USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“İrəvanın “bunu yox, o birini verin” kimi seçim imkanı qalmayıb”

Jirayr Liparidyan bunu bizim antiterror əməliyyatımızdan əvvəl demişdi


https://img.baki-baku.az/news/2023/12/photo_10270.jpg

Çox təəssüf ki, bu qoca diplomatın  (o, ölkənin birinci prezidenti Levon-Ter Petrosyanın xarici siyasət üzrə baş müşaviri vəzifəsində çalışmışdı) həmin xəbərdarlığını  anlamadılar və nəticədə “Artsax” adlı saxta qurum özünü buraxmalı oldu. Ancaq təkcə bu diplomat deyil, Ermənistanın ayıq başla düşünə bilən siyasətçiləri, ziyalıları, xüsusən, müxalifət təmsilçiləri, az qala, hər gün çağırış səsləndirirlər ki, biz ölkənin uzaq xaricdən gələn tövsiyələrlə yox, xalqın maraq və mənafeyinə uyğun şəkildə idarə olunmasını tələb edirik. Bir daha xatırladırıq, erməni siyasətçilər “uzaq xaricdən gələn” fitnə-fəsadların öz ölkələri üçün təhlükə olduğunu yaxşı bilirlər.

Bəs həmin “uzaq xaric” ifadəsi haraları əhatə edir? Sualın cavabını Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədəki çıxışında vermişdi. Dövlət başçımız vurğulamışdı ki, həyata keçirdiyimiz  antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bu ittihamların heç bir əsası yoxdur: “Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir. Bəzi Qərb ölkələri, onların arasında təbii ki, ənənəvi olaraq Fransa bununla barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Ancaq Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar”.

Bəli, işğalçı ölkənin təhrikçi havadarları yeni reallıqlarla barışmalı olacaqlar. Çünki cənab Liparidyanın dediyi kimi, Ermənistanın artıq seçim imkanı qalmayıb. Seçim imkanı yoxdursa, onda Paris, Brüssel və ya Vaşinqton bu oyuncaq dövlətin başbilənlərini hansısa başqa səmtə istiqamətləndirə bilməyəcəklər. Çıxış yolu ancaq və ancaq Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq, uçurumun bir addımlığından geri çəkilmək dövlət müstəqillıyini qorumaqdır. Yeri gəlmişkən, Azərbaycan Prezidenti bu barədə dəfələrlə söz açıb və xatırladıb ki, Ermənistanın Ankara və Bakı ilə münasibətləri bərpa etməsi ölkənin regional iqtisadi layihələrdə iştirakına zəmin yarada bilər ki, bu da onun çökməkdə olan iqtisadiyyatına nəfəs verər.

Çox təəssüf ki, Paris və digər paytaxtlar Ermənistan dövlətinin böhranlardan çıxmasını, ölkənin iqtisadiyyatının dirçəldilməsini istəmir, məhz özlərinin maraqları naminə İrəvandan alət kimi istifadə etməkdə israrlıdılar. Onlar məğlub ölkənin rəhbərliyini inandırmağa çalışırlar ki, hələ hər şey itməyib, nəyisə dəyişmək mümkündür. Ancaq bir erməni məsəlində deyildiyi kimi, yalan vədlər alov içərisində olan şəxsə “qorxma, sən yanmayacaqsan!” – demək kimi, əxlaqsızlıq və cinayətdir.

Məhz Paris, Brüssel və Vaşinqtondan gələn ruhlandırmalara görə Ermənistan rəhbərliyi elə bilirdi ki, 44 günlük müharibədə uduzmayıblar. Elə Jirayr Liparidyan da 23 saatlıq antiterror əməliyyatından əvvəl Massaçusets Erməni Tədqiqatları Mərkəzindəki çıxışında soydaşlarına  xatırladırdı ki, 44 günlük müharibədə qalib gəlmiş Prezident İlham Əliyevin əlində bir çox variantlar olsa da, biz əsası olmayan iddialara istinad edərək, özümüzü məğlub kimi aparmaq istəmirdik: “Fikrimcə, Azərbaycanla sülh sazişini imzalamaq olar və həmin sənəddə göstərilməlidir ki, Ermənistan Azərbaycanın daxili işlərinə qarışmayacaq”.

Keçmiş dövlət müşaviri ermənilərə xatırladır ki, BMT Təhlükəsizlik Şurası, eləcə də, Ermənistanın dostları olan Rusiya, Fransa, İran, Yunanıstan açıq şəkildə bəyan ediblər ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir. Üstəlik, İlham Əliyev düşündüklərinin hamısını reallaşdırır.

Yeri gəlmişkən, bu uzaqgörən diplomat SSRİ-nin çökməsinin ilk onilliyində  Ermənistan siyasətçilərinə dəfələrlə xatırlatmışdı ki, Azərbaycan indi bizə nə verirsə, onu götürək: “On ildən sonra onu da verməyəcəklər”. O, ermənilərə Azərbaycan ərazisində ən yüksək muxtariyət statusu verilməsini nəzərdə tuturdu.  Bu sətirləri qələmə almaq üçün Liparidyanın son üç-dörd ildəki bir neçə müsahibəsinə baxdım. Həmin müsahibələrin heç birində “Mən iyirmi il qabaq sizə demişdimmi?”-- sualını görə bilmədim. Yəni, yada salmır. Amma xatırladır ki, Azərbaycanla razılaşmanı imzalayın və bu ölkənin daxili işlərinə qarışmaqdan vaz keçin. Vəssalam.

Bu çağırışa da cavab verməsələr, onda yəqin ki, Liparidyanın başqa çağırışına ehtiyac qalmayacaq.

İttifaq MİRZƏBƏYLİ




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

İttifaq MİRZƏBƏYLİ