USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Çağırışlar üzərindən üslub oyunu

Kremlin İrəvana tərs mesajları


https://img.baki-baku.az/news/2023/12/photo_10202.jpg

Dünyanın nizamının pozulduğunun, qütblərin yerdəyişməsinin şahidi olduğumuz təbiətdə və beynəlxalq müstəvidə bəziləri buna qədərki maraq və prinsiplərindən əl götürmədiklərini nümayiş etdirməkdən belə çəkinmirlər. Belə münasibət dünyanın heç də ədalətsizlik üzərində qurulmadığını isbatlayan, haqlı olduğunu əyani şəkildə aləmə yayan sivil, demokratik quruluşlara qarşı da sərgilənir. Ötən minillikdən qalmış idarəetmə üsullarından, münasibətlər kompleksindən əl çəkməyə tələsməyən “böyüklər” hətta öz aralarında döyüşəndə belə bunun fəsadları kiçiklərdən də yan keçmir. Bəli, mövcudluq limiti tükənmişlərin “aqoniyası” bəzən ağrılı olur və uzun çəkir. Nə olar, bunu da yazaq “keçid dövrü”nün ayağına.

Fövqəladə hadisəni Bakı yaradıb     

“Ermənistanda Qarabağla bağlı çətin proseslər gedir. Qarabağdan imtina edən biz deyildik. Bu torpaqların Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu Ermənistan tanıyıb. Bunu bəyan edərkən Rusiyaya məlumat verilməyib”. Vladimir Putinin illik mətbuat konfransında dilə gətirdiyi bu fikirlər kənar skeptiklərdə maraqlı və əndişəli düşüncələrə zəmin yarada bilər. Yəni, Kreml sahibinin məntiqindən həm də belə qənaət hasil ola bilər ki, əgər İrəvan Qarabağdan imtina etməsəydi, Rusiya Azərbaycana özünün tarixi ərazisi üzərində suverenliyini, Konstitusiya hüququnu bərpa etməsinə imkan verməyəcəkdi? Bu, Qarabağ mövzusunda Rusiya Prezidentinin oxşar üslubda və siyasi məntiqdə ilk açıqlaması deyil. O, hər dəfə “Ermənistan Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığını etiraf edib” fikrini elə linqvistik formada ifadə edir ki, sanki heç kimin gözləmədiyi fövqəladə hadisə baş verib. Fövqəladə hadisəyə 2023-cü il sentyabrın 19-20-də şanlı ordumuz öz imzasını atdı. Azərbaycan bir sutkalıq antiterror tədbiri ilə təkcə Qarabağımızda deyil, bütün Cənubi Qafqazda separatizmin mövcudluğuna son qoydu. Yəni, bundan sonra hayların nə Xankəndidəki qondarma respublikasından, xunta rejimindən, nə də “dqr”ın hansısa atributundan əsər-əlamət qaldı. Məhz bundan sonra Ermənistan hakimiyyətinin sülhə ikitərəfli dialoqla gəlməyin mümkünlüyünə loyallığı müşahidə olundu. Amma, o da məlumdur ki, tərəflər sülh danışıqlarının vasitəçisiz aparılması ilə bağlı siyasi iradə ortaya qoyanda, Brüssel və Vaşinqton kimi, bundan Moskvada ciddi əndişələnməyə başladı.        

Oyunun qaydalarını kim pozur?

Ermənistan 44 günlük müharibədə uduzub və məğlub tərəfin baş naziri düşdüyü hərbi-siyasi situasiyaya adekvat olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımaq məcburiyyətində qalıb. İndi Bakının tarixin arxivinə göndərdiyi münaqişənin, guya, başa çatmadığını bəyan edən Putin sanki sadəcə arxada buraxılan həmin mərhələ üzərində söz oyunu aparırmış kimi davranır. Belə deyilsə, onda onun “Ermənistanda Qarabağla bağlı çətin proseslər gedir” ikibaşlı və müəmmalı açıqlamasını necə başa düşmək olar?

Aydın məsələdir ki, rəsmi Moskvanın bu kimi bəyanatları verməkdə məqsədi üzünü ondan döndərib Qərbə tutmağa meyilli İrəvana indiki mərhələdə diplomatik üslubda dərs verməkdir. Kremlin Ermənistan hakimiyyətinin üzərinə siyasi ritorikalı “linqvistik hücumlarının” nə ilə nəticələnəciyi isə yaxın gələcəkdə görəcəyik. Burada söhbət şimal qonşumuzun qüsuru kimi sadəcə oyunun qaydalarını pozmasından gedə bilər. Axı Bakı ABŞ-a, Fransaya inandığı kimi, ATƏT-in Minsk qrupunun üçüncü həmsədri Rusiyanın da Qarabağ “səmimiyyətinə” on illər boyu şübhə etməmişdi.                                              Əslinə qalsa, Rusiya təkcə ermənilərin qarşısında deyil, bütövlükdə, Qafqazda bir sıra problemlərin yaranmasında qəbahətlər işlədib. Dünən bunu görməzdən gələnlər bu gün açıq mətnlə Kremlə etiraz səslərini çatdırırlar.               

Təhlükəli və riskli addımlar

Kremlin eyni siyasi ritorikasını Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovadan jurnalsitlər üçün keçirdiyi ənənəvi həftəlik brifinqində də eşitdik.

“Rəsmi Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il, 31 oktyabr 2022-ci il tarixli bəyanatlarından ibarət üçtərəfli sazişlər kompleksindən imtina etmək cəhdlərini təhlükəli hal hesab edir. Ermənistanla Azərbaycan arasında hələlik sülh müqaviləsinin olmadığını nəzərə alaraq, biz bu mühüm sənədləri inkar etmək cəhdlərini son dərəcə təhlükəli hesab edirik”, – deyən M.Zaxarova belə bir addımın ilk növbədə Ermənistanın özü üçün ciddi risklərlə nəticələnəcəyinin qaçılmaz olacağını bəyan edib.

Rusiya xarici diplomatiya idarəsinin təmsilçisi diqqəti Qərbli “psevdovasitəçilərin” vasitəçilik missiyalarının heç bir fayda verməyəcəyinə yönəldir: “Rusiyadan fərqli olaraq, ABŞ və Aİ heç də Ermənistana və Cənubi Qafqazın digər ölkələrinə sülh və sabitlik gətirməyə çalışmırlar. Onların əsas məqsədi bizi və digər regional oyunçuları Balkanlar, Yaxın Şərq və Ukraynadan sonra yeni bir gərginlik mənbəyi yaratmağa çağırmaqdır”.

Sadaladığı sənədlərdə boynuna götürdüyü öhdəliklərdən “imtina cəhdlərinin ciddi risklərlə nəticələnəcəyini” – deyərkən M.Zaxarova, əslində, Bakı və İrəvan arasında sülh danışıqlarında əsas vasitəçi kimi Moskvanın mövqeyinin nəzərə alınmasının vacibliyini nəzərə çatdırır.  

Türkiyə ilə bərabər Avropaya

Aydındır ki, Bakı və İrəvan öz aralarında “tet-a-tet” formatda danışmağa razılığıa gəlsələr də, Qərb sülh prosesinin Vaşinqton və Brüssel platformalarında davam etdirilməsi istəyindən əl çəkmək istəmir. Dünən Vaşinqtondan, bu gün Moskvadan Azərbaycan və Ermənistan XİN başçılarının vasitəli görüşlərə dəvət olunmaları da onların uğursuz missiyalarını yenidən dövriyyəyə salmaq cəhdlərindən başqa bir şey deyil. Açıq büruzə verməsə də, İrəvan da sülh müzakirələrinin kənar aktorların – ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə aparılmasını arzulayır.

Qarabağ münaqişəsinin nizamlanması üçün uzun müddət Qərb platformasından istifadə edən Azərbaycan üçün isə mövcud şəraitdə bu masa artıq sərfəli deyil. Çünki Bakının bu platformasında əldə edə biləcəyi heç nə qalmayıb. İndi bu platformalarda sülh sazişinə salmağa və müzakirəyə çıxarılmağa çalışılan məsələlər məhz İrəvanın arzu və istəyinə uyğundur. Burada isə kommunikasiyanın qarşılıqlı açılması mövzusu önə çəkilir.

Baki İrəvanla vasitəçisiz, birbaşa dialoqun tərəfdarı olduğunu bəyan edib. Amma onu da yaxşı anlayır ki, Aİ ilə münasibətlər baxımından Qərb platformasından tamamilə imtina da düzgün siyasi gediş sayıla bilməz. Azərbaycan məhz buna görə danışıqlar masasında Türkiyənin təmsilçilik məsələsini irəli sürür. Bu mövqeyi iki gün əvvəl Bakıda rəsmi səfərdə olan qardaş ölkənin XİN başçısı Hakan Fidanla görüşündə onun azərbaycanlı həmkarı Seyhun Bayramov bir daha açıqlayıb. Bakının Qranada görüşündən məhz Türkiyənin iştirakı qəbul olunmadığına görə imtina etməsi bütün tərəflərə məlumdur. Yəni, Qərb Bakının bu tələbindən xəbərdardır. Ola bilsin ki, sülh danışıqlarının həmin platformalarda davam etdirilməsi zərurəti yaranarsa, Bakı Vaşinqton danışıqlarının Azərbaycan–Türkiyə-ABŞ–Ermənistan, Brüssel təmaslarının isə Azərbaycan–Türkiyə–Avropa İttifaqı–Ermənistan formatında aparılması şərtini irəli sürsün.

Bu gün tam şəffaf, balanslı siyasət yürüdən, dediyi sözün arxasında duran Azərbaycanın bu şərtinin qəbul ediləcəyinə hamıdan çox yenə Moskva heyrətlənəcək.   

İmran BƏDİRXANL

Ekspert rəyi

Tofiq Abbasov, politoloq:

Əgər gücün yoxdursa, sən bu gün dünyada heç kimsən. Reallığı bu meyarla dəyərləndirənlərdən biri də Rusiya lideridir. Əlbəttə, bu məsələyə yanaşmada digər güclər kimi, Putinin də rolu olub, indi də var. İki gün əvvəlki məlum çıxışında da bunu nümayiş etdirdi. İrəvana xitabən dedi ki, siz Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdınız, indi bizdən nə istəyirsiniz? Mahiyyət budur. Amma biz məsələnin təkamül prosesinə diqqət yetirsək, görərik ki, bəli, bu nöqtəyə çatmaqda Azərbaycanın mətnliyi, mübarizliyi əsas rol oynayıb. Həmin dinamika, eyni zamanda üçüncü tərəflərin, böyük güclərinin riyakarlığının, təxribatyönlü siyasətinin göstəricisidir.

Münaqişənin dinc yolla həlli prosesində Rusiyanın da böyük günahları olub. Elə 2020-ci ildə qazandığımız Zəfərdən sonra Qarabağın status məsləsini sonrakı mərhələyə saxlamağa çalışan həmin Putin deyildimi? Məgər onun statusla bağlı Azərbaycan Prezidentinin birmənalı açıqlamarından xəbəri yox idi? Əlbəttə var idi. Bəs Ruben Vardanyan kartını ortaya kim çıxarmışdı? İndi isə öz mövqeyini malalamaqla məşğuldur. Görəndə ki, Ermənistan ondan imtina edir, çarəsizlikdən belə xəbərdarlıqlar göndərir.

Beynəlxalq müstəvidə, Avropada, AŞPA-da, digət platformalarda Azərbaycan Rusiyanın mövqeyini çox dəstəkləyib. Ən azı bunlar nəzərə alınmalıdır.          

Asif NƏRİMANLI, siyasi şərhçi:

Rusiya lideri Vladimir Putinin Qarabağla bağlı məlum açıqlaması, hesab edirik ki, məsuliyyəti Ermənistan hakimiyyətinin üzərinə qoymaq gedişidir. Ona görə ki, Azərbaycanın Qarabağda erməni separatizminə son qoymasından və suverenliyimizin bərpa edilməsindən sonra İrəvan–Moskva xəttində “günahkar kimdir?” qarşdurmasına start verilib. Kreml rəsmiləri bu məsələdən Ermənistan daxilində Nikol Paşinyana qarşı çıxan müxtəlif siyasi qüvvələrin, xüsusilə də narazı elektoratın çoxaldılması məqsədilə istifadə etməyə çalışır. Eyni zamanda, Paşinyan da əks-gedişlər edərək, oxşar ittihamları Rusiyanın özünə qarşı yönəltməklə məşğuldur. V.Putinin mətbuat konfransında Qarabağla bağlı sual doğuran açıqlaması da məhz buna hesablanıb.

Doğrudur, bu aspektdə “Ermənistanın Qarabağla bağlı mövqeyi dəyişərsə, Rusiya onu dəstəkləyə bilər” kimi təhlükə elementi də görünür. Fəqət, belə bir təhlükə bölgədə separatizmin ləğv edilməsinə qədər aktual sayılırdı. Amma, fikrimizcə, bundan sonra kənar aktorların Qarabağ iqtisadi rayonumuzda suverenliyimizə qarşı təhlükə yaratmaq şansları sıfıra bərabərdir. Bu baxımdan, Putinin Qarabağla bağlı sözləri Moskva–İrəvan qarşıdurmasının tərkib hissəsi kimi nəzərdən keçirilməlidir.




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

İmran BƏDİRXANLI