesablayacaq qədər tədbirlidirlər.

Nəzərə alsaq ki, Cənubi Qafqaz İran üçün oturuşmuş siyasi mahiyyət daşıyır, bu mənada Rəisinin bölgə ölkələrinin ərazi bütövlüyündən və suverenliyindən söz açması, həm də onların işlərinə kənardan müdaxilənin yolverilməzliyinin vurğulanmasıdır. “İran İslam Respublikasının Qafqazla bağlı xarici siyasəti müəyyəndir və elə etmək lazımdır ki, Qafqaz regiondankənar ölkələrin rəqabət meydanına çevrilməsin və onun məsələləri kənar şəxslərin müdaxiləsi olmadan, region ölkələrinin özləri tərəfindən həllini tapsın”, - deyən İran Prezidentinin sözləri də fikrimizin təsdiqidir.

Deməli, indi məlum olur ki, nə üçün Ermənistanın baş nazirinin aparatı İslam respublikasının rəhbəri ilə telefon danışığı barədə kiçik məlumatla kifayətlənib. Müvafiq surətdə düşünmək mümkündür ki, Paşinyan Rəisi ilə söhbətdə sərfəli nəticə əldə etməyi bacarmayıb. Necə bacarsın? Axı, Ermənistan öz sərhədinə Avropa İttifaqının sayı, az qala, hər kvartalda artırılan müşahidə missiyasını yerləşdirib, ABŞ hərbçiləri ölkənin ordusunda təlimlər keçirir. Hələ Fransa amili də var. Ümumən kollektiv Qərbin İranın bir addımlığında “lövbər salması” ölkəyə qətiyyən sərfəli deyil.

***

Bəli, bütün bunlara görədir ki, “Region region ölkələri üçündür” prinsipini əsas tutan İran özünün dövlət başçısının şəxsində Ermənistanın liderinə “3+3” platformasından söz açıb və bildirib ki, mövcud platforma regional münasibətlərin və əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də region ölkələri arasında münasibətlərin tənzimlənməsi istiqamətində konstruktiv mahiyyət daşıyır.

Yeri gəlmişkən,  Prezident İ.Rəisi Paşinyanla telefon danışığı zamanı “3+3” platformasının bir müddət əvvəl Tehranda gerçəkləşmiş toplantısından da bəhs edib. Məlum olduğu kimi, həmin toplantıda İranla yanaşı, Azərbaycanın, Türkiyənin, Rusiyanın və Ermənistanın Xarici işlər nazirləri iştirak etmişdilər. O da diqqət çəkmişdi ki, erməni XİN rəhbəri Ararat Mirzoyan görüşə könülsüz, sırf İranda qıcıq doğurmamaq üçün qatılıb.

Qeyd edək ki, Tehran toplantısında Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla A.Mirzoyanın qısa təması da baş tutmuşdu. Bu qarşılaşmanın elə bir ciddi əhəmiyyətinin olmadığını isə Ermənistanın yaydığı məlumat təsdiqləmişdi. Ölkənin baş xarici siyasət idarəsindən bildirilmişdi ki, “3+3” İrəvan-Bakı münasibətlərinin, ümumən Ermənistan-Azərbaycan nizamlamasının müzakirəyə çıxarıldığı platforma ola bilməz. Nə üçün? Səbəb çox sadədir. Ermənistan Qərbin vasitəçiləri olmadan keçinə bilmir. Habelə, baş nazir N.Paşinyan nəinki ölkəsinin Azərbaycanla münasibətlərinə, eləcə də Cənubi Qafqaza xarici oyunçuların cəlbini əsas götürməkdədir. O oyunçuların ki, onlar prinsip etibarilə həm İrana, həm Rusiyaya qarşı barışmaz mövqedədirlər. Üstəlik, Azərbaycanın daxili işlərinə, o cümlədən İranla ikitərəfli münasibətlərinə müdaxilə etmək əzmindədirlər. Onlar, həmçinin, Türkiyəyə münasibətdə də konsturktiv mövqe tutmurlar. Bütün bunların fonunda İ.Rəisinin N.Paşinyana, hətta “ağıllı ol” mesajını verdiyini bildirmək mümkündür. Nikol ağıllı olacaqmı, bunu əlahəzrət zaman göstərəcək.

 

Ə.RÜSTƏMOV




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Əvəz RÜSTƏMOV