USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Xəzər Şurası ideyası: fikirlər haçalanır

Lavrovun yeni təşəbbüsünün nə vəd etdiyi tam aydın deyil


https://img.baki-baku.az/news/2023/12/photo_10035.jpg

Müstəqil daxili və xarici siyasət yürüdən Azərbaycan Respublikası region ölkələri ilə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi önəm verir. Ölkəmizin fəal iştirak etdiyi regional platformalara nümunə olaraq Türk Dövlətləri Təşkilatını, Müstəqil Dövlətlər Birliyini, GUAM – Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatını, yeni yaranmaqda olan 3+3 formatını göstərmək olar.

Noyabrın 24-də Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün keçirilməsi ölkəmizin həmin platformada iştiraka da mühüm əhəmiyyət verdiyinin göstəricisidir. Region ölkələri onların paytaxtlarında keçirilən tədbirlərdə Azərbaycanın iştirakında maraqlı olduqlarını açıq şəkildə bəyan edirlər.

Belə əməkdaşlıq formatlarından biri də qeyri-rəsmi olaraq Xəzəryanı ölkələr – Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran arasında qurulub. Beş ölkənin liderləri vaxtaşırı görüşlər keçirirlər. Bu görüşlərin nəticəsi olaraq 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində beş Xəzəryanı dövlətin başçısı beşinci Xəzər Zirvə toplantısında “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nı imzalayıblar. 24 maddədən ibarət konvensiya üzərində 20 ildən çox – 1996-cı ildən iş gedib.

2023-cü il dekabrın 5-də isə Moskvada Xəzəryanı dövlətlərin Xarici işlər nazirlərinin görüşü keçirilib. Görüşdə bütün Xəzəryanı dövlətlərin Xarici işlər nazirləri iştirak ediblər. Toplantıda Xəzəryanı dövlətlər arasında müxtəlif, o cümlədən iqtisadi, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, kommunikasiyalar, ətraf mühitin mühafizəsi və sair sahələr üzrə sektoral əməkdaşlıq gündəliyi ətrafında fikir mübadiləsi aparılıb.

Rusiya Xarici işlər naziri Sergey Lavrov giriş nitqində bildirib: “Bu gün biz əminliklə deyə bilərik ki, Xəzər dənizində əməkdaşlıq yüksək səviyyəyə çatıb. Lakin beştərəfli qarşılıqlı fəaliyyətin keyfiyyətinin yüksəldilməsi və onun beynəlxalq hüquqi əsaslarının möhkəmləndirilməsi üçün əlavə səylər tələb olunur. Bugünkü iclas da məhz bu vəzifələrə həsr olunub. Biz Xəzər sammitlərinin qərarlarının həyata keçirilməsi kontekstində vacib olan mövzuların geniş spektrini müəyyən etmişik. Diqqətimizi praktiki məsələlərə və baxdığımız sənədlərin layihələrinə yönəldəcəyik”.

Daha sonra Rusiya XİN başçısı yeni təşəbbüslə çıxış edib. Deyib ki, heç bir bürokratik sxemi olmayan (katibliklər kimi) əməkdaşlıq və dialoq forumu olan Xəzər Şurasının yaradılması ilə işin səmərəliliyini artırmaq olar. S.Lavrov bu təşəbbüsün maraqlı müzakirəsini gözlədiklərini vurğulayıb.

O, həmçinin deyib ki, Xəzəryanı dövlətlər arasında praktiki əməkdaşlıq Avrasiyada təhlükəsizliyin, sabitliyin və davamlı inkişafın təmin edilməsinə töhfə verir: “Xəzəryanı dövlətlər arasında praktiki əməkdaşlığın dərinləşməsi daha geniş mənada da aktualdır. Mən çoxqütblü dünya nizamının formalaşmasını dünya inkişafının yeni mərkəzlərinin mövqelərinin möhkəmlənməsi kontekstində nəzərdə tuturam. Bu kontekstdə Xəzəryanı ölkələrin birgə fəaliyyəti Avrasiya qitəsində təhlükəsizliyin, sabitliyin və davamlı inkişafın təmin edilməsinə mühüm töhfə verir”.

Rusiyanın media qurumları məsələ ilə bağlı şərhlərində qeyd ediblər ki, S.Lavrovun təklifi xarici işlər nazirləri arasında qarşılıqlı əlaqələrin daha da sıxlaşdırılmasını, qarşıya çıxan problemlərin, anlaşılmazlıqların operativ qaydada həllini nəzərdə tutur. Siyasi Təhlil və Sosial Tədqiqatlar Mərkəzinin direktoru Pavel Danilin qeyd edib ki, Rusiyanın iştirakı ilə bir sıra beynəlxalq tədbirlərin uğurla keçirilməsi, irəli sürülən təşəbbüslər, eləcə də Moskvada keçirilən görüşlər ölkəsinin təcrid olunmuş vəziyyətdə olmadığını göstərir: “Kreml enerji resursları ilə bağlı mövcud qlobal vəziyyəti nəzərə alaraq, Xəzəryanı ölkələr arasında təbii qaz sahəsində əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirir. Dekabrın 5-də Moskvada keçirilən görüş də Rusiya üçün Xəzəryanı qonşuları, o cümlədən uzun illərdir sanksiyalar altında olan İranla iqtisadi və strateji əməkdaşlığı müzakirə etmək imkanıdır”.

Postsovet Araşdırmaları Mərkəzinin Mərkəzi Asiya üzrə baş elmi işçisi Stanislav Pritçin qeyd edib ki, Rusiya Federasiyası hazırda Mərkəzi Asiya ölkələrinə münasibətdə xarici siyasətini yenidən qurur: “Avropa İttifaqı və bütövlükdə, Qərb istiqamətinin Rusiya üçün prioritet olmadığı bir vaxtda alternativ istiqamətlər axtarışı gedir. Buna görə də Avrasiyada, o cümlədən Xəzərdə bütün dialoq platformaları yenilənir. Xəzər dialoqu çərçivəsində regionun potensialını və perspektivlərini reallaşdırmaq üçün iqtisadi və investisiya əməkdaşlığının intensivləşdirilmiş imkanlarının tapılması istiqamətində iş aparılır”.

Bəzi ekspertlər isə Lavrovun təklifinin arxasında Rusiyanın narahatlığının dayandığını bildirirlər. Məsələn, Karnegi Fondunun Moskvadakı ofisinin əməkdaşı Kirill Krivoşayev hesab edir ki, Rusiya yeni formatın yaradılması üzərində düşünərək Xəzər hövzəsinə dənizə həmsərhəd olmayan ölkələri buraxmamaq üçün səylər göstərir: “Hansısa şura yarana bilər. Düşünürəm ki, bu şurada bir sıra problem xarakterli məsələlərin müzakirə mövzusu olması mümkündür. Lakin onun geniş imkanlara malik olacağına inanmıram. Regiona yeni oyunçuların daxil olmasının, yeni əməkdaşlıq proseslərinin yaranmasının qarşısını yeni yaradılan təşkilatla almaq mümkün deyil. Rusiya özü əməkdaşlığa hazır olmalıdır. Moskva ya iştirakçı olmalı, ya da özünü təcrid etməlidir”.

Sözsüz ki, Rusiyanın baş diplomatının təklifinin reallaşıb reallaşmayacağını, reallaşacağı təqdirdə nə dərəcədə səmərəli olacağını zaman göstərəcək. Lakin qeyd etməliyik ki, bu təşəbbüs yeni deyil. Hələ 2021-ci ilin dekabrında S.Lavrov Xəzəryanı dövlət başçılarının Aşqabadda keçiriləcək növbəti sammitində Rusiya tərəfindən Xəzər Şurasının yaradılması təşəbbüsünün irəli sürüləcəyini söyləmişdi: “Biz Xəzər Şurasının Həştərxanda yerləşməsini təklif edirik. Hazırda detallar razılaşdırılır. Hələlik heç kəs bu təşəbbüsə etiraz etmir. Bir sıra həmkarlarımız tərəfindən bunun növbəti bürokratik struktur olacağı ilə bağlı qorxuları var. Burada, yəqin ki, əsas məsələ bunu necə təşkil etməkdir. Bunu hansısa böyük katiblik maşını kimi deyil, Xəzər əməkdaşlığının müxtəlif aspektləri ilə bağlı, sadəcə, müntəzəm qurum kimi təşkil etmək olar. Bu, təkcə Xəzəryanı ölkə başçılarının sammitinə hazırlıq kontekstində deyil, daimi əsasda olmalıdır”.

Onu da bildirək ki, Azərbaycan Xəzəryanı dövlətlər arasında əməkdaşlığın möhkəmləndirilməsinə hər zaman böyük önəm verir. Ölkəmiz Xəzər regionu çərçivəsində beynəlxalq hüquq normalarının, xüsusilə dövlətlərin ərazi bütövlüyünün, suverenliyinin, sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmətin rəhbər tutulmasının vacibliyini vurğulayır. Azərbaycan dənizdən sülh, dostluq və həmrəylik məqsədləri naminə birgə istifadə üçün Xəzəryanı dövlətlər arasında mövcud müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin, habelə “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın ən qısa zamanda qüvvəyə minməsinin tərəfdarıdır.

Eyni zamanda, ölkəmiz dənizin ekoloji durumu ilə bağlı məsələləri diqqətdə saxlayır. Konvensiyada da qeyd edilir ki, irimiqyaslı dəniz layihələri həyata keçirilərkən ekoloji amil nəzərə alınmalıdır. Üstəlik, dənizin dibi ilə boru kəmərinin çəkilməsi zamanı bütün “beşlik” ölkələrinin razılığı tələb olunmur, təfərrüatlar boru kəmərinin keçdiyi dövlətlər tərəfindən razılaşdırılır. Xəzəryanı ölkələrin qarşısında duran ən mühüm problemlərdən biri Xəzərin dayazlaşması və bunun nəticəsində yaranan ekoloji fəsadlardır. Qeyd edək ki, bununla bağlı da Prezident İlham Əliyev aidiyyəti üzrə ekspert qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib. Hazırda Bakıda ekspertlərin müvafiq görüşünün təşkili istiqamətində işlər aparılır.

Göründüyü kimi, Azərbaycan zəngin neft-qaz yataqlarının yerləşdiyi Xəzərin dostluq və əməkdaşlıq hövzəsinə çevrilməsində maraqlıdır. Eyni zamanda, onun ekologiyasının, flora və faunasının qorunması da ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Xəzərlə bağlı təşəbbüsləri hər zaman dəstəkləyib. Ölkəmizin yeganə istəyi isə həmin təşəbbüslərin xoş məram daşıması olub...

Səxavət HƏMİD

 

Ekspert rəyi

İlqar VƏLİZADƏ, politoloq

– Rusiya Xarici işlər nazirinin irəli sürdüyü təklif, əslində, maraqlıdır. Çünki Xəzəryanı dövlətlərin başçıları müntəzəm olaraq görüşürlər, müxtəlif aktual məsələləri müzakirə edirlər. Nazirlər arasında da Xəzər Şurası adlanan əməkdaşlıq formatı qurulsa, görüşlər müəyyən çərçivə halını ala və sistemli xarakter daşıya bilər. Məsələn, Mərkəzi Asiya dövlətlərinin başçıları arasında məşvərət xarakterli görüşlər keçirilir. Orada da heç bir katiblik yoxdur. Amma liderlər müntəzəm görüşür, müxtəlif məsələləri müzakirə edir, vacib qərarlar qəbul olunur. Növbəti görüşdə isə qərarların icrası istiqamətində görülən işləri təhlil edirlər. Xəzəryanı ölkələrin XİN başçıları arasında da görüşlərin müəyyən gündəlik əsasında və hər dəfə bir ölkədə keçirilməsi çox vacibdir.

Xüsusilə nəzərə almaq lazımdır ki, son illərdə Xəzər dənizi ilə bağlı ciddi proseslər yaşanır. Dənizin suyunun azalması dərin narahatlıq doğurur. Bu problemləri həll etmək üçün, əlbəttə, təxirəsalınmaz addımlar atılmalıdır. Ən azı bununla bağlı görüşlərin keçirilməsi və qərarların qəbulu önəmlidir.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Səxavət HƏMİD