USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Reformasiya - qurtuluşun 95 tezisi - TARİX


https://img.baki-baku.az/news/2021/01/photo_2496.jpg

Tarixçi İmon Daffi «Xristian kilsəsinin atlası» kitabında orta əsrlərdə kilsənin vəziyyətini belə təsvir edirdi:

1. Korrupsiya və qeyri-bərabərlik: Əsərdə deyilir ki, 300 Avropa yepiskopluğundan 70-i İtaliyada idi. Almaniyada 90 yepiskopluq vardı. Vinçester yepiskopu 1200 florin, Ross və İrlandiya yepiskopları 33 florin rüşvət alırdı.

2. Hərcmərcilik: Kahinlərin çoxu qeyri-rəsmi nigahda idilər və onlar kasıb həyat tərzi sürürdülər. Gecələr ayinlər yerinə yetirir, səhərlər isə ailələrinin saxlamaq üçün işləyirdilər. Bu səhnə ümumilikdə Avropa üçün səciyyəvi idi.

3. Mənəvi tənəzzül: Kilsələrin çoxu mənfi imicə malik idilər. Ora gələnlərin sayı azalırdı. Orada seksual özbaşınalıq hökm sürürdü.

Doğrudur, müəllif həmin dövr kilsəsinin müsbət xüsusiyyətlərini də qeyd edir. Orada islahatçı qrupların mövcudluğunu deyir. Bəzi rahiblərin əsasən İncildən qaynaqlanan humanist ideyaların təbliği ilə məşğul olduqlarını bildirir. Amma bunlar haqqında bəhs edəcəyimiz prosesin başlanmasına səbəb olan motivləri xarakterizə etmək üçün yetərli deyildi. Başlıca məqəm Daffinin gətirdiyi üç səbəbdən qaynaqlanır. Təbii ki, başqa səbəblər də var.

1347-ci ildə Avropada geniş vüsət almış taun xəstəliyi əhalinin üçdə birini məhv etdi. İngiltərə və Fransa arasında baş vermiş "Yüzillik müharibə" nəticəsində qitənin başlıca iqtisadi resursları hərb üzərində kökləndiyindən fəsadlar meydana çıxdı. Kilsə ierarxiyası isə daxili ziddiyyətlərin və beynəlxalq siyasətin burulğanındaydı. Papa başda olmaqla yüksək rütbəli ruhanilər siyasi hegemonluğa nail olmaq, bütün dünyəvi həyatı özlərinə tabe etməyə, dövlət institutlarını və dövlət hakimiyyətini əllərində cəmləşdirməyə çalışırdılar. Bu istək hətta müəyyən mənada kilsə ilə yaxınlığı olan iri feodallar tərəfindən də narazılıqla qarşılanırdı. Bununla yanaşı, rennesans dövrünün başlanması insanları ədəbiyyata və incəsənətə başqa cür baxmağa sövq etdi və bütün bu mütərəqqi baxışların fonunda XIV-XVI əsrlərdə kilsənin bir qədər öncə İ.Daffinin baxışları ilə xarakterizə etdiyimiz durumunun əslində tənəzzüllə nəticələnəcəyini söyləməyə əsas yaranırdı. Qalırdı necə deyərlər, barıt çəlləyini ildırımın vurması. Obrazlı söyləsək, ildırım o oldu - Vittenberq Universitetinin ilahiyyatçı professoru Martin Lüter. Onun "Doxsan beş tezis" adı altında indulgensiya (günahların bağışlanması haqqında kilsənin hər şəxsə verdiyi qəbz) əleyhinə yönələn çıxışından 500 ildən artıq müddət ötür. O çıxışdan ki, səslənməsi mahiyyət etibarilə Avropanın, hətta dünyanın da həmin dövrə qədərki həyatının, yaşam tərzi və fəlsəfəsinin dəyişməsinə səbəb olmuşdu. REFORMASİYA (latın sözü olan reformatio, yəni yenidərqurmadan götürülüb) başlanmışdı.

Qərb tarixşünaslığında reformasiyaya dair geniş ədəbiyyata rast gəlinir. Onun tarixi ilə qitənin bir sıra cəmiyyətləri, kilsələri, həmçinin Almaniya və ABŞ-da xüsusi təşkilatlar da məşğuldurlar. Almaniyada bir neçə dildə "Archiv fur Reformationschichte" jurnalı nəşr olunur. Qərb tədqiqatçılarını daha çox məhz Almaniyada reformasiya, xüsusilə də Martin Lüter fəlsəfəsi, həmçinin kalvinizm, xristian humanizmi, rotterdamlı Erazmın baxışları maraqlandırır. Hərəkatın xalq cərəyanına - anabaptizmə də diqqət göstərilir. Ümumilikdə XX əsrin Qərb tarixşünaslığı üçün reformasiyada tədqiqat predmeti dini məsələlərdir. Renke başda olmaqla Alman protenstant tarixşünaslığı onu dövlətin tarixi ilə əlaqələndirir. Ritterin rəhbərlik etdiyi XX əsr qərbi Alman tarixşünaslığı isə hesab edir ki, reformasiya yeni tarixin başlanğıcıdır. Ümumilikdə mövzuya baxış müxtəlifdir və bu müxtəliflik reformasiya hərəkatı gedişində baş verən proseslərin sonrakı dövrlər üçün də aktuallağını saxlaması ilə əlaqədardır.

Reformasiya barədə söz düşəndə sadə bir deyimi xatırlanır. Həmin deyimin Almaniyaya aidiyyatı yoxdur. İsveçrənin reformasiya dövrü xadimlərindən olan Jan Kalvinin çoxsaylı kilsə ayinlərinin aradan qaldırılmasını, insanların tez yatıb, tez yuxudan ayılmasını təlqin edən fikirləri nəzərdə tutulur. Məsələyə bir qədər primitiv yanaşma kimi qarşılansa da, əslində burada heç də sadə olmayan mətləblər var.

Nəyə görə məhz Kalvinin fikirləri diqqəti cəlb edir? İş burasındadır ki, bir çoxları reformasiyaya sırf ideoloji proses kimi baxırlar. Ona nisbətən fərqli yanaşanların da nə isə yenilik etdiklərini söyləmək olmur. Reformasiya əslində həyatın bütün sferalarını özündə canlandıran, ona nüfuz edən hadisə idi. O, sosial-iqtisadi və ideoloji hərəkət olmaq etibarilə katolik kilsəsinə qarşı yönəlmiş və antifeodal xarakter daşımışdı. Reformasiyanın müəyyən mənada bir ictimai-siyasi formasiyanı bütövlükdə digəri, yəni feodalizmi kapitalizmlə əvəzləməyə yönəldiyini də söyləmək olar.

Amma reformasiya üçün səciyyəvi cəhətlər heç də bununla məhdudlaşmır. Çünki o əslində böyük iqtisadi prosesi, o zaman üçün labüd, qaçılmaz olan iqtisadi prosesi bəzəmək, ona ideoloji çalarlar gətirmək naminə meydandaydı. Burada sual yaranır: iqtisadi zəmində qaynaqlanan prosesə dini-ideoloji çalarlar gətirmək nəyə lazım idi və ya lazım idimi?

Məsələ burasındadır ki, Qərbi Avropada idarəçilik strukturunun dayağı məhz din, dini təlimlər üzərində qurulmuşdu. Həmin təlimlər mahiyyət etibarilə xalqı itaətkarlığa, haqqı uğrunda mübarizə aparmamağa, mütiliyə səsləyirdi. Haşiyə çıxaq ki, reformasiya hərəkatında xalq amilini o qədər də qabartmaq da düzgün deyil. Birincisi, həmin vaxtadək çox xalq hərəkatları olmuş, heç biri reformasiya qədər effektiv olmamışdı, ikincisi, reformasiyadan sonra da xalq hərəkatları baş verdi, tarixdə reformasiya qədər iz buraxmadı. Həm də ona görə ki, sadə insanların ayağa qalxaraq mövcud hakimiyyəti dəyişmək istiqamətində kütləvi mübarizə apardıqları Almaniyadan fərqli olaraq, məsələn, vəziyyətin çılğınlıqdan uzaq tərzdə cərəyan etdiyi İsveçrədə reformasiya daha çox uğurlar qazanmışdı.

Reformasiyada əsas məqam dinə - katolisizmə, quruluşa - feodalizmə qarşı yeni ideyanın, məhz dini ideyanın irəli sürülməsiydi ki, bundan da iştirakçı zümrələrin hər biri özlərinə sərf edən tərzdə bəhrələndilər. Yeni yaranmaqda olan burjua sinfi istədi ki, kralın və kilsənin sərəncamındakı torpaqları ələ keçirsin. Ruhanilərin nisbətən zəif hissəsi güclü üzərində üstünlüyə yiyələnmək üçün buna getdi. Xırda feodalların məqsədlərində geniş torpaq əldə etmək arzusu var idi. Top-tüfəngin ixtirasından sonra tüfeyli həyat tərzi sürən cəngavərlər də iri mülkiyyətçi olmağa can atırdılar. Belə bir dolaşıq labirintdə sadələrin, xalq kütlələrinin öz maraqları var idi. Onlar hər gün üzləşdikləri zülmdən, məhrumiyyətlərdən, istibdaddan yaxa qurtarmaq, bir sözlə azad olmaq üçün reformasiya yolunu tutdular və elə təsəvvür yaranırdı ki, məhz reformasiya nəticəsində məqsədlərinə çata bilərlər. Əfsus, gözləntilər özünü doğrultmadı. Bunun ilk səbəbi reformasiya iştirakçısı olan daha böyük qüvvələrin ondan tamam alayı məqsədlər güdmələrində idi. Üstəlik hərəkətverici güclər arasında da ziddiyyətlər var idi. Bütün bu təbəqələri birləşdirən yeganə amil, bir qədər dumanlı olsa da, dövlət idi. Tərəflər məhz həmin dövlətə, mərkəzləşdirilmiş dövlətə ideyalarının reallaşması mənbəyi kimi baxırdılar. Amma bu da tam dərk edilən reallıq deyildi.

İdeoloji rəngə boyanmış reformasiya hərəkatında bir zəif cəhət də istəklərin vaxtından əvvəl reallaşması, daha doğrusu reallaşdırılması idi. Bu, hərəkətdə iştirak edən ayrı-ayrı güclərin arzularının onlara qarşı duranlar tərəfindən fərdi qaydada ödənilməsi hesabına baş verirdi. Nəticədə pərakəndəlik yaranırdı. Əslində bu reallıq reformasiyaya tam adi bir proses kimi baxmağı zəruriləşdirir. Məxsusilik isə ondaydı ki, bütün bu təbəqələri müəyyən müdddətə də olsa, birləşdirən reformasiya hərəkatında mövcud sistemi onu öz silahı - dinlə "vurmaq" düşüncəsi baş qaldırmışdı. Engels bu məqama diqqət yetirərək deyirdi ki, mövcud quruluşa hücum etmək üçün ondan müqəddəslik simasını götürmək lazım idi. Reformasiyanın bu işi yerinə yetirdiyini söyləmək çətindir. Çünki əslində proses rejimin müqəddəslik simasını götürmədi, ona adekvat olaraq yeni müqəddəsliyi tapdı. Bu, yenilik, Avropa və dünya üçün həmin vaxtadək keçilməyən mərhələ idi. Bu, eyni zamanda həmin vaxtadək möhkəm təməllər üzərində qurulmuş və gündəlik həyata dərin nüfuz edən doqmatik təsəvvürlərin tənəzzülünə aparan yol idi. Reformasiya həm də dindən "dünyəvi məqsədlər" üçün faydalanmanın acı nəticəsiydi ki, sonrakı proseslər bu tendensiyanın tamam başqa məcrada ortaya çıxdığını göstərdi və bir qədər əvvəl haqqında danışdığımız yeni müqəddəslikdə də çatlar yarandı. Müxtəlif dövrlərdə dövlətdə hakim zümrələr protestant-katolik qırğınlarına rəvac verdilər, nisbətən iri məqsədlər reallaşdıranlar, məsələn İrlandiyanı özünün müstəmləkəsinə çevirməyi qarşısına məqsəd qoyan İngiltərə kimi hərəkət edənlər də tapıldı. Ümumən insanlığın sosial-iqtisadi və mədəni vəziyyətinin böhranına ruhən cavab olan reformasiya xüsusi forma və burjua fəlsəfəli ideoloji vətəndaş cəmiyyətinin şərtlərini müəyyənləşdirməklə ilk burjua inqilablarını da ideya cəhətdən hazırlamış oldu.

XVIII əsrin dahi publisistlərindən olan Volter deyirdi ki, əgər Allah olmasa belə onu uydurmağa ehtiyac olacaqdı. Mütəfəkkir bu fikirlərini kilsənin hakim mövqe tutmasından və dinin dövlətin əlində vasitə olaraq qalmasından qeyzləndiyi üçün işlətmişdi. Deməli, Martin Lüterin 95 tezisi ilə dəyişilməli olan quruluşdan XVIII əsrə qədər Engensin təbirincə desək, müqəddəslik siması hələ götürülməmişdi.

Bəs, demək olardımı ki, reformasiya nəticəsiz qaldı? Yox. Lüterin 95 tezisindən başlanmış yol mütərəqqilik, bəşərilik yolu idi. Hərçənd Lüterin özü də sonradan bəlli siyasi dairələrin oyunçusuna çevrildi və hansısa mənada əvvəlki statusunu itirdi. Lakin Avropa tədricən Vittenberq Universitetinin professorunun, İsveçrədə Kalvinin, Çvinqlinin və digərlərinin dediklərinə gəldi, cəhalətdən qurtuldu, inkişaf etdi. Ən başlıca məqam da elə budur. 

Bu yazıda məsələni Qərb-Şərq müstəvisində dəyərləndirmək istəməzdik. Amma Qərb indulgensiya qutularına atılan dəmir pulların cingildəməsinin cənnəti gətirmədiyinə inandı, üzərindən 500 ildən də artıq müddətin keçməsinə baxmayaraq, Şərq böyük hesabla ömrünü hələ də nəzir qutularına atılmış qəpiklərin cingiltisinə qulaq asaraq keçirməkdədir. Bu qədər sadə. 

"Baki-Baku.az"




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Maraqlı