USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

O'Brayn diplomatında Bakıya nə gətirir?

Bu, Ağ Ev rəsmisinin məlum telefon danışığından sonra regiona ilk səfəridir


https://img.baki-baku.az/news/2023/12/photo_10000.jpg

ABŞ həm coğrafi, həm də siyasi baxımdan Azərbaycandan çox uzaqdadır. Doğrudur, müasir elektron texnologiya on min kilometrlərlə aralıdakı obyekti, yaxud subyekti yanımıza, hətta ayağımıza gətirməyə qadirdir. Amma bu zaman unutmayaq ki, Bakı ilə Vaşinqton arasında okean da var...  

Okeanın o tayındakı supergücün sükanı arxasında demokratların və ya respublikaçıların durmasından, Senatda, yaxud Konqresdə üstünlüyün hansı siyasi qüvvənin tərəfində olmasından asılı olmayaraq, hakimiyyət elitası üçüncü dünya ölkələrinə qarşı daim ikili standartlı və riyakar diplomatiyaya sadiq qalıb. Bu da bir həqiqətdir ki, güclülər heç vaxt öz səhvlərini boyunlarına almırlar. Fəqət bəzi məsələlərdə olduğu kimi, burada da istisnalar mövcuddur.  

ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinkenlə Azərbaycan Prezidenti İlham Əliyev arasında keçən ay baş tutan məlum telefon söhbətinin ardınca Vaşinqton Bakıya qarşı münasibətində yol verdiyi yanlışlığı, dolayısı ilə olsa da, etiraf edib. A.Blinkenin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi, Senatda anti-Azərbaycan çıxışı ilə “tarixə düşmüş” Ceyms Obrayenin bu gün reallaşacaq Bakı səfərini məhz həmin etirafın təzahürü saya bilərik.  

* * *

Tanınmış siyasi icmalçı Fikrət Sadıxova görə, ABŞ indiki məqamda Bakıya müəyən mənada özünün təəssübkeşliyini bildirir: “Konqresdəki məlum müzakirə və qərardan sonra Antoni Blinkenin Bakıya zəngindən belə aydın olurdu ki, ABŞ sadəcə Ermənistana dəstəyi imitasiya edib. Eyni zamanda, dövlət başçımızın Azərbaycan rəsmilərinin də Vaşinqtona səfərlərinə qadağanın aradan qaldırılması ilə bağlı tələbi qəbul edildi. Təbii ki, Azərbaycan ABŞ-la düşmənçilik etmək niyyətində deyil. Bunu rəsmi Vaşiqtonun diqqətinə çatdırdıq. İkitərəfli münasibətlərin isə bizim maraqlarımıza zidd olmayan yolla normallaşdırmağa hazır olduğumuzu bildirdik”.

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması məsələsində ABŞ-dan da çox şeyin asılı olduğunu bildirən politoloq Ağ evin moderator kimi obyektiv mövqedə dayanmalı olduğunu və reallığı qəbul etməyini önə çəkdi: “ABŞ sülhə aparan yolu düzgün göstərməlidir. Çünki Azərbaycanın Ermənistana güzəştə getmək limiti tükənib. Yəni, bundan sonra heç bir güzəştdən söhbət gedə bilməz. Bu, başqa bir reallıqdır. Bakı təklif etdiyi saziş layihəsinə qeyd–şərtsiz və tələbsiz imza atmağa hazırdır. Ermənistan isə Azərbaycanla münasibətləri normal, sivil qaydada bərpa və inkişaf etdirməyə qadir olduğunu nümayiş etdirməlidir. Həm də, soydaşlarımızın Qərbi Azərbaycana qayıtmasına şərait yaradılmalıdır. Bu konkret məsələnin həlli məhz Ermənistandan asılıdır. Düşünürəm ki, əgər Ağ ev bu məsələlərə obyektiv yanaşmaq istəyirsə Cənubi Qafqazdakı prioritetlərinə yenidən baxmalıdır”.         

* * *           

Politoloq Tofiq Abbasovun fikrincə, ABŞ özündən zəiflərə həmişə yuxarıdan-aşağı baxıb, ona dirəniş göstərənlərin isə daxili işlərinə qarışır və bununla da qıcıq yaradır: “Vaşinqton ona boyun əyməyənlərə təzyiq göstərməyə, ilişməyə girəvə axtarır. Bu təzyiqin də həmişə iki başı olur. Həmin təzyiqə görə geri çəkilənin vay gününə. Orada ya o liderin, ya da o dövlətin evi yıxılır. Yəni, bunların qarşısından qaçmaq olmaz. Bir halda ki, cənab Prezidentimiz axıra kimi dediyi sözün üstündə durub və Azərbaycanın istənilən dövlətlə münasibətlərində bərabərhüquqluğa önəm verdiyini bildirib. Bəli, sağlam və şəffaf yanaşma budur. Bunu Avropa İttifaqı kimi, artıq Vaşinqton da bilir”.

Ceyms Obrayenin Bakıya səfərinin səbəblərindən danışan T.Abbasov ABŞ-ın bu bölgədə hansısa çaxnaşmanı gözlədiyinə diqqəti yönəldir:

“Qərb və ABŞ bir bəhanə ilə erməniləri bizim üstümüzə qaldırmaq istəyirdi. Yəni Azərbaycanın Ermənistanın ehtimal edilən təxribatının qarşısını hansısa yolla alması onlara dəstəvuz verməli idi. Nəticədə onların bölgədə yerləşməsinə “tutarlı zəmin” yaranmalı idi. Azərbaycan dünyanın və ABŞ-ın gözü qarşısında 19-20 sentyabrda antiterror tədbirlərini həyata keçirdi. Ondan sonra Aİ və Fransa kimi ABŞ da, bir növ, yolun ortasında qaldılar. Rəsmi Bakı öz diplomatiyası ilə Qərbin  “diplomatik qoşununu” tərksilah etdi. Onlar bunu özlərinə bağışlaya bilmirlər. Zəfərimizi isə bizə bağışlamaq istəmirlər. Məgər ATƏT-in Minsk qrupunda Fransa və Rusiya ilə birgə Azərbaycana qarşı min oyundan çıxan həmin ABŞ deyildimi? İndi görəndə ki, Azərbaycana bata bilmirlər, deyirlər ki, yaxşı, gəlin barışaq. Məhz Vaşinqtonun belə “zondaj” siyasətinə Bakı soyuqqanlı şəkildə kəskin sözünü dedi. “3+3” formatı isə onları cin atına mindirir. Bəli, bölgənin problemlərini buradakı ölkələr öz aralarında həll edəcəklər. Əgər İrəvan bunu istəmirsə, özündən küssün”.

* * *        

Siyasi şərhçi Turab Rzayev Ceyms Obrayenin Azərbaycana səfəri əsnasında Bakıdan anti-Rusiya koalisiyasına qoşulmağı istəyəcəyini ehtimal edir:

“Antoni Blinkenin köməkçisinin Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycana səfər etməsinin səbəbi sərhədin delimitasiyası, hələ də işğal altında qalan 8 kəndlə bağlı dövlətimizin mövqeyinin Ağ ev tərəfindən qəbul edilməsi kimi anlamaq olar. Bununla yanaşı, Obrayenin Azərbaycandan nəqliyyat və kommunikasiya xətlərinin açılması, Ermənistanın blokadadan çıxarılması məsələlərini qaldıracağı da gözləniləndir. Çünki Dövlət Departamentinin səfərindən az öncə Vaşinqton iki ölkə arasında sülh sazişinin tez bir zamanda imzalanmasında maraqlı olduğu barədə açıqlama verdi. Fikrimizcə, Bakıdakı rəsmi görüşlərdə Zəngəzur dəhlizi ilə bağlı məsələ müzakirə olunacaq.

Yuxarıda da qeyd etdiyimiz kimi, Obrayenin diplomatik çantasında təkcə bu deyil, həm də Vaşinqtonun Azərbaycandan Rusiyaya qarşı ABŞ cəbhəsində yer almaq istəyi də var. Hazırda Rusiya ətrafında  geniş müdafiə və mühasirə zolağı formalaşdırılır. Qazaxıstan və Özbəkistanda NATO güclənir, Qırğızıstanda rus dili sıxışdırılır, Ukrayna və Moldovada vəziyyət bəllidir. Ermənistan və Gürcüstanın Aİ-yə üzvlük məsələsi gündəmə gətirilir. Çox böyük ehtimalla sülh müqaviləsi imzalandıqdan sonra Rusiya hərbi bazasının Ermənistandan çıxarılması tələb olunacaq. Gözlənilən bu proseslərin fonunda ABŞ və Qərb Azərbaycanı da Rusiyaya qarşı yanında görmək istəyir. Azərbaycan isə  regional və qlobal geosiyasi şəraiti nəzərə almaqla həmin təkliflərə praqmatik cavabını verəcək”.

* * *

“İrəvan gözlənilən təhlükələrdən yayınmaq üçün Azərbaycanla sülh müqaviləsi imzalamalıdır. Bununla yanaşı, həm də sərhədin delimitasiya və demarkasiyasını həyata keçirməlidir”.  Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru, Rusiyanın “Milli müdafiə” jurnalının redaktoru, hərbi ekspert  İqor Korotçenko belə deyir.

“Amma Ermənistan sülh müqaviləsi imzalamaq istəmir. İrəvan Fransanın qucağında oturaraq, imkan daxilində, buraya Almaniyanı da cəlb edib, ABŞ-a arxalanaraq, sülh prosesini yenidən ləngitməyə çalışır. İrəvan və Bakı ortada vasitəçi olmadan da öz aralarında razılaşıb sülh müqaviləsini imzalaya bilərlər. Azərbaycan sülh sazişinin layihəsini dəfələrlə formalaşdırıb və qarşı tərəfə təqdim edib. Ermənistan tərəfdən isə hələlik ancaq siyasi demaqogiya eşidirik. Yeri gəlmişkən, ABŞ-ın mövqeyi, təəssüf ki, Cənubi Qafqazda sülhə töhfə verməyə köklənməyib. Bunu Bakı ilə İrəvan arasında baş verən son münaqişə də göstərir”, – deyə Korotçenko bildirib.

Rusiyalı ekspert hesab edir ki, ABŞ Azərbaycan üzərində siyasi təsir rıçaqlarına sahib olmağa çalışır: “Vaşinqton Bakıya necə təzyiq etmək, onu özünün bəzi tövsiyələrinə əməl etməyə hansı formada razı salmaq barədə düşünür. Heç bir şey alınmayanda, bu, Ağ evdəkilərin xoşuna gəlmir. Məhz bu səbəbdən  Amerika Qarabağ ermənilərinin yol xəritəsindən istifadə etməyə cəhd göstərir. Eyni zamanda, başa düşmək lazımdır ki, bu, hələ hamısı deyil. Bəli, Qərb Ermənistanı dəstəkləməyə köklənib. Biz Serbiyanın xüsusi mövqeyini, Macarıstan, İtaliya və Bolqarıstanın, eləcə də Cənub Qaz Dəhlizi ilə Azərbaycandan qaz alanların hamısının mövqeyini bilirik”.

Hayastanın qırmızı işığa doğru gedən “siyasi qatarı”

Uçurumun kənarı ilə addımlayan sərxoşa bənzəyən Ermənistan ağlına da gətirmək istəmir ki, o, bu təhlükəli yolda özünün suveren statusunu itirə bilər. Çünki, İrəvan hələ də kənar təsirlərdən qurtula bilmir, Bakı ilə sülh sazişini imzalamayıb, təhlükəsizliyinin siyasi strategiyasını müəyyənləşdirmədiyi bir yana, özü üçün ən pis və təhlükəli variantı seçib. Bu variant son dönəmlər müşahidə edilən Qərbin “dindaşlıq hisslərinə” arxalanmaq kimi saxta təəssübkeşliyə əsaslanır. Digər yandan, Vaşinqtonun ikitərəfli “dostluq münasibətlərinə” təminatı və amerikalı çinovniklərin “xoş təbəssümləri” də ermənilərin beynini dumanlandırıb. İntəhası, həmin Qərb və ABŞ onlara yağlı vədlərdən savayı heç nə vermədilər. Deməli, İrəvanın Rusiyadan yan keçərək, Qərbə istiqamət götürən “siyasi qatarının” istənilən an relsdən çıxaraq qəzaya uğraması ehtimalı çox böyükdür.  

Məsələ həm də ondadır ki, ermənilər Cənubi Qafqazda təhlükəsizlik strukturunun aşkar aksiomlarını dərk etməkdə çətinlik çəkirlər. Həmin aksiomun mahiyyəti isə belədir: Azərbaycan güclü diplomatiyası, qüdrətli ordusu, Türkiyə və Rusiya kimi böyük regional aktorlarla, eləcə də İsrail və Böyük Britaniya ilə strateji əməkdaşlığı sayəsində özünün möhkəm status-kvosunu yaradıb. Bütün bunlardan başqa, Bakının strateji portfelində Türkiyə ilə Şuşa Bəyannaməsi, Rusiya ilə Strateji Müttəfiqlik Deklorasiyası var. Yəni, Azərbaycanın siyasi-iqtisadi və təhlükəsizlik perspektivinə təminat verən daşdan keçən iki sənəd!     

Yeri gəlmişkən, dünən Rusiya Xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla ikitərəfli görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan regional “3+3” platformasının getdikcə daha perspektivli olduğu barədə nikbin açıqlama verib. Bunu Kremlin Vaşinqtona cavab jesti kimi qəbul etsək belə, Azərbaycan və Türkiyənin təşəbbüsü ilə reallaşan bu regional formatın bəhrəsini yaxın perpektivdə görəcəyimiz şəksizdir. Elə hayların azsaylı ağıllı başları da artıq etiraf etməyə başlayırlar ki, Bakı ilə sülh müqaviləsini imzalamaqla Ermənistan avtomatik olaraq Azərbaycan və Türkiyə tərəfindən özünün ərazi bütövlüyünün tananmasını əldə edəcək. Buna görə də Bakının, guya, İrəvan üçün hansısa təhlükə yaradacağı barədə erməni siyasətbazlarının məsuliyyətsiz və avantürist bəyanatlarının ağ yalan olduğunu həmin praqmatiklər əla bilirlər. Axı, sülh sazişinin imzalanması faktının özü ermənilərin canını bu cür qorxulardan və yarımçıqlıq kompleksindən qurtaracaq “zərdab” rolunu oynayacaq.  

İmran BƏDİRXANLI




Redaktorun seçimi

Silah sazişi, yoxsa regional təxribat motivi?
  • Daxili siyasət
  • 12:23 27.07.2024
Silah sazişi, yoxsa regional təxribat motivi?
Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi

İmran BƏDİRXANLI