USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ouenin sosial eksperimenti və ya gerçəkliyə yaxın utopizm


https://img.baki-baku.az/news/2020/09/photo_601.jpg

Ədalətli quruluş arzusu sinifli cəmiyyətlərə keçidin baş verdiyi və əmlak bərabərsizliyinin yarandığı ilk gündən bəşər övladının ən ümdə arzusuna çevrilmişdi. Bu arzu o qədər güclü idi ki, misilsiz folklor nümunələrinə və mifologiyalara da yol tapmışdı. Məsələn, qədim Yunanıstanda Hesiod xöşbəxt insanların barəbərlik, mülkiyyət və istismar olmadan yaşamalarının zəruriliyindən geniş söhbət açmışdı. Dövlət idarəçiliyi prizmasından yanaşsaq, Spartada ədalətin təntənəsinə hesablanmış islahatları və Platonun xüsusi mülkiyyətə qarşı yönəlmiş «quldarlıq kommunizmi» modelini göstərmək mümkündür. Ümumənsə ədalətli siyasi quruluş məsələləri yunan və qədim Roma filosoflarının demək olar, əksəriyyətinin yaradıcılığında dərin iz buraxmışdı. Sonrakı dövrlərin Şərq poeziyasına, xüsusən də Nizami Gəncəvi yaradıcılığına nəzər salsaq, ədalətli cəmiyyəti yaradacaq ədalətli şah obrazını da görmək mümkündür.

Bu mənada dahi Tomas Morun yaradıcılığı və 1516-cı ildə çapdan çıxmış «Utopiya» əsəri sosialist düşüncə tərzinin mükəmməl ifadə nöqteyi-nəzərindən misilsiz məxəz sayıla bilər. Amma konseptual baxımdan utopik sosializmə təkan mənasında xristianlığa məxsus sırf dini təlimlər də əhəmiyyətlidir. Həmin təlimlər xristianlığın sosial ideologiyasından irəli gəlirdi və qardaşlıq fonunda ümumi bərabərliyi irəli sürürdü. Konkret şəkildə xristian sosializmi nəzəriyyəsinə əsaslanmış ideyaların XIX əsrdə əhəmiyyətini itirməsi isə məhz bu adamların meydana çıxması nəticəsində baş verdi. Dedikləri, danışdıqları, irəli sürdükləri ilə sonradan bütöv bir mərhələ, dünyagörüşü, baxışlar sistemi formalaşdıracaq şəxslər üç nəfər idilər - Anri Sen-Sumen, Şarl Furye və o.

Engelsə görə, bu adamlar özlərinədək mövcud olmuşları sistemləşdirərək elmə gətirdilər. İnqilabi metafizikanı təbii hüquq nəzəriyyəsi ilə əvəzlədilər. Həmin vaxta qədər bərabərliyə əsaslanmış, kommunizmdəki kimi ümumi asketizm ruhunda qurulmuş təsəvvürləri puç edərək bacarıqlara görə müəyyənləşdirmə prinsipini irəli sürdülər. Cəmiyyəti insan tələbatlarının tam ödənildiyi, istehsal səviyyəsinin şəxsiyyətin çiçəklənməsinə şərait yarada biləcəyi bolluq cəmiyyəti olaraq təsəvvürə gətirdilər. Quruluşlardakı əqli və fiziki əməyin qiymətləndirilməsi meyarlarında fərqin aradan qalxdığını, dövlətin insanları idarə edən institutdan çox istehsala nəzarəti həyata keçirən orqana çevrildiyini və müasir zamanımız üçün də digər aktual olan məqamları vurğuladılar, mövcud tendensiyalardakı ziyanlılıq faktorlarını üzə çıxararaq mübarizə üsullarını əməllərlə ortaya qoydular. Tarixə utopik-sosialistlər adı ilə daxil olmuş bu nadir şəxsiyyətlərdən sonuncusu ingilis utopik-sosialisti Robert Ouendir.

Sənətkar ailəsində doğulmuş R.Ouen 1790-cı illərin əvvəllərində həmyerlisi görkəmli fizik və kimyaçı Con Daltonla yaxınlıq edərək ölkənin ədəbi-fəlsəfi mühitinə qədəm qoydu. 1791-ci ildən sahibkar kimi fəaliyyətə başlamış Robert 1794-1795-ci illərdə Çarlton pambıq emalı kompaniyasını yaratdı. 1800-1829-cu illərdə isə belə demək mümkünsə, ideyalarının təcrübə meydanı rolunu oynamış Nyu-Lanark (Şotlandiyada) pambıq-iplik müəssisəsinə rəhbərlik etdi.

Ouenin dünyagörüşünün formalaşmasındakı vacib məqamı ortodoksal xristianlarla yaxınlıq təşkil etdi. Rasional-materialist fəlsəfi düşüncələrlə tanış olmuş Robert tezliklə belə qənaətə gəldi ki, ideal kimi qiymətləndirilənlər real təcəssümdən xeyli uzaqdırlar. Sənaye çevrilişinin sosial və etik konsepsiyalara əsaslanmış sosial-psixoloji tərəflərinə diqqət yetirmiş Ouen insan xarakterinin bəşəriyyətin fərdi və tarixi taleyində başlıca rol oynadığını vurğuladı.

Uzun əsrlər boyu cəmiyyətlərin başında qanunları anlamayan insanların durduqlarını bəyan etmiş mütəfəkkir burjua təlimlərinin söykəndiyi iradə azadlığı prinsipini inkar etdi. Dedi ki, kasıb əhalinin düşdüyü acınacaqlı duruma və təhsilsizliyə görə məsuliyyət daşımasını söyləmək düzgün deyil. Hakim sinfin təbəqələrinin də varlı və təhsilli olduğu səbəbindən digərlərindən bir fərd olaraq fərqləndiklərini vurğulamaq da məntiqi sayıla bilməz. Ouenə görə, insanlıq mühitin məhsuludur, əgər insanlar korlanıblarsa, mühit də korlanıb və ya əksinə. Materializmə əsaslanmış bu ideya orientasiyasını ətraf mühitin yenidən qurulmasından götürdü. Ouen həmçinin deizmə və panteizmə əsaslanmış mexaniki-materialist düşüncəsi ilə cəmiyyətin yenidən qurulmasının tarixdənkənar həqiqətlərini qabartdı. Vurğuladı ki, dünyanın yeni düzəninin formalaşmasına başlanılması insan harmoniyasınından asılıdır. Harmoniyaya gəldikdə, o adamların düzgün tərbiyəsi ilə mümkündür.

1820-ci illərədək R.Ouen cəmiyyətin yenidən qurulmasında başlıca mərhələ olaraq heç də xüsusi mülkiyyətin ləğvini istəmirdi. O, şərti olaraq burjua-filantropiyası adlandırıla biləcək bu kimi baxışlarını 1812-1813-cü illərdə yazdığı "Cəmiyyətə yeni baxış və ya xarakterin formalaşması haqqında təcrübə" əsərində cəmləşdirdi. XVIII əsrin sonu XIX əsrin əvvəllərində əlverişli iqtisadi konyukturanın mövcudluğu şəraitində Robert belə demək mümkünsə, tərbiyəni və fəhlələrin həyat şəraitini yüksəltmək istiqamətindəki düşüncələrini, belə desək, nəhəng sosial eksperimentini Nyu-Lanarkdakı müəssisəsində reallaşdırmağa başladı. Dahi bəyan etdi: işçilərin rifahı ideal sənaye cəmiyyətinin həm yüksək məhsuldarlığını, həm də müvafiq olaraq gəlirliliyini təmin edir.

Lakin 1815-1816-cı illərin iqtisadi böhranlarının gətirdiyi sosial münaqişələr dönəmində Ouenin yüksək kapital qoyuluşu ilə fəhlələrin təhsil və sosial vəziyyətlərini yaxşılaşdırmaq istəyi parnyorlarının etirazları ilə qarşılandı. İş müddətinin 10 saata endirilməsi layihəsi, eyni zamanda "Dövlətin rəhbərliyi, xalqın müşahidəçiliyi ilə milli tərbiyə və təhsil" planı burjua dairələri və ruhanilərdə kəskin reaksiya doğurdu. Belədə Robert belə düşünməyə başladı ki, bütün çalışmalarına rəğmən, Nyu-Lanarkdakı, eyni zamanda digər kapitalist müəssisələrindəki fəhlələr böyük hesabla qul olaraq qalmaqdadırlar. Fikirlərini bir qədər də genişləndirirək bildirdi ki, cəmiyyətə hakim kəsilmiş maşının böyük gücü (texniki tərəqqi nəticəsində meydana çıxmış yeni qurğular nəzərdə tutulur) sərvətlər bolluğu yarada bilər. Bu üstünlük isə xüsusi mülkiyyəti mənasız şeyə çevirmək iqtidarındadır. R.Ouen fikirlərini açıqlayarkən şəxsi təcrübəsinə söykənirdi və haqlı idi. Çünki təkcə müəssisə kimi fəaliyyət göstərməyən Nyu-Lanark dünyasında cinayətkarlıq yox idi, əyyaşlıq, milli və dini ziddiyyətlər aradan qalxmışdı, özünüidarə meylləri, şüurlu əmək intizamı, rəqabət, sosial planlaşdırma, fiziki və estetik tərbiyə formalaşmışdı.

1817-ci ildə Ouen işsizlərin ictimai və əməkdaşlıq qəsəbələrində yerləşdirilməsinə dair plan hazırladı. Bu, kəndlə şəhər arasındakı antoqanizmin sıradan çıxmasını, fiziki və əqli əmək arasındakı ziddəyətlərin aradan qalxmasını, istismarın yox olmasını, şəxsi mülkiyyətin tarixin arxivinə göndərilməsini nəzərdə tutan plan idi. Və məhz sözügedən plan dahinin həyatında dönüş anı idi - o, tamamilə utopik sosializmə keçid aldı. Ardınca isə, yəni 1820-ci ildə Ouen qolunu təcrübəli kommunist koloniyaları yaratmaq üçün çırmadı.

1829-cu ildə Nyu-Lanarkı tərk etdikdən sonra Ouen özünü bütövlükdə təbliğat fəaliyyətinə köklədi. İlkin planını əsas tutaraq insanlığın yenidən qurulmasının utopik kommunist sisteminin formalaşdırılmasına girişdi. Mövcud istiqamətdəki baxışlarını «Yeni mənəvi dünya kitabı»nda cəmləşdirdi (1836-1844-cü illərdə çap olundu). Kiabdakı sistemə görə, könüllülük əsasında təsis edilən icma qəsəbələri federasiya yaratmalı idilər. Həmin qəsəbələrin sonradan özlərinin iqtisadi və mənəvi üstünlüklərini göstərmələri planlaşdırılırdı. Başlıca nümayiş predmeti isə elmi nailiyyətlərə əsaslanmış istehsal qüvvələri və yeni ictimai əlaqələr nəticəsində formalaşmış harmonik inkişaf etmiş insan modeli idi. Ouenin təşəbbüsü ilə 1830-cu ildə «Ədalətli mübadilə bazarı» və «Böyük milli peşə ittifaqı» yaradıldı ki, bu birliklər onun layihələrinin praktiki reallaşdırılmasını nəzərdə tuturdu. Çox sonralar mövcud məqama diqqət yetirəcək Lenin deyəcəkdi ki, Ouen əsas məsələ olan sinfi mübarizəni və fəhlə sinfinin istismarçı qüvvənin hakim rol oynadığı siyasi hakimiyyəti devirməsini irəli sürmədi. Beləliklə də digər utopik sosialistlər kimi üzərinə düşən missiyanı yerinə yetirməyi - kapitalizmin muzdlu quldarlıq mahiyyətini aradan qaldırmaq üçün yeni cəmiyyət formalaşdırmağın katalizatoru olacaq güc mərkəzinə çevrilməyi bacarmadı.

Bununla belə Ouenin fəhlə və burjua sinfi arasındakı mübarizənin başlanğıcında meydana gəlmiş təlimləri onun davamçıları olan Qrey, Qodskin, Tompson və Brey kimi sosialistlərin səyləri sayəsində inkişafını tapdı. Nəticədə ingilis fəhlə sinfinin güclənməsi fonunda bütövlükdə Britaniyada həmkarlar ittifaqı hərəkatı geniş vüsət almağa başladı.

Təbiidir ki, Ounizm Leninin dediyi istiqamətə yuvarlanmadı və tarixi ədəbiyyatlarda özünü proletariatın sinfi özünüdərkinin gərgin sinfi mübarizədən kənar tutulduğu cərəyan olaraq tapdı. R.Ouen özü isə Avropadakı 1848-1849-cu illlər inqilablarının məğlubiyyətindən sonra tamamilə ətraf aləmdən kənarlaşdı. Ömrünün sonlarına doğru isə tamamilə mistismə və spiritizmə qapıldı. Görünür, ətraf aləmin onu anlamamasından və ya anlamaq istəməməsindən küsdü.

R.Ouenin tarix qarşısındakı xidmətləri böyükdür. Dahi mütəfəkkiri qiymətləndirən Engels deyirdi ki, İngiltərədə fəhlə sinfinin maraqları baxımından baş verən bütün hərəkatlar məhz onun adı ilə bağlıdır. Digər yandan, Ouen şəxsiyyəti nəinki İngiltərədə ümumən Britaniya hüdudlarından kənarda da sosialist düşüncə tərzinin təşəkkülünə təsir göstərdi.

Əsas fəaliyyətləri XIX əsrə təsadüf edən digər utopik sosialistlər - Anri Sen-Simon (1760-cı ildə anadan olub) 1825-ci, Ş.Furye isə (1772-ci ildə anadan olmuşdu)1837-ci ildə dünyasını dəyişdi. Ancaq 1771-ci ildə doğulmuş R.Ouenin ölümü ilə bir-birinin varlığından xəbərdar olmayan üç dahinin ortaya qoyduqları nəzəriyyənin ömrünü başa vurduğunu söyləmək düzgün olmazdı. Əslində utopik təsəvvürlər onlara qədər mövcud olduğu kimi, onlardan sonra da oldu. Sadəcə utopiya ifadə və məna tərzini dəyişdi və Ouendən sonra bir daha gerçəkliyə Ouenin dövründə olduğu qədər yaxın ola bilmədi.




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Maraqlı