USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Vudro Visonun “ölü doğulmuş” arbitraj qərarı - dünya, Qafqaz və Ermənistan


https://img.baki-baku.az/news/2021/05/photo_3720.jpg

Son günlərdə İnternetin erməni seqmentində moskvalı politoloq Karine Gevorqyanın çıxışından fraqmentləri çox fəal şəkildə paylaşırlar. Onun sözlərinə görə, qondarma “erməni soyqırımı”nın ABŞ Prezidenti Co Bayden tərəfindən tanınması guya 1913-1921-ci illərdə ABŞ Prezidenti olmuş Vudro Vilsonun Ermənistan-Türkiyə sərhədi barədə arbitraj qərarının reanimasiya edilməsi yolunda “ilk addım”dır. Bu gün AZƏRTAC həmin qərar barədə qısa tarixi arayış təqdim edir. Bu arayışdan aydın olacaq ki, Vilsonun arbitraj qərarı lap əvvəldən “ölü doğulub”!

Gəlin, həmin qərarı addım-addım təhlil edək. Burada tarixləri və xronoloji ardıcıllığı qeyd etmək zəruridir.

1. Osmanlı İmperiyası Birinci Dünya müharibəsində məğlubiyyətə uğrayır və 1918-ci il oktyabrın 30-da sultan hökuməti Mudros barışıq sazişini imzalayır. Bu, hələlik yalnız barışıqdır, yəni həmin sənəddə Osmanlı İmperiyasının şərq vilayətlərində erməni dövlətinin yaradılmasına heç bir eyham belə yoxdur.

2. Davam edək. 1919-1920-ci illərdə Paris Sülh Konfransında qalib ölkələr (Antanta) müharibədən sonrakı gələcək məsələsini müzakirə ediblər. Həmin müzakirələrdə iştirak edən 27 dövlət arasında, təbii ki, nə Mudros barışıq sazişini imzalamış sultan hökumətinin nümayəndələri vardı, nə də bu təhqiramiz barışığı təkzib edən və onu tanımayan kamalçı Türkiyə generallarının nümayəndələri. Yəni Paris Konfransında uduzmuş dövlətlərin iştirak etmədiyi şəraitdə qaliblər “öz aralarında” məğlub dövlətlərin üzərinə hələlik heç bir öhdəlik qoymayan qərarlar qəbul edirdilər. Sultanın imzaladığı sülh müqavilələri hələ yoxdur.

3. Paris Sülh Konfransının gedişində və onun yekunlarına əsasən, məğlub ölkələrlə bir neçə sülh müqaviləsi bağlanır:

- qalib ölkələrlə Almaniya arasında Versal müqaviləsi (28 iyun 1919-cu il);

- qalib ölkələrlə Avstriya arasında Sen-Jermen müqaviləsi (10 sentyabr 1919-cu il);

- qalib ölkələrlə Bolqarıstan arasında Nöyis müqaviləsi (27 noyabr 1919-cu il);

- qalib ölkələrlə Macarıstan arasında Trianon müqaviləsi (4 iyun 1920-ci il);

- nəhayət, qalib ölkələrlə Osmanlı İmperiyası hökuməti arasında Sevr müqaviləsi (10 avqust 1920-ci il).

Bir mühüm detal: sonralar Sevr müqaviləsi istisna olmaqla, bütün digər müqavilələr milli parlamentlərdə ratifikasiya edilib və qüvvəyə minib. Sevr müqaviləsi isə hələlik beynəlxalq səviyyədə yeganə tanınmış tərəf olan Osmanlı İmperiyasının İstanbulda sultan hökuməti tərəfindən imzalanıb, lakin o vaxt hələ heç kim tərəfindən tanınmamış Mustafa Kamal Atatürkün Ankaradakı hökuməti tərəfindən rədd edilib. Yəni ölkədə ikihakimiyyətlilik yaranmışdı. Bu vəziyyət 1922-ci il noyabrın 1-də başa çatdı – həmin gün sultanlıq ləğv edildi və Atatürkün hökuməti ölkədə yeganə qanuni hökumət oldu. Təkcə Yunanıstan tərəfindən ratifikasiya edilmiş Sevr müqaviləsi qüvvəyə minmədi və 1923-cü il iyulun 24-də indi artıq Atatürk hökumətinin müttəfiqləri tərəfindən imzalanmış yeni Lozanna sülh müqaviləsi sayəsində tarixin zibilxanasına göndərildi. Lakin bu barədə bir qədər sonra.

4. Sevr müqaviləsi “ölü doğulmuş” olduğuna və sonradan heç bir nəticə doğurmadığına baxmayaraq, hər halda onun məzmununa nəzər salmağa dəyər. Bizi həmin müqavilənin konkret bir şərti maraqlandırır. Həmin şərtə görə, Osmanlı İmperiyası onun Şərq ərazilərində yeni erməni dövləti yaradılması ilə razılaşır, bu dövlətin sərhədləri ABŞ Prezidenti Vudro Vilsonun arbitraj qərarı ilə müəyyən ediləcək. Bu qərar bir anda qəbul edilməmişdi, qalib ölkələr əvvəlki aylar ərzində buna hazırlaşırdı, Paris konfransında (əlbəttə, sultan hökuməti orada iştirak etmirdi) qalib dövlətlər Osmanlı İmperiyasının Şərq ərazilərində Vudro Vilsonun mandatı əsasında Ermənistan yaradılması məsələsi müzakirə edilirdi, onun sərhədlərini də həmin Vilson müəyyən etməli idi. Britaniyanın Baş naziri Lloyd-Corc Prezident Vilsonu uzun müddət dilə tuturdu ki, mandatı öz üzərinə qəbul etsin. Bundan əlavə, 1920-ci il aprelin 19-26-da İtaliyanın San-Remo şəhərində qalib dövlətlərin Ali Şurasının konfransı keçirilib, onlar həmin konfransda ABŞ-a gələcək (!!! – hələlik gələcək!!!) Ermənistanın mandatını öz üzərinə qəbul etmək, ABŞ Prezidentinə isə Ermənistanın sərhədlərini arbitraj qaydasında müəyyən etmək xahişi ilə rəsmən müraciət etdilər. Nəticədə, ABŞ Prezidenti razılaşdı və Sevr müqaviləsinin mətninə həmin bənd daxil edildi.

5. Ermənilərin biabırçı şəkildə susduqları ən başlıca məqam: 1920-ci il iyunun 1-də (yəni San-Remo konfransında sonra, lakin Sevr müqaviləsi imzalanana qədər) ABŞ Senatı ABŞ-ın Ermənistan üzərində mandatını və nəticə etibarilə Prezident Vudro Vilsonun Ermənistan sərhədlərini müəyyən etmək üçün arbitraj hüququnu ləğv etdi! Başabəla erməni ekspertləri bu barədə susurlar!

6. Avqustun 10-da imzalanan Sevr müqaviləsinə Ermənistan üzərində mandat və Prezident arbitrajı barədə müddəa təsbit edilmişdi, Vudro Vilson özü isə noyabrın 22-də ABŞ dövlətinin möhürü ilə təsdiq olunmuş öz arbitraj qərarını təqdim etmişdi. O vaxt bütün bunların apriori heç bir hüququ qüvvəsi yox idi, çünki bundan əvvəl Senat ABŞ-ın Ermənistan üzərində mandatını ləğv etdmişdi. Bax, belə bir hüquqi kazus yaranmışdı!

7. Sual edilir: o vaxt Prezident Vilson onun mandatının Senat tərəfindən rədd edildiyini bildiyi halda nə üçün bu cür tamamilə mənasız addım atıb və açıq-aydın “ölü doğulmuş” qərar təqdim edib? Məsələ ondadır ki, 1920-ci ilin sentyabr ayında, yəni Sevr müqaviləsi imzalanandan bir ay sonra Ermənistan hökuməti (görünür, bu müqavilənin imzalanmasından ruhlanaraq və hətta onun ratifikasiya edilməsini gözləmədən) Vilsonun arbitraj qərarının tezliklə reallaşacağını gözlədiyindən daha çox ərazi qazanmağı (beləliklə də gələcək vilsonsayağı sərhədlərə təsir etmək) ümidi ilə Türkiyəyə müharibə elan etdi. Müharibə 1920-ci il sentyabrın 24-dən dekabrın 2-dək davam etdi və ermənilər üçün biabırçı Aleksandropol müqaviləsi ilə başa çatdı. Lakin paradoks ondan ibarət idi ki, o vaxt türklər hələ ikihakimiyyətlilik şəraitində yaşayırdı: Sevr müqaviləsi sultan hökuməti tərəfindən imzalanmış və Ankarada Atatürk hökuməti tərəfindən tanınmamışdı, faktiki olaraq Sevr müqaviləsinin şərtlərinin üstündən xətt çəkən Aleksandropol müqaviləsi isə üç ay sonra Atatürk hökuməti tərəfindən imzalandı. Ermənistan ordusunun darmadağın edilməsi aşkar görünəndə Vudro Vilson müharibənin gedişinə necəsə təsir etmək və türklərə psixoloji təzyiq göstərmək məqsədilə öz arbitraj qərarını təqdim etməyə tələsdi. Təbii ki, nə psixoloji, nə də hüquqi təzyiq göstərmək niyyəti baş tutmadı, çünki ABŞ Senatı Amerikanın Ermənistan üzərində arbitrajını ləğv edəndən sonra Vilson tərəfindən təqdim edilmiş arbitraj sənədinin dəyəri hətta həmin sənədin tərtib olunmasına sərf edilmiş kağızın və mürəkkəbin dəyərindən də az idi.

8. Sonrakı dövrdə hadisələrin inkişafı çox sadədir. Aleksandropol müqaviləsi imzalanandan dərhal sonra Ermənistan sovetləşdirilir, 1921-ci ilin mart ayında Atatürk hökuməti Sovet Rusiyası ilə Moskva müqaviləsini, həmin ilin oktyabr ayında isə Sovet Ermənistanının imzası ilə də təsdiqlənmiş Qars müqaviləsini imzalayır. Beləliklə, Ermənistan-Türkiyə sərhədi mövzusuna nöqtə qoyulur.

9. 1922-ci il noyabrın 1-də Türkiyədə ikihakimiyyətlilik başa çatır. Sultan ölkəni tərk edir, Atatürk hökuməti isə ölkənin bütün ərazisində yeganə hökumət olur.

10. 1922-ci il dekabrın 30-da SSRİ yaradılır. Sovet Ermənistanı suveren dövlət kimi artıq mövcud olmur, ittifaq dövlətinin tərkibinə daxil olur.

11. 1923-cü il iyulun 24-də qalib dövlətlər (Antanta) Lozannada Türkiyə ilə yeni, de-yure Sevr müqaviləsini ləğv edən (onsuz da bu müqavilə Yunanıstandan başqa heç kəs tərəfindən ratifikasiya edilməmişdi) müqavilə imzalayır. Yeri gəlmişkən, Lozanna müqaviləsini imzalamış dövlətlər arasında Yunanıstan özü də var. Həmin sənədi imzalayanlar arasında Ermənistan daha yoxdur, çünki o vaxt artıq belə dövlət yox idi. Əvvəllər mövcud olmuş dövlət isə xatırladığımız kimi, Türkiyə ilə Qars müqaviləsini imzalamışdı. Lozanna müqaviləsinin şərtlərinə görə, hər şeydən əlavə, Antanta Türkiyə ərazisində ermənilərə muxtariyyət verilməsi tələbindən imtina edir. Vəssalam, erməni məsələsi bağlanmış hesab edilir! Sonradan bu müqavilə Serb, Xorvat və Sloveniya krallığından başqa onu imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edilib, həmin krallıq isə Osmanlı İmperiyasının borclarını türklərlə bölüşməyə razılaşmadı. Bu, onların işidir!

12. Lozanna müqaviləsini imzalayanlar arasında o vaxt mövcudluğuna son qoyulmuş Ermənistandan başqa konfransda müşahidəçi kimi iştirak etmiş ABŞ da yox idi.

13. Lakin 1927-ci ildə ABŞ ilə Türkiyə Cümhuriyyəti arasında diplomatik münasibətlər yaradılması de-yure Sevr müqaviləsinin (və onunla bərabər mandat haqqında, həmçinin Prezidentin arbitraj qərarı barədə “ölü doğulmuş” müddəa) artıq mövcud olmayan sultan hökuməti tərəfindən imzalanmış və üstəlik, ABŞ-ın özü tərəfindən də ratifikasiya edilməmiş Sevr müqaviləsinin denonsasiyası demək idi.

Vudro Vilsonun arbitraj qərarı barədə bilinməsi lazım olan bunlardır. ABŞ Prezidentinin arbitraj qərarına türklərin razılığının qeyd olunduğu yeganə sənədi – Sevr müqaviləsini hamı rədd etmişdi - Türkiyə ilə Qars müqaviləsini imzalamış ermənilər özləri də, Lozanna müqaviləsini imzalamış türklər özləri də, Sevr müqaviləsini ratifikasiya etməmiş və əslində, onu ratifikasiya etmək hüququ olmayan amerikalılar özləri də, çünki Sevr müqaviləsində ABŞ Senatı tərəfindən bəyənilməmiş müddəa vardı. Bu gün Vudro Vilsonun arbitraj qərarının “həqiqiliyi” barədə, xüsusən alimnüma görkəmli və soyadları “yan” şəkilçisi ilə bitən, özlərinə güvənən moskvalı politoloqlar tərəfindən səslənən bütün söhbətlər obıvatel üçün nəzərdə tutulub.

Nəticə:

Tərəflər üçün məcburi hüquqi qüvvəyə malik olan arbitraj qərarı boş yerdə deyil, münaqişə tərəflərinin razılığı və onların belə bir qərar çıxarmaq hüququna malik olan vahid və razılaşdırılmış arbitrə belə hüquqlar vermələri əsasında çıxarılır. Tərəflərin arbitraj barədə razılığı təsbit edilmiş hüquqi sənəd Yunanıstandan başqa heç kəs tərəfindən ratifikasiya edilməmiş və qüvvəyə minməmiş Sevr müqaviləsi idi. Üstəlik, ABŞ Senatı bu ölkənin Ermənistan üzərində mandat qəbul etməsinə və müvafiq surətdə Prezidentin arbitraj hüququna razılıq verməyib. Beləliklə, Vudro Vilson tərəfindən 1920-ci ilin noyabr ayında çıxarılmış qondarma “arbitraj qərarı”nın hüquqi əsası və hüquqi nəticələri yox idi. Sonradan Lozanna müqaviləsinin bağlanması onsuz da ratifikasiya edilməmiş Sevr müqaviləsini həmişəlik “dəfn etdi”, Osmanlı İmperiyasında ikihakimiyyətliliyin başa çatması, Türkiyə Cümhuriyyətinin elan edilməsi və ABŞ ilə Türkiyə Cümhuriyyəti arasında diplomatik münasibətlər yaradılması bu məsələyə son nöqtə qoydu.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Maraqlı