- Daxili siyasət
- 09:37 20.09.2024
Azərbaycanın və Ermənistanın Xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında növbəti görüşün 2024-cü ilin yanvarında Vaşinqtonda keçirilməsi nəzərdə tutulur. Məlumat Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmun Marukyana istinadən yayılıb. Marukyanın ölkənin İctimai Televiziyasında daha nələrdən söz açdığını diqqətə çatdıracağıq. İlk növbədə isə bildirək ki, onun verdiyi məlumat başa çatmaqda olan 2023-cü ildə yekun sülh razılaşmasının imzalanmayacağını qətiləşdirir. Halbuki, prosesin reallaşacağına ümidlər böyük idi.
E.Marukyan deyib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi hələ imzalanmağa hazır deyil, yekun layihə yoxdur, lakin xarici işlər nazirlərinin yanvarda gözlənilən görüşündə, nəhayət, müqavilənin mətni razılaşdırıla bilər. 32 hərbi əsirin ölkəsinə təhvil verilməsini Bakı-İrəvan sülh razılaşması yolunda mühüm addım kimi qiymətləndirən səfirin üzərində dayandığı ən maraqlı məqam onun 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda əksini tapan şərtlərin artıq etibarını itirdiyini vurğulamasıdır. Marukyanın nəyə görə bu qənaətə gəldiyi aydın olmasa da, deyimin Rusiyanı vasitəçilik missiyasından uzaq tutmaq niyyətinə hesablandığı aydındır. Ancaq səfirin diqqət yetirdiyi başqa bir xüsus da var: “Səhv təəssürat yaranıb ki, danışıqlar ABŞ-da, Brüsseldə və ya Moskvada gedirsə, deməli, onlar qarantdır. Bu, belə deyil. Zəmanət mexanizmi sənədləşdirilməli, tərəflər arasında mübahisə yaranarsa, orada bütün şərtlər əskini tapmalıdır”.
Göründüyü kimi, E.Marukyan vəziyyəti, bəlkə özü də fərqinə varmadan, mürəkkəbləşdirmək yolu tutur. ABŞ, Avropa İttifaqı və Rusiya sülh təminatçısı deyilsə, o zaman zəmanət verən kimdir, hansı tərəfdir? Yəni, istər-istəməz, bu sual meydana çıxır. Amma mümkündür ki, Marukyan sözügedən fikri bilərəkdən gündəmə gətirir. Çünki onun söylədiklərini dolayısıyla Ermənistanın XİN rəhbəri A.Mirzoyan da təsdiqləməkdədir.
A.Mirzoyan Estoniyanın Xarici işlər naziri Markus Tsakha ilə keçirdiyi mətbuat konfransında bildirib ki, Cənubi Qafqazda güc tətbiqindən uzaq və ləyaqətli sülhün bərqərar olması bütün qonşu ölkələrin aydın öhdəliyini və beynəlxalq tərəfdaşların güclü, səmimi dəstəyini tələb edir. Deməli, qonşu ölkələrin öhdəliklərinin aydın olub-olmadığı müəyyən deyil və görünür, heç müəyyənləşməyəcək də. Beynəlxalq tərəfdaşlara gəldikdə isə onlar elə güclü dəstək vermirlər ki, İrəvan durumu səmimi qarşılasın. Görünür, Ermənistanın bununla əlaqədar öz kriteriyaları fərqlidir...
Səmimiyyətdən söz düşmüşkən, A.Mirzoyanın estoniyalı həmkarı ilə birgə mətbuat konfransında səsləndirdiyi digər fikirlər də var ki, həmin fikirlər Ermənistanın Azərbaycanla sülh gündəliyinə heç də səmimi yanaşmadığının təsdiqidir. Çünki erməni nazir yenə köhnə havalara baş vurmaqdadır. Məsələn, o, Azərbaycanın XİN rəhbəri C.Bayramovla sonuncu görüşünün sentyabrın 18-də Nyu-Yorkda, BMT Baş Assambleyasının 78-ci sessiyası zamanı baş tutduğunu deyib. Eyni zamanda, bundan iki gün əvvəl Brüsseldəki qısa söhbəti xatırladıb. “3+3” platforması çərçivəsində Tehrandakı görüşünü tamamilə yaddan çıxaran Mirzoyan sentyabr təmasından sonra regionda mühüm hadisələrin baş verdiyini diqqətə çatdırıb: “Sentyabrda biz Dağlıq Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini, Laçın dəhlizinin qanunsuz blokadasının aradan qaldırılmasını müzakirə etmişiksə, görüşümüzün ertəsi günü baş verən hadisə, Azərbaycanın Qarabağa hücumu ilə, vəziyyət xeyli dəyişdi. Bu gün etnik təmizləmə nəticəsində Qarabağda, demək olar ki, erməni qalmayıb. 100 mindən çox əhali qaçqın düşüb və Ermənistan Respublikasında sığınacaq tapıb”.
Mirzoyanın daha sonra dediklərinə nəzərən düşünülə bilər ki, erməni nazir Qarabağ ermənilərinin qaçqın düşməsi məsələsini Avropa Birliyində təmsil olunan Estoniyadan yardım almaq üçün gündəmə gətirir. Amma məsələ yalnız bunda deyil. Erməni XİN rəhbəri hələ də Qarabağ erməniləri xüsusunda Azərbaycanın bölgəyə hücumu məntiqini qabardırsa, deməli, İrəvan köhnə şakərindədir. Yəni, sülh gündəliyinə zidd davranır.
***
Sülh gündəliyinə daha bir zidd məqam Mirzoyanın bu il oktyabrın 5-də keçirilmiş Qranada görüşünü yada salmasıdır. Məlum olduğu kimi, Avropa Siyasi Birliyinin üçüncü Zirvə toplantısı çərçivəsində keçirilmiş görüşə Azərbaycan Prezidenti İlham Əliyev qatılmamışdı. Bu yerdə dövlətimizin başçısının Qranada görüşü ilə bağlı ən son fikrini diqqətə çatdıraq. Ölkəmizin lideri ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumdakı çıxışında bildirib: “Mən çox təəccübləndim, onlar bu görüşü mənsiz təşkil etdilər. Sanki mən özüm öz toyumda iştirak etmədən məni evləndirdilər. Bunu necə etmək olar? Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı qətnaməni necə qəbul edə bilərlər ki, mən özüm orada olmamışam”
Bəli, Qranadada Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bir araya gələrək, müəyyən sənədlər imzalamışdılar. O sənədlər ki, Paşinyan bir müddət onları Azərbaycan-Ermənistan sülh gündəliyi müstəvisində ehkamlaşdırmaq yolu tutdu, amma Qranada gündəliyini tam şəkildə əsas saymaq mümkün olmadı. İndi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə açıqlamasının pozitiv ab-hava formalaşdırdığı bir məqamda, Mirzoyanın Qranada görüşünü yada salması və həmin görüşdə qəbul edilən sənədlərin prinsipial əhəmiyyətindən danışması məntiqsizdir. Əlbəttə, bu məntiqsizlik qeyri-səmimi durum formalaşdırmaqdadır. Real nəticə verən sənəd, yəni birgə açıqlama qalıb kənarda, erməni XİN rəhbəri tam əhəmiyyətsiz Qranada gündəliyini yada salır və bildirir ki, Azərbaycan da qeyd-şərtsiz elan olunmuş prinsiplərə sadiqliyini göstərməlidir. Görəsən, erməni nazirin başqa istək və arzusu varmı?..
Əslində, Mirzoyan birgə açıqlamanın mühüm əhəmiyyətini vurğulamalı olduğu halda, Qranadadan danışmamalı idi. Düşünməli idi ki, məsələ Azərbaycan tərəfində qıcıq doğura bilər. Ancaq mövcud məqamı nəzərə almır...
***
Ümumən, Mirzoyan sülh prosesi ilə bağlı prinsipial məsələlərdən uzaqdır. Belə təsəvvür yaranır ki, o, ya punktual siyasət adamı deyil, ya da özü qəsdən belə davranır. Məsələn, deyir ki, Ermənistan və Azərbaycan arasında müzakirə olunan məsələlərdən biri də hər iki ölkənin qoşunlarının sərhəd ərazilərindən çıxarılmasıdır. Məlumdur ki, bu, predmet baxımından yalnız sonranın mövzusu ola bilər. Məsələ hazırkı mərhələnin vacib prioriteti kimi qiymətləndirilməkdən uzaqdır. İndinin söhbəti dünyanın bir sıra beynəlxalq qütblərinin təqdir etdikləri birgə açıqlamadır ki, Mirzoyan sənədin təminat məntiqini heçə endirir və deyir ki, bu, yeganə etibarlılıq vasitəsi deyil. Halbuki, məhz həmin sənədə görə, 32 erməni hərbi əsir artıq öz evindədir. Üstəlik, birgə açıqlama danışıqların növbəti axarı üçün Mirzoyanın haqqında söz açdığı səmimiyyət ab-havasını formalaşdırmaqdadır. Bu səmimiyyət isə qoşunların sərhəddən uzaq tutulmasında da, hərbi eskalasiya riskinin aradan qaldırılmasında da başlıca mənəvi alətdir. Birbaşa qoşunların geri çəkilməsi məntiqini qabartmaq isə o deməkdir ki, İrəvan Azərbaycanın Ermənistan ərazisini işğal etdiyinə dair əvvəlki sərsəm ritorikaya baş vurmağı planlaşdırır.
***
A.Mirzoyan Ermənistan-Azərbaycan qarşılıqlı addımlarının iki ölkə arasındakı münasibətlərin tənzimlənməsinə müsbət təsir göstərəcəyinə ümidvar olduğunu da bildirir. Bu zaman özü də təsdiqləyir ki, əsas məsələ sülh müqaviləsi üzrə danışıqlardır. Ancaq burada da ölkəmizə qarşı qərəz duyulmaqdadır. Onun “Azərbaycan görüşlər formatında danışıqlar masasına qayıtmalıdır” fikri anlaşılmazdır. Çünki Bakı danışıqlardan qaçan tərəf deyil. Əksinə, indiyədək İrəvan müxtəlif mahiyyətsiz məsələləri ön plana çəkməklə, təmasların başlıca predmetini inkar etmək yolu tutub, fərqli reallıqlar formalaşdırmaq istəyib. Ona görə də hazırda Mirzoyanın “işin böyük hissəsi görülüb və indi əsas məsələlərin yekun redaksiyası üzrə görüşmək və razılığa gəlmək lazımdır” söyləməsi şübhəli görünür. Doğrudanmı, işin əsas hissəsi görülüb? Görülübsə, nəyə görə erməni XİN rəhbəri Azərbaycanın Qarabağa hücumu ritorikasını qabardır? Nə üçün bölgənin erməni əhalisinin hüquq və təhlükəsizliyindən danışır?
***
Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyindən söz düşmüşkən, Ermənistanın Azatutyun radiosu məsələyə dair ölkənin Xarici İşlər Nazirliyinə sorğu ünvanlayıb. XİN sorğuya cavabında noyabrın 21-də İrəvanın Bakıya göndərdiyi Ermənistan-Azərbaycan sülh müqaviləsinin 6-cı variantında Qarabağla bağlı hər hansı müddəanın olub-olmadığını dəqiqləşdirməyib. Qurum bildirib ki, Ermənistan üçün ölkənin və Azərbaycanın ərazi bütövlüyünün qarşılıqlı tanınması, SSRİ Baş Qərargahının son xəritələri əsasında dövlət sərhədlərinin demarkasiyası, eləcə də suverenlik prinsipi və milli yurisdiksiyalar üzrə regional kommunikasiyaların açılması üzərində təcili iş aparılması böyük əhəmiyyət daşıyır.
Göründüyü kimi, suala konkret cavab yoxdur. Ancaq Azərbaycanın sentyabrın 19-da keçirdiyi antiterror tədbirlərinə qədər baş nazir N.Paşinyan bildirirdi ki, Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsi İrəvanla Bakı arasındakı danışıqların qırmızı xəttidir. Yeri gəlmişkən, deyək ki, ötən həftə parlamentdə müxalifət nümayəndələrinin Qarabağın gələcəyi mövzusundakı sualını cavablandıran baş nazir vurğulamışdı ki, onun problemi Ermənistan Respublikasının gələcəyidir. Deməli, hazırda Vaşinqton görüşündən sülh gözləntisinin mövcudluğu şəraitində A.Mrizoyanın yenə, belə demək mümkünsə, Qarabağ zəngulələri vurması anlaşılmazdır. Həmçinin, onun real mahiyyətdən uzaq məsələlərin üzərinə vaciblik qrifi vurub onları gündəmə gətirməsi də. Ümumən, Ermənistan rəhbərliyi həmişə bir qayda olaraq məsuliyyətsiz bəyanatlar verdiyindən, ilk baxışdan, dəxlisiz kimi görünən məqamları qabartdığından, daxili təpkilərlə üzləşir. Halbuki reallıqları soyuq qiymətləndirsə, bütün bunlar baş verməyə, tənələrdən uzaq dura bilər.
***
Sonda ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin açıqlamasına diqqət yetirək. Cənab Miller Birləşmiş Ştatların Ermənistan və Azərbaycan arasında hərbi əsirlərin mübadiləsindən sonra sülhün mümkün olacağına inandığını bildirib. Ölkəsinin Bakı və İrəvanla mövcud istiqamətdəki işi davam etdirəcəyini deyən departament sözçüsünün üzərində dayandığı məqam budur ki, sülhün əldə olunması üçün hər iki tərəfin prosesə sadiqliyi vacibdir. Yuxarıda vurğuladıqlarımız Ermənistanın sülhə sadiqliyinin göstəricisi baxımından nikbin əhval-ruhiyyə yaratmasa da, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin yanvarda nəzərdə tutulan Vaşinqton təmasından gözləntilər var. Sülh gözləntisinin özünü doğruldub-doğrultmayacağını isə əlahəzrət zaman göstərəcək.
Ə.CAHANGİROĞLU