USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Olmasın Marqarita Simonyan, olsun Alen Simonyan

Ermənistanın anti-Rusiya köklənişinə kənardan baxış


https://img.baki-baku.az/news/2023/12/photo_10017.jpg

Əlbəttə, bu, baş versəydi, təəccüblənərdik. Söhbət Ermənistan rəsmilərindən hansınınsa Rusiyanın hakim rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasındakı iştirakından gedir. Yəni, əgər ölkə parlamentinin sədri Alen Simonyan qurumun Parlament Assambleyasının dekabrın 19-da Moskvada keçiriləcək 16-cı plenar məclisinə qatılsaydı, təəccübümüzün həddi-hüdudu olmazdı. Ancaq sonda erməni spikerinin Rusiya əleyhinə gedişləri fonunda qəribə təsir bağışlayan bir məqamı vurğulayacağıq.

Hələlik onu qeyd edək ki, hazırda A.Simonyan, ümumən, Ermənistanın anti-Rusiya ritorikasının simvolu qismində çıxış etməkdədir. Bu şəxs, necə deyərlər, Roma papasından daha artıq katolik olmağa girişib. Nəzərə alsaq ki, indiki halda Roma papası baş nazir Nikol Paşinyandır, Simonyan Moskva əleyhinə davranışları ilə hökumət rəhbərini xeyli geridə qoyub.

Bəli, A.Simonyan Ermənistanın anti-Rusiya yolunda, obrazlı desək, toz qoparıb. O, Kreml rəhbərliyi ağlına gələn hər şeyi danışmaqdan çəkinmir. Danışmasını, mövqe bildirməsini haradasa normal saymaq mümkündür. Nəhayət, anti-Rusiya məntiqinin dünyaya hakim kəsildiyi hazırkı dövrdə Simonyan qəhrəmanlıq göstərmir. Sözümüzdən belə nəticə də hasil olmasın ki, Rusiyanı tənqid etmək olmaz, yaxud düzgün deyil. Sadəcə, Simonyanın davranışı belə təəssürat yaradır ki, Ermənistanda zəlzələ, möhkəm leysan olsa, tufan qopsa, bunun günahkarı qismində Kreml göstəriləcək. Hər halda, belə yanaşmanın yolverilməzliyi, ziyanlı təmayül olduğu aydındır.

Digər tərəfdən, erməni spiker olan yerdə sadaladığımız təbiət hadisələrinə, təbii fəlakətlərə ehtiyac yoxdur. Simonyanın qopardığı toz yetərlidir. Ancaq bir çox hallarda Rusiya əleyhinə danışanların, yazanların onun öz adamı olduğu aşkara çıxır. Ölkənin köhnə “KQB”nin mirası sayılan xüsusi xidmət orqanlarının belə bir üsulu var – öz adamını Rusiyaya qarşı danışdırıb, digər əks mövqe tutanları müəyyənləşdirmək. Ona görə Simonyanın sözləri şübhə yaradır. Bəlkə, o, elə Kremlə işləyir? Yəni, olmasın Marqarita Simonyan (RTR telekanalının baş redaktoru. Ermənistana girişi qadağandır – red.), olsun Alen Simonyan. Nə fərqi var ki?

***

Əlqərəz, A.Simonyan rəsmi məktubla KTMT-nin iclasında iştirak etməyəcəyini təsdiqləyib. Onun məktubunda nə yazdığı, nələri əsas gətirdiyi açıqlanmayıb. Əslində, bu şəxsin nə yazacağı da məlumdur. Məsələn, deyə bilər ki, KTMT Ermənistan ərazilərinin Azərbaycan tərəfindən işğalına siyasi qiymət verməyib. Axı, Paşinyanın komandası son zamanlar bu cəfəngiyyatı tirajlamaq sahəsində püxtələşib.

Bəli, əsas məsələ Simonyanın KTMT-nin parlament məclisində iştirak etməyəcəyinə xüsusi təqdimat verməsidir. Bu, gedilməmiş yoldur. Yada salaq ki, Ermənistanın hansısa digər qurumu xırda məlumat paylaşaraq, rəhbər şəxsin KTMT tədbirinə qatılmayacağını ictimaiyyətə agah edirdi. Görünür, erməni spiker məktub yazmaqla, özünün məxsusiliyini vurğulamaq istəyir. Yeri gəlmişkən, Simonyan naməsini Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodinə ünvanlayıb. Məktubla bağlı yayılmış xəbər onu deməyə əsas verir ki, məlum tədbirdə nəinki spiker özü, ümumən Ermənistanın parlament nümayəndə heyəti də iştirak etməyəcək. Bir sözlə, Simonyan tam şəkildə KTMT-ni boykot yolu tutur.

Boykotdan söz düşmüşkən, ötən qısa zaman kəsiyində Ermənistanın baş naziri ilə yanaşı, xarici işlər naziri, müdafiə naziri və Təhlükəsizlik Şurasının katibi KTMT çərçivəsində təşkil olunmuş tədbirlərdə iştirak etməyiblər.

***

A.Simonyanın anti-Rusiya ritorikasındakı tünd rəng çalarlarından danışırıqsa, qeyd edək ki, onun KTMT iclasına qatılmaqdan imtinası indi vurğulayacağımız məsələnin yanında heç nədir. Məsələ isə bundadır ki, bir neçə gün əvvəl Ermənistan parlamentində müxalif “Ermənistan” fraksiyasının təşəbbüsü ilə “Ayakve” adlı qanun layihəsi müzakirə olunub. Bəri başdan bildirək ki, Qarabağın Azərbaycan ərazisi kimi tanınmasının kriminallaşdırılmasını nəzərdə tutan layihə qəbul olunmayıb. Bundan sonra A.Simonyan üzünü parlament müxalifətinə tutaraq məzələnirmiş kimi bildirib ki, hakim komanda “Ayakve”nin qanun şəklinə gəlməsinin qarşısını almaqla, Rusiya Prezidenti Vladimir Putinin Ermənistana daxil olacağı təqdirdə, həbslə üzləşməsi təhlükəsini aradan qaldırıb. Erməni spiker bu fikirləri dilə gətirərkən, vurğunu ölkə müxalifətinin Rusiya meyilli olması, ən əsası isə Putinin Qarabağı Azərbaycan ərazisi kimi tanıması üzərinə qoyub. Halbuki, belə yanaşma yolverilməzdir. Çünki “Ayakve” Ermənistan rəsmilərinə, yəni dövlət adından danışan şəxslərə şamil edilən məsələdir. Yəni, başqa ölkə təmsilçilərindən deyil, onlardan kiminsə Qarabağı Azərbaycan ərazisi kimi tanımasına qarşı cinayət məsuliyyəti formalaşdıran avantüradır. Göründüyü kimi, Simonyan yerli-yersiz, harda gəldi Rusiya əleyhinə danışmaqla məşğuldur. İkrah doğuran onun danışması deyil, məhz yersiz danışmasıdır. Qənaətə gəlirik ki, erməni spikerin ölkə müxalifətinin Moskva ilə bağlılığını qabartmaq üçün aşkar manipulyativ tərzdə Kreml rəhbərindən söz açması, yumşaq desək, siyasi etikadan uzaqdır.

***

Bəli, A.Simonyanın bir neçə ay əvvəl “Rusiya 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla Qarabağı Azərbaycana verdi” şəklində səsləndirməsi də etikasızlıq idi. İstər Prezident Putin, istər Xarici işlər naziri Sergey Lavrov, istərsə də rəsmi Moskvanın digər təmsilçiləri onun cavabını, kifayət qədər, əsaslandırılmış şəkildə verdikləri və mövcud xüsusda baş nazir N.Paşinyanın 2022-ci ilin oktyabrında Praqada və 2023-cü ilin mayında Brüsseldə Azərbaycanın, Qarabağ da daxil olmaqla, ərazi bütövlüyünü tanıdığını qabartdıqları üçün məsələnin üzərində çox dayanmaq, təfərrüatlara varmaq istəməzdik. Ancaq sonda ilk baxışdan, Simonyanın anti-Rusiya təmayülünə zidd bir məqama diqqət yetirməyi vacib sayırıq. Yəni, əvvəldə haqqında söz açdığımız qəribəliyə aydınlıq gətirmək istəyirik.

Əlbəttə, Ermənistanın parlament sədrinin ölkəsinin bu ayın sonunda Sankt-Peterburqda keçiriləcək Avrasiya İqtisadi İttifaqının sammitində təmsil olunacağını bildirməsi qəribə olduğu qədər də maraqlıdır. İstər-istəməz, bu qərarın necə verildiyi barədə düşündük və müəyyənləşdirdik ki, Ermənistanın Rusiyanın hakim rol oynadığı və özünün də üzvü olduğu Aİİ-yə rotasiya qaydasında sədrlik növbəsidir. Bu yerdə İrəvanın KTMT-yə sədrliyini yada salaq. Onu da yada salaq ki, 2022-ci ilin noyabrında qurumun Ermənistanın paytaxtında keçirilmiş ali səviyyəli toplantısı sədrliyin dramatik anlarına şahidlik etmişdi. Rusiya Prezidentinin də qatıldığı həmin sammitdə baş nazir N.Paşinyan, faktiki olaraq, KTMT-ni aşağılamış, onu əhəmiyyətsiz qurum kimi təqdim etmişdi. Nikol çalışmışdı ki, təşkilat Azərbaycan – Ermənistan sərhədində yaşanmış sentyabr eskalasiyasına siyasi qiymət versin. Daha doğrusu, əvvəldə də vurğuladığımız kimi, Bakını təcavüzkar qismində tanısın. O zaman hiss olunmuşdu ki, Paşinyan KTMT-ni ölkəsinin anti-Azərbaycan platformasına çevirmək niyyəti güdür. Əlbəttə, istəyi baş tutmamışdı...

Hazırda A.Simonyan Aİİ-nin Zirvə görüşünü və Ermənistanın quruma sədrliyini də eyni “məqsədlə” istifadə etmək niyyətindədir. Ona görə də Sankt-Peterburqa getməyin vacibliyindən söz açır. O, istəyir ki, Ermənistanın Aİİ-yə sədrliyi müddətində təşkilatda siyasi təxribat törətsin və beləliklə Rusiyanın hakim rol oynadığı daha bir qurumun fəaliyyətsizliyinə və səmərəsizliyinə dair rəy formalaşdırsın. Bir sözlə, Simonyan Aİİ-yə, bir növ, bomba qoymağı düşünür.

***

Ən sonda əvvəldə haqqında söz açdığımız bir məqama da qayıdaq. Bəli, qeyd etdiyimiz kimi, A.Simonyan Ermənistanın anti-Rusiya yolunda, obrazlı desək, toz qoparan simadır. Nəzərə alsaq ki, İrəvanın üzü Qərbədir, erməni spikerin, eləcə də onu ağılda olan digərlərinin qaldırdıqları toz-dumanın ölkənin Qərb istiqaməti baxımından da çətinliklər yaratması mümkündür. Axı, toz görməni zəiflədir. İndiki halda reallıqları görüb düzgün nəticə çıxarmağı da, həmçinin.

 

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Əvəz RÜSTƏMOV