USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Saxarovun "xöşbəxtlik bombası" - MÜƏMMA


https://img.baki-baku.az/news/2020/09/photo_641.jpg?v=MjAyMC0wOS0wOSAxNDo1MzowNQ==

Məşhur sovet atom fiziki, SSRİ-nin hidrogen bombasının ixtiraçısı olduğu deyilən dissidenti Andrey Dmitriyeviç Saxarov müasirlərinin gözündə qəribə adam təsiri bağışlamaya bilməzdi. Bəzilərinin nəzərində mənəviyyat göstəricisi, digərlərinə görə azadlıq uğrunda mücahid idi. Onu tamam fərqli formada qələmə verənlər də yox deyildi. Hər halda təsəvvürlərdə bu insanın işıqlı və xeyirxah, hətta fədakar siması canlanırdı. Hazırda Moskvada adına prospekt və muzey olan Saxarov əslində kim idi, söhbətimiz bu barədə olacaq.

Ondan başlayaq ki, ötən əsrin 80-ci illərində SSRİ rəhbəri Mixail Qorbaçov onu bütün fəxri adları rəsmi qaydada əlindən alındıqdan sonra zorla yaşamağa məhkum olunduğu Qorkidən paytaxta qaytardı. Həmin vaxt çoxları Saxarovun mənəvi etiraflar fonunda siyasi bəyanatlar verəcəyini gözləyirdi. Amma o, SSRİ Xalq Deputatları Qurultayının tribunasından danışanda hamı təəccübləndi. Çünki dildən pərgar olan adamın nitqində qüsurlar yaranmışdı, cümlələri bir-birilə tam əlaqəsiz, fikirləri məzmunsuz idi. Ən əsası isə söylədikləri şərait və məkanın şərtləri daxilində qeyri-etik səslənirdi. Böyük əksəriyyətin Əfqanıstan müharibəsindən danışdığı, cəbhədən çoxlu sayda tabutların gəldiyi bir dönəmdə Saxarov sovet əsgərlərini işğalçı adlandırdı…

«Xöşbəxtlik bombası» partladı

Andrey Dmitriyeviç həqiqətənmi hidrogen bombasının ixtiraçısı idi. Rəsmiliyə gəlsə, o, silahın hazırlanması üzrə işçi qrupunun tərkibində yer almışdı. Həmkarları nəyəsə görə bu işdə zəhmətini dəyərləndirməkdən uzaq dursalar da, Saxarovun savadlı fizik olduğunu da vurğulayırdılar. Bəzən deyilirdi ki, onun bombanın hazırlanmasına töhfəsi həmkarının yazdığı məktubun hesabına böyüdülüb. Sovet atom bombasının atası kimi qiymətləndirilən, görkəmli fizik, SSRİ Atom Enerjisi İnstitunun qurucusu və direktoru olmuş İqor Kurçatovun Saxarovla bağlı Elmlər Akademiyasına təqdimatının ikincinin mənzil problemini həll etmək məqsədi daşıdığını önə çəkənlər də var. Bir başqaları bildirirlər ki, əgər doğrudan da Saxarov hidrogen bombasını ixtira etmişdisə, sonradan nəyə görə nəinki hərbi işdə, hətta dinc nüvə fizikası üzrə də heç bir nəzərəçarpacaq elmi kəşfi olmadı. Buna cavab da var - görünür, daha çox siyasətlə və mənəvi məsələlərlə məşğul olduğundan.

Bir dəfə Andrey Dmitriyeviçə deyiləndə ki, insanların xöşbəxtliyi və bəşəriyyətin gələcəyi uğrunda mübarizə qurbanlarsız ötüşməyəcək, xeyli təəccüblənmiş və bildirmişdi: «Əminəm ki, bu hesablama düzgün olmayan bir formada prinsipialdır. Hər birimiz hər bir işdə konkret mənəvi kriteriyalardan çıxış etməli, tarixin abstarkt hesablamalarına qaçmamalıyıq. Mənəvi kriteriyalar bizə öldürməməyi kateqorik şəkildə hökm edir».

Belə humanist fikirlərini Saxarov müəllifi olduğu konstitusiya layihəsində patetik (riqqətə gətirən) tərzdə  ifadə edirdi və bildirirdi ki, bütün insanlar həyat, azadlıq və xöşbəxtlik hüququna malikdirlər. Ancaq ortaya maraqlı sual çıxır: dağılmasında onun özünün də yaxından iştirak etdiyi ölkənin insanları azad və xöşbəxt oldularmı? Bu barədə zənnimizcə, hər bir adam özü sərbəst şəkildə mülahizə yürüdə bilər…

«Ekzotik ideyalar» və Xruşşovun məsləhəti

Andrey Saxarov 1953-cü ildə hələ 32 yaşında olarkən artıq akademik idi. Hərbi fizik 50-ci illərin sonunda işlədiyi sahədə yeni ixtiraları dayandırmağı, Birləşmiş Ştatların sahilləri yaxınlığına 100 meqaton ağırlıqlı güclü partlayıcı xassəyə malik qurğuları yerləşdirməyi təklif edirdi. Bu yolla zərurət yarandığı təqdirdə bütövlükdə Amerika qitəsini dağıtmatı düşünürdü. Belə olduqda orada yaşayan insanların taleyi necə olacaq, məsələ onu maraqlandırmırdı. Əsas odur ki, ideya həddən artıq qətiyyətli idi. Sonradan məsələ barədə tanınmış rus publisisti və ictimai xadimi Roy Medvedyev yazacaqdı: «O, ətraf aləmdən təcrid, ölkənin işlərindən xəbərsiz mühitdə həddən artıq çox yaşamışdı. Bu uzaqlıq cəmiyyətin müxtəlif təbəqələrinin güzəranından məlumatsızlığa gətirirdi».

Saxarovun ideyasına gəldikdə, hətta ekstravaqant SSRİ rəhbəri Nikita Xruşşov belə hamını ucdantutma partlatmağı düşünmürdü. Tədricən Xruşşovla Saxarov arasındakı münasibətlər də pisləşməyə doğru getdi. Yeni sınaqlar məsələsi meydana gəldikdə isə, bu adamlar tamamilə bir-birilərindən uzaqlaşdılar. Xruşşovun fikrincə, yalnız tətbiqindən sonrakı nəticələri hesabladıqdan sonra nüvə silahından yararlanmaq olar. Saxarov düşünüb-daşınmağa ehtiyac  görmürdü. Yəni, hər yeri dağıtmaq olardı.

Xruşşov həmin vaxt artıq populyarlıq qazanmış alimə «ekzotik ideya»larını irəli sürməkdən daşınmağı və yalnız elmlə, hətta hərbi məqsədli olmayan elmlə məşğul olmağı tövsiyyə etdi. Təzadlıdır ki, bundan sonra Saxarov insan hüquqları ilə məşğul olmaq qərarına gəldi. Əvvəlcə nüvə enerjisindən dinc məqsədlər üçün istifadəyə dair problemlərə girişdi, amma tezliklə bu sahədən geri çəkildi. Görünür, nəticə üçün çox işləmək zərurəti yarandığından fikrindən daşındı.

SSRİ-ni dağıtmaqdan danışdı, Nobel aldı

Andrey Dmitriyeviç 1975-ci ildə sülh üzrə Nobel mükafatına layiq görüldü. Amma insanlıq naminə elmi kəşflərinə deyil, Qorbaçov kimi öz ölkəsinə qarşı mübarizə apardığına görə. Nüfuzlu ödül Saxarovun kifayət qədər açıq səciyyə daşımış təndiqlərinin sovet elminin banilərindən olan Mistislav Vsevoldoviç Keldış, görkəmli fizika nəzəriyyəçisi Yuli Borisoviç Hariton, həmçinin yazıçı ictimai xadimlər Konstantin Mixayloviç Simonov, Mixail Aleksandroviç Şoloxov və başqa tanınmışlar tərəfindən müdafiəsindən sonra gəlmişdi. Daha bir təzad: Andrey Dmitriyeviç müxtəlif ideyalarını irəli sürərkən çox tez-tez «öldürməmək» ifadəsi üzərinə gəlirdi. Amma öldürənləri alqaşlayırdı. Məsələn, 1973-cü ildə çevriliş nəticəsində hakimiyyətə yiyələnmiş diktator Auqusto Pinoçetə məktub ünvanlayaraq bu adamın Çilidə qanlı dövrün başlanğıcı olacaq hakimiyyətinə rəğbətini bildirmişdi. Ardıcılları və tərəfdarları bu məqamı, həmçinin Saxarovun 70-ci illərin sonunda ABŞ prezidenti Cimmi Karterə insan haqları sahəsindəki vəziyyəti düzəltmək üçün SSRİ-yə preventiv nüvə zərbəsi endirilməsi xahişinin yer aldığı müraciəti xatırlamaq istəmirlər.

1979-cu ildə aparıcı Qərb mətbuatında Saxarovun sovet qoşunlarının Əfqanıstana yeridilməsini kəskin tənqid edən məktubu dərc olunur. Maraqlı məqam ondadır ki, o, bundan öncə baş vermiş işğalçılıq meyllərindən, məsələn ABŞ-ın Vyetnama qoşun yeritməsindən, İsrailin Yaxın Şərqdə törətdiklərindən danışmadı. Sonradan İngiltərənin Folklend adaları məsələsinə görə Argentinaya qarşı təcavüzünü, həmçinin Birləşmiş Ştatların Qranadaya və Panamaya hərbi müdaxilələrini də pisləmədi. Böyük insanlıq nöqteyi-nəzərdən bəlkə səsini çıxarmalı idi. Amma bir məsələ də var ki, o, öz ölkəsinin ziyalısıydı və tənqid hədəfləri SSRİ ilə məhdudlaşırdı. Bunu bildirənlərə qarşı əks arqument ondadır ki, Saxarovun tənqidləri daxillə məhdudlaşırdısa, o zaman hər halda içəridəki vəziyyəti xaricə çıxarması, SSRİ-dəki durumla əlaqədar ABŞ-ın dövlət başçısına məktub yazması və nələrisə istəməsi (istək SSRİ-yə atom bambası atmaq xahişinə söykənirdi) doğru deyildi.

Məktəb illərini xatırlayan sinif yoldaşı riyaziyyatçı Yaqlom bildirirdi ki, ən çətin tapşırıqların öhdəsindən gələn Saxarov işinin mexanizminə izah verməyi bacarmırdı. Buna görə də onu anlamaq çətin idi. Akademik Hariton isə Saxarovun ölümündən sonrakı müsahibəsində bildirmişdi ki, Andrey Dmitriyeviç nədənsə özündən yaxşı baş çıxarmağı bacaran ikinci adamı təsəvvürə belə gətirmirdi. «Bir dəfə həmkarlarımızdan biri qaz dinamikası ilə bağlı yerinə yetirə bilmədiyi tapşırığın öhdəsincdən gəldi. Bu vəziyyət onun üçün o qədər gözlənilməz idi ki, böyük enerji ilə gəlinən qərara qarşı alternativ qoymağa girişdi. Düz yarım il iş apardı, amma sonda bir şey əldə etmədikdə qərarın doğruluğunu etiraf etdi», - deyə o vurğulamışdı. Onu da deyək ki, 1989-cu ilin isterik şəraitinin Saxarovun mühakiməsi, yaxud müdafiəsi ilə bağlı fikir bildirməyi çətinə saldığı bir dövrdə Hariton həmkarının siyasi fəaliyyəti ilə bağlı belə demişdi: «Bu adamın işinin açıq ədalətsizliklə mübarizə ruhuna böyük hörmətlə yanaşıram. Mənim əks fikirlərim onun iqtisadi məsələlərə baxışı ilə bağlıdır. Andrey Dmitriyeviçin sosializmin və kapitalizmin xarakterinə aid baxışlarını bölüşmürəm».

Qorkidən deputatlığa, deputatlıqdan müəmmalı ölümə

Bəli, əvvəldə qeyd etdiyimiz kimi, Qorbaçov Saxarovu Qorkidən Moskvaya çağırdı və ikinci Elmlər Akademiyasından SSRİ Xalq Deputatları Sovetinə seçildi. Amma proses heç də asan başa gəlmədi. Məsələ burasındadır ki, yenidənqurma ideyasının müəlliflərindən olan sovet ictimai-siyasi xadimi Aleksandr Yakovlyevin nəzarətində olan kütləvi informasiya vasitələri seçkinin nəticələrini şübhələndirməyə başladılar və yekunda ikinci dəfə səsvermə keçirildi ki, burada yalnız «seçilməlidir» əmri öz rolunu oynadı.

Bəli, Saxarov seçki normaları pozulmaqla deputat oldu. Amma o, deputat mandatı qazanan kimi müxalifətə keçdi və birbaşa Qorbaçovun özünə qarşı çıxdı. Ola bilər ki, bunun özü də bir oyun idi. Çünki Saxarovun həmsədri olduğu «Regional deputat qrupu»nda toplanmış şəxslər, o cümlədən Yuri Afanasyev, Qavril Popov və müstəqil Rusiyanın ilk prezidenti olmuş Boris Yeltsin Qorbaçovla birgə oynadıqları SSRİ-ni dağıtmaq ssenarisindəki mühüm fiqurlardan idilər. Kimi öz missiyasını iqtidarda, kimi isə müxalifətdə yerinə yetirirdi və görünür, Saxarovun da payına əks düşərgədə mübarizə aparmaq düşmüşdü. Məhz mübarizə aparmaq. Hər halda hiyləgər Qorbaçov onu Qorkidən Moskvaya elə-belədən gətirə, xüsusi inadkarlıqda deputat seçdirməzdi. Amma qrup Saxarovu heç də birmənalı qarşılamırdı. Əslində o, intellektual səviyyə, ümumən hadisə və proseslərə yanaşma tərzi baxımından nə Yeltsin, nə Popov, nə də Afanasyev idi. Heç Qorbaçov da onun loru desək, oturub-duracağı adam sayıla bilməzdi. Buna görə də 14 dekabr 1989-cu ildə nəyin baş verdiyini söyləmək çətindir. Rəsmiləşən isə budur ki, müxalif qrupun həmin gün baş tutmuş iclasından 3-4 saat keçməmiş Saxarov ürək tutmasından dünyasını dəyişdi. Və maraqlıdır ki, belə demək mümkünsə, tərəfdaşlarına ölü halda sağ ikən varlığından daha lazımlı oldu. Vəfatından bir ay öncə işləyib başa çatdırdığı SSRİ-nin yeni konstitusiya layihəsi imperiya tərkibindəki bütün xalqların dövlətçilik hüququnu tanıyırdı. Bu isə Sovet İttifaqı kimi nəhəngin iflası demək idi.

Saxarovun «beyin mərkəzi» və ya atalı yetim Dmitrinin xatirələri

Belə deyirlər ki, Andery Saxarovun elmi yaradıcılıqdan siyasi fəaliyyətə keçməsindəki başlıca rolu ikinci həyat yoldaşı, dövrün dissident ictimai xadimlərindən sayılan Yelena Bonner (atası erməni, anası yəhudi idi. Anasının soyadını daşıyırdı) oynamışdı. Amma məsələ heç də belə deyildi. Çünki Saxarov sözügedən qadınla 1970-ci ildə Kaluqada, bir qrup dissidentin mühakimə prosesində tanış olmuşdu. Həmin vaxt Saxarov artıq əsas ideyası ölkənin ənənəvi sosial-iqtisadi quruluşdan Qərb nümunəli inkişaf tipinə keçidini nəzərdə tutan «Sülh yolu və intellektual azadlıqla proqresə nail olmaq barədə düşüncələr»ini qələmə almışdı. Mövcud mərhələdə müxtəlif məhkəmə proseslərinə də baş çəkirdi. Amma bu da bir həqiqətdir ki, məhz Bonnerlə ilk tanışlığının iki ilində baş tutmuş nigahdan sonra Saxarov tamamilə dissident fəaliyyəti üzərində kökləndi. Yeni həyat yoldaşının rolu barədə «Lyusya mənə çox şeydə istiqamət verirdi. Bu, elə məsələlər idi ki, onları özüm anlaya, həmin işləri özüm görə bilməzdim. O, böyük təşkilatçı, mənim beyin mərkəzimdir» deyən Andrey Dmitriyeviç qadının övladlarını öz övladları bildi, özününküləri isə tamamilə unutdu.  Sonralar bu məqama diqqət yetirən doğma oğlu Dmitri acı zarafatlar edirdi: «Sizə akademik Saxarovun oğlu lazımdır? O, ABŞ-da, Bostonda yaşayır. Adı Aleksey Semyonovdur. 30 ilə yaxın Aleksey Semyonov okeanın o tayından akademik Saxarovun övladı kimi onun müdafiəsinə yönələn bəyanatlar verdi. Bütün radiostansiyalar bu barədə bağırdı. Mən isə atamla bir ölkədə olarkən özümü yetim kimi hiss edirdim və azu edirdim ki, o, analığımın tör-töküntülərinə ayırdığı vaxtın onda birini mənə ayırsın».

Oğlu bir hadisəni daha çox xatırlayır. Həmin hadisə Saxarov Qorkidə olarkən baş vermişdi. Alim Bonnerin oğlu Alekseyin (Birləşmiş Ştatlardan SSRİ-yə dönməyəcəyi qətiləşmişdi) həyat yoldaşının ABŞ-a getməsinə icazə verilməsini tələb edən növbəti aclıq aksiyasını həyata keçirirdi. Həmin vaxt doğma oğlu Dmitri atasının yanına gəlir və akademiki sağlamlığı ilə risk etməməyə çağırır: «Əgər o, belə inadkarlıqla nüvə silahının qadağan edilməsini və demokratik yenidənqurmanı istəsəydi, hər şey aydın idi. Amma o, yalnız Lizanın Amerikaya Aleksey Semyonoviçin yanına buraxılmasını arzulayırdı. Axı, Bonnerin oğlu qızı belə sevirdisə, ölkədən kənara getməyə də bilərdi».

Ümumən Yelena Bonnerlə evləndikdən sonra Saxarov 15 yaşlı oğlunu 22 yaşlı qızına tapşırdı və elə hesab etdi ki, onlar sərbəst yaşamaq üçün artıq böyüyüblər. Qanuna uyğun olaraq oğluna 18 yaşınadək pul da göndərdi. 

Amma Saxarov Bonnerin yanında heç də kef çəkmirdi. Sözün həqiqi mənasında özünə əzab verməklə məşğul idi. Ağır ürək xəstəliyinin olmasına baxmayaraq, güclü əsəb sarsıntılarını, fiziki gərginliyi dözmək məcburiyyətində qalırdı. Hətta ac da qalırdı. «Həmin vaxt Lizanı (Bonnerin gəlini-red.168.az) mən yemək yeyərkən tutdum. İndiki kimi yadımdadır, o zamanlar çoxlarının həsrət qaldığı qara kürü ilə fətir yeyirdi», - deyən doğma oğlu xatırlayır.

Oğlunun atasının ikinci həyatına qısqanclıqla yanaşmasının başqa səbəbi var idi və bu barədə danışırdı. Məsələ onda idi ki, Dmitri də xaricə getmək niyyətində idi, amma Saxarov və Bonner buna qarşı çıxırdılar: «Analığım qorxurdu ki, oğlu və qızı ilə rəqabət apararam. Ən əsası isə Saxarovun əsl övladları ilə bağlı həqiqətlərin üzə çıxmasından ehtiyatlanırdı. Əgər belə olsaydı, onun törəmələrinə xarici hüquq-müdafiə təşkilatlarından gələn gəlir azalacaqdı».

Rəssamın "azadlıq qəhrəmanı" Bonner oldu

1982-ci ildə rəssam Sergey Boçarov Qorkiyə, Saxarovun yaşadığı evə özünün azadlıq uğrunda qəhrəmanını qələmə almağa gəlir. Üzləşdiyi mənzərədən xeyli təəccüblənmiş rəssam sanki qəhrəman müqabilində tamam başqa adamı görür. «Andrey Dmitriyeviç hərdən SSRİ-ni bəzi müvəffəqiyyətlərinə görə tərifləyirdi. İndi konkret olaraq yadımda deyil ki, nəyə görə. Amma yaxşı yadımdadır ki, hər bir belə fikri səsləndirəndə həyat yoldaşının təpkiləri ilə üzləşirdi. Mən etyüd yazarkən Saxarov azı yeddi-səkkiz dəfə belə xoşagəlməz halla üzləşdi. Amma bunu sakitcə qarşılayırdı. Görünürdü ki, artıq öyrəşib», - deyən Boçarov qeyri-adi addım atır. O, Saxarovun şəklini çəkməkdənsə, Bonnerin portretini yaradır ki, buna görə ikinci tərəfindən qapıdan qovulur.

Bilinmədi, kimdir Saxarov?

İndinin özündə də bəziləri tərəfindən böyük humanist kimi dəyərləndirilən Andrey Saxarovun həyat yoluna qısaca nəzər saldıq. Sizdə hansı təsəvvür yarandı deyə bilmərik, onun Çexov, Aleksandr Qertsen tipli rus vətənpərvərindən olduğunu iddia edənlər də var. Bu adamın azadlıq və ləyaqət hisləri, zorakılıq və inqilaba baxışı Enşteyn və Martin Lüter Kinqin fikirləri ilə oxşarlıq təşkil edir. Bütövlükdə bəhs etdiklərimizdən anlaşılansa budur ki, Saxarovun SSRİ-nin Amerika qitəsini dağıtmasına yönəlmiş planı, sonradan ABŞ-a insan hüquqlarından sapmış Sovetlər Birliyini nüvə silahı ilə yoluna çağırmaq ruhlu müraciəti, bəşəriyyətin qatili olan Pinoçetə xeyir-duası, SSRİ hərbçisinin hərəkətini işğalçılıq kimi dəyərləndirən mövqeyi və nəhayət, haradasa həyat yoldaşının girovuna çevrildiyi görünən şəxsiyyəti olmuşdu. Ona görə də dissident alim haqqında konkret mühakimə yürütmək, onun 68 illik ömür yolunda nəyin axtarışına çıxdığını, hansı oyunları oynadığını birmənalı şəkildə iddia etmək çətindir. Bu insanın ümumiyyətlə mənəviyyat və humanizm baxımından nə dərəcədə ali sayıla biləcəyi də şübhəlidir.

Sonda onu da deyək ki, Rusiyada Saxarovun adına mükafat da təsis edilib. Yeri gəlmişkən, həmin mükafatın laureatları sırasında «Ehtiraslı vagina» qrupunun üzvləri də var. Bu tip laureatların meydana çıxması nə deməkdir, Saxarovun şəxsiyyətinə olan münasibətdir, onun ideyalarının rus cəmiyyətindəki mövcud təsir göstəricisidir, yoxsa…

"Baki-Baku.az"




Redaktorun seçimi

Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları
Təxribatlar bumeranqa çevrilir
  • Siyasi təhlil
  • 09:45 20.04.2024
Təxribatlar bumeranqa çevrilir
Azərbaycanın zəfər marafonu davam edir
  • Daxili siyasət
  • 09:42 20.04.2024
Azərbaycanın zəfər marafonu davam edir
Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”

Maraqlı