- Daxili siyasət
- 09:37 20.09.2024
Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsinin bərpasına hazırdır. Belə bir fikri baş nazir Nikol Paşinyan dənizə çıxışı olmayan ölkələrin İrəvanda keçirilmiş nazirlər görüşünün açılışında səsləndirib. Bu yerdə atalarımız yaxşı deyiblər ki, avazın yaxşı gəlir, oxuduğun Quran olsa.
Məsələ ondadır ki, ölkəsinin Azərbaycanla dəmir yolu əlaqəsinin bərpasında, hətta əvvəlki dəmir yolu xəttinin yenidən işə salınmasında maraqlı olduğunu vurğulayan erməni hökumət rəhbəri yenə köhnə məsələləri gündəmə gətirib. Onun nələri dediyini diqqətə çatdıracağıq. Hələlik isə Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumdakı çıxışının bəzi məqamlarına nəzər salaq.
Dövlətimizin başçısı bildirmişdi ki, Azərbaycanın Naxçıvana asan çıxış yolu olmalıdır: “Ermənistanın hazırda iki variantı var. Birincisi, öz xərcləri, yaxud da Avropa fondlarının pulu ilə dərhal 42 kilometrlik məsafədə dəmir yolu çəksinlər. Biz bunu, əslində, onların suveren ərazisi hesab edirik və suverenliklə bağlı bizim şərtimiz yoxdur. Lakin Azərbaycandan Naxçıvana asan çıxış olmalıdır. Bununla bağlı hansısa gömrük yığımı, yoxlamalar, sərhədçilərin prosedurları olmalı deyil. Bu, bizim legitim hüququmuzdur”.
Göründüyü kimi, Azərbaycan Prezidenti məsələni qəti şəkildə qoyur – Naxçıvana Azərbaycanın yolu olmalıdır. Bəs, N.Paşinyan nə deyir və nəyə görə onun, obrazlı desək, yaxşı avazla oxuduğu Quran deyil? Daha doğrusu, Nikolun qabartdığını bildirdiyimiz köhnə məsələ nədir?
Nəqliyyat kommunikasiya əlaqələrinin təkcə avtomobil yolu ilə hərəkət və yük daşımaları baxımından deyil, eyni zamanda, regional sabitlik və təhlükəsizlik nöqteyi-nəzərdən əhəmiyyətindən söz açan N.Paşinyan region xalqları arasında iqtisadi əməkdaşlığın genişlənməsi faktoruna diqqət yetirir və mövzunu ən yaxşı bildiyi məsələyə – “Dünya kəsişməsi”, yaxud “Dünyanın kəsişməsi” layihəsinə bağlayır. Məlumdur ki, xəstə doğulmuş uşağa bənzəyən bu ideya Azərbaycanın Zəngəzur dəhlizi məntiqinə qarşı çıxmaq üçün ortaya atılıb.
***
İrəvanın kapitulyasiya aktı olan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının 9-cu bəndində ölkəmizin digər rayonlarını Naxçıvanla birləşdirən yoldan söhbət açılır. Mövcud xüsusda bildirilir ki, Ermənistan həmin yolun açılmasına təminat verməli, Rusiyanın Federal Təhlükəsizlik Xidməti isə yolda təhlükəsizliyi qorumalıdır. Lakin Paşinyan iqtidarı bu öhdəlikdən yayınır. Əslində, “Dünya kəsişməsi” layihəsi də bunun göstəricisidir. Nikol və komandası bölgədə yeni reallıqlar formalaşdırmağa çalışır. Bu yerdə yenə də Prezident İlham Əliyevin sözügedən forumdakı çıxışına müraciət edək: “Mən Ermənistanın baş nazirindən dəfələrlə soruşmuşam ki, onlar nəyə görə üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər? Doqquzuncu maddəyə (2020-ci il 10 noyabr tarixli Bəyanatın – red.) uyğun olaraq, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqə yaradılmalıdır. Orada, həmçinin qeyd olunub ki, nəzarəti kim təmin edəcək və Paşinyanın özü bunu imzalayıb. İndi isə bu, artıq mümkün deyil. Nə həmin marşrut var, nə də Rusiyanın iştirakı. Yəni, əslində, bu, hüquqi baxımdan artıq qüvvəsini də itirmiş kimidir. Çünki öhdəlik var, amma onlar öhdəliyi yerinə yetirmirlər”.
Qeyd edək ki, Azərbaycan Prezidenti Ermənistanın qəbuledilməz yanaşmasından sonra ölkəmizin Naxçıvanla əlaqə yaradılması, Naxçıvan vasitəsilə Türkiyəyə çıxış üçün İran tərəfi ilə keçidin inşasında razılığa gəlindiyini vurğulayıb. Mövcud istiqamətdəki detallara toxunan ölkəmizin lideri deyib ki, Ağbənd kəndində (Zəngilan – red.) avtomobil nəqliyyatı üçün körpünün təməlqoyma mərasimi keçirilib, sonra dəmir yolu nəqliyyatı üçün körpü də inşa ediləcək. Bütün bunların fonunda isə itirən tərəf Ermənistan olacaq. Çünki İran ərazisindən Naxçıvana yol nəinki “Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantını təmin edəcək, əslində, beynəlxalq daşımalar dəhlizinə çevriləcək. Bu o deməkdir ki, Azərbaycan ilə Türkiyə arasında bağlantı yaradılır. Ermənistan özünü bundan məhrum etdi, həmçinin Azərbaycanla bütün digər kommunikasiyaların açılmasından məhrum edir”.
Bəli, Prezident İlham Əliyev məsələnin bu kontekstdəki qoyuluşunda da kifayət qədər qətiyyətlidir. Bu cür konkretlik qarşılığında N.Paşinyan dənizə çıxışı olmayan ölkələrin nazirlər görüşündəki nitqində, sanki regionda virtual gəzintiyə çıxırmış kimi danışır. Amma o, fərqində deyil ki, mahiyyətdən uzaqlaşmaq Ermənistanın nəinki dənizə çıxışını məhdudlaşdırır, eyni zamanda, ölkənin hazırkı təcrid durumunu dərinləşdirir, qaçılmaza çevirir.
***
Əlbəttə, Paşinyan “Dünya kəsişməsi”ndən danışmaqla, xaricdəki havadarlarına güvəndiyini göstərir. Nəzərə alaq ki, Azərbaycan liderinin məlum toplantıdakı çıxışı həm də həmin havadarlara mesajdır. Belə ki, Nikol Paşinyanla Brüsseldə müzakirə edilən məsələlərdən birinin Rusiyanın Kalininqradla dəmir yolu xətti təcrübəsinə əsaslandığını vurğulayan dövlətimizin başçısı Ermənistanın bunu istəmədiyini bildirib və aşağıdakı fikirləri diqqətə çatdırıb: “Onlar istəyirlər ki, bizə bu çıxış verilməsin, onun qarşısı alınsın. Onlar gördülər ki, biz bunu etmirik, başladılar şikayətlə çıxış etməyə. Beləliklə, biz Dövlət Departamentinin rəsmisindən müəmmalı bəyanat eşitdik. Birləşmiş Ştatlar qeyd etdi ki, əgər bu, Ermənistandan keçməsə, onlar buna imkan verməyəcəklər. Biz də öz-özümüzə sual veririk, bu nə deməkdir? Çünki biz bunu Ermənistana 3 il idi ki, söyləyirdik. Əgər istəyirsinizsə ki, bu, Ermənistan ərazisindən keçsin, onda bunu erməni dostlarınıza deyin. Siz İranla münasibətlərimizə necə müdaxilə edə bilərsiniz? Yəni, onlar deyirlər ki, biz buna icazə verməyəcəyik, imkan verməyəcəyik. Bu, necə olar bilər? Belə məsuliyyətsiz bəyanatlar bu və ya digər tərəfə yaxşı töhfə vermir. Əfsuslar olsun ki, bu, əslində, sabitliyi, regiondakı proqnozlaşdırmanı daha da çətinləşdirir, o cümlədən bağlantı layihələrinə də təsir göstərir”.
Belə qənaətə gəlmək mümkündür ki, Paşinyanın təbirincə desək, Ermənistan dünyanın qovşağında olub şimal-cənub və şərq-qərb oxu boyunca digər ölkələri birləşdirə bilməyəcək. Onun yeganə şansı ölkəmizin şərtlərini qəbul etməkdir. Ancaq nəzərə alsaq ki, artıq İranla Naxçıvana gedən yol xüsusunda razılaşma var, o zaman İrəvanın regional kommunikasiyalardan istifadə imkanlarını əldən buraxdığını söyləmək mümkündür. Bəli, erməni baş nazir yenə “Dünya kəsişməsi”ndən dəm vurursa və inad edirsə, deməli, ölkənin təcriddən xilas şansı yoxdur. Azərbaycan, hər bir halda, Naxçıvana quru yolunu əldə edəcək.
Ermənistan təcriddə qalır ona görə ki, köhnə havalarda olan N.Paşinyan özünün “Dünya kəsişməsi” üçün formul da müəyyənləşdirir. O, hər bir ölkənin dövlət qurumları vasitəsilə öz ərazisində bütün infrastruktur üçün sərhəd, gömrük nəzarəti yaratmasından və bu kommunikasiyaların təhlükəsizliyini təmin etməsindən söz açır. Yəni, bu, o deməkdir ki, Azərbaycanın Naxçıvana haqqında söz açdığımız asan yol məntiqini nəzərə almır. Bu yerdə erməni baş nazirin “Dünyanın kəsişməsi” layihəsinin həm Ermənistanın, həm də Azərbaycanın dənizə çıxış imkanlarını genişləndirəcəyi və multimodal yüklərin daşınması üçün daha geniş imkanlar yaradacağı ilə bağlı bildirdikləri mənasız söz yığınından başqa bir şey olmur.
***
Ancaq yekunda N.Paşinyanın bir mənada haqlı olduğunu vurğulayaq. O, “Dünya kəsişməsi” nağılının ayrı-ayrı səhifələrindəki xoşbəxt gələcək səhnələrinin təsvirindən danışıb belə qənaətə gəlir ki, sadaladıqları Azərbaycanla sülhün yaranması nəticəsində mümkündür. “Əsas məsələ sülhün nə dərəcədə mümkün olması və bunun hansı prinsiplər çərçivəsində baş verməsidir”, - deyən erməni baş nazir, çox güman, Naxçıvana yolun Azərbaycan məntiqinə qarşı çıxmaqla, elə sülhün hazırda mühüm əhəmiyyət daşıyan bir vacib komponentini düşünmədiyinin fərqindədir. Ancaq sülhün digər vacib komponenti də var ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına noyabrın 23-dəki müsahibəsində söz açmışdı. Dövlətimizin başçısı bildirmişdi ki, vaxtilə “Qarabağ Ermənistandır” deyən N.Paşinyan indi “Qarabağ Azərbaycandır” deyirsə, yanaşma tam olmalıdır: “...lakin hazırda “Qarabağ Azərbaycandır” dedikdə, onlar gərək bunun altında öz imzasını qoysunlar və biz bunu gözləyirik”.
Göründüyü kimi, N.Paşinyan, el misalımızda deyildiyi kimi, arxı keçməmiş “hop” eləməklə məşğuldur. Onun Azərbaycanla dəmir yolu əlaqəsinin bərpasından danışması yalnız görüntü xarakteri daşımaqdadır. Nikolun “Cənubi Qafqaz platformasında xalqların parlaq, xoşbəxt gələcəyi”ni “Dünya kəsişməsi” ilə əlaqələndirməsi və yekunda bütün bunların baş verməsinin Azərbaycanla sülhdən asılı olduğunu vurğulaması, ölkəmizin mövqeyini heçə saymaqdır. Erməni baş nazirin məntiqi həm də dolayısı ilə Azərbaycanı sülhün olmamasının səbəbkarı kimi təqdim etmək cəhdidir. Beləliklə Ermənistan rəhbərliyi özünü mütərəqqi göstərməklə, reallıqlardan uzaqlaşmaq xəttini seçir. N.Paşinyanın yanaşması isə yalnız bitlə bağlı mövzunu mənimsəyən tələbənin imtahanda itlə, pişiklə və nəhayət balıqla bağlı sualları bitin üzərinə gətirmək cəhdindən başqa bir şey deyil.
Ə.RÜSTƏMOV