USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Nisbi sakitlikdən möhkəm sülhə nə qədər qalıb?

Son üç ay Qarabağ münaqişəsi tarixində, eləcə də iki ölkə arasında ən dinc dövrlərdən biri hesab olunur


https://img.baki-baku.az/news/2023/12/photo_10267.jpg

“Ermənistan və Azərbaycan müsbət gündəmlə dünyanı təəccübləndirməyi, dünyanı heyrətləndirməyi bacarıb”. Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyaya səfəri çərçivəsində “BBC World”-ə verdiyi müsahibəsində deyib.

Prezidentinin köməkçisi müsahibəsində qeyd edib ki, artıq iki ölkə arasında hərbi qarşıdurma mərhələsi başa çatıb: “Azərbaycan özünün suverenliyini və ərazi bütövlüyünü bərpa edib, həmçinin ərazilərinin 30 ildir davam edən hərbi işğalına son qoyub. Rəsmi Bakı hələ 2020-ci ildə 44 günlük müharibə başa çatdıqdan sonra Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib. Bu məqsədlə qarşı tərəfə sülh müqaviləsinin fundamental prinsiplərini və mətnini təklif edib. Hazırda tərəflər arasında da diplomatik danışıqlar aparılır. Bunlar artıq birbaşa danışıqlardır”.

Bakı sülh gündəmini dəstəkləyir

H.Hacıyev müsahibısində dekabrın 7-də Azərbaycan Prezident Administrasiyası və Ermənistan naş nazirinin Aparatı vasitəsilə sülh gündəmini irəli aparmaq niyyətini, həmçinin etimad quruculuğu tədbirləri haqqında birgə bəyanatın verildiyini diqqətə çatdırıb. Onun dediyinə görə, son üç ay Ermənistan-Azərbaycan münasibətləri, iki ölkənin müstəqilliyi tarixində ən sakit və ən dinc dövrlərdən biri hesab oluna bilər: “Müharibə yoxdur, vəhşiliklər yoxdur, qarşıdurma yoxdur və əsgərlər kazarmalarına qayıdıblar. Nisbi sülh təmin olunub, indi onu uzunmüddətli sülhə çevirməyin, o cümlədən sülh müqaviləsinin imzalanmağın vaxtıdır”.

Daha sonra münaqişənin tarixinə qısa ekskurs edən Prezidentinin köməkçisi Ermənistan tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə aparıldığını və bunun danılmaz fakt olduğunu xüsusi olaraq vurğulayıb:

“Ermənistan otuz ildən artıq müddətdə işğalçı ölkə olub. Onlar Azərbaycanın işğal altında sazladıqları ərazilərini dağıdıblar. Bu, bir reallıqdır. Ermənistan Azərbaycanın suveren ərazilərində separatçı quruma dəstək verib. Azərbaycan separatçı qurumun mövcudluğuna və onun hərbi komponentinə son qoymağa məcbur idi. Amma indi buna son qoyulub. İndi regionun sülh barədə düşünməyinin vaxtıdır. Azərbaycan birbaşa sülh danışıqlarının tərəfdarıdır. Bu arada biz digər vasitəçilik səylərindən və ya təklif edilən müsbət konsepsiyalardan qaçmırıq. Amma vacib olan odur ki, Ermənistan və Azərbaycan bir araya gələrək sülh bağlamalıdır. Sülh əldə edildikdən sonra hesab edirəm ki, digər ölkələr və tərəfdaşlar da bunu dəstəkləyə bilər”.

“Domokl”un hədəfi əvvəldən bəlli idi

“Qarabağ məsələsi ilə bağlı erməni ideya və istəklərinin həyata keçirilməsinin mümkünsüzlüyü barədə xalqa açıq danışmamışıq”. Bu sözləri dünən yerli mediaya müsahibəsində baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, iqtidar   daxilən bununla barışıb və ictimaiyyətdən gizlətmir. Çünki bunun alternativi yox idi. İndi təsəvvür edin, camaata deyirik: vəziyyətimiz belədir, əraziləri qaytarırıq, “dqr”nin statusunu sıfırlayırıq. Onun gələcək statusu ilə bağlı heç bir əminlik yoxdur, üstəlik, ən yüksək beynəlxalq orqanlarda hansı qərarın verildiyi də məlumdur”.

Bu etirafından sonra Paşinyan münaqişənin tarixinə baş vuraraq, “ən optimal həll variantını” belə təqdim edir: “Madrid prinsiplərindən sonra müzakirə olunan bütün variantlar Qarabağ probleminin həll edilməməsini nəzərdə tuturdu. Yalnız 1999-cu ildə bir variant vardı. Əgər, o, imzalansa idi “Dağlıq Qarabağ” probleminin həll olunduğunu söyləmək olardı. Bu, Mehri və “dq”nın mübadiləsi idi. Yəni, Mehri Azərbaycana, Dağlıq Qarabağ isə Ermənistana birləşdirilir. Dağlıq Qarabağ probleminin başqa həll yolu yox idi. Bu problem konkret olaraq ona görə yaradılıb ki, “dq” məsələsi Ermənistanın başının üstündə “Domokl qılıncı” kimi asılsın. Ola bilsin, elə Azərbaycanın üzərində də”.

Paşinyanın daxili auditoriyaya hesablanmış bu “tarixi açıqlama”sı, müəyyən mənada məntiq amilindən məhrum deyil. Sadəcə bir düzəlişlə ki, onun müqayisəli məcaz kimi istifadə etdiyi “Domokl qılıncı”nın sonda kimin boynuna endiriləcəyi elə qondarma münaqişənin əvvəlindən bəlli idi. Ədalətli hökmün icrasının bu qədər ləngiməsinin səbəblərini və səbbəkarlarıni isə baş nazirin özü də çox yaxşı bilir.   

Bakı sülhə doğru uzanan yolun son ünvanına tezliklə yetişməkdən ötrü bütün imkanlarından istifadə edir. Amma bu zaman haqlı olaraq rəsmi İrəvandan da adekvat addımların atılmasını gözləyir.     

Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov son üç ayda Ermənistan tərəfindən sərhəddə elə bir təxribatın olmamasını müsbət hal kimi dəyərləndirir. Ekspert bunun tam gözlənilən olduğunu diqqətə çatdırdı: “Azərbaycan Qarabağdakı qeyri-qanuni erməni silahlılarını tərk-silah edərək, ərazi bütövlüyünü təmin etdi və indi bayrağımız Xankəndidə dalğalanır. Aydın məsələdir ki, hazırda bizim strateji hədəfimiz Ermənistanla sülh sazişinin imzalanmasıdır. Amma, bu, heç də o demək deyil ki, İrəvan siyasi və diplomatik müstəvilərdə özünü sakit aparır, sülhə aparan yolda maneələr yaratmağa çalışmır. Qarabağ erməniləri könüllü şəkildə bölgəni tərk edəndən sonra rəsmi İrəvan Azərbaycana qarşı yeni tələblər irəli sürməyə başlayıb. Guya onların geri qayıtmaları ilə bağlı sülh sazişinin mətnində ayrıca bənd olmalıdır. Eləcə də Zəngəzur dəhlizinin açılması yolunda yeni-yeni bəhanələr uydurmağa çalışırlar. Əslində, bu məsələ də öz həllini tapacaqdır”.

F.Sadıxov hesab edir ki, Azərbaycanın sülhənailma yönündə fəal və davamlı diplomatik addımları nəticəsində sülh sazişi imzalanacaq: “Hər halda iki ölkə arasındakı münasibətlərdə tam yumşalma mərhələsi gəlməsə də, İrəvan tərəfindən buna aparıb çıxaracaq müəyyən əlamətləri müşahidə etməkdəyik”.

Sülhün ən ideal məkanı – Tbilisi

Son vaxtlar gündəmdə Gürcüstan paytaxtının Bakı və İrəvan arasında sülh sazişinin imzalanması üçün ideal məkan olduğu barədə mülahizələr dolaşır. Rəsmi Bakı bu versiyaya loyal yanaşdığını açıqlasa da, İrəvan hələlik susur.   

Gürcü politoloq Levan Mamaladze Tbilisini Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün ən real məkanlardan biri sayır. O, bunu “report”un yerli bürosuna açıqlamasında deyib: “NATO da Bakı və İrəvan arasında sənədin Tbilisidə imzalanması prosesində fəal rol oynaya bilər. Hərbi alyansın Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina da Azərbaycan və Ermənistan arasında əlaqələrin sülhə doğru getməsini yüksək qiymətləndirib. Tbilisi Bakı və İrəvan arasında sülh sazişinin imzalanması üçün bir məkan kimi hazırlanır. Onun Gürcüstana səfəri Alyansın bu region ilə daha çox maraqlandığını açıq şəkildə göstərir. Gürcüstanın hərbi sistemi NATO standartlarına uyğun çalışır və bu da o deməkdir ki, qonşu dövlətlər də Avroatlantik Alyansla daha sıx əməkdaşlıq etməyə imkan tapacaq”.

Bu cür addımlar atmaqla Gürcüstanın həm də böyük risklərə getdiyinə diqqəti yönəldən L.Mamaladze bildirib ki, hazırda bölgədə baş verənlərin fonunda Moskvanın mövqeyinə diqqət yetirmək lazımdır: “Çünki NATO-nun regionda aktivliyi Rusiyanın maraqlarına ziddir. Belə olan halda Kreml çalışacaq ki, bu əməkdaşlıq mümkün olmasın. Gələn il NATO ilə yeni əməkdaşlığa start veriləcək”.

Qafqazlıların probleminin Qafqazda həll olunmasını daha məqsədəuyğun sayan Bakı indiki mərhələdə hansı platformada və kim tərəfindən təşkil olunacağından asılı olmayaraq, sülh masasına əyləşməyə hazır olduğunu bildirib. Bunu həm də qarşılıqlı etimad mühitinin, ikitərəfli dialoqa səmimi inamın yarandığı mövcud şərait diktə edir.   

İrəvan da etiraf etməlidir ki, son üç ayda sərhəddə, eləcə də iki ölkə arasında müşahidə olunan nisbi sakitliyin əldə edilməsi Azərbaycanın müstəsna xidmətidir. Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi məhz birsutkalıq antiterror tədbirlərindən sonra istər atəşkəsin pozulması, istərsə də bölgədə hərbi təxribatlar törədilməsi üçün heç bir səbəb qalmadı. Hələlik sərhədlər tam müəyyən edilməsə də, şərti təmas xəttində tam sakitlikdir, qoşunlar ölkələrin öz ərazisində dislokasiya olunub. Bu, həm də o deməkdir ki, möhkəm və dayanıqlı sülhün əldə oluanması, Şərqin ən “uzunömürlü” münaqişəsinə son qoyacaq sülh müqaviləsinin imzalanması üçün bütün zəruri şərtlər yetişib.   

İmran BƏDİRXANLI




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

İmran BƏDİRXANLI