USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistan birgə açıqlamanın pozitiv ruhundan uzaq düşməkdədir

Müxaliflər Azərbaycanla sülhə qarşıdırlar, iqtidar susur və yalnız susmur...


https://img.baki-baku.az/news/2023/12/photo_10118.jpg

Ermənistanda Azərbaycan Respublikası Prezidenti administrasiyasının və Ermənistan Respublikası baş naziri aparatının birgə açıqlamasının hər iki ölkənin sülh yolçuluğu baxımından yaratdığı pozitiv ovqata zidd meyillər özünü getdikcə daha qabarıq formada göstərməkdədir. Sanki, belə bir açıqlama olmayıbmış kimi durum var. Əslində, Ermənistanın hakim “Vətəndaş sazişi” fraksiyasının deputatı, ölkə parlamentinin Xarici əlaqələr komissiyasının sədri Sarkis Xandanyanın bir neçə gün əvvəl vurğuladıqları da fikrimizin təsdiqi sayıla bilər. Xandanyan məlum birgə açıqlamanı gələcək danışıqlar baxımından müsbət qiymətləndirsə də, onu da bildirmişdir ki, nizamlama prosesi əvvəlki prinsiplər üzrə davam edəcək. O, birbaşa təmas məntiqindən uzaq dayanmış və diqqəti vasitəçilər amilinə çəkmişdir.  

Bəli, Ermənistan hakimiyyəti sülh danışıqlarında yenə kənar vasitəçilər məntiqini qabartmaqla məşğuldur. Ancaq, bu, məlum açıqlamanın heçə sayılmasının yalnız bir elementidir. Digər məqamlar da var. Məsələn, Brüsseldə ayrı-ayrı Avropa rəsmiləri ilə görüşlərini davam etdirən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın dilə gətirdiyi fikirlərə də anti-Azərbaycan mahiyyət hakim kəsilməkdədir. Daha bir diqqətçəkən meyil ölkə daxilindəki ayrı-ayrı siyasilərin açıqlamalarında özünü göstərməkdədir. Bu barədə söz açacağıq. Ancaq əvvəlcə Ermənistan parlamentinin spikeri Alen Simonyanın manipulyativ fikirlərinə nəzər salaq.

A.Simonyan jurnalistlərin suallarını cavablandırarkən, özünün ənənəvi anti-Rusiya xəttini Azərbaycanla danışıqlar müstəvisinə, daha doğrusu, vasitəçilər amili üzərinə kökləyib. Onun həm manipulyativ, həm də təxribatçı mövqe tutduğu tam aşkardır. Qeyd edək ki, İrəvan Bakı ilə münasibətlərdə Qərb vasitəçiliyini əsas götürür və bu yanaşma həm də Rusiyanı gözdən salmağa hesablanıb...

Erməni spiker isə deyib ki, Bakının Moskvanı qərəzsiz saydığını düşünmür.  İlk baxışdan, belə yəqin etmək mümkündür ki, Simonyan erməni siyasi istableşmentindəki Azərbaycan-Rusiya əlbirliyi ritorikasından uzaqdır. Amma heç də belə deyil. Diqqət yetirək: “Biz heç bir ünsiyyətdən qaçmırıq, amma Azərbaycanın kimi neytral hesab etdiyini deyə bilmərəm. Azərbaycan fərqli platformaları, müxtəlif vaxtlarda və müxtəlif yollarla tərk etdi. Düşünmürəm ki, Bakı Rusiyanı qərəzsiz (vasitəçi) sayır. Buna sübutlardan biri də Rusiya qoşunlarının hələ də Azərbaycanda olmalarıdır”.

Əslində, A.Simonyan çox incə şəkildə bildirir ki, qoşunları  ərazisində olduğuna görə Azərbaycan Rusiyanı qərəzsiz vasitəçi saymamalıdır. O, öz aləmində, Kremli tərəfsiz hesab etməməyi Bakının boynuna qoyduğunu düşünür. Həqiqətən də, erməni spiker, necə deyərlər, həyasızlığın dibinə enib. O, rus qoşunlarının Azərbaycan ərazisinə, konkret olaraq, Qarabağa nə üçün gəldiklərini “yaddan çıxarır”. Sanki, Ermənistanı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla Azərbaycanın əlindən alan Rusiya deyilmiş! Axı, məsələyə Simonyanın öz “baxışı” var. O, bir müddət əvvəl demişdi ki, Rusiya üçtərəfli bəyanatla Qarabağı Azərbaycana verdi. Bir sözlə, tipik erməni xəstəliyinin doğurduğu cəfəngiyyat.

Deməli, nəticə belədir ki, rus qoşunları Azərbaycan ərazisindədirlərsə, Moskva qərəzli davranacaq, Bakının tərəfini tutacaq! Erməni spikerin dediyi budur. O zaman Gümrüdəki 102-ci hərbi baza necə olsun? Qarabağda məhdud sayda rus əsgəri var, Gümrüdə isə hər cür silahlara malik tam bir hərbi kontingent. Bəs, nə üçün İrəvan Kremli ədalətli vasitəçi saymır? Niyə Simonyan bu barədə söz açmır? Axı, həmin hərbi baza prinsip etibarilə Ermənistanı Türkiyədən qoruyur. Məsələ belə təqdim edilib. Üstəlik, Gümrüdəki bazada Rusiyanın bayrağı Ermənistanın bayrağından qat-qat yuxarıda dalğalanır. Görəsən, Simonyan fərqinə varırmı ki, ölkəsinin Moskva tərəfindən qorunmasının ödənci erməni bayrağının aşağılanmasıdır? Çətin ki, bu haqda düşünsün. Başı daha vacib işlərə qarışıb. Daha “vacib iş” isə anti-Azərbaycan ritorikasını diri tutmaqdır. Görünür, bu məsələdə erməni müxalifəti ilə iqtidarı arasında konsensus var.

Fikrimizi əsaslandıraq. Ermənistanın keçmiş hakim Respublika partiyası icra orqanının üzvü Eduard Şarmazanov məlum birgə açıqlamanın ruhuna zidd şəkildə bildirib ki, Bakı həbsxanalarında “Artsax”ın öz müqəddəratını təyin etməsinin tərəfdarı olan və Azərbaycan ssenarisi üzrə inteqrasiyanın əleyhinə mövqe tutan hərbi-siyasi elitanın nümayəndələri var. “Əlbəttə, 32 erməni hərbi əsirinin qaytarılması ilə bağlı razılaşma yaxşı xəbərdir və biz onların qayıdışını alqışlayırıq. Lakin unutmayaq ki, onlarla, hətta yüzlərlə erməni məhbus hələ də Azərbaycan həbsxanalarındadır, o cümlədən “Artsax”ın keçmiş rəhbərləri. Yəni, “hamı hamı üçün” prinsipi işləmir. Bundan əlavə, unutmayaq ki, hərbi əsirlər iki azərbaycanlı ilə dəyişdirilib. Onlardan biri ömürlük həbs cəzasına məhkum edilmiş cinayətkardır”, – deyən partiya funksioneri əlavə edib ki, məhbusların qaytarılması ilə bağlı razılaşma nailiyyət deyil, daha çox erməni diplomatiyasının fiaskosudur.

Şarmazanov onu da bildirib ki, İrəvan, guya, Bakı ilə razılıq şəraitində Ermənistanın keçmiş siyasi kursunu dəstəkləyən şəxsləri həbsdə saxlamaq yolunu tutur. Sən demə, erməni iqtidarının yumşaqlığı Azərbaycanın dövlət başçısının gələcək prezident seçkisində uğur qazanması üçün imiş. Hər halda, belə cəfəngiyyat yalnız sabiq xunta rejiminin rəhbər şəxsinin komandasında təmsil olunan birinin ağlına gələ bilər...

Lakin Ermənistanda başı Şarmazanov kimi işləyən revanşistlər az deyil. Onlardan biri də ölkə parlamentinin müxalif “Ermənistan” blokundan olan deputatı Artur Xaçatryandır.  Belə görünür, o, öz aləmində tarixin arxivinə gömülmüş qondarma “Dağlıq Qarabağ Respublikası”nı “bərpa edib”.  Diqqət yetirin, məlum birgə açıqlamanın ruhuna zidd növbəti məqam da elə Xaçatryanın dedikləridir. Sabiq xunta rejiminin təmsilçisi olan deputat bildirib ki, hazırkı erməni iqtidarı Azərbaycan hakimiyyətinin bütün tələblərini yerinə yetirir.

Deputat Xaçatryan onu da deyib ki, heç bir prezident və ya hökumət rəsmisi “Artsax”ı ləğv edə bilməz. Onun sözlərinə görə, sabiq qondarma rejimin “rəhbəri” Samvel Şahramanyanın “DQR”in özünü buraxdığına dair fərmanı məcburiyyət qarşısında atılmış addım idi və onun imzaladığı sənədin heç bir dəyəri yoxdur. Əlbəttə, Xaçatryanın sərsəmləmələrinin hamısını diqqətə çatdırmaq niyyətindən uzağıq. Yazımızın sonunda barəsində söz açdığımız konsensus məsələsini əsaslandıraq.

Bir qayda olaraq, Ermənistandakı müxalif şovinist-revanşistlər Bakı ilə münasibətlər müstəsində barışmaz yol tuturlar, iqtidar isə durumu cavabsız qoyur. Cavab vermək bir yana, adətən, sonradan görünür ki, müxalifətin ucuz populizmə söykənmiş şüarları iqtidarın anti-Azərbaycan siyasətinin tərkib hissəsinə çevrilir. Yəni, baş nazir Nikol Paşinyan hakimiyyəti revanşist-şovinistlərin baxışlarının cəmiyyətdə kök salmaması, insanlara təsir göstərməməsi üçün reallıqları açıqlamır, ictimaiyyətə obyektiv durumu çatdırmır. Hazırda bu tendensiya özünü Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Ermənistan Respublikası baş naziri aparatının birgə açıqlaması fonunda da göstərməkdədir. İqtidar təmsilçilərinin sülhlə bağlı susqunluğu və təbliğat aparmaması fonunda isə müxaliflər meydan sulamağa başlayıblar.

Əvvəldə Xandanyanın və Simonyanın fikirləri, o cümlədən XİN rəhbəri Mirzoyanın Avropa görüşləri fonunda erməni iqtidarının məlum birgə açıqlamadan uzaq düşdüyünə dair durumun mövcudluğunu vurğuladıq. Belə görünür, növbəsini gözləyən rəsmi İrəvanın başıpozuq müxalifətin fikirləri ilə “silahlanıb” Azərbaycanla barışığa aparan ən optimal yolun qarşısını tam şəkildə kəsməyidir. Nəzərə alaq ki, bunun üçün Avropa İttifaqı və digər qurumların rəsmilərinin Ermənistan rəhbərliyində illüziya hissini artıran dəstək bəyanatları da var. Yəni, sülhün olmaması üçün hər bir detal nəzərə alınıb. Qalır, erməni iqtidarının, obrazlı desək, başına düşməli olan daşların yerinə oturmağı. 

 

Ə.RÜSTƏMOV, XQ




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Əvəz RÜSTƏMOV