USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bəs deyilmi, ey insanlar, töküldü qan, axdı qan?


https://img.baki-baku.az/news/2023/12/photo_10020.jpg

Əvvəllər deyirdilər ki, “böyük dövlətlərin” iqtisadi maraqlarının  və siyasi qütbləşmələrin nəticəsi olaraq, dünya haqsızlıqlar içərisində çalxalanır. İndi isə artıq dünya məhz həmin səbəblər üzündən al-qan içindədir. Hamının üzərində hegemonluq etmək istəyən, anamız Yer kürəsinin bütün təbii sərvətlərinə göz dikən, öz maraqları naminə yüz minlərlə, milyonlarla insanın qətlinə fərman verməkdən çəkinməyən  şər qüvvələr bəşər övladını al qana qərq ediblər. Televiziya xəbərlərinə baxmaq, elektron kütləvi informasiya vasitələrində yayılan məlumatlara nəzər salmaq mümkün deyil.

 Hara baxırsan münaqişə, müharibə, terror, təxribat, separatçılıq, işğalçılıq, ərazi iddiaları, silahlı qarşıdurmalar, ədavət, qisas... hansısa regionun altına barıt çəlləyi yerləşdirilməsi, sona çatmaqda olan münaqişələrin yenidən körüklənməsi... Sadəcə olaraq, dəhşətdir! XXI əsrin üçüncü onilliyində İblisin bu qədər fəallaşmasını kim gözləyərdi ki? Kim güman edə bilərdi ki, orta əsrlərdən qalma səlib (xaç) yürüşləri bu əsrdə də bərpa ediləcək? Kim inana bilərdi ki, qardaş qardaşın torpağına da, dövlətinə də, mədəniyyətinə də, övladına da qənim kəsiləcək? Kim proqnoz verə bilərdi ki, hər üç səmavi dinin nazil olduğu Yaxın Şərqin hər qarış torpağı uşaq, qadın, qoca, əlil insanların qanı ilə yenidən suvarılacaq? Çox təəssüf ki, heç kəsin inana bilməyəcəyi, güman etməyəcəyi,  proqnozlaşdırmadığı həmin məsələlər günümüzün reallığıdır.

Bir tərəfdən də zəlzələlər, sunamilər, vulkan püskürmələri, qlobal istiləşmənin əsas fəsadlarından olan yanğınlar, epidemiyalar  dünyanın başına od ələyir. Sən paralellərə bax. Kütləvi İnformasiya Vasitələri xəbər verirlər ki,  İsraillə HƏMAS atəşkəs razılaşması başa çatmamış bir-birinin başına od yağdırdılar. Bu sətirlərin mürəkkəbi qurumamış Asiyanın cənubundan xəbər gəldi ki, İndoneziyanın Sumatra adasının qərbində Merapi vulkanının püskürməsi nəticəsində ilkin məlumata görə, 11 alpinist həlak olub, çoxlu itkin düşən var.

Yaxud, televiziya aparıcısı “Rusiya Ukraynaya növbəti dəfə ən müasir raketlərlə hücum etdi” anonsunun ardınca “İstanbulda güclü zəlzələ oldu” xəbər anonsunu söylədi. Bundan başqa, “Şimali Koreya rəqiblərini nüvə hücumları ilə hədələdi” xəbər başlığını “Yaxın Şərqdə aclıq və epidemiyalar bombardmanlardan çox insan ölümünə səbəb olacaq” xəbərdarlığı əvəz etdi. Eləcə də, “Co Bayden Çin rəhbərini “diktator” adlandırdı” manşetini “Makron Cənubi Qafqazda yenidən qan tökülməsinə çalışır?” – sualı əvəz etdi.

Bütün bunlar günümüzün acı reallıqlarıdır. Ancaq dünyanın xəbər arealları təkcə acı reallıqların ümidinə qalmayıb. Məmnunluq və əminlik yaradan reallıqlar da var. O reallıqları Azərbaycan dövləti, Türkiyə Cümhuriyyəti, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası və digər mütərəqqi qüvvələr birlikdə yaradırlar. “Dünya beşdən böyükdür” – deyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da, “BMT Təhlükəsizlik Şurasının strukturunda islahatlar aparılmalıdır” – qətiyyətini dönə-dönə , israrla təkrarlayan Azərbaycan Prezidenti İlham Əliyev də, işğalçı və müstəmləkəçi Makron dövlətini Afikadan qovmaqda olan qara qitə siyasətçiləri də, ABŞ və Avropadakı şər qüvvələrə qarşı birlikdə mübarizə aparan  Qoşulmama Hərəkatı üzvləri də dünyaya sülh gətirmək arzusunda olanların önündə gedirlər.

Mən “mayası nur, qayəsi nur” olan, regionda və dünyada sülhün bərqərar edilməsi üçün bütün vasitələrdən istifadə edən  Azərbaycanın sadə bir vətəndaşı, türk qanlı qələm sahibi kimi xalqımla da, dövlətimlə də, Türk dünyası ilə də  fəxr edirəm. Əminəm ki, dünyanın sabitliyini və sülhü qorumaq yolunu tutanlar qalib gələcəklər. Biz ölkələrimizi də, dünyamızı da şər qüvvələrdən qoruyacaq, bəşər övladının sülh, rifah  və tərəqqi içərisində yaşamasına öz töhfələrimizi verəcəyik. Elə bu sətirlərin sərlövhəsinə çıxardığımız “Bəs deyilmi ey insanlar, töküldü qan, axdı qan?” – ritorik sualının müəllifinin də məhz bizim soydaşımız, Azərbaycan şairi Novruz Gəncəlinin olması da türk fərdinin mənəvi keyfiyyətlərindən xəbər verir.

İttifaq MİRZƏBƏYLİ




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

İttifaq MİRZƏBƏYLİ