USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycanın sülh prinsipiallığı – Prezidentin qətiyyət manifesti

İlham Əliyevin Ermənistanla münasibətlər baxımından irəli sürdüyü məqamlara baxış


https://img.baki-baku.az/news/2023/12/photo_10016.jpg?v=MjAyMy0xMi0wNyAxMDo1OTo1Mw==

Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmiş “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və Çətinliklər” Forumundakı çıxışı və forum iştirakçılarının çoxsaylı suallarına cavabları müstəvisində Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı durumu, Cənubi Qafqazda sülh gündəliyi və perspektiv vəziyyətlə bağlı bir sıra cəhətlərin diqqətə çatdırılmasına ehtiyac var. Qeydlərimiz də elə bu barədədir.

Selektiv yanaşma, ikili standartlar və sülhün Azərbaycan qarantı

Əvvəla, dövlətimizin başçısı bildirir ki, ölkəmiz Qarabağın azadlığına BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməklə qovuşub. Bu məqamın vurğulanması çox vacibdir. Çünki Ermənistan və havadarları beynəlxalq platformalarda elə rəy formalaşdırırlar ki, guya, Azərbaycanın Qarabağa sahiblənməsi, o cümlədən ölkəmizin bölgədə bu il sentyabrın 19-da keçirdiyi lokal xarakterli uğurlu antiterror tədbirləri işğalçılıqdır. Mövcud səbəbdən də Prezident vurğulayır ki, tərəfdaş hesab etdiyimiz bəzi ölkələrlə müəyyən anlaşılmazlıq yaşayırıq: “Biz öz mövqeyimizi onlara çatdırırıq və bütün ölkələrə qarşı beynəlxalq hüququn şamil olunmasının vacibliyini qeyd edirik. Bu, selektiv olmamalıdır. Azərbaycan bütün məsələləri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməklə həll edib. Bu, Azərbaycanın suveren hüququ idi ki, öz ərazisinə tam şəkildə nəzarəti həyata keçirsin”.

Bəli, dövlətimizin başçısının haqqında söz açdığı selektiv yanaşma dünyadakı ikili standartlar siyasətinin nəticəsidir. Bu siyasət özünü həm də Azərbaycan-Ermənistan sülh prosesinə münasibətdə göstərməkdədir. Mövcud xüsusda da cənab İlham Əliyevin vurğuladıqları son dərəcə önəmlidir. Amma hesab edirik ki, Prezidentin Forumda dilə gətirdiyi bir ifadə Cənubi Qafqazda sülh və əmin-amanlığa gedən yolun Ermənistan seqmentini əhəmiyyətsizləşdirir. Yəni, İrəvan istəsə də, istəməsə də, sülh olacaq və bunun təminatı Azərbaycandır: “Əvvəla, biz regiona sülhü artıq gətirmişik. Biz onu müharibə yolu ilə etmişik. Məncə, buna daha geniş diqqət yetirilməlidir. Bu, təkcə Qafqazla bağlı deyil. Sülhə hərbi yolla necə nail olmaq olar, biz bunu nümayiş etdirdik”.

Azərbaycan bütün beynəlxalq aktorların, ATƏT-in artıq canını tapşırmış Minsk qrupunun həmsədr ölkələrindəki təmsilçilərinin sülhün müharibə yolunun olmadığına dair fikir və mülahizələrinə rəğmən, öz torpaqlarını işğaldan azad etdi. Lakin görürük ki, həmin aktorlar uzun illər həyata keçirdikləri ermənipərəst xətti hazırda haqqında söz açdığımız sülh prosesinə nəzərən də gerçəkləşdirməyə cəhd göstərməkdədirlər. Buna görə ölkəmizin rəhbəri, kifayət qədər, açıq danışır: “Təəssüflər olsun ki, Avropada liderlər arasında cənab Borel, madam Metsola kimi populist insanlar var. Mən hər zaman açıq danışmağı xoşlayıram. Mən onların yürütdüyü siyasətlə və Azərbaycana olan münasibətləri ilə tamamilə razı deyiləm, narazıyam. Bu, ədalətsizdir və heç də Avropa İttifaqının maraqlarına uyğun deyil”.

Yeri gəlmişkən, Prezident İlham Əliyev forumdakı çıxışında ölkəmizin Avropa İttifaqına üzvlüyü hədəfləmədiyini dilə gətirib. Hesab edirik ki, bu da son dərəcə vacib məqamdır. Ona görə ki, Azərbaycanı quruma daxil etməzlər. Məsələyə belə aydınlıq gətirən dövlətimizin başçısının fikirləri həm də indiyədək Aİ-nin respublikamıza qarşı tutduğu mövqedən qaynaqlanır. Deməli, cənab İlham Əliyev reallığı əsas götürməsi dərin rasional düşüncə məhsuludur. Hazırkı reallıq isə budur ki, Azərbaycanla Ermənistan arasında sülh vasitəçiliyini gerçəkləşdirmiş Aİ eynilə ATƏT-in Minsk qrupunun yolunu getməkdə, erməni avantürizmi üçün plasdarm formalaşdırmaqdadır. Daha doğrusu, belə bir “plasdarm” üçün dəstək verməkdə. Bu, özünü Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyinin Qranada sonluğunda daha qabarıq göstərməkdədir.

Qranada sammiti və Cənubi Qafqazda anti-sülh platforması

Bəli, Avropa İttifaqı vasitəçiliyini Fransanın ermənipərəst ritorikasına qurban vermiş durumdadır və mövcud anlamda Avropa Siyasi Birliyinin bu il oktyabrın 5-də keçirilmiş Qranada sammiti, bir növ, kulminasiya anı idi. Məlum olduğu kimi, İlham Əliyevin iştirak etmədiyi həmin sammitdə Aİ Şurasının prezidenti Ş.Mişel, Fransa prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts və Ermənistanın baş naziri Nikol Paşinyan müştərək sənədlər imzalamış, öz aləmlərində Bakı-İrəvan sülhü üçün “yol xəritəsi” müəyyənləşdirmişdilər. Bu  trayektoriyada başlıca xətti isə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı beynəlxalq təminatlar təşkil etmişdi. O təminatlar ki, Azərbaycanın bölgə üzərində suverenliyini şübhələndirir və beləliklə, Ermənistanın Qarabağ avantürizminin davamı üçün zəmin formalaşdırırdı. Deməli, Qranadada məqsəd ölkəmizi məsələnin belə şəkillənməsi ilə razı salmaq imiş. Heç şübhəsiz, bu sayaq yolverilməz yanaşma Fransanın irəli sürdüyü “strateji xətdir”. Elə Azərbaycan Prezidentinin də Qranadaya getməməsinin səbəblərinə aydınlıq gətirərkən üzərində dayandığı başlıca məqam Parisin ermənipərəstliyi, özünü aşkar tərəf kimi göstərməsidir.

Dövlətimizin başçısının münasibəti bir daha onu söyləməyə əsas verir ki, Aİ-nin vasitəçilik missiyasını pozan məhz Fransadır: “Danışıqlar bu formatda davam edirdi. Lakin sonradan nə baş verdi? Fransa Prezidenti televiziyaya verdiyi müsahibələrindən birində Azərbaycanın ünvanına müəmmalı və qəbuledilməz sözlərdən, ifadələrdən istifadə etdi və beləliklə, özünü prosesdən ayırdı. Çünki tam aydın idi ki, əgər siz neytrallığınızı itirirsinizsə, artıq vasitəçi ola bilməzsiniz, bu şansı əldən buraxırsınız. Ona görə neytral olmalısınız. Bununla bağlı müxtəlif səbəblər var idi. Bu halda artıq vasitəçi olmaq şansı əldən buraxıldı. Biz rəsmən bəyan etdik, artıq düzgün, yaxud münasib hesab etmirik ki, Fransanın hər hansı bir nümayəndəsi Ermənistanla Azərbaycan arasında normallaşma prosesində iştirak etsin. Buna görə, bu məxsusi səbəbə görə mən Qranadaya getmədim”.

Ermənistan nəyə təminat verməlidir?

Bəs, hazırda Azərbaycan və Ermənistan arasında danışıqlar hansı durumdadır və nələr əsas götürülməlidir? Hesab edirik ki, Prezident İlham Əliyevin forumda mövcud xüsusdakı bildirdikləri həlledici əhəmiyyət daşımaqdadır. Dövlətimizin başçısı vurğulayır ki, iki ölkə arasında imzalanacaq sülh sazişi beynəlxalq ekspertlər tərəfindən lazımi şəkildə araşdırılmalıdır. “Otuz ildən artıq işğalı, öz ərazisinin tamamilə dağıdılmasını, etnik təmizləməni və əziyyətləri görən ölkə olaraq biz beynəlxalq vasitəçilərə yox, məhz Ermənistana əl uzatdıq”, – deyən cənab İlham Əliyevin fikirləri Azərbaycanın xoş niyyətinin qarşı tərəfdən geri çevrildiyinin təsdiqidir. Ancaq hazırda ölkəmizin İrəvana uzatdığı əl dövlətimizin başçısının barəsində danışdığı beş prinsipdir: “İndi görünür ki, Ermənistan bunları qəbul etməyə yaxındır. Onlar bunu baza kimi götürə bilərlər. Bunu bir neçə il əvvəl etsəydilər, əlbəttə ki, antiterror əməliyyatına ehtiyac qalmazdı. Bu tarixdir və onu göstərir ki, sülhü təşviq edən tərəf məhz Azərbaycan idi, Ermənistan deyil”.

Bəs, sülh üçün nə lazımdır? Prezident “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və Çətinliklər” Forumundakı çıxışında mövzuya əhatəli toxundu. Əlbəttə, onun söylədiklərinin hər biri vacibdir. Ancaq hesab edirik ki, Cənubi Qafqazda sülhün və əmin-amanlığın təminatı baxımından ən ümdə məqam Ermənistanın yenidən Azərbaycana qarşı çıxmamasıdır. Çıxmırmı? Rəsmi İrəvan bütün beynəlxalq platformalarda özünün anti-Azərbaycan ritorikasını qabardır. Bu isə aşkar revanşistləri “hərəkətə” gətirilir. Nəticədə ikincilərin destruktiv baxışları Ermənistan rəhbərliyinin Azərbaycan əleyhinə çağırışları ilə çulğaşır. Ona görə də Prezident İlham Əliyev bildirir ki, “Ermənistanda hər hansı bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazımdır. Çünki biz bilirik Ermənistanda nə baş verir. Həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox “müşavirləri” var”.

Sülhün beş prinsipi, “müşavirlər” və yol hüququmuz

Bəli, sülh üçün Ermənistanın Azərbaycanın irəli sürdüyü prinsipləri qəbul etməsi şərtdir. Baş nazir Nikol Paşinyan da çıxışlarında prinsiplərdən danışır. Xatırladaq ki, Nikolun üçlü prinsip məntiqi var: Birincisi, hər iki ölkənin bir-birinin ərazi bütövlüklərini tanımaları, ikincisi, 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında ölkələrin sərhədlərinin təsdiqlənməsi, üçüncüsü isə suverenlik və bərabərlik əsasında regional kommunikasiyaların fəaliyyətinin bərpası. Azərbaycan Prezidenti isə forumdakı çıxışında qətiyyətli şəkildə bəyan edir ki, Naxçıvana asan çıxış yolu olmalıdır və bu, ölkəmizin legitim hüququdur.

Deməli, Naxçıvana yol Azərbaycan və Ermənistan arasındakı sülhün başlıca prinsipi halına gəlməkdədir. Qeyd edək ki, sözügedən yol Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr 2023-cü il tarixli üçtərəfli Bəyanatda da əksini tapıb. O bəyanatda ki, hazırda İrəvan ondan imtina etmiş kimi görünür və sənədə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırır. Öhdəlik isə çox sadə şəkildə ifadə olunmaqdadır – Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yol açılmalı, İrəvan buna təminat verməli və həmin yolda təhlükəsizlik Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən qorunmalıdır. Paşinyan və komandası məhz bu sonuncu məqamı ölkənin ərazi bütövlüyünə və suverenliyinə zidd kontekstdə dəyərləndirir, məsələni Bakının sülhdən yayınması kimi qiymətləndirir, eyni zamanda, onu Qərbin anti-Rusiya köklənişinin seqmenti halına gətirməklə, aşkar manipulyasiyaya yol verir. Bu işdə isə erməni iqtidarına Prezident İlham Əliyevin təbirincə desək, Avropadakı “müşavirləri” kömək göstərirlər.

Yeri gəlmişkən, o “müşavirlər” təkcə Avropada deyil, ABŞ-da da var. Məsələn, ABŞ Dövlət Departamentinin rəhbərinin köməkçisi Ceyms O’Braynın özünü sözügedən “ampluada” aparması məlumdur. Cənab O’Brayn bir müddət əvvəl Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatasında keçirilmiş Qarabağ dinləmələrində Bakı və İrəvan arasındakı sülh prosesinə toxunmuş və olduqca amiranə tərzdə bildirmişdi ki, Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yol Ermənistan ərazisindən keçməlidir. Halbuki, ölkəmiz məsələnin sırf bu şəkildə deyil, üçtərəfli bəyanatdakı kimi qoyuluşunu əsas götürür və Paşinyan hakimiyyətinin öhdəliklərindən imtinası şəraitində yolun İran ərazisindən keçməsini irəli sürür. C.O’Braynın sözləri isə onu deməyə əsas verir ki, ABŞ bununla razılaşmır və Azərbaycana təzyiqi düşünür. Düşünür və O’Brayn bildirir ki, Bakının inadı Birləşmiş Ştatların onunla münasibətlərini korlamasına gətirib çıxaracaq. Azərbaycanın Xarici İşlər Nazirliyinin cavabı isə göstərir ki, ölkəmiz Ağ evin Dövlət Departamenti rəsmisinin dili ilə ifadə olunmuş yanaşmasından qətiyyən çəkinmir. Əslində, Prezident İlham Əliyevin də mövqeyi dövlətimizin sözügedən məsələyə münasibətindəki qətiyyətinin və prinsipiallığının növbəti göstəricisidir.

Naxçıvana yol, Kalininqrad təcrübəsi və Ermənistan üçün böyük itki

Bəli, dövlətimizin başçısının prinsipiallığı aşağıdakı fikirlərdə tam şəkildə əksini tapmaqdadır: “Ermənistanın hazırda iki variantı var. Birincisi, öz xərcləri, yaxud da Avropa fondlarının pulu ilə dərhal 42 kilometrlik məsafədə dəmir yolu çəksinlər. Biz bunu, əslində, onların suveren ərazisi hesab edirik və suverenliklə bağlı bizim şərtimiz yoxdur. Lakin Azərbaycandan Naxçıvana asan çıxış olmalıdır. Bununla bağlı hansısa gömrük yığımı, yoxlamalar, sərhədçilərin prosedurları olmalı deyil. Bu, bizim legitim hüququmuzdur”.

Onu da vurğulayaq ki, Azərbaycan Prezidenti “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və Çətinliklər” Forumundakı çıxışı zamanı Naxçıvana yol xüsusundan danışarkən, Azərbaycan – Ermənistan sülh nizamlaması müstəvisində indiyədək səslənməyən bir məqamı da gündəmə gətirib. Ölkəmizin rəhbəri bildirib ki, baş nazir N.Paşinyanla Brüsseldə müzakirə edilən məsələlərdən biri Rusiyanın Kalininqradla dəmir yolu xətti təcrübəsi olub. Lakin Paşinyan bunu istəməyib: “Onlar istəyirlər ki, bizə bu çıxış verilməsin, onun qarşısı alınsın. Onlar gördülər ki, biz bunu etmirik, başladılar şikayətlə çıxış etməyə. Beləliklə, biz Dövlət Departamentinin rəsmisindən müəmmalı bəyanat eşitdik. Birləşmiş Ştatlar qeyd etdi ki, əgər bu, Ermənistandan keçməsə, onlar buna imkan verməyəcəklər. Biz də öz-özümüzə sual veririk, bu nə deməkdir? Çünki biz bunu Ermənistana 3 il idi ki, söyləyirdik. Əgər istəyirsinizsə ki, bu, Ermənistan ərazisindən keçsin, onda bunu erməni dostlarınıza deyin. Siz İranla münasibətlərimizə necə müdaxilə edə bilərsiniz? Yəni, onlar deyirlər ki, biz buna icazə verməyəcəyik, imkan verməyəcəyik. Bu, necə ola bilər? Belə məsuliyyətsiz bəyanatlar bu və ya digər tərəfə yaxşı töhfə vermir. Əfsuslar olsun ki, bu, əslində, sabitliyi, regiondakı proqnozlaşdırmanı daha da çətinləşdirir, o cümlədən bağlantı layihələrinə də təsir göstərir”.

Göründüyü kimi, Prezident İlham Əliyev ABŞ-a da layiqli cavab verir. Cavab verir və haqqında söz açdığımız üçtərəfli bəyanatı əsas götürür. Daha doğrusu, orada Ermənistanın Naxçıvana yolla bağlı öhdəliyini. Bəs, öhdəliyi yerinə yetirməmək İrəvan üçün hansı nəticələri doğuracaq? Söhbət, əlbəttə ki, mənfi nəticələrdən gedir. Cavabı dövlətimizin başçısının izahı fonunda dilə gətirdiyi fikirlərə əsasən verəcəyik. “Mən Ermənistanın baş nazirindən dəfələrlə soruşmuşam ki, onlar nəyə görə üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər? Doqquzuncu maddəyə (2020-ci il 10 noyabr tarixli Bəyanatın – red.) uyğun olaraq, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqə yaradılmalıdır. Orada, həmçinin qeyd olunub ki, nəzarəti kim təmin edəcək və Paşinyanın özü bunu imzalayıb. İndi isə bu, artıq mümkün deyil. Nə həmin marşrut var, nə də Rusiyanın iştirakı. Yəni, əslində, bu, hüquqi baxımdan artıq qüvvəsini də itirmiş kimidir. Çünki öhdəlik var, amma onlar öhdəliyi yerinə yetirmirlər”, ­– deyən Azərbaycan Prezidenti Ermənistanın bu yanaşmasından sonra Azərbaycanın Naxçıvanla əlaqə yaradılması, Naxçıvan vasitəsilə Türkiyəyə çıxışın əldə edilməsi üzərində düşündüyünü və bununla bağlı İran tərəfi ilə keçidin inşası üçün razılığa gəlindiyini vurğulayıb. Mövcud istiqamətdəki detallara toxunan ölkəmizin lideri deyib ki, Ağbənd kəndində (Zəngilan – red.) avtomobil nəqliyyatı üçün körpünün təməlqoyma mərasimi keçirilib, sonra dəmir yolu nəqliyyatı üçün körpü də inşa ediləcək. Bütün bunların fonunda isə itirən tərəf Ermənistan olacaq. Çünki İran ərazisindən Naxçıvana yol nəinki “Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantını təmin edəcək, əslində, beynəlxalq daşımalar dəhlizinə çevriləcək. Bu o deməkdir ki, Azərbaycan ilə Türkiyə arasında bağlantı yaradılır. Ermənistan özünü bundan məhrum etdi, həmçinin Azərbaycanla bütün digər kommunikasiyaların açılmasından məhrum edir”.

Ermənistanın seçim şansı: sülh, ya da ... sülh

Yekunda belə qənaət hasil olur ki, Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və Çətinliklər” Forumundakı çıxışında Azərbaycan və Ermənistan arasındakı sülh gündəliyi ilə bağlı məsələləri vurğulayaraq, birincisi, ölkəmizə mövcud müstəvidə hansısa kənar təzyiqin yolverilməzliyinə dair mesaj verdi, ikincisi qətiyyətli mövqeyimizi bir daha Ermənistanın və havadarlarının diqqətinə çatdırdı, ən əsası isə həm həm birinci, həm də ikinci cəhəti vurğulamaqla, habelə, sülh gündəliyinə dair bütün təfərrüatları açıqlamaqla “topu” İrəvana ötürdü. Deməli, bundan sonra sülh barədə düşünmək növbəsi Ermənistanındır. Azərbaycan düşündüyünü düşündü və xoş niyyətini göstərdi. Daha dəqiq desək, göstərib qurtardı. İndi qarşı tərəf cavab versin. Yəni, xoş məramını, gerçək sülh istəyini açıqlasın. Təbii ki, kənar qüvvələrin təsirinə düşməyib, müstəqil qərar verməklə, yalnız özünün maraq və mənafelərini düşünməklə.

 

Əvəz CAHANGİROĞLU




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Əvəz RÜSTƏMOV