USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Sülhə “pəl vuran”lar

Azərbaycan və Ermənistan arasında sülh bəzilərinin ürəyincə deyil


https://img.baki-baku.az/news/2023/12/photo_10120.jpg

Bunu görmək və anlamaq üçün dərin siyasi savada, yaxud diplomatik təcrübəyə malik olmağa ehtiyac yoxdur. Söhbət heç də şəxsən Nikol Paşinyanın arzu və istəyinin asılı olmadığından deyil, onu Bakı ilə normallaşmaqda olan münasibətləri yenidən gərginləşdirməyə sövq edən kənar güclərdən gedir. Biz Ermənistan baş nazirinin qərbli dəstəkçilərdən, xaricdəki daşnak lobbiçilərdən, onların İrəvandakı məxfi agentlərindən, Sorosdan nə dərəcədə asılı olduğunu dəqiq bilməsək də, məqsədləri məlumdur. Bu “çete”nin bütün vasitələrdən yararlanmaqla Cənubi Qafqazı uzunmüddətli qeyri-sabit bölgəyə çevirməyi və bu zaman özlərinin “strateji maraqlarını” təmin etməyi hədəflədiyi heç kəsə sirr deyil. Hadisələrin gedişindən asılı olaraq, Vaşinqton və Parisin bölgədə gərginliyin yaranmasına özlərinin “töhfəsini” verməyə hazır olduqları da nəzərdən qaçırılmamalıdır. Sözsüz ki, belə məkrli cəhdlər bugünədək edilib, bundan sonra da davam etməyəcəyinə təminat yoxdur. Tarix göstərir ki, savaşdan sonra sülhə aparan yol həmişə çətin və ağır olub. İndi İrəvan və Bakı bu yolun finişinə yaxınlaşıblar.              

İrəvandakı minabasdıranlar

İki ölkə arasında sülh müqaviləsinin imzalanmasına əngəl sayılan və həllini gözləyən iki problem var. Bunlardan birincisi, hələ də işğal altında olan Qazaxın 7, Naxçıvanın 1 kəndinin Azərbaycana qaytarılmasıdır. Bakı ekslavlarını tələb edir, amma bu zaman İrəvan prosesi uzatmaq üçün müxtəlif bəhanələr uydurmağa çalışır. Son vaxtlar Nikol Paşinyan Ermənistanın 4, Alen Simonyan isə 31 kəndinin “işğal” altında olmasından danışır. Qərbli aktorlar isə bu məsələnin sonraya, delimitasiya və demarkasiya mərhələsinə saxlanılmasını təklif edirlər. Haqqında danışılan ikinci problem isə delimitasiya və demarkasiyanın hansı xəritələrlə həyata keçirilməsidir.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sülh müqaviləsinin 70 faizinin razılaşdırıldığı barədə danışarkən yəqin qeyd etdiyimiz bu iki problemi nəzərdə tutur.

“Sülh müqaviləsinə imza atmaq qisas istəyinin olmamasıdır. Əgər qarşıda qisas olacaqsa, onda sülh müqaviləsi nəyə lazımdır? Üstəlik, Ermənistanın güclənib uzunmüddətli dövlətçiliyə malik olmasında birbaşa yol qonşularla dialoqdan keçir”. Bu sözləri isə iqtidardakı “Mülki müqavilə” fraksiyasının deputatı, Ermənistan parlamentinin maliyyə, kredit və büdcə məsələləri üzrə daimi komissiyasının sədri Gevorq Papoyan deyib. Sülh müqaviləsinə İrəvanın da, Bakının da ehtiyacı olduğunu bildirən hay deputat saziş imzalandıqdan sonra Cənubi Qafqazda bütün səviyyələrdə inteqrasiyaya, iqtisadi əlaqələrin inkişafına, əmin-amanlığa, həyat səviyyəsinin yüksəlməsinə səbəb olacaq mühitin yaranacağını gördüyünü dilə gətirir. “Əgər Ermənistan qisas almağa hazırlaşdığını bəyan edərsə, bu, ölkənin varlığına son qoyacaq təhlükəli yola birbaşa çıxış olacaq. Bilirik ki, İrəvanda bu cür düşünənləri, belə zərərli mövzuları qızışdıran xarici qüvvələr var. Həmin qüvvələrə Ermənistanın dövlət kimi mövcudluğu lazım deyil. Ona görə biz üçüncü ölkələrin əlində alətə çevrilməməliyik”, – deyən Papoyan Ermənistanın ikinci və üçüncü prezidentləri, keçmiş Qarabağ separatçıları Robert Koçaryan və Serj Sarkisyanın adlarını çəkib, onların dövlətçiliyin altına mina basdırmağa çalışdıqlarını bəyan edib: “Kapitulyasiyaya onlar qol çəkiblər, “Qarabağ ordusunu” buraxıblar, silah-sursatı Azərbaycana təhvil veriblər, indi isə İrəvanda “Qarabağ parlamenti”ni yaratmaq xülyasına düşüblər. Bu, qətiyyən qəbuledilməzdir və Ermənistana qarşı bombadır”.   

Əlbəttə, bu müstəvidə Papoyana Ermənistanın indiki rəhbərliyinin də ölkəmizə qarşı təxribatçı bəyanat və hərəkətlərini xatırlatmağımız yerinə düşər. Düzdür, bütün bunlar üç il dörd ay bundan əvvələ qədər baş verib. 2020-ci il noyabrın 10-dan sonra isə bu hərəkət və çıxışların xarakteri dəyişdi. Amma bunların hamısının bir fayda vermədiyinə özləri də şahid oldular. Daha bəhanəyə yer qalmayıb.  

Saatlı bombanı kim qurur?

“Azərbaycanlıların Ermənistana qayıtması gələcəkdə saatlı bombaya çevriləcək”. Bu avantürist fikirləri yerli mediaya erməni siyasi şərhçi Vigen Akopyan açıqlayıb. O, ermənilərin Qarabağa qayıtması qarşılığında azərbaycanlıların da öz yurdlarına – Qərbi Azərbaycana qayıtması barədə tələbinə bu cür reaksiya verib: “Bu, kifayət qədər həssas bir məsələdir. Azərbaycanlılar bu məsələ ilə bağlı öz mövqelərini çoxdan ortaya qoyublar. Bakı 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıları geri qaytarmağa çalışır. Müxtəlif mənbələrə görə, onların sayı 300 minə qədərdir. Rəsmi Bakı çox gözəl başa düşür ki, bu kontingent gələcəkdə Azərbaycanın Ermənistanda yumşaq gücü olacaq və dövlətimizin altına döşənmiş minaya çevriləcək”.

“Həssas məsələ”nin yaranma tarixini doğru göstərən Akopyan saatlı bombanın 35 il bundan əvvəl Ermənistan SSR-in başında duran daşnak-kommunistlər tərəfindən  qurulduğunu deməyi “unudub”. Bu həqiqətin üzərindən sükutla keçən erməni politoloq iddia edib ki, fürsət yaranan anda rəsmi Bakı azərbaycanlıların hüquqlarının və ya təhlükəsizliyinin qorunmadığını bəyan edəcək, bunun əsasında həm Azərbaycan, həm də Türkiyə Ermənistan ərazisinə silahlı qüvvələr yeritmək üçün bəhanə axtaracaq: “Azərbaycan Silahlı Qüvvələri Ermənistana daxil olsa, bir daha oranı tərk etməyəcək. Bu ərazilərdə “Azərbaycan Ermənistanı” olacaq, yəni “Kıbrıs-2” yaranacaq”.

Bu məsələyə öz düşüncəsinə görə yanaşaraq çox dərinə “baş vuran” Akopyan Azərbaycanın müharibədən sonra “güzgü prinsipi”ni tətbiq etdiyinə diqqəti yönəldir: “Laçın varsa, Zəngəzur olmalıdır, Qarabağa ermənilər qayıdırsa, Ermənistana da azərbaycanlılar qayıtmalıdır”.

Bəs, başqa nə cür olmalı idi, cənab Akopyan? Bəlkə qalib tərəf məğlub ölkəyə birtərəfli qaydada güzəştlərə getməlidir? Böyük güclərin iki yüz ildir Azərbaycanın üzərində sınaqdan çıxardıqları “erməni kartı”nın, nəhayət, “pas” olunduğunu nə qədər tez anlasanız, bir o qədər az ziyan görərsiniz.

Bu arada Brüsseldə “Şərq Tərəfdaşlığı” ölkələri nazirlərinin görüşündə çıxış edən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycanlı qaçqınların da çoxu geri dönəcək, lakin güc baxımından təminat almaq şərtilə”, – deyib. O qeyd edib ki, Ermənistanın ərazi bütövlüyü, sərhədlərin qarşılıqlı tanınması, həmçinin regional kommunikasiyaların açılması prinsipləri əsasında regionda sabit və uzunmüddətli sülhü təmin etmək üçün siyasi iradəsi var.

İrəvanın səhv etmək limiti tükənib

“Biz sübuta yetirdik ki, vasitəçi həmsədr ölkələrin üçü də səhv edib. Onların qədim dövlətçilik ənənələrinə, beynəlxalq təcrübələrinə və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olmalarına baxmayaraq, yenə səhvə yol verdilər. Bu, düzgün qiymətləndirməməyin nəticəsi idi. Bu, həm də Azərbaycana verilən belə bir mesaj idi ki, əgər münaqişəni hərbi yolla həll etməyə çalışsanız, siz buna heç vaxt nail ola bilməyəcəksiniz. Amma biz sübut etdik ki, bu münaqişənin hərbi həlli də mümkündür. Bununla da üç il bundan əvvəl məlum münaqişə öz həllini tapdı”. Bu sözləri Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumundakı çıxışında deyib.  

Dövlət başçımız bu açıqlaması ilə daha nə Bakının, nə də İrəvanın sülhə gəlməkdən ötrü vasitəçiyə ehtiyac duymadıqlarını həmin keçmiş həmsədrlərin də diqqətinə çatdırmış oldu.     

Beləliklə, Paşinyan Qarabağın Ermənistan üçün həlli müşkül yük olmasını qəbul etməli və bunu cəmiyyətə başa salmalıdır. Məhz bu yükdən azadolma Hayastanın problemini azaldar, onun tərəqqiyə yolunu açar. Görünən reallıq odur ki, məğlub Ermənistan hakimiyyəti son üç ildə qalib qonşusuna qarşı yersiz iddialarından biryolluq əl çəkməli idi ki, düşdüyü böhrandan tez çıxa bilsin. Təəssüf ki, biz İrəvandakı daşnak-revanşistlərin Qarabağı tərk etmiş separatçıları yenidən gündəmə gətirmək cəhdlərini müşahidə edirik. Düzdür, Paşinyan hakimiyyəti bu cür cəhdlərin qarşısını sərt şəkildə alır, ölkə ərazisində “gorbagor olmuş artsaxın” hansısa strukturunu yaratmaq cəhdlərini rədd edir. O, özü də yaxşı bilir ki, İrəvanın sülh masasında, ən müxtəlif bəhanələri gətirməklə, səhvə yol vermək limiti tükənib.

Hazırda Bakı və İrəvanın birgə təşəbbüsü ilə proseslərin düzgün məcrada, bütün Cənubi Qafqaz üçün faydalı istiqamətdə cərəyan etdiyini söyləmək olar. Əslində, Azərbaycan Prezidenti Administrasiyası və Ermənistan baş naziri aparatının birgə bəyanatını iki ölkə arasında böyük sülh müqaviləsinin imzalanması üçün vacib bünövrə hesab etmək olar. İntəhası, nə qədər nikbin siyasi notlara köklənmək istəsək də, onu da unutmamalıyıq ki, sülhə aparan yol heç vaxt və heç yerdə asan olmayıb. Ötən həftə Bakı və İrəvanın xoşməramlı, qarşılıqlı etimadı artıran birgə açıqlamasının və razılaşmaların Ermənistanı Azərbaycanla mümkün sülh variantına kökləndiyini söyləyə bilərik. Tərəflər arasında gərginliyin azalmağa doğru getdiyi indiki mərhələdə Paşinyan kənar təsirlərdən asılılığa son qoya, Azərbaycanla sülhün alternativinin olmadığını cəmiyyətə çatdıra bilsə, gözlənilən barışıq da daha tez əldə olunar.

İmran BƏDİRXANLI

 

Ekspert rəyi

Turab RZAYEV, politoloq:

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sülh müqaviləsinin 70 faizinin razılaşdırıldığı barədə açıqlaması onların öz yanaşmasının məhsuludur. Azərbaycan İrəvandan hələ də işğal altında olan 8 kəndimizin qaytarılması ilə bağlı konkret yol xəritəsini tələb edib. Sülh müqaviləsinin imzalanmasının bloklanmaması üçün bəhs etdiyimiz məsələlərin sonrakı mərhələyə salınması mümkün ehtimallar arasındadır. Dövlətimiz isə burada Ermənistana qarşı iki tələb irəli sürür: məsələ ya indi həll edilməlidir, yaxud sonrakı mərhələdə Azərbaycanın xeyrinə həll olunacağına dair müsbət addım atılmalıdır. Rəsmi Bakı Rusiyanın xahişindən sonra 8 kənd məsələsinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan çıxarıldığını və növbəti mərhələyə saxlanıldığına eyham vurmuşdu. Biz daha müharibə istəmirik. İntəhası, dövlətimiz Ermənistanın sülh müqaviləsindən sonra kəndləri qaytarmaqdan boyun qaçırması ehtimalına qarşı konkret və ciddi söz, əməl tələb edir. Yəni, bu təminatın təsdiqi kimi kəndlərin geri qaytarılması mexanizminin təsbit olunduğu yol xəritəsi olmalıdır. Digər tərəfdən, vasitəçilər də delimitasiya zamanı problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağına təminat verməlidirlər. Əks-təqdirdə bu problemin həlli on illərlə uzana bilər.




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

İmran BƏDİRXANLI