USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bəşər tarixinin qadağan olunmuş kitabları


https://img.baki-baku.az/news/2021/01/photo_2338.jpg?v=MjAyMS0wMS0wNiAxNDowMDoxNg==

Zaman-zaman müxtəlif ölkələrdə baş verən ictimai-siyasi proseslər, islahatçı dəyişiklikləri əsərlərin taleyinə təsirsiz ötüşməyib. Onların bəzilərinin nəşrinə icazə verilməyib, bir çoxları satışdan, kitab rəflərindən yığışdırılıb, müəyyən qisminin isə bu günə qədər gəlib çatmasında qoruyucuların müstəsna xidməti olub. 

“Senzura” kimi qəbul olunan "kitab qadağan etmə" prosesi müxtəlif ölkələrdə fərqli üsullarla tətbiq olunub. Bir ölkədə əldən-ələ gəzən əsər, başqa ölkədə hökumət standartına uyğun gəlmədiyi üçün qadağan edilib. Öz ölkəsində nəşrinə icazə verilməyən  kitab siyasi maraqlara görə əks blokda olan dövlətlərdə dərhal populyarlaşıb. Ən çox satılan kitablar siyahısına daxil olub, hətta mükafat belə qazanıb.

Məsələn, Boris Pasternakın Rusiya inqilabından bəhs edən “Doktor Jivaqo” romanı SSRİ-də dövlət maraqlarına uyğun gəlmədiyi üçün nəşrinə qadağa qoyulmuşdu. Əlyazması 1957-ci ildə gizlicə Avropaya qaçırılan roman ilk dəfə İtaliyada rus və italyan dillərində nəşr olunmuşdu. 1958-ci ildə isə Pasternak bu əsərə görə Nobel mükafatına layiq görülmüşdü. Hətta İngilis qəzetləri ədibin mükafata layiq görülməsində İngiltərə və Amerikanın gizli xidmətlərinin rol oynadığını yazmışdılar.  

Adı çəkilən ölkələrdə də qadağa tətbiqlərinə rast gəlmək mümkündür. Məsələn, amerikalı yazıçı Con Steinbekin böyük iqtisadi böhran illərində baş verən hadisələrin təsvir olunduğu, 1939-cu ildə "Pulitzer" mükafatı alan “Qəzəb üzümləri” (The Grapes of Wrath) romanını götürək. Əsər növbəti ildə ekranlaşdırıldı. Buna baxmayaraq yazıçının məmləkəti olan Salinasda (Kaliforniya) 1990-cı ilə qədər xalq kitabxanasına düşə bilmədi. Əsər ABŞ-dakı kasıblığı və qeyri-bərabərliyi vurğulaması səbəbilə həm yazıçı, həm də filmin rejissoru Con Ford istintaqa cəlb edildi. Bu, Birləşmiş Ştatların senatoru Mak Kartinin təşəbbüsü ilə baş verdi. Senator hesab edirdi ki, əsər kommunizmə meyllidir. Maraqlıdır ki, İosif Stalinin əmri ilə əsər əsasında çəkilmiş filmin nümayişi Sovet İttifaqında da qadağan edildi. 1940-cı ildə qoyulmuş qadağaya səbəb orada ən kasıb amerikalıların belə avtomobil sahibi ola biləcəyinin göstərilməsı idi.

Qeyd etmək lazımdır ki, senzura heç də həmişə  dövlət tərəfindən tətbiq olunmayıb. Bəzən də siyasi cəhətdən qorxulu olmayan bir kitab din adamları tərəfindən möminlərə qadağan edilib. Məsələn, kilsə rəhbərləri əxlaqi baxımdan uyğun saymadıqları, hətta açıq-saçıq olmadığı halda dünyəvilik və bütpərəstliklə bağlı fikirləri ehtiva etdiyini düşündükləri əsərləri də qadağan ediblər.

Qadağan edilən bir kitabın yenidən nəşri də onu belə aqibətdən sığortalamayıb. Volterın 1759-cu ildə yazdığı “Kandid” romanı ədəbsiz məzmununa görə 1930-cu ildə ABŞ gömrüklərində yasaqlanmışdı. Eynilə orta əsrlərdə qələmə alınmış anonim əsər “Min bir Gecə” nağılları da ABŞ-da əsrlər sonra eyni aqibəti yaşayıb.  

Zaman ərzində rejimlərin və hökumətlərin dəyişməsi ilə bir çox qadağan olunan kitaba və yazıçılara yenidən nəşr üçün icazə verilib. 21-ci  əsrdə də bəzi kitablar bir sıra ölkələrdə qadağa siyahısına düşməkdə davam edir. Vaxtilə Almaniyada hər kəsin stolüstü kitabına çevrilmiş Adolf Hitlerin avtobioqrafik “Mübarizəm” siyasi əsərinin (“Mein Kampf”)  Almaniyada yenidən nəşrinə icazə verilmir.  Avstriya başda olmaqla bəzi Avropa ölkələrində kitabın saxlanılması belə qadağandır.

"Amerika Kitabxanalar Birliyi" 1982-ci ildən bu yana hər il sentyabr ayının son həftəsini "Qadağan olunan kitablar həftəsi" elan edir. Birlik hər il senzuraya məruz qalan və oxucular arasında böyük etiraz doğuran kitabların siyahısını dərc edir. Adətən kitabın qadağan olunmasına səbəb kimi erotik səhnələr, dinin təhqir olunması, homoseksuallığın təbliği, jarqonların istifadəsi, əsərlərin uşaqlara mənfi təsir edə biləcək məzmunu, eləcə də “okkultizm və satanizm” meylləri göstərilir.  

Qonşu Türkiyədə Ankara məhkəmələri və Nazirlər Kabinetinin qərarı ilə haqqında yığışdırılma qərarı verilən 453 kitab ilə 645 qəzet və jurnalın da olduğu siyahıda Nazim Hikmət, Lenin, Karl Marks və bir çoxlarının kitabları üzərində illərdir qadağa qərarı olduğu məlumdur.

Ölkəmizdə sovet dövründə bəzi yazıçılarımız senzura və qadağalarla üzləşsələr də, müasir dövrdə dini ədəbiyyatı çıxmaq şərtilə belə hallara rast gəlinmir.

İndi isə dünyada qadağan olunmuş kitablar siyahısına nəzər salaq. Yasaq kitablar siyahısında “Alisa möcüzələr diyarında” romanından tutmuş Dostoyevskinin “Cinayət və cəza” əsərinə qədər bir sıra önəmli ədəbi incilər var. Onlar qəribə və cəfəng səbəblər üzündən bura düşüblər.

1. Erix Mariya Remark - “Qərb cəbhəsində yenilik yoxdur”. 1929-cu ildə nəşr olunan müharibə haqqında romanı müdafiə sistemi “Wehrmacht”-ı alçaltdığı və əsgərlərin ruh yüksəkliyini pozması səbəbi ilə nasist Almaniyasında və İtaliyada Mussolini tərəfində qadağan edilib.

2. Con Steynbek - “Qəzəb üzümləri”. Kitabın nəşri  ABŞ-da, təkcə Kaliforniyada yerli camaatı hörmətdən salması səbəb göstərilərək əkinçilik şirkətlərinin şikayəti əsasında yasaqlanmışdı.

3. Anna Frank. “Anna Frankın xatirə dəftəri”. Avtobioqrafiya. Sionizmi təbliğatına görə Livanda qadağan edilib.

4. Boris Pasternak. “Doktor Jivaqo”. Müharibə təbliğatını və Stalinizmi tənqidi etdiyi üçün SSRİ-də 1988-ci ilə qədər qadağan idi.

5. Vasiliy Qrossman. “Həyat və tale”. 1959-cu ildə yazılan kitabda Stalinqradın müdafiəsu uğrunda vuruşan əsgərin parçalanmış ailə əhvalatından söhbət edilir. O dövrdə "KGB" əsəri təhlükəli sayaraq nəşrini qadağan etdi. Əsər məhv edildi. Əsərin bir nüsxəsi 1980-ci ildə ortaya çıxdı və İsveçrədə işıq üzü gördü.

6. Epton Sinkler. “Cəngəllik”(The Jungle, 1906). Roman 1956-cı ildə şərqi Almaniyada kommunizmlə uyğunlaşmadığı üçün qadağan olunub.

7. Vladimir Nabokov. “Lolita”.  Rus əsilli yazıçının Parisdə ingilis dilində yazdığı roman ədəbsiz olduğu səbəbilə Fransa, İngiltərə, Kanada, Yeni Zelandiya, Cənub Amerika və Argentinada qadağan edildi. Romanda 12 yaşlı qıza vurulan orta yaşlı adamın əhvalatından bəhs olunur.

8. Andre Malro. “Ümid”. Dünyanın bütün dillərinə tərcümə edilən bu kitab Türkiyədə də nəşr olunmuşdu. İspaniya Vətəndaş müharibəsisindən danışan roman kommunizm təbliğatına görə 1968-ci ildə Türkiyədə 4-cü Sülh Cəza Məhkəməsinin qərarı ilə yasaqlandı.

9. Henri Miller. “Xərçəng tropiki”. 1934-cü il tarixli roman yazarın ölkəsi ABŞ-da ədəbsiz sayılaraq 30 il qadağa altında saxlanıldı.

10. Adolf Hitler. “Mübarizəm”. Avtobioqrafiya. 1925-1926-cı illərdə  yazılmış kitabın Almaniyada yeni nəşrinə icazə verilmir. Avstriya başda olmaqla bəzi Avropa ölkələrində də qadağan olunub.

11. Corc Oruel. “1984”. Siyasi-alleqorik roman.  1950-ci ildə  Stalin tərəfindən SSRİ-də qadağan edildi. Dövlət rəhbəri romanda bəhs olunan iqtidarın ona məxsus olduğunu düşünmüşdü. İngiltərə və ABŞ-da isə kommunizm, antisemitizm və seksual məzmununa görə qadağaya məruz qalmışdı.

12. Betti Mahmudi. “Qızım olmadan əsla”. Ölkəsinin acınacaqlı vəziyyətini təsvir etdiyi üçün İranda qadağan olunub. Roman ekranlaşdırılıb.

13. Levis Karrol. “Alisa möcüzələr diyarında”. Fantastik romanda heyvanların həddindən artıq insani xüsusiyyətlərə malik olmasının adamları alçaltdığı səbəbi ilə 1931-ci ildə Çinin Hunan əyalətində yasaqlanıb.

14. Volter. “Kandid”. Romanın əxlaqi cəhətdən uyğun olmaması səbəbi ilə 1930-cu ildə ABŞ gömrük məntəqələrində ölkəyə gətirilməsinin qarşısı alınıb.

15. Corc Oruel. “Heyvan ferması”. Siyasi roman Stalini və ölkəsini həcv edirdi. Bunu nəzərə alan ABŞ və İngiltərə II Dünya Müharibəsi ərəfəsində müttəfiqləri olan Stalinin xətrinə dəyməmək üçün onun nəşrinə imkan verməyib. Maraqlıdır ki, kitab 1991-ci ildə  Keniyada da qadağan edilib.

16. Nazim Hikmət. “835 Sətir”. Şair 6 May 1931-ci ildə "bir zümrənin başqa zümrələr üzərində hakimiyyətini təmin etmək məqsədi ilə xalqı cinayətə təşviq etdiyi" səbəbi ilə mühakimə olunub. 1929-cu ildə yazdığı daha 4 şeir kitabı da qadağan edilmişdi.

17. Qustav Flober. “Madam Bovari”. 1856-cı ildə yazılan roman fransız xalqının əxlaqi dəyərlərini təhqir etdiyi üçün qadağan olundu. Yazıçı mühakimə olundu.

18. Karl Marks. “Kapital”. Siyasi iqtisadiyyatdan bəhs edən, 1867-ci ilə aid olan kitab Türkiyədə uzun müddət qadağan edilib.

19. Salman Rüşdü. “Şeytan ayələri”. Dini təhqir etdiyi üçün bir çox islam ölkəsində qadağan edilən kitabın yazıçısı haqqında İranda ölüm fətvası verilib.

20. Çarlz Darvin. “Növlərin mənşəyi”.  Darvinin təkamül nəzəriyyəsini işıqlandıran kitabı 1859-cu ildə Yuqoslaviyada, 1935-ci ildə Yunanıstanda qadağan edilib. ABŞ-da 1925-1967-ci illərdə təkamül nəzəriyyəsini öyrətmək qadağan idi.

21. Aleksandır Soljenitsın. “İvan Denisoviçin bir günü”. 1962-ci ildə yazılan roman 1964-cü ildə Sovet İttifaqında qadağan edilib.

22. Anonim. “Min bir gecə” nağılları. Hekayələr külliyyatı. 1926-1950-ci  illərdə ABŞ-da əxlaqi dəyərlərə cavab vermədiyi üçün qadağan edilmişdi. Bu qərar İran və Əfqanıstanda indiyədək qüvvədə saxlanıb. Misirdə qadağa cəhdləri davam edir.

23. Migel Servantes. “Don Kixot”. 17-ci əsrin əvvəlində İspaniyada yazılan satirik roman İspan inkvizisiya məhkəməsi tərəfindən "Xeyriyyəçiliyin dəyərsiz göstərilməsi " səbəbi ilə qadağan edilib.  

24. Fyodor Dostoyevski. “Cinayət və Cəza”. Roman Rusiyada "mürtəce", Polşada isə "pessimist" sayılması səbəbilə qadağan edilmişdi.

25. Den Braun. “Da Vinçinin şifrəsi”. 2003-cü ildə işıq üzü görən roman xristianlığı alçaltdığı üçün Livanda qadağan edilib.

26. Səid Nursi. Nur külliyyatı - Türkiyədə "Nurçuluq" 1963-cü ilə qədər qadağan olduğu üçün nurçuların başçısı Səid Nursinin kitabları da bir vaxtlar qadağa siyahısında idi.

27. Uilyam Şekspir. “Hamlet”. 16-cı əsrdə yazılmış faciə 1978-ci ildə Efiopiyada qadağan edilib.

28. Nikita Xruşov. “Xruşovun xatirələri”. Memuar. SSRİ-nin üçüncü rəhbəri hakimiyyəttdən gedəndən sonra Qərbə qaçmış, orada "Khrushchev remembers" adı ilə ingilis dilində kitab çıxartmışdı. Kitab Qərbdə sensasiyaya səbəb olduğu bir vaxtda Sovet ittifaqında qadağan edilmişdi. 

"Baki-Baku.az"




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Maraqlı