USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Paşinyanın uğursuz müttəfiq axtarışları

Erməni professor ölkəsinin tək qaldığını etiraf edir


https://img.baki-baku.az/news/2023/12/photo_10018.jpg

Ermənistan rəhbərliyinin 30 ildən çox yürütdüyü işğalçılıq, qəsbkarlıq siyasətinin ölkəni uçuruma gətirib çıxardığını, respublikanın geosiyasi dalana dirəndiyini rasional düşüncəli bəzi haylar da etiraf etməkdədirlər. Həmin etiraflarda Ermənistanın düşdüyü acınacaqlı vəziyyətin baiskarlarının adları çəkilir, ümumi mənzərə təhlil olunur və mövcud durumdan çıxış yolları göstərilir. Erməni siyasi ekspertlər fikirlərini əsasən qələmə aldıqları məqalələrdə ifadə edirlər.

Belə etirafların yer aldığı məqalələrdən biri bugünlərdə Fransanın “Le Monde Diplomatique” (“Diplomatik dünya”) jurnalında dərc olunub. “Ermənistan tək qalıb” sərlövhəli yazının müəllifi Cenevrə Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Vigen Çatreyandır. Müəllif məqalədə Ermənistanın üzləşdiyi vəziyyəti təsvir edib. Qeyd olunub ki, sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazisi üzərində suverenliyini bərpa edib. Müəllif bununla razılaşmayan erməni əhalinin çoxunun Ermənistana köç etdiyini vurğulayıb. Bildirilib ki, Qarabağın erməni əhalisi geri qayıda bilər, lakin 30 ildən artıqdır yığılmış narazılıq çox az adamın geri qayıdacağını göstərir.

Yazıda Azərbaycanın qətiyyəti sayəsində həllini tapmış Qarabağ münaqişəsinin tarixinə ekskurs edilib. Bildirilib ki, münaqişə 1988-ci ilin fevralında erməni əhalisinin Azərbaycandan ayrılmaq tələbi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti rəhbərliyinin Ermənistanla birləşməyə səs verməsi və İrəvanın onları dəstəkləməsi ilə qızışıb. Nəticədə birinci Qarabağ müharibəsi başlayıb. 1994-cü ilin mayında atəşkəs sazişinin imzalanması ilə başa çatan müharibədə Ermənistan Qarabağı və ətraf əraziləri (Azərbaycan ərazisinin təxminən 20 faizini) işğal edərək azərbaycanlı əhalini sıxışdırıb çıxarıb.

Qeyd olunub ki, Ermənistan rəhbərliyinin apardığı siyasət nəticəsində ölkə müasir çağırışlar qarşısında müttəfiqsiz, tək qalıb: “İrəvan 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsində üzləşdiyi ağır itkilərdən sonra ordusunu yenidən təşkil edə və ya yenidən silahlandıra bilməyib. Onun təhlükəsizlik sahəsində ənənəvi tərəfdaşı olan Rusiya 400 milyon dollarlıq silah-sursat alqı-satqısı müqaviləsini icra etməyib. Nə Rusiya, nə də Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 2021-22-ci illərdə Azərbaycanla sərhəddə toqquşmalar baş verən zaman adekvat davranmayıblar. Onlar Ermənistanın ərazisini (?) qorumaq üçün müdaxilə etməyiblər”.

“Le Monde Diplomatique” yazır ki, nəticədə Ermənistan xüsusilə silah təchizatı baxımından Hindistan və Fransanın timsalında yeni müttəfiqlər axtarışına çıxıb. Amma İrəvan Qərbə üz tutandan Rusiya ilə ənənəvi yaxın münasibətlər pisləşib. Eyni zamanda, Azərbaycan Türkiyə ilə strateji müttəfiqliyini gücləndirərək, Rusiya, ABŞ və Avropa İttifaqı ilə tərəfdaşlıq münasibətlərini eyni vaxtda inkişaf etdirməyə nail olub.

Yazıda bildirilib ki, Ermənistan rəhbərliyi hər zaman, o cümlədən 2020-ci il müharibəsindən sonra da Qarabağın gələcəyi ilə bağlı Rusiyaya arxalanıb. Xüsusilə bölgədə rus sülhməramlılarının olması bu arxayınlığı daha da gücləndirib. Ancaq Rusiya antiterror tədbirlərinə hər hansı formada müdaxilə (?) etməyib. Bunun səbəblərdən biri də geosiyasi şəraitin dəyişməsidir: “Kreml 2020-ci ilin noyabrında Qarabağa sülhməramlı qüvvə yeridərkən onun məqsədi hərbi mövcudluğunu genişləndirməklə Rusiyanın bu strateji regionda təsirini artırmaq, həmçinin vasitəçi rolunu inhisara almağa çalışmaq, Qarabağ münaqişəsinin həllini qeyri-müəyyən müddətə təxirə salmaq idi. Rusiya bunu etdi. Azərbaycan isə 2020-ci ildən sonra yaranmış status-kvonun onu qane etmədiyini açıq şəkildə bildirirdi və Qarabağın bütün ərazisi üzərində suverenliyini bərpa etmək istəyirdi. 2023-cü ilin sentyabr hadisələri Rusiyanın Ukraynada Qərblə qarşıdurması şəraitində baş verib. Moskvanın Ukraynadakı hərbi əməliyyatı Azərbaycanın, eləcə də onun müttəfiqi Türkiyənin Rusiya üçün strateji əhəmiyyətini artırıb və Ermənistana marağı azaldıb. Ukraynada xüsusi hərbi əməliyyata başlamazdan cəmi iki gün əvvəl Moskvada Azərbaycan və Rusiya arasında müqavilə imzalanıb”. Qeyd edək ki, burada söhbət 2022-ci il fevralın 22-də Moskvada iki ölkənin dövlət başçısı tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”dən gedir.

Məqalədə o da bildirilib ki, Azərbaycan Rusiya neftinin ixracı üçün tranzit məntəqəsinə və deməli, Qərbin sanksiyalarından yan keçmək üçün mühüm tərəfdaşa çevrilib.

V.Çatreyan qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan real uğur əldə etməsə də, Qərbdə yeni müttəfiqlər axtarır. Avropa İttifaqı İrəvanla Moskva arasında münasibətlərin korlanmasına sevinir, bunun Rusiyanın Qafqazdakı mövqeyini zəiflədəcəyinə ümid edir və iqtisadi mülahizələrə əsaslanaraq Azərbaycanı özündən uzaqlaşdırmamağa çalışır. Ötən ilin iyulunda Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Bakıya səfər edib və saziş imzalayıb. Sazişə əsasən, Aİ Azərbaycandan təbii qaz idxalını 2023-cü ildəki 8 milyard kubmetrdən bir neçə ildən sonra 20 milyard kubmetrə çatdıracaq.

Yazıda karbohidrogenlərin Azərbaycanın ixracının 90 faizdən çoxunu təşkil etdiyi bildirilir və onun əsasən Avropaya göndərildiyi qeyd olunur. Qərbin Rusiyaya qarşı sanksiyaları nəticəsində qaz və neft bazarlarında yaranan gərginliyin də Azərbaycanın önəmini artırdığı vurğulanıb.

ABŞ-ın roluna nəzər yetirən müəllif Vaşinqtonun eyni dərəcədə diqqətəlayiq təmkin nümayiş etdirdiyini qeyd edib. Bildirilib ki, bunun bir səbəbi də ABŞ-ın Ermənistanın məğlubiyyətindən sonra ikinci dərəcəli faydaya ümid etməsidir. Bu fayda isə Rusiyanın Qarabağı tərk edəcəyidir. Ancaq bu məsələ də hələ dəqiq deyil. Belə ki, üçtərəfli bəyanata əsasən sülhməramlılar hələ 2 il bölgədə qalmalıdırlar.

Müəllif belə bir nəticəyə gəlir ki, hazırkı qlobal geosiyasi vəziyyəti nəzərə alsaq, Qafqazda davamlı sabitliyin olması az inandırıcıdır. Ukraynadakı müharibə və Qəzzanın bombalanması dialoq cəhdlərinə zərbə vurub. Rusiya, Türkiyə, İran, ABŞ və İsrail də daxil olmaqla, regionda iştirak edən güclər hazırda başqa yerlərdə aktiv rəqabət aparırlar. V.Çatreyan etiraf edib ki, 2020-ci ilə qədər Qarabağ münaqişəsinin həlli üçün məsuliyyətin həvalə edildiyi Rusiya, Fransa və ABŞ-ın birgə sədrlik etdiyi ATƏT-in Minsk qrupu səmərəsiz bir qurum idi.

Erməni professor bölgədə yenidən döyüşlərin bərpa olunacağının yaxın müddətdə mümkün olmadığını bildirib. O, yazısını Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 8-da Xankəndi keçirilən hərbi paraddakı niqtindən iqtibas gətirməklə bitirib. Qeyd edək ki, dövlət başçımız paradda deyib: “Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Düşmən bizim qabağımızda diz çökdü və bu gün mən burada müzəffər Silahlı Qüvvələrin qarşısında çıxış edirəm. Yəni, biz bütün vəzifələri icra etmişik, ancaq bununla bərabər, bundan sonra da ordu quruculuğu məsələləri bizim üçün prioritet məsələlərdən biri olacaq. Bunu hamı bilsin və heç kim bunu unutmasın”.

Çatreyan sonda yalnız onu əlavə edib ki, regionda davamlı sabitlik yekun sülh sazişindən asılıdır. Bu da öz növbəsində Ermənistanın Tavuş və Ararat vilayətlərindəki 8 Azərbaycan anklavı ilə bağlı mürəkkəb məsələni də ehtiva etməlidir.

Göründüyü kimi, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar artıq normal düşünmə qabiliyyətinə malik ermənilərin özləri tərəfindən də qəbul və etiraf olunur. Hələlik bu etiraf Ermənistandan kənardakı haylar tərəfindən edilir. Yəqin, Ermənistanın üzləşdiyi davamlı uğursuzluqların yaratdığı vəziyyət kənardan daha aydın görünür. Ümid edək ki, bu fikirlər Ermənistanda hələ də revanşist fikirlərlə yaşayan hayların da necə deyərlər, ağlına batacaq və onlar da normal düşüncəyə malik olacaqlar. Ermənistanın bir dövlət kimi inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərdən asılıdır. Əks-təqdirdə ölkənin vəziyyəti çətin olaraq qalmaqda davam edəcək.

Səxavət HƏMİD

 

Ekspert rəyi

İlyas HÜSEYNOV, politoloq

– Azərbaycan dövlətinin həm region, həm də qlobal miqyasda xarici siyasətinin taktika və strategiyası düzgün seçilmişdir. Bunu siyasi ekspertlər vurğulayıblar. Həm qlobal layihələr icra olunur, həm qonşularla münasibətlərin nizamlanması, Aİ və ABŞ-la yanaşı, İran, Rusiya və Çin faktorunun nəzərə alınması, qardaş Türkiyə və Türk dünyası ilə münasibətlərin dərinləşməsi həyata keçirilib. Üstəlik, İsrail və Pakistan da bizim əsas maraq dairəmizdədir. Dünyanın qabaqcıl silah istehsalçıları ilə müqavilələr imzalanır, ordumuz inkişaf etdirilir, ölkəyə valyuta axını təmin olunur. Nəqliyyat-kommunikasiya və logistika istiqamətində də qlobal planlar Bakıda cızılır. “Azərbaycansız regionda heç bir layihə icra etmək mümkün deyil” aksiomunun müəyyənləşməsi də təsadüfi deyil.

Prezident İlham Əliyev uzaqgörən siyasət yürüdərək və müdrik addımlar ataraq, bütün gücünü torpaqlarımızın işğaldan azad olunması işinə sərf etdi. Əgər 3 il əvvəl torpaqlarımızın əhəmiyyətli hissəsi işğaldan azad edildisə, bu ilin 19-20 sentyabrında suverenlik təmin olundu, tarixi qələbə qazanıldı. Ordumuzun, xalqımızın və liderimizin sayəsində mühüm üçlük formalaşdı, “dəmir yumruğ”a çevrildi. Bu ardıcıl iş media müstəvisində, informasiya müharibəsi seqmentində də inkişaf etdirilir. Fransa jurnalında dərc olunan məqalə də dediklərimizi təsdiq edir. Ermənistan reallıqları qəbul etməli, onunla barışmalıdır. Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına son qoyub sərhədlərin açılmasına, sülh müqaviləsinin imzalanmasına çalışmalıdır. Bütün bu reallıqları qəbul etmək istəməyən, revanşizmə sadiq qüvvələr öz düşüncələrini dəyişməsələr, ölkələrini daha ağır, daha böhranlı və fəlakətli duruma sürükləyə bilərlər. Hələ ki, limit tükənməyib. İrəvan sühə doğru addım atmalıdır. Əks-təqdirdə onlar Ermənistan dövlətçiliyinin sonunu yaxınlaşdıra bilərlər.




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Səxavət HƏMİD