USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C

Lui de Fünes - öz ölümünü oynamaq istəyən sənət dahisinin həyatı


https://img.baki-baku.az/news/2021/01/photo_2328.jpg

Bu məktubun ünvanına çatması təəccüblü idi. Zərfdə əks ünvan da göstərilməmiş, sadəcə üzərində "Fransanın böyük gülüş ustasına" sözləri yazılmışdı. Zərfin içərisindəki vərəqədə isə aşağıdakılar qeyd edilmişdi: "Hörmətli cənab! İcazə verin, məktubumla sizin insanları şənləndirmək yönümlü müqayisəyə gəlməz istedadınıza ürəkdən minnətdarlığımı bildirim! Mənim dayım bir müddət öncə baş rolda oynadığınız filmə baxdı. O qədər güldü ki, kino zalında keçindi və mən nəhayət ki, qoca xəsisdən qalan böyük mirasa sahib çıxdım. İndi bilmirəm, sizə təşəkkürümü necə çatdırım!"

1971-ci ilin dekabrında yazılmış bu məktubun ünvanlandığı şəxs dünya kinosunun əfsanəsi, böyük gülüş ustası Lui Jerman David de Fünes de Qalarça və ya qısaca Lui de Fünes idi. O, zərfin içərisindəkiləri oxuyarkən heç də təəccüblənməmişdi. Çünki həyatında təəccüblü bildiyi çox az şey olmuşdu. 

Lui de Fünes 1914-cü il iyulun 31-də Paris yaxınlığındakı Kurbevuada anadan olmuşdu. Ailənin üçüncü övladı idi. Belçika kraliçası Fabiolanın qardaşı, İspan vəliəhdi don Xayme de Mora 1970-ci ilin əvvəlində aktyora onun Piriney yarımadasının ali təbəqəsinə məxsusluğunu bildirmişdi. Bu, həqiqətən də belə idi.

Aktyorun atası Karlos de Fünes 1904-cü ildə İspaniyadan Parisə qaçmışdı. Bu qaçışa yol yoldaşlığını qədim portuqal soyadının daşıyıcısı Leonor Soto de Qalarça etmişdi. Onların belə desək, beynəlmiləl nigahı ailələr arasında ziddiyyət doğurmuşdu. Ziddiyyətdən udan tərəfi isə dünya kinemotoqrafı idi.

Gənc və çalışqan əndəlüzlü vəkil Karlos Fransada ürəkdən sevdiyi həyat yoldaşı ilə birgə xöşbəxtlik tapdı. Onların izdivacından bir qız və iki oğlan dünyaya gəldi. Amma gəlmə olduğundan gənc vəkili hüquqi təcrübədən məhrum etdilər. Buna görə də de Fünes ailəsi böyük çətinliklərlə ömür sürdü. Ancaq daha pis halın yaşanması da mümkün idi. Əgər ata olmağa hazırlaşan Karlos orduya yollansaydı. O, 1914-cü ildə birinci cahan savaşı başlayanda "yarımçıq kimliyi" səbəbindən müharibəyə aparılmadı. Kim bilir, döyüşə getsəydi, bəlkə qanlı qarşıdurmaların birində həyatını itirəcəkdi.

Özünü zərgərlik işində sınayan Karlos 1924-cü ildə həyat xöşbəxtliyini Venesuelada axtarmağa yollandı. Həmin vaxt on yaşı olan Luini isə Kolemyedəki internat məktəbinə verdilər. Sonralar o, həbsxana kimi qələmə verdiyi bu yerdə necə qorxulu şəkildə donduğunu illərlə xatırlayacaq, heç vaxt və heç kim tərəfindən baş çəkilməyən uşaq olduğunu yada salacaqdı.

Balaca de Fünes üçün mövcud vəziyyətdən çıxış yolu yumor və şənlik idi. Tezliklə bəstəboy oğlan hərəkətləri və kiçik səhnələri ilə sinif yoldaşlarının sevimlisinə çevrildi. Dərslərində yüngül axsamalara yol verdiyindən, Luini tənbeh edən müəllimləri isə gələcəyin dahi aktyoru ilə üz-üzə dayandıqlarından xəbərsiz idilər.

1925-ci ildə Lui de Fünes ilk dəfə olaraq internat-kollecin həvəskarları tərəfindən səhnələşdirilmiş "Kralın hinduşkası" əsərində rol aldı. O, IV Henrixin ordusundakı alayın komandirinin oğlunu canlandırırdı. Balaca Fyu-fyu (Lui internat məktəbində artıq belə adlandırılmağa başlanmışdı) böyük muşketlə səhnəyə çıxanda zalı bitmək-tükənmək bilməyən gülüş sədaları bürümüşdü. Həmin vaxt yerli qəzetdə belə bir başlıq yer almışdı: "Yetirməmiz de Fünes odla oynayır".

Lui internatda üç il qaldı. Bu məqamda həyat onu daha bir arzulamadığı vəziyyətlə üzləşdirdi - anası həyat yoldaşını axtarmaq üçün Cənubi Amerikaya üz tutdu. 1927-ci ildə o, nə vaxtsa yaraşıqlı görməkdə olan Karlosu vərəm xəstəliyinə tutulmuş halda Parisə gətirdı. Ata de Fünes xəstəliyinin oğluna keçməməsi üçün görüşəndə onu heç öpmədi də. Sadəcə uzaq diyardan gətirdiyi talismanı Luiyə uzatmaqla kifayətləndi. Lui bu qəribə hədiyyəni ömrünün sonunadək özündə saxladı və qorudu.

Ötən əsrin 30-cu illəri artıq aktyora çevrilməkdə olan gəncin həyatında ağır tənəffüslərlə yadda qaldı. Atası sanki ölmək üçün doğma Malaqaya (İspaniyaya) yollandı və 1934-cü il mayın 19-da dünyasını dəyişdi.

Luinin 30 yaşını haqlamış böyük bacısı Mari Jak Eyms deyilən birisinin salonunda maniken idi və ərindən xəbərsiz dövrün adı açıqlanmayan məşhur aktyoru ilə sevgi məcarası yaşayırdı. Portuqal əsilli gözəl qardaşlarına o qədər də diqqət ayırmırdı.

Lui ailədə ortancıl olan qardaşı Şarlla daha çox vaxt keçirirdi. Onlar velosipedlə demək olar, Fransanın yarısını gəzmişdilər. Həmişə söhbətləşər, bəzən nələrisə xatırlayıb uzun-uzadı susardular. Şarl de Fünes 1939-cu ilin payızında pulemyot atəşindən atılan gülləyə tuş gəldi və həlak oldu. Lui gəncliyinin ən yaxın dostunu itirdi. Əslində isə gələcəyin aktyorunun elə bir gəncliyi də olmamışdı.

Məktəbi bitirən kimi özünə dolanışıq məkanı axtarmağa başlamışdı. Müharibəyə qədərki səkkiz il ərzində 40 iş yeri dəyişdi. Bir yerdən başqa yerə uçanlardan deyildi, sadəcə özünü tapa bilmirdi. Fotoqraf, sürücü, dekorçu, yanğınsöndürən, çertyoj çəkən, anbardar, hətta adi fəhlə kimi də fəaliyyət göstərmişdi.

1940-cı ildə Luini orduya çağırdılar və o, Mayidəki hərbi düşərgəyə gəldi. "Qəribə müharibə"nin (İngiltərə və Fransa nasist Almaniyasına qarşı müharibə elan etsələr də, hərbi əməliyyatlara girmədilər. Bu hadisə tarixə "qəribə müharibə" adı ilə daxil oldu) qızğın vaxtında hərbi əməliyyatların başlanmasını gözləyən sıravi de Fünes teatr tamaşaya qoymaq ideyasını irəli sürdü və onun bu təklifi "ura" ilə qarşılandı. Həmin vaxtlarda aktyorun sevimli məşğuliyyəti məşhur fransız aktyoru Moris Şevalyeni parodiya etmək idi. Alqışların isə ardı-arası kəsilmirdi.

Günün birində hər şey bitdi. Almanlar hava hücumuna keçdilər. Fransız ordusu geri çəkildi və kapitulyasiya (təslim). Qəribə səhnə yaşandı: döyüşdən qalib ayrılmış nəhəng, bığlı alman zabiti kirin-pasın içərisində yerdə donub qalmış və yazıq görkəm almış Luini gözdən keçirdi və arxasına təpik vuraraq "evinə get, arıq!" dedi. On gündən sonra sıravi hər yanını nasist rəmzlərinə bürümüş Parisə çatdı.

Müharibə illərinin Parisi çoxlarının həyatını zəhərə döndərdi, çoxlarını həyatdan məhrum etdi. Amma kimlər üçünsə gələcəyə doğru tramplin rolunu oynadı. Xöşbəxtlikdən Lui de Fünes ikincilərin taleyinə şərik çıxdı. O, yaxınların və dostların olmadığı doğma, doğma olduğu qədər də yad şəhərdə idi. Burada çətinliklə işə düzəldi - mağazada manikenlərə paltar geydirməklə məşğul olurdu. Sonra Fransa paytaxtının Madlen meydanı yaxınlığındakı "Horizont" barında pianoçu kimi fəaliyyət göstərdi. Barın müştəri heyəti isə kifayət qədər zəngin idi - burjua nümayəndələri və möhtəkirlər, fahişələr, "mamarozalar", quldurlar, polislər və təbii ki, onlar, yəni alman zabitləri. Beləcə kino dahisi müxtəlif istəkli kütləni əyləndirmək vəzifəsinin öhdəsindən gəlirdi. Özü də sutkanın 20 saatını işləyirdi.

Günlərin birində Lui belə düşünür ki, özünü aktyor kimi sınaya bilər. Bu qərara gələrkən həyat təcrübəsinə güvənirdi. Niyə də givənməsin, axı azı yarım il Rene Simonun dram kursunda iştirak etmişdi. Oradan yalnız yaşamağa heç nəyi olmadığı üçün uzaqlaşmışdı. Amma məşğələlər müddətində teatr dünyası ilə müəyyən təmaslar qurmağı bacarmışdı. Bütün bunları götür-qoy edən Luinin müvəffəqiyyətə doğru uzun yolu start götürdü.

1942-ci ildə de Fünes Fobur-Puassonyer küçəsindəki caz məktəbinə yazıldı. Məktəbin sahibi Şarl Anri musiqi təhsilsiz, harmoniyasız, hətta notlardan belə anlayışı olmayan yeni şagirdin oyun texnikasına heyran idi, ancaq Luini öyrətmək istəmədi. Səsləri improvizə etmək istedadını korlamaqdan qorxdu.

Amma caz məktəbindəki illər hədər getmədi. Burada Janna Bartelemlə tanış oldu. Janna dahi Qi de Mopassonun yaxın qohumu idi. O zaman çox da gənc olmayan insanlar tez bir zamanda dostlaşdılar. Tale bu dostluğu onların boynuna ömürlük biçdi. 1943-cü ildə cütlük tanışlıqlarını nigahla rəsmiləşdirdilər. Lui de Fünesin yalnız kilsə tərəfindən qeydə alınmış müharibəyə qədərki nigahı isə boşanma ilə nəticələnmişdi. Aktyor həmin vaxtdan sonra birinci nigahdan olan oğlu Danieli bir daha görməmişdi.

Müharibə başa çatdı. Amma sülh dövrü Luinin həyatında çox az şeyi dəyişmişdi. Teatrdan teatra keçid alan de Fünes həyat yoldaşından və iki oğlundan ibarət ailəsini çətinliklə dolandırırdı. 31 yaşında ilk dəfə olaraq çəkiliş pavilyonunun astanasında dayanmış aktyor fəaliyyətinin ilk on ilində 80 filmdə çəkildi. Onların bəzisində qrim və kostyumu dəyişməklə eyni vaxtda bir neçə rol oynadı.

Müharibədən sonra Hollivud tərəfindən belə desək, boğulmuş fransız kinosunun ağır günlərini keçirdiyi həmin mərhələdə imzalanmış məşhur Blyum-Birns (Fransanın baş naziri Leon Blyum və ABŞ-ın dövlət katibi Ceyms Birnsin adından götürülüb) paktına əsasən Fransa efirinin 75 faizini ABŞ-dan olan lentlər tuturdu. Bununla belə, o dövrün Fransasında sanki yeni doğulmuş filmlər var idi və yerli tamaşaçılar onlara böyük həvəslə yanaşırdılar. Kino tərəqqi edirdi. Məsələn, de Fünes çəkildiyi 80 epizodu özünün mənimsəmə dövrü olaraq göstərsə də, halbuki sonradan həmin kadrlar tarixə fransız kinokomediyasının brilliant mücrüsü kimi daxil oldu. Düz 17 il "ekranın dördüncü dərəcəli aktyoru" statusunda olan kino dühasının o zamankı qısa rolları o qədər ideal idi ki, onlar indinin özündə də yeni fəaliyyətə başlamış aktyorlar üçün təcrübi vəsait rolunu oynamaqdadır.

Lui qayğılı Parisdəki və ona yaxın əyalətlərdəki kino zallarında anşlaq yaratmağı bacarırdı. İnsanlar yenicə tanınmaqda olan aktyoru sevir, ona rəğbətlə yanaşırdılar. "Komediyanın kralı", "ulduz", "ölkənin ən yaxşı klounu" kimi qəzet başlıqlarındakı epitetlərin isə ardı-arası kəsilmirdi. De Fünes isə deyirdi ki, ulduz olmağı düşünməyib. Nə də Çarli Çaplin və ya Bester Kiton kimi böyük aktyora çevrilməyi ağlından keçirib. Yaxşı gülüş ustası olmağı arzulayıb. "Hələliksə özümü gülüşün fəhləsi sayıram" deyən de Fünes bu fikirlərini məşhur "Fantomas"ın, "Böyük gəzinti"nin və digərlərinin meydana çıxmasından və bir andaca meqa hitə çevrilməsindən sonra səsləndirmişdi.

Lui de Fünes ilk dəfə Azərbaycanın da tərkibində yer aldığı SSRİ-nin ekranlarında 1953-cü ilin avqustunda Jak Pinotonun "Onlar beş idilər" filmində göründü. Növbəti üç onillikdə Sovetlər Birliyinin əhalisi onun iştirakı ilə 27 kino əsərinə tamaşa etdi. Ölkənin kinofestivallarında, eləcə də fransız kino həftəliklərində aktyorun çəkildiyi daha 13 film nümayiş olundu. Bunlar görünməmiş rəqəmlər idi və sovet seyrçisinə onun qədər yaxın gəlməyi bacaran xarici aktyora daha rast gəlinmədi. De Fünesin hər rolu sevilir, böyük çoşğu ilə qarşılanırdı. Öz ampulasına sadiq sovet tənqidşünaslığı isə bildirirdi ki, Luinin komik maskası altında hər şeyə qadir fransız burjuaziyasının, yaxşı halda isə yüz faizlik orta fransızın gerçək siması dayanır.

Çoxları hesab edir ki, Lui de Fünes kinoda özünü tam göstərməyi bacarıb. Onun başqa xüsusiyyətli rollarda oynaya bilib-bilməyəcəyi də geniş müzakirəyə çıxarılırdı. Əsasən də bir maraqlı məqama toxunulurdu ki, aktyor ümumən düşündürücü olsa da, özü birbaşa düşünən obrazlar yaratmayıb. Görəsən, o bunu bacarardımı? Məsələ indi də geniş kino diskussiyalarına yol açmaqdadır.

60-cı illərin sonu idi. Ulduzluq eyforiyası dövrü ömrünü başa vurmaqdaydı. Lui ildə maksimum iki ekran əsərində çəkilməklə kifayətlənirdi. Sakit və aram templə işləyən aktyor az qala hər rolun üzərində əsirdi. Həmin vaxt de Fünes Roman Polanski ilə film çəkməyi arzulayırdı. Deyirdi ki, onunla birgə nə isə başqa bir şey alındıra bilər. Rejissor da buna qarşı deyildi. Amma aktyorun şəxsi problemləri istəyinin gerçəkləşməsinə əngəl törətdi.

Bunadəksə iki məşhurun Lui de Fünesin və Çarli Çaplinin bir filmdə çəkilməsi ilə bağlı uzun söhbətlər getmişdi. Ehtimal edilirdi ki, ikincinin oğlu Sidney Çaplin atasının təklif etdiyi süjet xətti ilə müharibə əleyhinə film çəkəcək. Ekran əsərinin əsas qəhrəmanları isə adi əsgərlə, marşal olacaq. Bəzi söhbətlər də gəzirdi ki, aktyorlar kimin hansı rolu oynaması ilə bağlı qərara gəlməkdə çətinlik çəkirlər. Əslində isə Çaplin rəngli, lakonik dialoqlarla zəngin film çəkməyin tərəfdarı idi. Lui isə təkid edirdi ki, əsər ağ-qara və səssiz olsun. Bir-birilərinin fikirlərinə hörmətlə yanaşan bu şəxslərin istəklərinin gerçəkləşməsinə həm də 1975-ci ilin martında de Fünesin ard-arda iki dəfə infrakt keçirməsi maneçilik törətdi. Bu səbəbdən o, habelə həmin vaxtadək 5 filmdə birgə işlədiyi Jerar Urinin "Timsah" kinokomediyası üzərindəki çalışmalarını təxirə saldı. Ola bilər, bu təxirəsalma yaxşı oldu. Çünki konkret olaraq "Timsah"da hadisələr Cənubi Amerikanın devrilmiş diktatorunun meşələrə çəkilərək keçmiş düşmənləri ilə bahəm partizan dəstələrinə qoşulmasından, hətta onlara rəhbərliyindən bəhs edirdi. İstənilən halda çilililər indinin özündə də müəyyənləşdirə bilməyib ki, Auqusto Pinoçet xalq üçün kimdir - düşmən, yoxsa qəhrəman. Belə bir anda Luinin sözügedən filmlə məsələyə qərar verməsi bəlkə düzgün qarşılanmazdı. Hərçənd o bunu çox istəyirdi. Yəni filmdə çəkilməyi.

Xəstəlikdən qurtulan kimi verdiyi ilk müsahibəsindəcə Lui de Fünes jurnalistləri təəccübləndirdi: "Fikirləşirəm ki, adamın öz dəfn mərasimi ilə bağlı səhnəni oynaması maraqlıdır. Adamlar ona baxıb gülməkdən dəli olsunlar. Mənə elə gəlir ki, bu, mənim ən yaxşı filmim olacaq. İstərdim ki, başqa dünyaya getməklə insanları güldürüm. Bu, əsl yumordur".

Aktyorun fikrini eşidən müxbirlər elə bilmişdilər ki, Lui onları ələ salır. Amma belə deyildi. De Fünes hər mümkün komediya layihələrində bu mövzuya qayıdırdı. Həmin vaxtlar o, "Boş söhbətlər" adlı film üzərində işləyirdi. Dediyinə görə, parlamentarilərin dərs aldıqları boş söz danışanların məktəbini göstərmək niyyətindədir. "İstərdim ki, heç nə danışmayaraq nə isə danışanların məharətinə diqqət yetirim. Mən onlara rəhbər kimi yanaşacam. Hər cür axmaqlıqları danışacam. Bu, məni sonsuz alqışlarla mükafatlandıran ekran əsəri olacaq", - deyən aktyorun tənqidi işinə sərmayə yatırmaq istəyənlər təbii ki tapılmadı.

Bütün ömrü boyu Fransada yaşayan və ölkəni demək olar, çox az tərk edən Lui de Fünes 27 yanvar 1983-cü ildə 69 yaşında dünyasını dəyişdi. Bir çoxları aktyor üçün bu yaşı çiçəklənmə, ikinci gənclik dövrü kimi xarakterizə edirlər…

Ölümünə üç il qalmış Jan Batist Molyerin "Xəsis"ində Qarpaqon rolunu oynadı. Məşhur aktyor bunun üçün nə az, nə çox, düz 25 il hazırlaşmışdı. Görünən budur ki, zəhməti hədər getmədi. Çünki indi bu film fransız məktəblərində böyük dramaturqun əsərlərinin ekranlaşmasında etalon kimi öyrənilir. Halbuki Lui məhz mövcud işi əsnasında çoxsaylı tənqidlərlə üzləşmişdi.

Lui de Fünes ahəngdar, əyləncəli kinemotoqraf janrında öz əməyindən və imkanından insanları sevincə qərq etmək üçün yararlanan böyük faransız gülüş ustalarının sonuncu nümayəndələrindən idi. Ötən əsrin 70-ci illərində komediya kinemotoqrafının getdikcə daha çox sosial-siyasi satiraya doğru yuvarlandığı bir məqamda meydanda tək idi və nəyin bahasına olursa-olsun mövqeyini qorumağı bacarırdı. Bu onun qeyri-adiliyindən, təkrarsız və bənzərsizliyindən irəli gəlirdi. Yeri gəlmişkən, qeyri-adiliyinə özü də qiymət vermişdi: "Dünyaya gəlməyimdən çox az keçmişdi ki, Birinci Dünya Müharibəsi başlandı. Kinoya çəkilməyə başlamışdım ki, İkinci Dünya Müharibəsi başlandı. Görürəm, planetimizdə xüsusi əhəmiyyətə malikəm".

"Baki-Baku.az"




Redaktorun seçimi

2021-ci ilin qlobal riskləri açıqlandı -  PROQNOZ
  • İqtisadi təhlil
  • 13:44 05.01.2021
2021-ci ilin qlobal riskləri açıqlandı - PROQNOZ

Maraqlı