USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Borrelin rəngli yuxuları, Pallonenin ağ yalanları

Aİ-nin bəzi siyasətbazlarının, ABŞ-ın ermənipərəst konqresmenlərinin “ilham mənbəyi”


https://img.baki-baku.az/news/2023/12/photo_10019.jpg

Yenidən ağız-ağıza veriblər. Deyəsən, okeanın o tayında zəngin erməni diasporunun əlində “marionetə” çevrilən psevdosiyasətçilər, saxtakar və riyakar konqresmenlər, ermənipərəst “çete” meydanı boş görüblər. Yaxşı qonorar müqabilində hayları müdafiə səngərlərindən Azərbaycana “atəş açmağa” girişiblər. Otuz il davam edən münaqişə boyu bunları çox görmüşük. Ermənipərəst bəzi konqresmenlərin, korrupsioner senatorların köpüklənən ağızlarından tökülən təhdidlərini çox eşitmişik. Onların Azərbaycana qarşı ədalətsiz, qərəzli qərarlarını, düzəlişlərini səbirlə çiynimizdə daşımışıq. Amma haypərəstlərin nə hədələri, nə də qurşaqdan aşağı zərbələri bizi qorxudub. Bizi heç nə haqq yolumuzdan döndərə bilməyib. 2020-ci ilin 10 noyabrından sonra düşünürdük ki, münaqişə bitdi və “miatsum” epidemiyasının fəsadlarını yaşayan hayların havadarları da ağıllandılar, aqibətlərindən düzgün nəticə çıxardılar, necə deyərlər, sağlam məntiqdən uzaq, dəlisov iddialarından əl çəkdilər. Özümüzü barışığa kökləməyə, qarşılıqlı qonşuluq münasibətlərini normal məcraya salmağa köklədik. Fəqət, heç də belə deyilmiş.                   

Hayların ideoloji səngərindən səsləri eşidilən elə əvvəlki “muzdlu agitatorlardır”.  Məqsədləri də dəyişməyib: Ermənistanla Azərbaycan arasında əldə olunacaq sülhü pozmaq, münaqişəni yenidən alovlandırmaq, Cənubi Qafqazda suyu bulandırmaq, sonra da bulanıq suda balıq axtarışına başlamaq.

Onlardan biri, ABŞ Nümayəndələr Palatasının üzvü, Konqresin erməni məsələləri üzrə komissiyasının həmsədri Frenk Pallone bu günlərdə Azərbaycana qarşı ağlasığmaz, həm də istehza doğuran tələblər irəli sürüb: “Azərbaycanın bundan sonrakı təcavüzünün qarşısını almaq və Ermənistanın ərazi bütövlüyünü təmin etmək üçün ABŞ-nin İrəvana birmənalı dəstəyi olduqca vacibdir”.

Normal psixoloji statusdan məhrumlar

F.Pallonenin və ona bənzər digər konqresmenlərin anti-Azərbaycan fəaliyyətinə sonra qayıdacağıq. İndi isə dövlət başçımızın Avropa İttifaqının yüksək çinli məmuru Cozef Borrelin yalanını ifşa edən çıxışından bir məqamı diqqətə çatdıraq:                                                     “Hətta ermənilərin özləri etiraf edirlər ki, bu cür təcrübəli Avropa diplomatı yalan danışır. Onlar deyirlər ki, Qarabağı 150 min deyil, 100 min insan tərk edib. Yəni, cənab Borrel bu tərzdə davam etsə, bir aydan sonra 200 min deyəcək. Ola bilsin ki, cənab Borrel yuxular görür. Bu, tamamilə qəbuledilməzdir. Bu, təkcə rəqəmlərlə bağlı manipulyasiya deyil, bu, Azərbaycana qarşı ittihamdır. Həm də bizim etmədiyimizlə bağlı ittiham”.

Bu sözləri Prezident İlham Əliyev dünən ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və Çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı söyləyib.

Dövlət başçımız Aİ rəhbərinin müavini, İspaniyanın sabiq xarici işlər nazirinin siyasi səbatsızlığını maraqlı müqayisə ilə sübuta yetirib: “Çox təəccüblüdür ki, onun (Borrel – red.) öz ölkəsi (İspaniya – red.) separatçılıqdan əziyyət çəkir. İndi belə bir şəxs separatçıları necə müdafiə edər? Bu, olduqca təəccüb doğurur”.

İlham Əliyev çıxışında, ümumilikdə, Azərbaycanın Avropa Komissiyası ilə çox gözəl münasibətlərə malik olmasını, buna böyük əhəmiyyət verməsini, bu əlaqələrin Bakı üçün strateji əhəmiyyət daşımasını qeyd etməklə yanaşı, qarşılıqlı əməkdaşlığa xələl gətirən məqamlara da toxunub: “Təəssüflər olsun ki, Avropalı liderlər arasında cənab Borrel, madam Metsola kimi populist insanlar da var. Mən hər zaman açıq danışmağı xoşlayıram. Onların yürütdüyü siyasətlə və Azərbaycana olan münasibətləri ilə qəti razı deyiləm. Bu, ədalətsiz yanaşmadır və heç də Avropa İttifaqının maraqlarına uyğun deyil”.

Avropa Parlamentinin bir təsisat kimi buna maneə olmasının gərəkliyini vurğulayan dövlətimizin başçısı daha sonra deyib: “Bu, bir növ məsuliyyətsiz insanlar qrupudur. Onların bəziləri özünü manyak kimi aparır. Çünki onların anti-Azərbaycan hissləri və bəyanatları insanın normal psixoloji statusundan kənara çıxır. Mən maksimal dərəcədə diplomatik lüğətdən istifadə etmək istəyirəm. Biz nə edə bilərik? Onlar 10-dan çox anti-Azərbaycan qətnamə qəbul ediblər. Biri çox, biri az. Bu, bizim üçün elə bir vacib deyil. Biz buna təəssüf edirik. Sadəcə, onu bəyan edə bilərik ki, bunu Avropa İttifaqı üzvlərinin hamısına şamil etmirik”.

Bəli, konkret olaraq, Aİ-nin 77 yaşlı ispan əsilli “diplomatı” son vaxtlar Bakının ünvanına avantürist açıqlamarı ilə əndazəni tamam aşıb. Onun erməni lobbisi ilə isti münasibətlərində hansı “özəl maraqları” güddüyü sirr deyil.

Əməkdaşlığın “özəl maraqları”

Bu arada ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller jurnalistin “Azərbaycanla məlum səbəblərdən soyumuş münasibətlərin fonunda Ceyms O’Braynın Bakıya səfərinin Ağ evin ənənəvi siyasətindən geri çəkilməsi kimi qəbul edilə bilərmi? – sualına cavabı diqqəti cəlb edir: “Xeyr, qətiyyən elə  deyil. Biz Azərbaycanla əməkdaşlığa davam etməyəcəyimizi heç vaxt deməmişik. Bu, bir ölkə kimi, ABŞ-ın maraqlarına da zidd olardı. Hesab edirik ki, əgər biz Azərbaycanla bütün diplomatik münasibətlərimizi kəsmiş olsaydıq, bu, regionda sülh və təhlükəsizlik maraqlarımıza da uyğun gəlməzdi”.

Həm Bakı, həm də İrəvanla birbaşa qarşılıqlı əlaqələrin davam etdiyini söyləyən Miller Ağ evi nəyin narahat etdiyini aydınlaşdırmağa çalışdığını deyir: “Misal üçün, biz onları insan hüquqlarına və digər əsas azadlıqlara hörmət etməyə çağırırıq. Həmçinin Ermənistanla möhkəm sülhə nail olmağa çağırmaqdan ötrü Bakı ilə təmaslarımızı davam etdiririk. Bu məsələ, əvvəlki tək, bizim Azərbaycanla diplomatik əlaqələrimizin mərkəzində olacaq”.

Keçən yazımızda qeyd etmişdik: Ağ ev özündən zəiflərə yuxarıdan-aşağı baxmağa, onlarla amiranə tonda danışmağa adətkardır. Amma bu diplomatik ritorikanın Azərbaycana münasibətdə keçərli olmadığını Bakı üç həftə bundan əvvəl məlum telefon danışında göstərdi və sübuta yetirdi. Olmaya Vaşinqton eyni “valı” yenidən patefona qoyur? Daha o mahnılar köhnəlib, dinləyicilər də onlardan bezib.                                                                                                                                                  

Okeanın o tayında Azərbaycana qarşı “diplomatik demarş”a qoşulanlardan biri də senator Ben Kardindir. O, “Dağlıq Qarabağda (?) ernik təmizləməyə görə Bakını məsuliyyətə cəlb etmək” çağırışı ilə ABŞ Dövlət katibi Antoni Blinkenə məktub göndərib. Bu barədə Senatın beynəlxalq münasibətlər üzrə komitəsi məlumat yayıb. Məktubunda “Hərçənd Azərbaycan 2023-cü il sentyabrın 20-dən sonra atəşkəs rejiminin şərtlərinə riayət edir, mən onun əlavə diplomatik fayda qazanmaq üçün, xüsusilə, Zəngəzur dəhlizinə münasibətdə hərbi əməliyyata əl ata biləcəyindən çox narahatam”–yazan Kardin Blinkendən “hərbi cinayətlərə görə” azərbaycanlı çinovniklərin məsuliyyətə cəlb olunması çərçivəsində Vaşinqtonun atacağı addımlar, eləcə də Dağlıq Qarabağdan (?) məcburi (?) köçənlərə yardım barədə məlumat verməsini tələb edir.                                                                                                  

   Ermənipərəst senator məktubunda hayların dezinformasiyalarına, yalan və böhtanla dolu hesabatlarına söykənərək, Qarabağdan köçən dinc ermənilərə qarşı vəhşiliklərin (?) edildiyindən yazır. Üstəlik, o, 2022-ci ilin dekabrından ermənilərin “qəddar blokadada” saxlanılmasını da Dövlət katibinin diqqətinə çatdırır. Birləşmiş Ştatların bu sahədə öz öhdəliklərini yerinə yetirməyə davam etməsinin vacibliyini vurğulayan Kardin bir daha günahkarları məsuliyyətə cəlb etməyə çağırır: “Biz cəzasız qalacaqlarını düşünənlərə dəqiq siqnal göndərməliyik”.

Siqnal və mesajlarınızı doğru ünvana yönəldin, cənablar! Azərbaycanı kardinlərin hədə-qorxusu qarşısında geri çəkilən, milli və dövlətçilik maraqlarını hansısa supergücün bölgədəki maralarına qurban verməyə hazır Hayastanla səhv salmayın.          

“Menendesqeyt”in ardı olacaq

Əslində, Frenk Pallone, Robert Menendes, Ben Kardin, Adam Şiff, Ceki Sper, Qus Bilirakis kimi ermənipərəst konqresmenlər dövlət maraqlarını həmin ANCA-nın çirkli pullarına dəyişən əqidəsiz çinovniklərdir. Onların ABŞ Konqresində Azərbaycan və Türkiyə əleyhinə apardıqları hay fəaliyyətləri hamıya məlumdur. Məhz bu konqresmenlər işğal dövründə Xankındidəki separatçı-xunta rejimin başçısına “təbrik məktubu” göndərmişdilər. Sonra həmin məktubun ANCA (Amerika Erməni Milli Konqresi) tərəfindən hazırlandığı üzə çıxdı.

ABŞ-nin Nyu-Cersi ştatından senator, ermənilərə lobbiçiliyi ilə tanınan Robert Menendes barəsində təhqiqat davam etdirilir. Birləşmiş Ştatların “northjersey.com” saytında haylara “xaç atalığı” missiyasını yerinə yetirən rüşvətxor senatorun cinayətkar fəaliyyətinin araşdırmasına həsr olunmuş məqalə dərc olunub.

Frenk Palloneyə gəldikdə isə o, hələ 1995-ci ildə Konqresdə erməni qrupunu yaradan iki nəfərdən biri olub. Onun erməni lobbisi ilə “qarşılıqlı faydalı əməkdaşlığının” tarixi 1990-cı illərin əvvəllərinə gedib çıxır. F.Pallone 1992-ci ildə ABŞ-ın Azərbaycana yardımını qadağan edən “Azadlığa dəstək Aktı”na 907-ci düzəlişi dəstəkləyən və lehinə səs verənlərdən olub. Eləcə də, onun və separatçıbaşıya “təbrik məktubu” göndərən konqrsemenlərin qondarma erməni soyqırımı ilə bağlı qətnamə layihələrinin hazırlanmasında və qəbulunda “ödənişli xidmətləri” var.                                                                                                                                 

Jurnalist Poll Miller mənimsəmə və vəsaitdən sui-istifadə ittihamları ilə həbs edilən “Hayastan” Erməni Fondunun direktoru Ara Vardanyanın cinayət işi ilə bağlı araşdırma aparmış və bu barədə maraqlı məqalə dərc erdirmişdi. Frenk Pallonenin də iştirak etdiyi xeyriyyə marafonlarında fond 2008-ci ildə 35 milyon, 2016-cı ildə 15,4 milyon, 2017-ci ildə 12,5 milyon, 2018-ci ildə isə 11,1 milyon ABŞ dolları həcmində vəsait toplamış, amma sonra bu vəsaitin “təyinatı üzrə” xərclənmədiyi üzə çıxmışdı. Nəticədə Vardanyan həbs olundu, Frenk isə gəlirli ermənipərəst “fəaliyətini” daha da genişləndirdi.  

Qarabağdakı separatçı rejim də xaricdəki erməni diasporu və lobbisinin, fondların yaratdıqları çirkli pulların yuyulması mexanizminin, korrupsiya zəncirinin bir halqası olub. Bu gün erməni diasporunun və himayəçilərinin girovuna çevrilmiş rüşvətxor konqresmenlərin “kriminal dairə”sinin ifşa olunmasını, belə destruktiv qüvvələrin siyasi səhnədən çıxarılmasını Azərbaycandan çox ABŞ-nin dövlət maraqları tələb edir.

İmran BƏDİRXANLI

 

Ekspert rəyi

Fərid ŞƏFİYEV, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri:

Konqresdəki məlum müzakirələrdən sonra ABŞ–Azərbaycan münasibətləri bərpa olunma prosesindədir. Qarşıda iki ölkə arasında hansısa böyük layihələrdən danışmaq olmaz, amma, təbii ki, ABŞ Azərbaycan üçün olduqca vacib tərəfdaşdır. Eyni zamanda, Ağ ev də ölkəmizin geosiyasi və iqtisadi potensialını yaxşı anlayır. Buna görə də baş diplomat Antoni Blinken bu addımları atır. Aydın məsələdir ki, Vaşinqton Cənubi Qafqazda bəzi hədəflərinə çatmaq istəyir. İlk növbədə Ermənistan və Azərbaycan arasında sülh məsələsi gəlir. Bu, ondan ötrü həm də strateji hədəfdir. Çünki bu zaman Rusiyanın bölgədə rolu zəifləmiş olur. Axı Moskva məhz münaqişə vasitəsilə regionu idarə edirdi. Həmin alətin onun əlindən çıxmasını ABŞ hakimiyyəti alqışlayır. Amma o da aydındır ki, Vaşinqton Ermənistanın Rusiyadan uzaqlaşmasına nail olmaqla, özü güclənməyə çalışır. Ola bilsin ki, Ağ ev bu məsələdə səhvə yol verir. Halbuki Ermənistanın KTMT-dən çıxma ehtimalı nəzərdən qaçırılmamalıdır.

ABŞ üçün digər vacib məsələ bölgədə İranın mövqeyi və nüfuzudur. Bayden Administrasiyasının məqsədi İranla müəyyən dil tapmaqdır. Bu səylərin nə dərəcədə uğurlu olacağını yaxın gələcək göstərəcək. Hazırda Yaxın Şərqdə cərəyan edən hadisələr onu göstərir ki, Vaşinqtonun burada çoxlu müttəfiqləri yoxdur. Olanlarla da münasibətləri korlamaqla məşğuldur. Təəssüflər olsun ki, həm ABŞ Konqresində, həm də Dövlət Departamentində ermənipərəst, Azərbaycana yanakı baxan qüvvələr var. Hər halda, Ceyms O’Braynın Bakıya səfərini Azərbaycanın müəyyən şərtlərinin Ağ ev tərəfindən qəbulu kimi də qiymətləndirmək olar.   




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

İmran BƏDİRXANLI