USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C

Avropa məcburi peyvəndlənməyə doğru - "Omicron" qorxuludur, yoxsa yox - ARAŞDIRMA


https://img.baki-baku.az/news/2021/12/photo_5845.jpg?v=MjAyMS0xMi0wNyAxNToyNDoxNA==

Avropa yenidən "Covid-19" pandemiyasının episentrindədir, qitədə hər gün əvvəlkindən daha çox yoluxma qeydə alınır.  Avstriya, Almaniya və Hollandiyada yoluxma nisbətləri artıq keçən qışın zirvəsindən iki dəfə artıb.

Ümumdünya Səhiyyə Təşkilatının daha yüksək təkrar infeksiya riski yarada biləcəyini söylədiyi yeni "Omicron" variantının ortaya çıxması Avropa liderlərini narahat edib.  "Omicron" indiyədək 10-dan çox Avropa ölkəsinə, o cümlədən Danimarkada, Hollandiyada və Britaniyaya səyahət edənlərdə aşkar edilib.

Alimlərin peyvəndlərin yeni varianta qarşı hələ də təsirli olub-olmadığını müəyyən etməsinə üçün vaxt lazımdır, lakin Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, Avropa Birliyi ölkələri "Covid", o cümlədən onun "Omicron" variantı ilə mübarizə aparmaq üçün məcburi peyvəndlənməni nəzərdən keçirməlidirlər. Cənubi Afrikadan, variantın ilk aşkar edildiyi Botsvana və bir neçə qonşu ölkədən olan xarici səyahətçilərə Avropa İttifaqı artıq qadağa qoyub. 

Hökumətlər əksər avropalıların arxasında olduğunu düşündüyü sərt məhdudiyyət növlərini yenidən tətbiq edirlər. 

Avstriya gələn ilin fevral ayından etibarən məcburi peyvəndlənməni elan edib. Yunanıstan 60 yaşdan yuxarı bütün peyvənd olunmayanları yanvar ayının 16-dan sonra hər gələn ay üçün 100 avro (təxminən 193 AZN) cərimələnəcəyini açıqlayıb.

 Almaniyanın yeni kansleri Olaf Sholz məcburi peyvəndlənməni dəstəklədiyini söyləyib və "Bild" telekanalına müsahibəsində mart ayından etibarən məcburi peyvəndlənmənin planlaşdırıldığını vurğulayıb.

Latviyada dekabrın 15-dən etibarən insanlar işə gəlmək üçün "COVID-19" peyvəndi və ya virusdan sağalma sertifikatını təqdim etməlidirlər. Peyvənd olunmayan şəxslərin yalnız ərzaq mağazalarına, apteklərə və digər zəruri mağazalara buraxılmasına icazə verilir.

Slovakiyada qapanma əmri qüvvəyə minib, barlar, restoranlar və qeyri-vacib mağazalar yenidən bağlanıb.

Xorvatiyada dövlət və ictimai işçilərə, o cümlədən məktəb müəllimlərinə məcburi peyvəndlənmənin tətbiq edilməsi qərarı qəbul edilib.

Ukrayna hökumətinin bildirdiyinə görə, dekabrın 9-dan peyvənd olunmamış dövlət qulluqçuları və sosial işçilər işdən çıxarılacaq.

Ukrayna prezidenti Vladimir Zelenski noyabrın 16-da bildirib ki, peyvəndin iki dozu vurulan vətəndaşlara 1000 qrivna (təxminən 62 azn) mükafat ödəniləcək.

İtaliya hökumətinin bu il noyabrın 24-də qəbul etdiyi qərarına əsasən, tibb işçiləri ilə yanaşı, hərbçilər, hüquq-mühafizə və təhsil institutlarında çalışan işçilər üçün peyvəndlənmə məcbur elan edilib. 

Çexiyada noyabr ayının 26-dan 30 günlük fövqəladə vəziyyət qüvvəyə minib. Hökumətin anti-COVID tədbirlərinin bir hissəsi olaraq, ölkə daxilində bütün Milad bazarları qadağan edilib və insanların ictimai yerlərdə spirtli içki içməsi yasağı var. Barlar, restoranlar, gecə klubları və kazinolar saat 10-da bağlanmalıdır.

Portuqaliyada restoranlara, kinoteatrlara və hotellərə daxil olmaq üçün peyvənd və ya immunitet sertifikatı tələb olunur.

Ancaq yeni məhdudiyyətlər bir sıra ölkələrdə müqavimətlə qarşılanıb. Avstriyada noyabrın 20-də 40 minə yaxın insan milli qapanma və məcburi peyvəndlənməyə etiraz edib.  Belçikanın paytaxtı Brüsseldə on minlərlə insan yürüş keçirib. Xorvatiya və İtaliyada da minlərlə nümayişçi küçələrə axışıb. Milli bayraqları və “Azadlıq” yazılmış pankartları dalğalandıran etirazçılar “Müqavimət!” şüarları səsləndiriblər.  Hollandiyada polis məmurları qapanmaya etiraz edən yüzlərlə nümayişçiyə qarşı xəbərdarlıq atəşi açıb, su şırnaqlarından istifadə ediblər.

Yunanistan paytaxtı olan Afinada "Bakı-baku.az"-ın Aİ üzrə xüsusi müxbirinin əhali arasında apardığı sorğuya nəticələrinə əsasən demək olar ki, respondentlərimizin 74%-i Covid əleyhinə keçirilən tədbirlərlə narazıdır. Afina sakini: "Bizə 2 il əvvəl səbr edin, 3 həftə evdə qalın, normal həyata dönəcəyik deyirdilər. Necə oldu indi eksperimental iynəyə məcbur edirlər?! Bu, bir başa insan haqqlarının tapdalanması deməkdir".

Cənubi Afrikalı alimlər Avropa İttifaqını "Omicron" variantı ilə mübarizədə əsassız, abardılmış sərt məhdudiyyətlərin qoyulmasında günahlandırırlar. Onlar apardıqları təhlillərə əsasən bildirirlər ki, yeni Covid variantı daha yüngül xəstəliyə və virusun əvvəlki versiyalarından fərqli olaraq baş ağrısı və yorğunluq kimi yüngül simptomlara səbəb olur. Cənubi Afrikadakı tibb işçiləri yeni ştamm ilə yoluxanların heç birinin ölümlə nəticələnmədiyini söyləyirlər.

Almaniyanın növbəti səhiyyə naziri olacağı iddia edilən klinik epidemioloq, professor Karl Lauterbax "Omicron"un pandemiyanın sonunu sürətləndirə biləcəyini söyləyib. O, ştammın xarici zülalında 32 mutasiyanın aşkar edildiyini, "Delta" ştamından iki dəfə çox - və bu, əksər tənəffüs viruslarının necə inkişaf etdiyinə uyğun olaraq, yoluxdurma qabiliyyətinin artması, lakin eyni zamanda daha yüngül keçməsi üçün optimallaşdırıldığını ifadə edə biləcəyini söyləyib.

Cənubi Afrika Tibb Assosiasiyasının sədri və xəstədə yeni variant "Omicron"u aşkar edən ilk şəxs Dr. Angelique Coetzee gərginlik və panikaya əsas olmadığını deyib, müalicə etdiyi xəstələrdə yorğunluq, yüngül əzələ ağrıları, boğaz ağrısı və quru öskürək olduğunu diqqətə çatdırıb. Doktor Coetzee, eyni zamanda yeni ştamla yoluxan xəstələrin evdə yaxşılaşdığını və onları gördükdən sonra iki-üç gün ərzində normal hala döndüklərini" bildirib.

Elm adamları uzun müddətdir ki, koronavirusun heç vaxt məhv edilməyəcəyini, əksinə soyuqdəyməyə bənzər daha yumşaq bir virusa keçəcəyini bildirirlər.

 

Jalə Həsən,

Aİ üzrə xüsusi müxbir,

Afina




Redaktorun seçimi

Maraqlı