USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Cənablar, bitməyən müharibə, qurtarmayan münaqişə olmur

Yaxud Sosun “SOS”u ermənilərə düşmənçilikdir


https://img.baki-baku.az/news/2023/12/photo_10230.jpg

Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində bütün bədxahlarını mat qoyan Qələbə qazandı. Həmin qələbədən beş-altı ay əvvələdək Azərbaycanı yeni müharibələrlə hədələyən Ermənistan rəhbərliyi ağ bayraq qaldırmağa, təslim aktını imzalamağa məcbur olsa da, bəzi anti-Azərbaycan və anti-türk siyasi dairələr həmin reallıqları qəbul etmədiklərini bildirdilər. Çünki bu münaqişənin məhz “onların əli ilə” başa çatmasını istəyirdilər. Dünyanın müxtəlif yerlərindən “xoruz banları” gəldi ki. münaqişə hələ tam həll edilməyib. Biz həmin vəziyyəti səbrlə izlədik.

                                                 ***

2020-ci ilin noyabrındakı üçtərəfli Bəyanatın müddəalarını icra etməkdən yayınan Ermənistan rəhbərliyinə 2023-cü ilin sentyabrında (yəni üç il səbr etdikdən sonra) cəmi 1 sutkaya başa saldıq ki, bizimlə zarafat etmək olmaz. O zaman qorxuya düşən İrəvandan Xankəndiyə tapşırıq gəldi ki, “Artsax respublikası” özünü buraxsın. Buraxdılar. Ondan sonra separatçıların bəziləri Bakıya gəlməli olsa da,  əksəriyyəti başqa ölkələrə getməli oldu.Yəni bu proseslər vəziyyəti real qiymətləndirməyi bacaran İrəvanın və Xankəndinin qəbul etdiyi qərarlar əsasında davam etdi. Amma bu dəfə də Avropa və Amerikanın müxtəlif şəhərlərindən bayquş ulartısını eşitdik. Yenə dedilər ki, münaqişə bitməyib. Yəni Cənubi Qafqaza burun soxmaq istəyənlər hələ də bu çirkin əməldən il çəkmədiklərini gizlətmədilət. Azərbaycan bu dəfə də təmkin nümayiş etdirdi.

                                                   ***

2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezidenti Administrasiyası və Ermənistan Respublikası baş naziri Aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməninin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olundu. Bu razılıq uğurla icra ediləndə Ermənistanın tamamilə məhv edilməsinə çalışanlar yenə də ortaya saxta iddia atdılar ki, bu addım ermənilərin mənafeyinə cavab vermir. Guya, münaqişə Bakı ilə İrəvan arasındakı razılaşmalarla deyil. Dünyanın hansısa uzaq xarabalarından gələn tövsiyələrlə həll edilməlidir. Bu dəfə də Ermənistanda bəzi adamları çaşdıra bilsələr də, Azərbaycan həmin hay-küyə səbr və təmkinlə cavab verdi.

                                            ***

2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan baş naziri aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürüb.

                                          ***

Son günlər kütləvi informasiya vasitələri Ermənistan rəhbərliyinə istinadən xəbər verdilər ki, Ermənistan Respublikası xoş niyyətin təzahürü olaraq, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan və Ermənistan ümid edirlər ki, Şərqi Avropa qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcəklər. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa qrupundan COP-un büro üzvlüyünə namizədliyini dəstəkləyir”.

Yəni, münaqişənin bitməsinə doğru daha bir addım atılmış oldu. Ancaq bu addım da qaragüruhçuların, “Parçala, hökm sür!” siyasətindən əl çəkə bilməyənlərin xülyalarını param-parça elədi və ona görə də bilavasitə Qərbdən qidalanan siyasətçilər bu humanist addıma da “qara don” geyindirməyə çalışdılar. Bir ayağı Parisdə, bir ayağı Vaşinqtonda, o biri “ayaqları”o biri şəhərlərdə olan   Ermənistanın “Vətən” partiyasının təmsilçisi Sos Akopyan “sos” siqnalı səsləndirdi ki, Paşinyanın məntiqi Ermənistanı məhvə aparır: “ O, ölkənin suverenliyini, həm cəmiyyətin, həm də dövlətin təhdidlərə qarşı durmaq qabiliyyətini aşağılayır. Bundan əlavə, acınacaqlı vəziyyətdəsinizsə və danışıqlar prosesində daim geri çəkilirsinizsə, o zaman qarşı tərəf daim irəliləyəcək. Buna görə regionda ölkələr arasındakı ərazilər uğrunda mübarizənin dayanacağını xəyal etmək və ya bunu ümid etmək dövlət adamı üçün təkcə sadəlövhlük deyil, həm də cinayətdir”.

Fikrimizcə, cənab Sos Akopyan anlamamış deyil ki, tarixdə bitməyən müharibə, başa çatmayan  münaqişə, sülh danışıqları ilə yekunlaşmayan qarşıdurma yoxdur. Sülhə, barışığa, qarşılıqlı faydalı əməkdaşlığa çalışan siyasətçilər,  dövlət başçıları və dövlətlər təkcə öz maraqlarının qorunmasına  deyil, əslində, regionun və dünyanın maraqlarının təmin olunmasına şalışırlar.

Bu humanist addımlara badalaq qurmaq istəyənlər isə məhz öz maraqları naminə xalqları və dövlətləri düşmən etməyə çalışanlardır. Necə ki, həmin qüvvələrin fitvası ilə son otuz ildə Azərbaycan ərazilərinin 20 faizi viranəyə çevrilmiş, Ermənistan iqtisadiyyatı çökmək ərəfəsinə gətirilmiş, rəsmi İrəvan gündən-günə pisləşməkdə olan demoqrafik problemin əsirinə çevrilmişdir. Ancaq mövcud reallıqları qəbul edərək sülhün bərpasına razı olsalar onda Ermənistan da məhz hər bir erməni fərdinin arzuladığı tərəqqi və inkişaf yoluna çıxa bilər.

İndi söz idraka, kamala, əqlə, təfəkkürə əsaslanan ermənilərindir. Özləri bilərlər!

İttifaq MİRZƏBƏYLİ




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

İttifaq MİRZƏBƏYLİ