USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Selektiv yanaşma – Prezidentin qətiyyət manifestindəki etiraz motivi

Yaxud dünyanın ikili standartlar siyasəti və erməni avantürizminə dəstək təmayülü


https://img.baki-baku.az/news/2023/12/photo_10033.jpg

Qırx dörd günlük müharibənin başlandığı ilk on gün hər birimizin yaxşı xatirindədir. Həmin vaxt dünyanın media vasitələri elə fon yaradırdılar ki, sanki, Azərbaycan işğalçılıq müharibəsi həyata keçirməkdədir. Onlara ayrı-ayrı beynəlxalq qurumlar, ermənipərəst dairələr, erməni lobbi və diaspor təşkilatları özlərinin qərəzli, obyektivlikdən tam uzaq bəyanatları ilə dəstək verirdilər. Yaxud əksinə, ikincilər birinciləri “ruhlandırır”, “istiqamətləndirirdilər”. Həqiqətən, dəhşətli durum yaşanırdı. Söhbətimiz bu barədədir.

Əlbəttə, 44 günlük müharibə günlərində Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın aparıcı kütləvi informasiya vasitələrinə çoxsaylı müsahibələri ölkəmizlə bağlı yanlış informasiya “sel”ini aradan qaldırdı. Hiss etdik ki, mövcud sahədə yumşalmalar, həqiqətləri görmə və dəyərləndirmə meyilləri var. Lakin müharibənin başa çatmasından sonrakı zaman kəsiyinin təhlili onu göstərir ki, üç il əvvəlin sözügedən yaramaz tendensiyası bu gün üçün də “aktuallığını” saxlamaqdadır. Mövzuya toxunmaq zərurəti də bundan qaynaqlanmaqdır.

Prezident İlham Əliyev ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə dekabrın 6-da keçirilmiş “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumundakı çıxışında bildirdi ki, tərəfdaş hesab etdiyimiz bəzi ölkələrlə müəyyən anlaşılmazlıq yaşayırıq. Dövlətimizin başçısının haqqında söz açdığı anlaşılmazlıq da diqqətə çatdırdığımız “aktuallığın” nəticəsidir.

Bəli, heyrətə gəlməmək mümkünsüzdür. Müxtəlif beynəlxalq təşkilatlar, ayrı-ayrı şəxslər, o cümlədən, dünya rəsmiləri Azərbaycan – Ermənistan münasibətlərindən söz açarkən, tez-tez “Dağlıq Qarabağ”, “Dağlıq Qarabağ münaqişəsi” və sair bu kimi ifadələr işlədirlər. Deməli, Azərbaycanın ərazi bütövlüyü anlayışına, ölkəmizin yurisdiksiyasına hörmətsiz yanaşırlar. Nəzərə almırlar ki, birincisi, münaqişə var idi, indi yoxdur, ikincisi Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı ərazi vahidi ömrünü tapşırıb. Sanki, münaqişə varmış kimi davranırlar və mövcud xüsusdakı ritorika beynəlxalq ictimai rəydə çaşqınlıq yaradır.

Ermənistan bu çaşqınlıqdan “yararlanır”. Ölkənin təbliğat maşını Azərbaycanın Qarabağı, guya, işğal etdiyinə dair təəssürat formalaşdırmağa girişir. Ən pisi isə budur ki, İrəvanın formalaşdırdığı təəssürat fonunda erməni avantürizminin Qarabağ seqmenti  “aktuallığını” qoruyur, bu seqmentin beynəlxalq ictimai rəydə, bir növ, leqallaşdırılması gerçəkləşdirilir. Bəli, Ermənistan və havadarlarının Azərbaycanın Qarabağa sahiblənməsi, o cümlədən ölkəmizin bölgədə bu il sentyabrın 19-da keçirdiyi lokal xarakterli uğurlu antiterror tədbirlərini qəsbkarlıq niyyəti olaraq qiymətləndirməsi fonunda, beynəlxalq təşkilatların əsl həqiqətləri dilə gətirməkdən yan keçmələri son dərəcə riyakar ab-hava yaradır. Nəzərə alaq ki, bu ab-hava beynəlxalq hüququn prinsipləri ilə daban-dabana ziddir. Elə buna görə də Prezident İlham Əliyev forumdakı çıxışında BMT Nizamnaməsinin 51-ci maddəsini yada salır.

Həqiqətən, dünya ölkəmizin yalnız sözügedən maddənin özünümüdafiə hüququndan istifadə etdiyinin fərqinə varmır. Ona görə ölkəmizin lideri tərəfdaş hesab etdiyimiz bəzi ölkələrlə müəyyən anlaşılmazlıqların yaşandığını bildirərkən bunları da vurğulayır: “Biz öz mövqeyimizi onlara çatdırırıq və bütün ölkələrə qarşı beynəlxalq hüququn şamil olunmasının vacibliyini qeyd edirik. Bu, selektiv olmamalıdır”.

***

Bəli, Azərbaycan Prezidentinin haqqında söz açdığı selektiv yanaşma dünyanın ölkəmizə münasibətdəki ikili standartlar siyasətinin bariz göstəricisidir. İllərlə torpaqlarımızın işğal altında qalmasının bir səbəbi də məhz bu siyasət idi. İndi işğal dövrü başa çatıb, ancaq ikili standartlar siyasəti yenə öz “mahiyyətini” və təzahür formalarını saxlamaqdadır. Mövcud tendensiya isə Ermənistanı reallıqları görməkdən uzaqlaşdırır, eyni zamanda, ölkənin hakim dairələrini və siyasi çevrələrini illüziya bataqlığına sürükləyir. Bu tendensiya, eyni zamanda, Ermənistanda revanşist meyilləri gücləndirir, şovinizmi alovlandırır. Nəticə dünyanın Cənubi Qafqazdan sülh gözləntisinə tərs-mütənasib vəziyyət formalaşdırır. Görəsən, beynəlxalq qurumlar və onların təmsilçiləri məsələ barədə düşünmürlərmi? Belə görünür, düşünmürlər, ya da...

***

Əlbəttə, dünyanın bəzi qütblərinin Cənubi Qafqaz müstəvisində rəqabət apardığını qəbul edirik. Əslində, cənab İlham Əliyev də əvvəlki çıxışlarının birində mövcud məqama toxunmuşdu. Prezident, hətta, təxminən belə bir ritorik sual ünvanlamışdı: Rəqabət nə vaxt olmayıb ki?.. Ancaq, bu, o deməkdirmi ki, rəqabət beynəlxalq hüquq normalarının heçə sayılması ilə müşayiət edilməlidir? Axı, həmin normalara əhəmiyyətsiz münasibət müstəvisində bəşəri dəyərlərlə manipulyasiya qorxunc presedent yaratmaq təbiətinə malikdir. Nəzərə alaq ki, ikili yanaşma tətbiq olunsa, elə Avropanın özündə neçə-neçə münaqişə zonası formalaşa bilər. Məsələn, Fransa və Almaniya arasında Elzas və Lotaringiya uğrunda mübarizə, İspaniyada bask problemi, İrlandiyada Oslter məsələsi və sair. Bütün bunların “qoca qitə”nin axarına son dərəcə mənfi təsir göstərəcəyi şübhəsizdir. Bu yerdə deyilə bilər ki, Şengen zonasında birləşmiş Avropa, böyük ölçüdə, münaqişə dövrünü başa vurub. Elə isə nə üçün qitənin aparıcı qurumları vaxtilə özlərində mövcud olmuş münaqişələrə bənzər xoşagəlməz durumların başqa yerlərdə yaşanmasında maraqlıdırlar? Ona görə ki, rəqabət aparırlar?!

***

Azərbaycan Prezidenti bildirir: “Təəssüflər olsun ki, Avropada liderlər arasında cənab Borrel, xanım Metsola kimi populist insanlar var. Mən hər zaman açıq danışmağı xoşlayıram. Mən onların yürütdüyü siyasətlə və Azərbaycana olan münasibətləri ilə tamamilə razı deyiləm, narazıyam. Bu, ədalətsizdir və heç də Avropa İttifaqının maraqlarına uyğun deyil”.

Göründüyü kimi, ölkəmizin lideri son dərəcə vacib məqama toxunur. Dövlətimizin başçısı Aİ-nin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Borrellin və Avropa Parlametinin prezidenti Roberta Metsolanın aşkar anti-Azərbaycan və ermənipərəst mövqeyinin qəbuledilməzliyini vurğulayarkən, bunun Avropa İttifaqının maraqlarına uyğun olmadığını önə çəkir. Əlbəttə, qurumun hazırda Azərbaycanla əməkdaşlıq müstəvisini də əsas götürür. Digər tərəfdən, nəzərə alınmalıdır ki, hər iki şəxsin aşkar tərəfkeşliyi həm də Aİ-nin bəyan etdiyi prinsiplərə ziddir. Məgər bu şəxslərə Minsk qrupunun timsalında ATƏT-in otuz ilə yaxın müddətdə öz prinsiplərini çeynəməsinin, reallıqdan uzaq mövqe tutmasının yekunda heç bir nəticə vermədiyi dərs olmayıb?

Bəli, beynəlxalq aləm bütün məsələlərdə obtektiv davranmalı, indiki halda özünün ermənipərəstlik şakərindən qurtulmalı, haqq və ədalətin təntənəsi naminə çalışmalı, mütərəqqi mahiyyət ortaya qoymalı, Azərbaycana, xalqımızın haqq işinə münasibətdə səmimiyyət nümayiş etdirməlidir. Azərbaycan Prezidentinin “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumundakı çıxışında vurğuladığı vacib məqamlardan biri məhz bu idi. Haqqında söz açdığımız mühit formalaşmayanadək, beynəlxalq hüquq normaları manipulyasiya məngənəsində boğulmaqdan xilas olmayanadək Cənubi Qafqaz erməni avantürizminin cəngindən qurtulmayacaq. Bunun baş verməməsi isə bölgədə dayanıqlı sülhə və əminamanlığa ciddi təhdid olaraq qalacaq.

Əvəz RÜSTƏMOV




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Əvəz RÜSTƏMOV