USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Jozefina - Napalyonu tərk etməyən böyük sevginin adı (MARAQLI)


https://img.baki-baku.az/news/2021/01/photo_2381.jpg

Hadisə 1809-cu il dekabrın 16-da baş verib. Həmin gün Fransa imperatoru Napoleon Bonopartın imperatriça Jozefina ilə nikahı ləğv edilib.

Bəs Jozefina kim idi? Əlbəttə, taleyi qəribəliklərlə doluydu, əfsanələrdən ibarət cəlbedici romanı xatırladırdı.

23 iyun 1763-cü ildə zadəgan ailəsində dünyaya gəlmişdi. Xaç suyuna salma mərasimində uşağa gözəl ad verdilər- Mari Roz Jozefa. Lakin Jozefina deyə çağırmağa başladılar. Valideynləri əmin idi ki, onların böyük qızını gözəl tale gözləyir. Və yanılmadılar. 1779-cu ildə Jozefina gənc, dövlətli əsilzadə vikont Aleksandr Boqarneyə ərə gedəndə hər kəs taleyin onun üzünə güldüyünü düşünürdü. Kimin ağlına gələrdi ki, bu ilk zirvəyə dogru atılan addım Jozefinanı imperatriçə tacına qədər yüksəldəcək.

Yeni evlilər Parisdə məskunlaşdılar. Bu ərəfədə Jozefina tədricən kübar cəmiyyətə daxil oldu. Zərifliyi və məharəti sayəsində ad qazandı. Bu isə adi əyalət gözəlçəsi üçün heç də asan başa gələn iş deyildi. Jozefinanın əri ilə münasibətləri iki uşagı olmasına rəğmən düzəlmirdi. 1785-ci ildə cütlüyün 6 illik müştərək həyatı sona çatdı. Boşanmağa qərar verdilər.

Jozefinanın növbəti onillikdəki Paris həyatı əfsanələr və şaiyələrdən ibarətdir. Bu söz-söhbətlərin əksəriyyəti onun imperatriçə dövrünə və ölümündən sonraya təsadüf edir. Təəccüblü deyil, çünki gələcək imperatriçənin həqiqi və ya xəyali  meylindən istifadə edərək özünü məşhur və varlı qadınlara “yamamaq” istəyənlərin sayı həmişə çox olub.

Jozefinanın taleyi bütün Fransanı bürüyən inqilab sarsıntıları ərəfəsində sürətlə dəyişir. Üsyançılara görə, Jozefina Boqarne kimi kübar zümrənin nümayəndələrinin yeri ya həbsxana idi, ya da gilyotin (başkəsən maşın). Xoşbəxtlikdən, məsələ gilyotinə qədər uzanmır, lakin Jozefinanın həbsxanaya yolu düşür.

Onun daha çox nə istədiyini demək çətindir: ailə və uşaqlarına ata ola biləcək sevimli ər, yoxsa sabitlik və maliyyə cəhətdən azadlıq? Jozefinayeni tanış olduğu və ona dəli kimi vurğun olan özündən beş yaş kiçik gənc general Bonopartın pərəstişini qəbul etməklə nə planlaşdırırdı?   

Napoleon sevdiyi qadına onunla evlənməyi təklif edəndə hər ikisi nikah sənədində doğum illərini dəyişirlər. Jozefina yaşını beş il azaldır, Napoleon isə yarım il artırır. Beləliklə cütlük demək olar ki, yaşıd olur - ən azından formal surətdə.  

1796-cı ilin yazında Jozefinanın barmağında Bonopartın hədiyyəsi olan “Bu taledir” sözləri həkk edilmış çox gözəl bir üzük vardı. Üzük ona Bonopartın toy hədiyyəsi idi. Lakin kim deyə bilərdi ki, o vaxtlar sadəcə perspektivli  olan general cəmi bir neçə il sonra bütün Avropaya öz iradəsini yeridən böyük imperator olacaq. Hakimiyyətin zirvəsinə yüksəlişi Misir yürüşündən sonra başlayır. Onunla birgə Jozefina da imperator taxtına doğru addımlayır.  

Napoleon arvadını və onun uşaqlarını çox sevirdi. Bonopartın eşqbazlıqlarına baxmayaraq, Jozefina ərinə sevgi hissləri bəsləyirdi. Yeri gəlmişkən, şaiyələrə inansaq, Jozefina da bəzən başqaları ilə əylənməkdən geri qalmırdı. Səfərdən qayıdan Napoleona yaxın ətrafındakılar bu barədə xəbər verəndə o arvadını boşamaq qərarına gəlir. Kənarda başqa qadınlarla gün keçirsə də, sevdiyinə bunu bağışlamaq istəmirdi. Jozefina onu dilə tutur və bir müddət boşanma baş vermir.

Elə təsəvvür yaranırdı ki, sanki Jozefinanın həyatında hər şey öz axarı ilə gedir. O imperatriçədir, əri ona pərəstiş edir, tez-tez hədiyyələr bağışlayır, bədxərcliyinə görə deyinsə də, ifrata varan xərclərini ödəyir. Lakin imperatriçə olmaq təkcə titul, var-dövlət, tac demək deyildi. Bu, həm də şəcərəni davam etdirmək, ərinin taxt-tacına varis doğmaq demək idi. Amma Jozefina artıq çoxdandır ki, uşaq dünyaya gətirə bilmirdi. Tibb də burada çarəsiz idi.

XİX əsrin əvvəlində Napoleon vəliəhdinin olacağına ümidini itirib ayrılmaq barədə düşünürdü. Jozefina boşanmanın qaçılmaz olduğunu dərk etsə də, bunun qarşısını almaq üçün əlindən gələni edirdi. 1807-ci ildə Napoleon yeni nikah və varisin olmasını imperiyanın sabitliyinin təmin edilməsi ilə əsaslandıraraq boşanma məsələsini qəti qoydu. O, dövlətin maraqları naminə Avstriya şahzadəsi Mariya Luiza ilə evlənməyə qərar verdi.  Arvadını yola gətirmək üçün isə iki ilə yaxın dil tökdü. Falçılara və öncəgörənlərə belə üz tutan Jozefinanın günləri pis keçirdi.

Bu məsələdə sövdələşmək Jozefinaya yalnız öz aqibəti üçün lazım idi. Uşaqlarının hər birini artıq yaxşı vəzifələrə düzəltmişdi. Oğlu İtaliyanın vitse-kralı və Venesiya şahzadəsi idi, Napoleon onun gələcək həyatının təminatı üçün söz də vermişdi. Qızı Qortenziya isə Bonopartın kiçik qardaşına, Hollandiya kralına ərə getmişdi. Nəhayət, bütün çək-çevirlərdən sonra Jozefina boşanmağa razılıq verdi. Bunun müqabilində imperatriçə titulunu özündə saxlaması, şəxsi saray əhli də olmaqla müvafiq təminatın olması şərtlərini irəli sürdü.

16 dekabr 1809-cu ildən etibarən Jozefina imperatriçə-konsort olaraq həyatına davam edir. Titulun mövcudluğu heç də gerçək imperatorluğun əlində saxlanılması demək deyildi. Maraqlıdır ki, Napoleonla arasındakı isti münasibətləri qoruya bilmişdi. Tez-tez görüşməsələr də, həmişə məktublaşırdılar.

Jozefina imperatorun hədiyyəsi olan Parisdən 20 kilimetr aralıda yerləşən Malmezon sarayında yaşayırdı. Qalan ömrünü məhz bu sarayda keçirdi. Hələ ərdə olarkən ekzotik bitkilərin yetişdirilməsinə və sənət əsərlərinin kolleksiyasına həvəs göstərən Jozefina sarayında oranjereya və qalereya yaratmaq üçün göstəriş verdi. Çox sayda yüksək sənət nümunələri toplamağa müvəffəq oldu.

1814-cü ildə Rusiya imperatoru I Aleksandr bir neçə dəfə Malmezonda Jozefinaya baş çəkərək rəsm kolleksiyası ilə tanış olur. Jozefinanın ölümündən bir il sonra I Aleksandr 38 rəsm əsəri və 4 heykəlin alınması üçün onun varisləri ilə razılaşır. Əksəriyyəti Rusiyadan gətirilən əsərlər yenə həmin ölkəyə, daha dəqiq desək Ermitaja qeri qayıdır.

Əri ilə ayrilandan sonra Jozefina cəmi dörd il yarım yaşadı. Mayın 29-u 1814-cü ildə öz sarayında gözlərini əbədi yumdu. Napoleonun sevimli qadını Malmezonda yerli kilsədə dəfn edildi. 1825-ci ildə isə qəbir üstünə möhtəşəm başdaşı qoyuldu.

Napoleon ayrılmağa qərar verən zaman belə yazırdı: “Mən istəyirəm ki, Jozefina titulunu və taclı imperatriçə adını ömürlük saxlasın. Ən əsası isə, mənim ən sevimli qadınım heç vaxt ona olan hisslərimə şübhə etməsin”. 

Napoleon dövründə yazılan tarixi romanlarda onun ilk qadını - Jozefina dayaz zəkalı, yüngül əxlaqlı qadın kimi təsvir edilirdi. Sual yaranır: necə oldu ki, belə qadın “dünyanı idarə edən” dahi bir insanı özünə məftun edə bildi?

Napoleon bu qadını ilahiləşdirmişdi. Onun hər bir hərəkəti, səhv olsa belə, qəbul olunurdu. Onun hər addımı dəstəklənirdi. Yalnız heç cür baş verməyən hamiləlik onu çox məyus edirdi.

Jozefina isə onu ələ almaq üçün içini çəkə-çəkə süni şəkildə yerə yıxılır, “ürəyi gedirdi”. Napoleon onda  “zəif və kövrək”liyi sevirdi.

Memuarlarda qeyd olunur ki, imperator xanımında heç bir qüsur görmürdü. O əri üçün həmişə cavan  və dəyişməz olaraq qalmışdı. Bircə Jozefina ona oğlan varis doğa bilsəydi... O heç vaxt qadınını tərk etməzdi. Rəsmən boşanmış olsalar da, Napoleon ürəyində heç vaxt ondan ayrılmamışdı.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Maraqlı