USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ağ Evin qərarı: Qafqazda Azərbaycanla irəli!

31 il əvvəl qurulan münasibətlər bu gün zamanın sınağından çıxaraq reallığa köklənir


https://img.baki-baku.az/news/2023/12/photo_10034.jpg

Məlum səbəblərdən bir qədər soyumuş Azərbaycan–ABŞ münasibətlərinin artıq istiləşməyə doğru getməsinin konturları görünür. Əlbəttə, bu, yaxşı haldır. Axı, iki ölkə arasında diplomatik münasibətlər Azərbaycan XX əsrin axırlarında dövlət müstəqilliyini bərpa edəndən az sonra, 1992-ci ilin fevralında qurulub və bir çox mühüm sahələri əhatə edir. Hər iki tərəfə yalnız siyasi və iqtisadi dividendlər gətirən, etibarlı əməkdaşlığa söykənən münasibətlərdə ara-sıra anlaşılmazlıqlar yaransa da, problem Azərbaycanın ədalətli mövqeyi və ABŞ-ın Cənubi Qafqazda maraqlarını Bakısız yürüdə bilməyəcəyi qənaətinə gəlməsi ilə öz həllini tapıb. Bu dəfə də eyni hal yaşanır. Göründüyü kimi, Azərbaycan rəhbərliyinin siyasi iradəsi və qətiyyəti ermənipərəst konqresmenlərin bütün planlarını alt-üst etdi. Son bir ayın acı təcrübəsi onu göstərdi ki, Ağ evə üzqarası gətirəcək siyasi səhvləri yenə də Dövlət katibi Antoni Blinken düzəltməli olacaq.

Üzrxahlıq qəbul olundu

Ötən ay ABŞ Konqresində Azərbaycan əleyhinə “alovlu” çıxış edən Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynin Azərbaycana hansı təkliflər paketi ilə gəldiyi və burada nələri söyləyəcəyi maraqla gözlənilirdi. C.O’Brayn Bakıda Prezident İlham Əliyevlə görüşündə, faktiki olaraq, Konqresdə dediyi sözlərdən fərqli ampluada, üç həftə əvvəl ərz etdiklərindən imtina edirmiş kimi görünürdü. Bəzi ekspertlər bunu Ağ ev rəsmisinin Bakıdan üzrxahlıq jesti kimi dəyərləndirirlər. Axı, onun noyabrın 15-də Konqresdəki həmin çıxışı Azərbaycandan daha çox supergücün təhlükəsizlik maraqlarına, o cümlədən Cənubi Qafqazda təsir imkanlarını artırmaq səylərinə zərbə vurmuşdu. Bakıda diplomatiya dərsi alan cənab O’Braynın İlham Əliyevlə görüşündə ikitərəfli münasibətlərə vurduğu ziyanı “kompensasiya” etmək istəyi aydın sezilirdi. Elə onun “X” hesabında ABŞ–Azərbaycan münasibətlərinin gələcəyini müzakirə etmək üçün Prezident İlham Əliyevlə konstruktiv danışığın baş tutduğunu yazmasını etiraf kimi qəbul etmək olar. O, paylaşımında, eyni zamanda, Cənubi Qafqaqzda dayanıqlı və ləyaqətli sülhün bərqərar olmasının tarixi imkanlar açacağını vurğulayıb. C.O’Brayn, həmçinin Dövlət katibi Antoni Blinkenin sülh danışıqları üçün Azərbaycan və Ermənistan xarici işlər nazirlərini tezliklə Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözlədiyini qeyd edib.

Beləliklə, Ağ evin “xüsusi tapşırıqlar üzrə elçisi” Ceyms O’Braynın Bakıda Prezident İlham Əliyev və Xarici işlər naziri Ceyhun Bayramovla görüşlərində müzakirə olunan məsələlər ABŞ–Azərbaycan münasibətlərində birincinin günahı üzündən yaranmış anlaşılmazlığın aradan qalxdığını, ikitərəfli təmasların normal məcraya qayıtdığını söyləməyə tam əsas verir. Konqresdə ermənipərəst “semlərin” təşkil etdiyi məlum anti-Azərbaycan müzakirələrlə bağlı rəsmi Bakı özünün prinsipial mövqeyini ortaya qoydu və ölkəmizlə münasibətləri bu tərzdə davam etdirməyin mümkünsüzlüyünü Vaşinqton isteblişmentinin nəzərinə çatdırdı. Amma Ağ evin O’Braynın üzrxahlığını rəsmi Bakının nə dərəcədə qəbul etməsinin Vaşinqtonun bundan sonra atacağı konkret addımlardan asılı olacağı birmənalıdır.   

ABŞ bölgədə sülhə töhfə verə bilər

Bəli, bölgədə öz hədəflərinə çatmaq üçün Vaşinqtonun Bakıya ehtiyacı var.  Məhz buna görə indi Birləşmiş Ştatlar erməni lobbisinin korporativ maraqları naminə Azərbaycanla münasibətləri korlamağın, qarşıdurmanın yox, bərabər hüquqlu tərəfdaş kimi uzlaşmağın marağındadır. Bakı, təbii olaraq, bu üstünlüyündən diplomatik müstəvidə yararlanır. İntəhası, o da bəllidir ki, son vaxtlar kommunikasiyaların harada və necə açılacağı uğrunda mübarizə Cənubi Qafqaza daha aktiv şəkildə tranformasiya edilir. Bu isə o deməkdir ki, yaxın perspektivdə bölgə böyük güclərin qarşıdurma meydanına çevrilmək təhlükəsi ilə üzləşə bilər.  

“Vaşinqton yeni reallıqları nəzərə almaqla, Bakı və İrəvan arasında münasibətlərin normallaşması prosesinə öz töhfəsini verə bilər”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın diqqətinə çatdırıb. Həqiqətən də, Azərbaycanın öz suverenliyini bərpa etməsi ilə yaratdığı yeni reallıq şəraitində sülhə nail olma şansı da artıb. ABŞ artıq bu reallığı qəbul edir. Ağ evin Qafqazda Azərbaycansız irəliləməyin mümkün olmadığını dərk edərək, ikitərəfli münasibətləri irəliyə doğru aparmağa qərar verdiyini söyləyə bilərik.

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov hesab edir ki, Vaşinqton ABŞ–Azərbaycan münasibətlərində yaranmış gərginliyi aradan qaldırmağa müəyyən mənada nail oldu: “Konqresdə Bakının ünvanına səslənən hədə-qorxular, düşünülməmiş bəyanatlar, əlbəttə ki, Birləşmiş Ştatların milli maraqlarına xələl gətirirdi. Vəziyyəti düzgün

qiymətləndirən Vaşinqton münasibətləri sağlam və real istiqamətdə tənzimləməyə çalışır. Bunun nə dərəcədə davamlı olacağını indidən demək çətindir. Hər bir halda hiss olunur ki, həmin O’Braynın Konqresdəki anti-Azərbaycan ruhlu çıxışı, ünvanımıza səsləndirilən məsuiliyyətsiz bəyanatlar daha çox daxili auditoriyaya hesablanmışdı. Yəni, ermənilərə lobbiçilik edənlər, guya, bununla onlara “can yandırdıqlarını” nümayiş etdirirlər. Amma ortadakı reallıq ABŞ-ı Azərbaycanla münasibətləri qoruyub saxlamağa, inkişaf etdirməyə sövq edir. Çünki Ağ evin Cənubi Qafqazdakı bütün milli maraqları Ermənistana deyil, Azərbaycana bağlıdır. Belə olduğu təqdirdə əgər ikitərəfli münasibətlər korlanırsa, bundan təkcə Azərbaycan itirmir. İndiki məqamda daha çox itirən təfəf ABŞ-ın özüdür. Düşünürəm ki, bundan sonra həm Vaşinqtonda, həm də Bakıda məlum hadisələrin fəsadlarını neytrallaşdırmağa, ziyanı minimuma endirməyə çalışacaqlar”.       

Yaranmış indiki durumda Vaşinqton yeni reallıqları nəzərə almaqla, İrəvan–Bakı sülh dialoqunun müsbət sonluğa qovuşmasına öz töhfəsini verməklə, həm də bölgədə mövqeyini möhkəmləndirmək şansını qazanacaq. Bunun üçün Vaşinqton Azərbaycanın ərazi bütövlüyünü, üzərində suverenliyini bərpa etdiyi Qarabağdan   danışmağı dayandırmalı, bu mövzuya nöqtə qoymalıdır.

İrəvan şansını düzgün dəyərləndirərsə...

Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında ABŞ-nin roluna toxunan C.O’Brayn Transxəzər nəqliyyat dəhlizi konsepsiyasının inkişafı,  Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılmasına dair müzakirələrin davam etdirilməsini ABŞ-ın dəstəkləndiyini vurğulayıb. Onun dedikləri, əslində, ABŞ-ın Çindən Avropaya uzanan Orta dəhliz layihəsini Mərkəzi Asiyadan Avropaya çıxan Transxəzər marşrutu ilə əvəzləmək, eləcə də kommunikasiyanın İrəvanın istəyi nəzərə alınaraq açılması şərti ilə Ermənistanın da bu prosesdə iştirakını təmin etmək planıdır. Göründüyü kimi, ABŞ Dövlət Departamentinin rəsmisi Bakıya həm də konkret təkliflə gəlib. Azərbaycan Prezidenti bununla bağlı O’Braynlə görüşdə Bakının yanaşmasını ortaya qoyub. Dövlət başçımız Azərbaycanın Ağ evlə transmilli layihələri, o cümlədən Orta Dəhliz üzərində yeni əməkdaşlıq imkanlarını müzakirə etməyə açıq olduğunu bildirib. Yəni, Azərbaycan bu istiqamətlərdə ABŞ-nin planlarına yox demir. Fəqət, bu zaman hansı tərəf qabağa düşərsə və Bakı üçün daha faydalı təkliflər irəli sürərsə, onunla işləməyə üstünlük verəcək.

İrəvan isə həm sülh sazişi, həm də Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini yetirəcəyi təqdirdə regional layihələrə qoşulmaq şansını əldə edə bilər.  

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib ki, amerikalı diplomatın Azərbaycan əleyhinə məlum çıxışından sonra Xarici işlər naziri Ceyhum Bayramov Vaşinqtonda erməni həmkarı Ararat Mirzoyanla görüşdən imtina etdi, rəsmi Bakı Ağ evin Azərbaycan və Ermənistan arasında vasitəçiliyini kənara qoydu: “Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanla əməkdaşlığa vurulan zərbə ABŞ-ın təhlükəsizlik maraqlarına zidd idi. Gözlənildiyi kimi, Bakıda Ceyms O’Braynla İlham Əliyev arasındakı görüşdə münasibətlərdəki müsbət məqamlar önə çəkildi. Birincisi, İlham Əliyev Azərbaycan ilə ABŞ arasında münasibətlərin zəngin tarixinin olduğunu, müstəqillik illərində müxtəlif sahələr üzrə əlaqələrin qurulduğunu, xüsusilə energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğuladı. İkincisi, İlham Əliyev Azərbaycanın suverenliyini tam şəkildə bərpa edəndən sonra sülhün bərqərar olunması üçün tarixi imkanlar yarandığını və ABŞ-ın yeni reallıqlar nəzərə alınaraq bu prosesə öz töhfəsini verə biləcəyini dedi. Ağ ev rəsmisi İlham Əliyevin sözlərini təsdiqlədi.

Amerikanın bölgədə sülh gündəliyini, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasını, sülh sazişi üzrə danışıqları dəstəklədiyini deyən O’Brayn danışıqların Vaşinqtonda davam etdirilməsi üçün ABŞ-ın hazır olduğunu diqqətə çatdırdı. O, bundan başqa Transxəzər Nəqliyyat Dəhlizi konsepsiyasının inkişafı, həmçinin Ermənistan ilə Azərbaycan arasında kommunikasiyaların açılması üzrə müzakirələrin davam etdirilməsinin ABŞ tərəfindən dəstəkləndiyi vurğuladı”.

Politoloq daha sonra qeyd etdi ki, bütün bunlar azdır, Vaşinqton Azərbaycana verdiyi əhəmiyyətini aracağı konkret addımlarda göstərməlidir: “O’Brayn, Ağ evin digər rəsmiləri bundan sonra Azərbaycan əleyhinə fikirlər söyləmədikləri halda rəsmi Bakı Vaşinqtonun vasitəçiliyinə müsbət yanaşacaq və yalnız bu halda ABŞ paytaxtında görüşlər yenidən başlaya bilər”.

İkitərəfli münasibətlərin müsbət məcrada davam etdirilməsi üçün vacib şərtlərdən biri Azərbaycan rəsmilərinin də ABŞ a səfərlərinin bərpa olunmasıdır. Bununla da ABŞ–Azərbaycan münasibətləri özünün əvvəlki konstruktiv səviyyəsinə qayıdır.

Bəs rəsmi Vaşinqton ABŞ Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin üzdəniraq bəzi üzvlərinin təxribat xarakterli çıxış və bəyanatlarına siyasi qiymət, yaxud şərh verəcəkmi? Məntiqlə Bayden Administrasiyası bu faktı diqqətlə araşdırmalıdır. Çünki ABŞ-dakı zəngin və nüfuzlu erməni diasporunun, haylara lobbiçilik edənlərin dezinformasiyadan yararlanmaqla Azərbaycana qarşı təcavüzkar və zərərli kampaniyasının səngiyəcəyinə heç kəs zəmanət verə bilməz. Xüsusilə, son üç ildə ermənilərə lobbiçilik edənlərin ABŞ-ın dövlət siyasətinə, milli maraqlarına potensial təhlükə mənbəyinə çevrildiyi göz qabağındadır. Son hadisələr göstərdi ki, bu zərərli təmayül, ilk növbədə, ABŞ və Azərbaycan arasındakı münasibətlərə xələl gətirir. Bakı səmimi etirafı qəbul etməklə Vaşinqtona tərəf özünün xoşməramlı addımını atdı. İndi növbə Ağ evindir.   

İmran BƏDİRXANLI




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

İmran BƏDİRXANLI