USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Alma-Ata Bəyannaməsi”, “Meğri hədiyyəsi” və Ermənistan üçün manipulyasiya

Nikol Paşinyan reallıqları necə təhrif edir?


https://img.baki-baku.az/news/2023/12/photo_10289.jpg

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsindən danışıb. O, yenə üç prinsip üzərində danışıb. Müsbət məqam budur ki, erməni baş nazir daha Qarabağ ermənilərinin bölgəyə qayıtmalarından, onların hüquq və təhlükəsizliyi ilə bağlı beynəlxalq təminatlardan danışmır. Sözügedən məsələ Ermənistanın sülh gündəliyindən çıxıb. Amma tam çıxıbmı?

***

N.Paşinyanın sözlərinə görə, Ermənistan qarşıdakı danışıqlar zamanı Azərbaycanın Avropa İttifaqının vasitəçiliyi ilə razılaşdırılmış üç prinsip əsasında sülh müqaviləsi imzalamağa razı olub-olmadığını aydınlaşdırmağa çalışacaq. Göründüyü kimi, baş nazir vurğunu Bakının həmin  prinsiplərlə razılaşmama ehtimalı üzərinə qoyur. Bəs, nəyə görə erməni baş nazir ehtiyatlanır? Hansı səbəbdən onda Azərbaycanın sülh sazişinə imza atmayacağına dair tərəddüd var? Hesab edirik ki, Nikol açıqladığı fikirlərlə suallara, fərqinə varmadan  cavab verir.

***

N.Paşinyan bildirir ki, haqqında söz açdığı üç prinsip bu il mayın 14-də və iyulun 15-də Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin, Azərbaycan Prezidenti İlham Əliyevin və özünün üçtərəfli görüşləri nəticəsində razılaşdırılıb. Bu prinsiplərdən birincisi budur: Ermənistan və Azərbaycan Ermənistanın ərazisinin 29800 kvadratkilometr, Azərbaycanın ərazisinin isə 86600 kvadratkilometr olduğunu qəbul edərək, bir-birilərinin ərazi bütövlüklərini tanıyırlar.

İlk baxışdan, bu deyimdə elə bir şey yoxdur. Ancaq Nikolun ikinci prinsip kimi 1991-ci ilin Alma-Ata Bəyannaməsindən söz açmasında və sənədi delimitasiya prosesinin əsası adlandırmasında fərqli anlam var. Anlamı qüvvətləndirən isə Paşinyanın dilə gətirdiyi fikirlərdir: “Alma-Ata Bəyannaməsi Ermənistanın titul ərazisi adlanan ərazinin 29800 kvadratkilometr olduğunu deməyimizin əsas səbəbidir. Çünki Ermənistan Respublikası Ermənistan SSR-in müstəqilliyi ilə yaranıb. Başqa sözlə, Ermənistan SSR ərazisində Ermənistan Respublikası yarandı. Alma-Ata Bəyannaməsinə əsasən, onu imzalayan 12 respublika, o cümlədən Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüklərini, sərhədlərinin toxunulmazlığını və suverenliklərini tanıdıqlarını qeyd etdilər”.

N.Paşinyan onu da bildirir ki, delimitasiya prosesində 1974-1990-cı illərdə Sovet İttifaqı Silahlı Qüvvələrinin Baş Qərargahının xəritələrindən istifadə edilməlidir. Bu isə sən demə, ərazi bütövlüyü və suverenlik prinsipinin daha da inkişaf etdirilməsi ilə əlaqədardır. Deməli, baş nazirin, necə deyərlər, açar sözləri var – SSRİ-nin yaranması, Ermənistanın SSRİ-yə daxil olması, SSRİ-nin dağılması və 1974-1990-cı illərin xəritələri. Sual olunur: Alma-Ata Bəyannaməsi, bir növ, ehkamlaşdırılırsa, nə üçün 1974-1990-cı illərin xəritələri əsas götürülməlidir? Axı, prinsipcə, sənəd hər şeyi öz yerinə qoymalıdır. Deməli, bəyannamənin fövqəladə üstünlüyü yoxdur.

***

Nəzərə alaq ki, Alma-Ata Bəyannaməsində Ermənistanın ərazisinin 29800 kvadratkilometr olduğu vurğulanmır. Orada heç Azərbaycanın ərazisinin də 86600 kvadratkilometrdən ibarətliyi əksini tapmır. Sənəddə, ümumən, ərazi bütövlüyü və suverenliyin qarşılıqlı şəkildə tanınmasından söhbət gedir. Yəni, hansı ərazi tanınacaq, müəyyən deyil. Bu isə o deməkdir ki, Ermənistanın baş nazirinin rəqəmlərdən danışarkən, Alma-Ata Bəyannaməsinə söykənməsində məntiq yoxdur. Ancaq Nikolun məntiqsizliyini sübuta yetirən digər cəhətlər də var.

***

N.Paşinyan bəlkə özü də hiss etmədən maraqlı məqama toxunur. Onun nəzərincə, ərazilərin müəyyənləşməsindəki başlıca prinsip Alma-Ata Bəyannaməsidirsə və sənəd müttəfiq respublikaların SSRİ-yə qoşularkən malik olduqlarının Sovetlər Birliyinin süqutundan sonra da özlərində saxlanılmasını əsas götürürsə, o zaman 1974-1990-cı illərin xəritələri nə üçündür? Alma-Ata Bəyannaməsinə istinad varsa, sadə məntiq SSRİ-yə daxilolma xəritəsinin nəzərə alınmasını diktə edir. Çünki bəyannamə ittifaqdan ayrılmanı təsdiqləyən sənəddir. Yəni, SSRİ-dən ayrılma olduğu kimi, ora qoşulma da başlıca məsələ kimi nəzərə alınmalıdır. Nəzərə alınmır və Paşinyan elə təəssürat yaradır ki, sanki Ermənistanın SSRİ-yə daxil olarkən malik olduğu ərazi 29800 kvadratkilometr olub.

***

Alma-Ata Bəyannaməsində respublikaların ərazilərinin sahəsi ilə bağlı konkretlik yoxdursa və konkretliyi olmayan sənədə istinad varsa, o zaman Azərbaycan SSRİ-yə qoşularkən malik olduğu ərazilərin üzərində dayanmalı deyilmi? Dayanmalıdır və dayanacaqsa, deməli, erməni baş nazirin yaratdığı təəssürat reallıqdan uzaqdır. O anlamda ki, Ermənistan SSRİ-yə 29800 kvadratkilometrlə qoşulmamışdı. Bu yerdə həm də Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yoldan söz açaq. Məhz həmin yol 1923-cü ildə Azərbaycan ərazisi idi və orada Meğri rayonu yerləşirdi. O rayon ki, şəhər mərkəzi ilə birlikdə 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi erməni Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanıb. Bəli, keçmiş adı “Mığrı” olan Meğri Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəhliz idi. 1974-cü ilədək isə oranın qanunsuz şəkildə Ermənistana verilməsi xəritələrdə yer almayıb. Buna görə də Nikol sərhədlərin dəqiqləşməsindən söz düşəndə həmin ildən əvvələ deyil, sonraya üz tutur. Daha doğrusu, sonrakı dövrün xəritələrinə.

***

Paşinyanın üzərində dayandığı üçüncü prinsip isə qarşılıqlılıq və bərabərlik, ölkələrin yurisdiksiyasına və suverenliyinə hörmət prinsipinə əsaslanaraq, regional kommunikasiyaların açılmasıdır. Yəni, erməni baş nazir demək istəyir ki, Azərbaycan tərəfinin Naxçıvan xüsusunda “Azərbaycandan Azərbaycana asan yol” məntiqi keçərsizdir.

Beləliklə, N.Paşinyanın Alma-Ata Bəyannaməsinə söykənmiş əsaslandırmasının heç bir əhəmiyyətinin olmadığını vurğuladıq. Üstəlik, onun tarixi təhrif etdiyini də. Hələ bir sual da var: nə üçün Ermənistan SSRİ-dən əlavə ərazi, Azərbaycan ərazi itkisi ilə çıxmalı idi? Hər halda, L.Mirzoyanın ərazi peşkəşinin Sovetlər Birliyinin yaranmasından altı il sonra gerçəkləşdiyi ortadadır. Hazırda Azərbaycan dövlətinin Naxçıvana yolda heç bir gömrük-keçid və sərhəd nəzarətinin tətbiq edilməməsi tələbi həm də elə bundan qaynaqlanır. Ona görə  Prezident İlham Əliyevin Naxçıvana asan yolun Azərbaycanın legitim hüququ olduğunu vurğulamasında dərin məntiq, ən əsası isə ilahi ədalət var.

***

Dövlətimizin başçısı ölkəmiz tərəfindən Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə təhdidin, ərazi iddiasının olmadığını da diqqətə çatdırıb. Paşinyan isə məsələni qabartmaqla, faktiki olaraq, Azərbaycanın Naxçıvana asan yol mənqtiqi ilə razılaşmadığını ortaya qoyur. O zaman onun hansı sənədi əsas götürməsinin heç bir anlamı yoxdur. Çünki Nikol öz imzasına əhəmiyyətsiz yanaşmış qeyri-ciddi biridir. Söhbət Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatından gedir. Nəzərə alaq ki, bəyanatın doqquzuncu bəndi Naxçıvana yol xüsusunda İrəvanın məsuliyyətini müəyyənləşdirir. Belə olan halda  suallar yaranır: Nə üçün delimitasiya prosesində 1974-1990-cı illərin xəritələri əsas götürülməlidir? Yalnız ona görə ki, ən son xəritələr onlardır?  Axı, prinsipcə ən sonda  Paşinyanın hazırda önəm vermədiyi insan olub.

Bəli, Nikolun istər Alma-Ata Bəyannaməsinə istinadı, istərsə də Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasında 1974-1990-cı illərin xəritələrini əsas götürməsi Azərbaycanın Naxçıvana asan yol istəyinə qarşı çıxmaqdır. İrəvanın hər vasitədən istifadə edərək, Bakıya əks mövqe tutmaq əzminin mövcudluğunu nəzərə alsaq, kim təminat verə bilər ki, Alma-Ata Bəyannaməsi də bunun üçün alətə çevrilməyəcək? Bəs, necə ola bilər ki, sənəd ölkəmizə qarşı istifadə edilsin?

***

Yada salaq ki, Alma-Ata Bəyannaməsi 1991-ci il dekbarın 21-də imzalanıb. Həmin il dekabrın 10-da Qarabağda azərbaycanlıların boykot etdikləri və yalnız ermənilərin qatıldıqları referendum keçirildi. Referendumun nəticəsinə görə, bölgənin Azərbaycandan ayrıldığı və “müstəqilliyi” qərarı çıxarıldı. Bundan əvvəl, yəni 1991-ci il noyabrın 26-da isə Azərbaycan Respublikası Ali Sovetinin qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunmuşdu. Həmin qanun üzrə “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul tarixli Dekreti və “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” Azərbaycan SSR-in 1981-ci il 16 iyun tarixli Qanunu qüvvədən düşmüş sayılmışdı. Belədə təminat varmı ki, Azərbaycan Alma-Ata Bəyannaməsinə uyğun olaraq, Ermənistanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bildirsə, İrəvan Qarabağ avantürasını davam etdirməyəcək? Məsələn, Ermənistan rəhbərliyi deyə bilər ki, “referendum” Alma-Ata Bəyannaməsindən əvvəl olmuşdu və bəyannamə Qarabağı ayrıca müstəqil subyekt nəzərdə tutur. Axı, indinin özündə də Ermənistanda Qarabağ müharibəsini Qarabağ-Azərbaycan savaşı adlandıranlar qalmaqdadır. Elə həmin Paşinyan sentyabrın 19-da keçirilmiş lokal xarakterli antiterror tədbirlərinədən “Qarabağın seçkili hakimiyyəti var” kimi sərsəm ifadə  işlətmişdi. Özü də Praqada və Brüsseldə Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanıdığını bildirdikdən sonra. Təxminən belə bir mənzərə formalaşmışdı: Ermənistan Qarabağı Azərbaycan kimi tanıyır, qalan məsələlər Qarabağla Azərbaycan arasındadır.

***

Deməli, Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə məhdudlaşmaq olmaz. Çünki mövcud xüsus elə həm də Alma-Ata Bəyannaməsinə əsasən mübahisələndirilmək təmayülünü qorumaqdadır. Belə nəticəyə gəlirik ki, Ermənistan rəsmən Qarabağla bağlı Azərbaycana qarşı heç bir iddiasının yoxluğunu bildirməlidir. Mövcud məqam sülh müqaviləsində əksini tapmalıdır. Və deməli, Ermənistanın Alma-Ata Bəyannaməsi əsasında növbəti manipulyasiyasına yol verilməməlidir. Bu səbəbdəndir ki, rəsmi Bakı, çox doğru olaraq, sərhədlərin delimitasiyasının real şəkildə aparılmalı olduğunu qabardır. Real əsaslar nədən ibarətdir, onların müəyyən hissəsi barədə artıq söz aşdıq. Əlbəttə, hələlik üzərinə gəlmədiyimiz məsələlər də var.

 

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Əvəz RÜSTƏMOV