USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Avropa İttifaqı nə etmək istəyir?

Qurumun Ermənistandakı missiyası və ...Cənubi Qafqazda sülhə təhdid


https://img.baki-baku.az/news/2023/12/photo_10119.jpg

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun Brüsseldə Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell ilə görüşü əsnasında qurumun Ermənistandakı müşahidə missiyasının tərkibinin 138-dən 209-a çatdırılmasına dair qərarı diqqət çəkməyə bilməzdi. Əvvəlcə ölkəmizin baş diplomatiya idarəsinin həmin görüşlə bağlı açıqlamasındakı bir məqama diqqət yetirək. Söhbət C.Bayramovun J.Borrellə nəyi bildirməsindən gedir. Nazir ali nümayəndəyə demişdir: “Bakı-İrəvan normallaşma prosesində Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçilik səyləri Azərbaycan tərəfindən yüksək qiymətləndirilir. Buna baxmayaraq, bəzi Avropa İttifaqı rəsmilərinin verdikləri bəyanatlar qurumun sözügedən prosesdə qərəzsiz vasitəçi roluna xələl gətirir.”

Yeri gəlmişkən, vurğulayaq ki, Aİ-də qərəz toxumları səpənlərdən biri, bəlkə elə ən böyüyü J.Borrellin özüdür. Bu yerdə Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 6-da ADA Universitetində keçirilmiş “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda çıxışı zamanı dilə gətirdiklərinə nəzər salaq: “Təəssüflər olsun ki, Avropada liderlər arasında cənab Borrel, xanım Metsola kimi populist insanlar var. Mən hər zaman açıq danışmağı xoşlayıram. Mən onların yürütdüyü siyasətlə və Azərbaycana olan münasibətləri ilə tamamilə razı deyiləm, narazıyam. Bu, ədalətsizdir və heç də Avropa İttifaqının maraqlarına uyğun deyil”.

Göründüyü kimi, Aİ-də özünü birbaşa hədəfə çevirən yalnız J.Borrell deyil. Amma diqqətə çatdırdıqlarımız da dövlətimizin başçısının J.Borrell barədəki fikirlərinin hamısı deyildi: “Hətta ermənilərin özləri etiraf edirlər ki, bu cür təcrübəli Avropa diplomatı yalan danışır. Deyirlər ki, Qarabağı 100 min insan tərk edib, 150 min deyil. Yəni, cənab Borrel bu tərzdə davam etsə, bir aydan sonra 200 min adam deyəcək. Ola bilər ki, cənab Borrel yuxular görür. Bu, tamamilə qəbuledilməzdir. Bu, təkcə rəqəmlərlə bağlı manipulyasiya deyil, bu, Azərbaycana qarşı ittihamlardır, bizim etmədiyimizlə bağlı ittihamdır. Bizim Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat verdi. Çox təəccüblüdür ki, onun öz ölkəsi separatçılıqdan əziyyət çəkir. Belə bir şəxs separatçıları necə müdafiə edər? Bu, çox təəccüb doğurur”.

Həqiqətən, də Aİ adına biabırçı mənzərə hökm sürməkdədir. Görünür, Azərbaycan XİN etika xatirinə özünün açıqlama mətninə C.Bayramovun J.Borrellə üzbəüz bildirdiklərini detallı şəkildə daxil etməyib. Bakı-İrəvan sülh prosesinə maneə törədən “bəzi Avropa İttifaqı rəsmiləri”nin olduğunu vurğulamaqla kifayətlənib. Məntiqlə düşünəndə görürsən ki, cənab Bayramov başlıca olaraq Borrellin özünü nəzərdə tutub. Bunun üçün isə əsaslar var və həmin əsasların sayının çoxalacağını söyləmək mümkündür. Məsələ burasındadır ki, Aİ-nin Ermənistandakı mülki müşahidə missiyasında təmsil olunanların sayının artırılacağı barədə xəbəri elə Borrell özü verib, hətta məsələni nailiyyət kimi də dəyərləndirib. Onun sözlərinə görə, bununla bağlı qərar Aİ xarici işlər nazirlərinin görüşündə çıxarılıb: “Bu gün Ermənistandakı missiyamızı gücləndirmək, yerdəki mövcudluğumuzu 138-dən 209-a çatdırmaq qərarına gəldik. Bu, Ermənistan və Azərbaycan arasında beynəlxalq sərhədin sabitliyini gücləndirmək üçün bir yoldur”.

Bəli, Borrellin şəxsində Aİ, belə demək mümkünsə, avtonom ermənipərəst missiyasını davam etdirməkdə israrlıdır. Təşkilatın Azərbaycan–Ermənistan şərti sərhədinin Ermənistan hissəsində yerləşdirilmiş mülki missiyasına gəlincə, onun tərkibinin fransız jandarmlarından və alman polislərindən ibarət olduğu bildirilir. Doğrudur, bu şəxslər pensiyadadırlar. O da bildirilir ki, onların əllərində silahları yox, yalnız durbinləri var. Hər halda missiya bu ilin yanvarında işə başlayanda müşahidəçilərin silahla təmin edilməsi məsələsi də aktual idi. Düşünmək olar ki, zamanla Aİ silaha ehtiyacı qondaracaq.

Məlumdur ki, Aİ-nin Ermənistanda müşahidə missiyasının yaradılması Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə gerçəkləşdirilmiş məsələdir. Azərbaycan belə bir missiyanın şərti sərhədin özünə aid hissəsində fəaliyyət göstərməsinə qəti şəkildə razı deyil. Ölkəmizin rəsmiləri heç də Borrell kimi hesab etmirlər ki, müşahidəçilər “sərhəd zonalarında sabitliyə, etimadın möhkəmlənməsinə və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verəcək”lər. Çünki məsələ yalnız Ermənistanı müdafiə kontekstində ortaya atılıb. İrəvanı isə müdafiə yox, islah etmək lazımdır. Elə indi də...

Aİ-nin indiki həssas mərhələdə sərhəddəki müşahidəçilərin sayını artırmaq qərarı islah məntiqinə yaddır. Məsələnin üzərində bir qədər ətraflı dayanaq. C.Bayramov Brüsseldəki çıxışında bildirib ki, Aİ-nin sərhəd missiyası Azərbaycana qarşı təbliğat aləti kimi istifadə olunur. Hesab edirik ki, cənab nazirin söylədikləri son dərəcə vacibdir. Nəzərə alaq ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Ermənistan Respublikası baş naziri aparatının birgə açıqlaması yayılıb. Bu açıqlama ikitərəfli təmasın nəticəsi olaraq meydana çıxıb və Bakı-İrəvan sülh sazişinin imzalanacağına ümid yaradır. Bu açıqlama, həmçinin sülh prosesini kənar təsirlərdən sığortalamağa xidmət edir, səmimiyyət mühitinin formalaşması üçün zəmin doğurur. Məhz belə bir durumda Aİ müşahidəçilərinin sayını artırırsa, deməli, vəziyyəti gərginləşdirmək yolu tutur. Axı, Cənubi Qafqazda maraqlı olan Rusiya Aİ-nin missiyasına qarşı olduğunu, onu bölgədə əlavə qıcıqlandırıcılar kimi qələmə verdiyini dəfələrlə vurğulayıb. Elə isə sual olunur: Üfüqdə sülh közərirsə və Moskvanın buna qarşı çıxması yoxdursa, yaxud çıxacaq mexanizmi istisnadırsa, missiyanın tərkibinin genişləndirilməsinə nə ehtiyac var? Görəsən, avropalılar nəyə görə düşünmürlər ki, etdikləri hərəkət bəyənmədikləri Rusiyanı, necə deyərlər, arqumentlə silahlandırır?

Hər halda, düşünməmələri mümkünsüzdür. Sadəcə, Aİ kollektiv Qərbin planının, xüsusən də Fransanın bu plan üzrə müəyyənləşdirdiyi strateji xəttin icrasına girişib. Onun üçün Bakı-İrəvan münasibətlərinin normallaşması qətiyyən maraqlı deyil. Əsas olan anti-Rusiya cəbhəsini genişləndirməkdir. İndiki durumda Ermənistandakı missiya prinsip etibarilə Moskvaya qarşı oyun oynamaq cəhdindən başqa bir şey deyil. Cənubi Qafqaz platforması üzərindən oyun... Heç şübhəsiz, bu dəst-xətt nə Azərbaycanın, nə də Ermənistanın mənafeyinə uyğundur. Sadəcə, Azərbaycandan fərqli olaraq, Ermənistan məsələnin mahiyyətini anlamaq istəmir. Ola bilər, anlayır, amma oyunun içərisində olduğundan, reaksiya verməsi, əks mövqe tutması mümkünsüzdür.

Bəli, Aİ-nin mülki missiyası Azərbaycan–Ermənistan sülh prosesinə qarşı açıq demarşdır. Hazırkı həssas situasiyada ona fokuslanma göstərir ki, Qərb prosesi öz egidasında saxlamağa prinsipiallıq donu geyindirir, prinsipiallığını nümayişə çıxarır. Necə deyərlər, bir növ, müqəddəsləşdirir və bu istək özünü Cənubi Qafqazda qlobal maraqlar gerçəkləşdirmək cəhdinin tərkib hissəsi kimi göstərir.

Ən böyük istək Rusiyanı bölgədən uzaqlaşdırmaqdır. Məsələnin Ermənistan baxımından pis tərəfi isə budur ki, belə mənasız və səmərəsiz missiya məntiqi ölkənin düşdüyü illüziya bataqlığından çıxmasının qarşısını alır. Onsuz da respublikada revanşist-şovinist kəsim var. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Ermənistan Respublikası baş naziri aparatının birgə açıqlamasından sonra isə loru dildə desək, qurbağa gölünə daş atılmışdı və həmin kəsim çaşqınlıq içərisində susub qalmışdı. İndi onun təmsilçiləri daha geniş acılmış ağızla dilə gəlmək üçün cəsarətlənəcəklər. Beləliklə, sülh prosesi neqativ təsirlə üzləşəcək. Görəsən, Qərbə bu lazımdır?

Sonra da rəsmi İrəvan, onun daxildəki emissarları, eləcə də xaricdəki havadarları özlərinə əl qatıb bar-bar bağıracaqlar ki, Azərbaycan sülh istəmir, danışıqlardan yayınır və s. Bir halda ki, Aİ Bakının razılaşmadığı məntiqlə hərəkət edib bölgədəki kənar oyunçuların sayını artırmaq barədə qərar qəbul edir, deməli, normallaşma prosesinə qeyri-səmimi motivlər qatır. Müvafiq olaraq, yada Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stanonun Avropa Sülh Fondu vasitəsilə Ermənistan ordusuna “qeyri-öldürücü formatda” dəstək vermək imkanlarını öyrənməsinə dair açıqlaması düşür. Hələ Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqosun bir neçə gün öncə dedikləri də var. O bildirmişdi ki, təmsil olunduğu qurum Ermənistan silahlı qüvvələrinə dəstək vermək üçün konkret təkliflər hazırlamaq niyyətindədir və bu məqsədlə Brüssel tezliklə İrəvana texniki missiya göndərəcək.

V.Maraqos, həmçinin vurğulamışdı ki, haqqında əvvəldə söz açdığımız Josep Borrell artıq qeyd edilən istiqamətdə işləmək öhdəliyini üzərinə götürüb və yaxın həftələrdə təfərrüatları açıqlamağa söz verib. “Biz bu ilin sonunda və ya əvvəlində texniki missiyanın səfərinə hazırlaşırıq. Qeyri-öldürücü dəstək sahəsində konkret təkliflər hazırlamaq niyyətindəyik”, – deyə cənab Maraqos əlavə edib. Görünür, elə buna görədir ki, Azərbaycanın XİN başçısı C.Bayramov Brüsseldəki çıxışında vurğulayıb ki, silahlanma və bir tərəfdaşın o birinə qarşı istifadə olunması Şərq Tərəfdaşlığının məqsədlərinə uyğun deyil.

Yeri gəlmişkən, həmin J.Borrell Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının sessiyasından və Şərq Tərəfdaşlığı ölkələrinin nazirlərinin iclasından əvvəl jurnalistlərlə söhbətində Ermənistandakı situasiyanın diqqət və dəstək tələb etdiyini dilə gətirib. O, Şərq Tərəfdaşlığına üzv dövlətlərdəki duruma toxunaraq, “bütün regionun çətin vəziyyətdə olduğunu” qeyd edib. Onu da bildirək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində qurumun genişlənmə və qonşuluq məsələləri üzrə komissarı Oliver Varhelyi ilə görüşündə də İrəvana dəstək məntiqi ifadəsini tapıb.

Bütün bunlardan belə qənaətə gəlmək mümkündür ki, hazırda kollektiv Qərbin Ermənistan naminə səfərbərliyində Aİ üstün mövqeyə yiyələnib. Daha dəqiq desək, ABŞ-ın bir müddət öncəki fəallıq trayektoriyası səmtini Aİ-yə doğru dəyişib. Yəni, ötür-ötür oyunu. Birləşmiş Ştatların konstruktiv mövqe tutduğuna, Azərbaycanla münasibətlərdə yumşalmağa getdiyinə dair təsəvvürün formalaşdığı bir vaxtda,  Aİ-nin missiya məntiqini işə salması da, həmçinin bir qədər əvvəl qeyd etdiyimiz məqamlar da onu deməyə əsas verir ki, Bakı-İrəvan sülh sazişinin imzalanmasına qarşı çıxan qüvvələr aktivləşiblər. Onlar müxtəlif hərəkət və davranışlarla durumu gərginləşdirmək yolunu tuturlar.

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Əvəz RÜSTƏMOV