USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Revanşist keşiş


https://img.baki-baku.az/news/2023/12/photo_10232.jpg

Din xadiminin vəzifəsi Uca Yaradanın qarşısında daşıdığı ilahi məsuliyyəti dərk edərək, bütün bəndələri dostluğa, mehriban qonşuluğa təşviq və təbliğ etməkdir. Taleyini bu müqəddəs missiyaya bağlamış molla, keşiş, ravvin heç bir halda Tanrıya xoş getməyən söz və əmələ yol verməməli, xüsusilə də, dindən siyasi məqsədlər üçün sui-istifadədən qəti çəkinməlidir. Bu bəşəri dəyərlər bütün səmavi kitablarda təlqin olunur. Adına Allah adamı deyilən din xadimi dünyada, o cümlədən bölgədə sülhə, əmin-amanlığa və tərəqqiyə aparan, xalqların dinc birgəyaşayışına yönəlik siyasi proseslərə yalnız dəstək verməlidir.

Nə yazıq ki, erməni Apostol Kilsəsinin əməlləri nə bu missiyanın müqəddəsliyindən, nə də, ümumiyətlə, din adına savab işlərdən xəbər verir. Bu kilsə otuz il ərzində Azərbaycan ərazilərinin işğalını, erməni vandallarının soydaşlarımıza qarşı törətdikləri qeyri-insanı vəhşilikləri, onların hərbi cinayətlərini, etnik təmizləməni alqışladı. Bir milyon insanın tarixi dədə-baba torpağından zorla çıxarılmasından, qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur qalmasından, Xocalı soyqırımından, 4 minə yaxın itkin düşmüş azərbaycanlının taleyinin bugünədək naməlum qalmasından, ərazilərimizdə kütləvi insan məzarlıqlarının davamlı aşkarlanmasından, münaqişə dövründə və 44 günlük müharibədən sonra erməni quldurların Qarabağda basdırdığı minalar səbəbindən yüzlərlə insanın ölməsindən və şikəst qalmasından Qalstanyanın xəbəri varmı? Əlbəttə ki, var. İşğal dövründə torpaqlarımızda dini-mədəni abidələrimizə qarşı vandalizm halları, alban kilsələrinin mənşəyinin saxtalaşdırılaraq qriqorianlaşdırılması və bu kimi bəşəri cinayətlər barədə eşidibmi? Əlbəttə ki, eşidib. Tanrı adına moizələr oxuyan hay keşiş bu gün də düşmənçiliyi, dini nifrəti və revanşizmi təşviq etməklə məşğuldur.

“Bəli, mən özümü revanşist sayıram və həyatımın son saniyələrinə qədər bu cür yaşayacam”. Erməni Apostol Kilsəsi Tavuş eparxiyasının arxiyepiskopu Baqrat Qalstanyan özünün bazar günü moizəsində belə ərz edib.

*  *  *

Rəsmi İrəvanın da dəstəklədiyi şovinizm, faşizm təmayülləri, revanşizm meyilləri erməni-qriqorian kilsəsinin xislətindədir. Heç şübhə yoxdur ki, Eçmiədzin işğal dövründə üzə çıxmış əldəqayırma “artsax eparxiyasını” qoruyub saxlamaq kimi xəyallara qapılır. Bu isə o deməkdir ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək istəmir. Bunun başqa məzmunda izahı yoxdur. Bəli, revanşist erməni keşişi “fatihə”sini verdiyimiz məlum münaqişənin üzərində avantürist moizələr oxuyur. Yəni, kilsə rəsmi İrəvanın bu gün yeritdiyi siyasi xətti, faktiki olaraq, inkar edir.

Keşiş Qalstanyan moizəsinə bu cür davam edir: “Mənim sözlərim həyatımızın nə ruhani, nə mənəvi, nə də fiziki mənada işğalına yönəlməyib. Həm də sizi daim dizlərimizi qatlamağa və sürünməyə çağırmıram. Əksinə, dik durmaq və Tanrının qarşısında bunları diləmək lazımdır: Ey bizləri xəlq edən! İnancımızı artır ki, Sənin Yer üzünə göndərdiyin tapşırıqlara əməl edə bilək. Mütləq belə düşünməliyik ki, biz ədaləti, həqiqəti bərpa etməklə, qurtuluş yolunu tutmaqla Tanrının əmrlərini yerinə yetirmiş oluruq. Bəli, bu əmrlərdən biri də qisasdır. Məgər evimizi yenidən inşa etməyin başqa üsülü var?”.  

Kor qisasçılığı rəiyyətinə təlqin etməyə girişən keşiş bu zaman riyakarcasına deyir ki, o, nifrəti deyil, sevgini nəzərdə tutur. Guya, məqsədi görüləcək işə sadiqliyi, sonsuz etiqadı, tükənməz ümidləri, fədakarlığı, comərdliyi və xeyirxahlığı təbliğ etməkdir: “Daxili aləmi başayaq olmuş insan rahat yaşaya bilməz. Bizi qınaya bilərsiniz ki, bu barədə çox danışırıq, amma dövran reallığı dəyişmir və getdikcə çətinləşir, hətta, qəlizləşməyə doğru gedir. İntiqam baş verməlidir, çünki bizim həyatımız uğrunda minlərlə insan öz canından keçib”.

Erməni Apostol Kilsəsinin bölgədə sülhün bərqərar olması üçün deyil, qisasçılığı, revanşizmi körükləmək istiqamətində son nəticədə yalnız özlərinə zərər gətirəcək bu cür dini təxribatla məşğul olduğu göz önündədir. Məhz kilsə anti–Azərbaycan kampaniyasının önündə gedərək, məkrli məqsədinə çatmaqdan ötrü beynəlxalq dini platformalardan da sui-istifadə etməyə meyillənir.

Bu məqamda Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin iki ay əvvəl dediyi sözləri yada salaq: “Ermənistan dini liderinin revanşizm siyasəti, erməniləri qarşıdurmaya çağırışına görə hələlik görüşümüz mümkün deyil. Onun əməlləri bu görüşün baş tutmasına imkan vermir”.

Yəni, QMİ sədri bildirib ki, erməni katolikosu revanşizm siyasətindən əl çəkəcəyi təqdirdə görüş baş tuta bilər.

*  *  *

Xütbəsində bir neçə il bundan əvvəl “artsax”da kiçikdən böyüyə hamının xoşbəxt yaşadığını və daim Tanrıya ibadət etdiklərini xatırladan arxiyepiskopun kütləşmiş yaddaşına onun rəiyyətinin Qarabağda törətdiyi dinsizliyi necə salmayaq? Allahın evinin daşını daş üstündə qoymayan, məscidlərimizi donuz tövləsinə çevirən hayların keşişinin “müqəddəs kitaba” istinadla dediklərinə fikir verin:

“Bizim üçün həmin dövr şirin azadəliyin fəth olunduğu günlər idi və elə də qalmalıdır. Əlindən qələbə və intiqam buyruğunu təhvil aldığımız İsa Tanrımız müqəddəs kitabda deyir ki, Mənim qəzəbim özünü çox gözlətməyəcək. Yalnız siz özünüzü dəyişdirməli və geri qayıtmalısınız. Bizim doğma evimizin bərpası isə hər birimiz üçün gündəlik qayğıya çevrilməlidir”.

Hər şeydən göründüyü kimi, həm Eçmiədzin, həm də Kilikiya kilsələrinin dini başbilənləri erməni xalqını qisasçılığa, yeni müharibəyə ruhlandırırlar. Bununla da kifayətlənməyib, Ümumdünya Kilsələr Şurası platformasında xristian təəssübkeşliyi amilindən sui-istifadə edərək, Azərbaycan əleyhinə bəyanatların verilməsi, sanksiyaların tətbiq edilməsi üçün dəridən-qabıqdan çıxırlar.

Qriqarian din xadimlərinin Qarabağda yaşamış ermənilərin üzərindən separatizm xarakterli dinsiz fəaliyyəti bütün bölgə üçün təhlükədir. Bakı həmin ermənilərə tolerant Azərbaycanın multikultural cəmiyyətində layiqli yerlərini tutmağa dəfələrlə çağırış edib. Əgər onlar da arxiyepiskop Baqrat Qalstanyan kimi, Azərbaycan dövlətinin zəmanət verdiyi bu prosesdən yan keçib, revanşist xəyallara qapılacaqlarsa, bu halda daha betər duruma düşməmələri üçün indidən dua etsinlər.

İ.HƏSƏNQALA




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

İmran BƏDİRXANLI