USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Vaqif kimi Əsədov


https://img.baki-baku.az/news/2022/06/photo_7129.jpg?v=MjAyMi0wNi0xNCAxNTo1Mzo0Ng==

Xidmətdə olmanın son yaş həddi ilə bağlı işdən azad edilmiş polkovnik Vaqif Əsədov fəaliyyəti müddətində kifayət qədər populyar oldu. Yox, onu demək istəmirəm ki, onu hamı xoşladı. Pul deyildi axı. Onu da bilmirəm ki, pul verən idi, ya yox. Pul verəni xoşlayırıq, çörəkverəndir deyirik. Nə isə, Vaqif müəllimi xoşlamaq və xoşlamamaq üçün səbəblər yetərincədir, pul lazım da deyil.

Polkovnik Əsədovun televiziya ekranlarından, radio efirlərindən səsləndirdiklərinin, söylədiklərinin hamısını doğru saymamışam. Eləcə də qəzetlərə, saytlara açıqladıqlarının hər biri həqiqət ola bilməzdi. Məsələ heç onda da deyil ki, Vaqif müəllim öz sahəsiylə əlaqədar yalnız doğru-düzgünləri dilə gətirməliydi. Nəhayət adam polis Vaqif idi, Molla Pənah Vaqif deyildi. Heç belə baxanda şair də nə görübsə, əyri görüb, özgə babət görməyib və əyrilər onun xarakterinə təsirini göstərib. Ancaq onu dəqiq bilirəm ki, Molla Pənah Vaqif poeziyamızda, ümumən ədəbiyyatımızda nə qədər kolorit idisə, Vaqif Əsədov da müasir Azərbaycanın polis sisteminin mənzərəsində eyni kolorit idi. Ruslarda bir söz var – izyuminka. Hə, bax ondan. Öz aramızdı, Vaqif Əsədovun üzünü görən sözə baxmayan uşağı inandırmaq olarmı ki, milisaner əmi onu gəlib aparacaq? Mümkün deyil.

Məncə, cəmiyyət üçün Vaqif müəlllim polis əmi, polis dayı, polis qardaş rolundaydı. Azərbaycan polisi, daha dəqiq desək, yol polisi ilə bağlı heç bir təsəvvürü olmayan adam Vaqif müəllimlə söhbət etsəydi, elə bilərdi ki, bu ölkədə pusqu qurub sürücünü "tələyə" salmaq istəyən, sürücülərlə nəzakətsiz davranan yol polisləri yoxdur. Axı polis əmi, ya polis dayı belə iş tutmaz. Yeri gəlmişkən, pusqu quranların, nəzakətsizlərin sayı ötən illərlə müqayisədə xeyli azalıb. Yəqin düşünüblər. Təxminən belə: Vaqif müəllim əziyyət çəkib danışır, bəsdir, ayıbdır, daha dediyini edək, kişini yalançı çıxarmayaq. Zarafat deyil, Vaqif Əsədov TV-lərdə polis nəzakətindən danışanda indi sürücülərlə nəzakətli davranmaqda nümunə kimi gördüyümüz yol polisləri balaca uşaqlar idilər, yaxud heç dünyaya gəlməmişdilər.

İdarəçilik çox çətin məsələdir. Çox güman, Vaqif müəllimin yerinə gənc, yaraşıqlı, cümlələri bir-birinin ardınca muncuq kimi düzən polis əməkdaşı gələcək. Ola bilər, həmin şəxs öz işini görmə baxımından cənab polkovniki qat-qat üstələyəcək. Amma ondan Vaqif Əsədov olmayacaq. Dedim axı, kolorit məsələsi var. Məhşur Əliağa Hüseynov özündən sonra Məşədi İbad obrazını yaradanlar barədə deyirdi ki, papağımı qoyarlar, yerişimi yeriyə bilməzlər. İnanmıram ki, bundan sonra kimsə Vaqif Əsədov kimi sürücülər üçün alternativ yol tapa bilsin. Belə baxanda Vaqif müəllim də tapmırdı, amma bunu çox qəşəng deyə bilirdi. Yolu sürücülər özləri tapırdılar. Ya da tapmayıb tıxacda qalırdılar. Elə Vaqif müəllim özü də alternativ yol tapa bilməyib tıxacda qalırdı.

Yeri gəlmişkən, Vaqif Əsədov milisanerlikdən polisliyə keçid dövrünün cəmiyyətə çıxarılması mümkün olan ünukal tapıntısıdır. Adam buna görə də koloritdir. Əsədov həm də ona görə koloritdir ki, idarəçilikdə informasiyalı cəmiyyət anlayışını ilk dərk edənlərdəndir. Vaqif müəllim bunu necə, hansı formada dərk edirdi, qapıdanmı, pəncərədənmi, bacadanmı qəbul edirdi, özü bilər. Əsas odur ki, polis-media münasibətləri deyiləndə gözlər önündə ilk növbədə məhz onun obrazı canlanırdı. Çünki hamı ilə öz dilində danışmağı bacarırdı. Adam müasir informasiya texnologiyaları əsrində gənc kadların innovativ yanaşma, proqmatiklik filan tipli sözləri idarəçiliyə dürtüb keyfiyyət əldə etmək üsullarını heçə endirmişdi. O, sübut etmişdi ki, iş görmək komputer arxasında oturmaq, içiboş ağıllı cümlələr qurmaq, slayd düzəldib gözə soxmaq yox, ünsiyyətdir, dinləməkdir, ərk və diqqətdir. O da jurnalistlərlə ərklə danışırdı, ona zəng edən jurnalistlər də. Ortada qəribə səmimiyyət bağı vardı. O bağ ki, onun heç də hər jurnalistlə yaranması da mümkün deyildi.

Amma baxın ki, xidmətini başa vurandan nə qədər adam Vaqif Əsədov haqqında xoş söz deyir. Əslində bu yazım bilmirəm kim, necə başa düşür, xoş söz əvəzidir. Cəmiyyət üzdə olan vəzifə sahibinin vəzifədən getdikdən sonra xoş sözlərlə xatırlamağa, yola salmağa təşnədir. Vaqif müəllimə özünə çox xoş söz qazanmaqla cəmiyyətə nümunə olduğu üçün təşəkkür edirəm. Demək ki, polislik bir yana, insan kimi illərini boşa verməyib. İnanıram ki, onun bundan sonrakı həyatı da ünsiyyət, səmimiyyət ruhu baxımdan zəngin və yaddaqalan olacaqdır.

Uğurlar, cənab polkovnik!

Əvəz Rüstəmov




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Əvəz RÜSTƏMOV