- Daxili siyasət
- 09:37 20.09.2024
Ermənistan ideoloqlarının öz ölkələri və haylar haqqında yaratdığı çoxsaylı miflər Azərbaycan əsgərinin çəkmələri altında heç-puç olduqdan sonra daha kimsə o rəvayətlərə inanmır. Ancaq mən işğalçı qonşumuzun hazırkı durumu barədə düşünəndə qədim yunan əsatirlərindəki “Axillesin dabanı”nı xatırlayıram.
Azərbaycan Ordusunun bu ilin sentyabrında reallaşdırdığı 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin məlum nəticələrindən sonra regionun (bəli, təkcə Azərbaycanın yox, məhz regionun) kütləvi informasiya vasitələrində “Fransa 6-cı Paris Sülh Konfransı keçirildiyi gün Ermənistana silahlar göndərdi”, “Azərbaycan Fransanın Ermənistana silah satmasından narazıdır”, “Fransanın hərbi texnikası Gürcüstandan keçərək Ermənistana doğru hərəkət edir”, “Parisin Ermənistana silah göndərməsinə Ankaranın münasibəti necə olacaq?”, “Fransanın Ermənistanda möhkəmlənmək istəyi Kremlə təzyiqdirmi?”, “Rəsmi Bakı Ermənistanın yenidən silahlandırılmasını təmkinlə izləyir” və digər bu kimi sərlövhələrə, az qala, hər gün rast gəlirik.
Bütün bunları eşidəndə Axillesin məğlubedilməz, cəsarətli obrazı yada düşür. Rəvayətə görə, qəhrəmana atılan oxların heç biri ona zərər vurmurmuş. Çünki, anası Fetida (oxu: Ermənistanın bacısı Fransa) Axillesi məğlubedilməz görmək istədiyindən, övladını müqəddəs sayılan Stiks çayının (oxu: Notr Dam kilsəsinin) suyuna salır, amma bu zaman oğlunun daban nahiyyəsindən tutduğundan, su dəyməyən o nahiyə qorunmurmuş.
Əsatirdə deyilir ki, Axillesin tərbiyəçisi kentavr Xiron (Ermənistanı bəsləyən kentavrların sayını heç İrəvanda da bilmirlər) onu şir, ayı və qabanların daxili orqanları ilə bəsləyir (oxu: Qarabağ və Şərqi Zəngəzurun bütün naz-nemətləri ilə), musiqi alətində çalıb oxumağı (oxu: Qarabağda yallı getməyi) öyrədirmiş. Ona görə də Axilles qorxubilməz döyüşçü kimi boya-başa çatıb. Yəni, Azərbaycan ərazilərinin 20 faizini otuz il işğal altında saxlayıb...
Nəhayət, döyüşlərin birində (oxu: İkinci Qarabağ müharibəsində) rəqibi Axillesi öldürməyi bacarır. Qədim əsatirdə onu öldürən cəngavərin adı Paris idi. İndiki qalib cəngavər isə Azərbaycan əsgəridir. Ancaq bu, o demək deyil ki, mifik qəhrəmanın indiki acı aqibətində Parisin rolu olmayıb. Olub. Həm də lap çox. Çünki Qərb paytaxtları, xüsusən Paris Ermənistana “Qorxma, qorxma!” – deyərək, onu rüsvayçı məğlubiyyətə sürükləyirdi. Hazırda Fransanın bu oyuncaq dövləti yenidən silahlandırması isə Ermənistanın tamamilə məhvini reallaşdıra bilər.
Bir neçə gün əvvəl İrəvandan xəbər gəldi ki, Ermənistan məhkəməsi bu ilin aprelində namünasib hava şəraitində azaraq onlar tərəfə keçmiş və saxlanılmış Azərbaycan əsgərinə ömürlük həbs cəzası verib. O zaman, az qala, xalqımızın hər bir fərdinin ürəyində inam yaranmışdı ki, nəyin nə zaman və necə edilməsini hamıdan yaxşı bilən Prezident, Ali Baş Komandan İlham Əliyev məsələnin belə qalmasına imkan verməz. Elə də oldu. Azərbaycanın lideri Axillesin dabanını necə nişan aldısa, əsgərimizi böyük məmnunluqla gətirib özümüzə təhvil verdilər. Üstəlik, elan etdilər ki, yaxın günlərdə sülh sazişinin imzalanmasına hazırdırlar. Hazırlaşsınlar. Ümid edək ki, nəhayət sülhün hamıdan çox özlərinə lazım olduğunu anlayıblar. Özlərini yaxşı aparsalar, inanarıq da...
İttifaq MİRZƏBƏYLİ