USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Uran bahalaşacaqmı?

ABŞ Rusiyadan idxala qadağa qoydu


https://img.baki-baku.az/news/2023/12/photo_10122.jpg

ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya mənşəli az səviyyədə zənginləşdirilmiş uranın idxalını qadağan edən qanun layihəsini təsdiqləyib. “The Hill” xəbər verir ki, məhdudiyyət həm demokratlar, həm də respublikaçılar tərəfindən dəstəklənib. Bəs bundan sonra ABŞ uransız nüvə texnologiyalarını necə inkişaf etdirəcək?

Sənəd qanunun qüvvəyə minməsindən 90 gün sonra az səviyyədə zənginləşdirilmiş uranın idxalına qadağanın tətbiqini nəzərdə tutur. Layihə ABŞ Senatı və prezident Co Bayden tərəfindən təsdiqlənməlidir. Qanun nüvə reaktorlarının işini dəstəkləmək üçün başqa uran mənbələri olmadığı təqdirdə qadağanın ləğvinə icazə verir. ABŞ Energetika Nazirliyi Dövlət Katibi və Xəzinədarlıq Katibi ilə məsləhətləşərək idxal icazəsi verə bilər. Qadağa 2040-cı ilin sonuna qədər davam edəcək.

ABŞ-da elektrik stansiyalarında istifadə olunan uranın böyük hissəsi xaricdən gətirilir. ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının məlumatına görə, tədarükün təxminən 12 faizi Rusiyanın payına düşür. Dövlət katibinin nüvə enerjisi üzrə köməkçisi Ketrin Haff bildirib ki, ABŞ-ın Rusiya nüvə yanacağından asılılığı milli təhlükəsizliyə kritik təhlükə yaradır. Respublikaçıların nümayəndəsi Keti MakMorris-Rogers isə ABŞ-ın Rusiya uran tədarükündən asılılığını “təhlükəsizliyimiz üçün ən aktual təhdidlərdən biri” adlandırıb. Konqresmen MakMorris-Rogersin sözlərinə görə, təkcə 2022-ci ildə Rusiyanın dövlət korporasiyası “Rosatom” və onun törəmə şirkətləri uran üçün ABŞ-dan 800 milyon dollardan çox vəsait alıb.

Ağ Ev də qanunvericilərlə həmfikir olduğunu vurğulayır. Co Bayden hökuməti bəyan edib ki, uranın zənginləşdirilməsi imkanlarının artırılması milli təhlükəsizlik prioritetidir, çünki Rusiyadan “asılılıq” ABŞ iqtisadiyyatı üçün risk yaradır. ABŞ-ın uran idxalında Rusiyanın payı 30 faizdən çoxdur. Buna görə də, ABŞ prezidenti Co Bayden Konqresdən enerji təhlükəsizliyinin gücləndirilməsi üçün 6 milyard dollar, o cümlədən uranın zənginləşdirilməsi potensialının artırılması üçün 2,2 milyard dollar ayırmağı xahiş edib. Ağ Evin məsələ ilə bağlı hələ avqust ayında açıqladığı məlumatda bildirilirdi ki, əgər tədbir görülməsə, Rusiya ABŞ-ın müttəfiqləri və tərəfdaşlarının zərərinə uyğun olaraq qlobal uran bazarına nəzarəti davam etdirəcək: “Bu təşəbbüsün uğurlu olması üçün Rusiya Federasiyasından zənginləşdirilmiş uran məhsullarının ABŞ-a idxalına da uzunmüddətli qadağa tətbiq etmək lazımdır”.

Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra ABŞ Rusiya iqtisadiyyatının əksər sektorlarına qarşı sanksiyalar tətbiq edib. Lakin uranın ixracı məhdudiyyətlərə məruz qalmayıb. 2023-cü ilin birinci yarısının sonunda ABŞ Rusiyadan 696,5 milyon dollar məbləğində 416 ton uran alıb ki, bu da 2002-ci ildən bəri maksimum dəyərdir. İl ərzində tədarükün dəyəri 2,5 dəfə artıb, Rusiyanın Amerika uran idxalında payı isə 32 faizə çatıb. Rusiyadan əlavə, ABŞ Böyük Britaniyadan uran alışını 28 faiz artıraraq radioaktiv məhsula 383,1 milyon dollar ödəyib. Birləşmiş Ştatlara ən çox uran satan ölkə fransa olub. 2022-ci ildə Paris ABŞ-a 319 milyon dollar dəyərində uran satıb. Ən böyük tədarükçülər beşliyinə Almaniya (277 milyon dollar) və Kanada (247,5 milyon dollar) daxildir.

İyunun ortalarında “The New York Times” qəzeti ABŞ-ın Rusiya ilə iqtisadi əlaqələri kəsmək istəyinə baxmayaraq, Vaşinqtonun Moskvadan zənginləşdirilmiş uran almağa davam etdiyini yazmışdı. Nəşrin məlumatına görə, Amerika şirkətləri ABŞ-da emissiyasız enerjinin yarıdan çoxunu istehsal edən Rusiya yanacağı üçün təxminən 1 milyard dollar ödəyir. Qəzet qeyd edirdi ki, uran istehsalında Rusiyanın Rosatom şirkəti ilə rəqabətə başlamaq üçün ABŞ-a on ildən çox vaxt lazımdır. “Bloomberg” Rusiya uranına qoyulan qadağaya görə bu növ yanacağın qiymətinin 20 faiz arta biləcəyini ehtimal edir. Bu da Vaşinqtona uran bazarında mövqelərinin gücləndirməyə mane ola bilər. Hazırda birjalarda təbii uranın fyuçers qiyməti 83 dollardır. “S&P Global Commodity Insights” şirkətinin məlumatına görə, qiymət artımının əsas səbəbi maliyyə fondları tərəfindən uranın alınmasıdır. Digər amillərə məhdud təchizat, həmçinin Rusiya və Nigerdən uran tədarükünə təsir edə biləcək geosiyasi risklər də daxildir.

Ancaq Rusiya ABŞ-dan fərqli olaraq uran idxalına məhdudiyyət qoymayacaq. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Moskva ABŞ-a nüvə yanacağının ixracına qadağa qoymağı düşünmür. “Rosatom”un məlumatına görə, 2022-ci ildə dünyada uran istehsalı 6 faiz artaraq 50,4 min tona çatıb. Eyni zamanda, UxC hesablamalarına görə, ötən il urana qlobal tələbat 63,5 min ton, kommersiya və strateji ehtiyatların formalaşması nəzərə alınmaqla isə 74,3 min ton təşkil edib.

S.ELAY




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Səbuhi MƏMMƏDOV